Günümüzün fədakarları

 

"Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim...

Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.

 

İlham ƏLİYEV

 

 

Hər il 17 iyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı kimi qeyd edilir. Belə bir rəmzi gün Ümummilli Lider Heydər Əliyevin müstəqillik dövründə milli dövlətçiliyimizə bəxş etdiyi əlamətdar tarixlərdəndir.

Ulu Öndər tibb işçilərinin ölkəmizin sosial inkişafındakı xidmətlərini, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci ilin məhz bu günündə yaradılmasını nəzərə alaraq hər il iyunun 17-nin tibb işçilərinin peşə bayramı kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Ümummilli Liderin əsasını qoyduğu bu dəyərli ənənə 19 ildir ki, sevgi ilə davam etdirilir.

 

 

Səhiyyə mədəniyyəti

 

 

Əlbəttə, bu günün məramı təkcə tibb işçilərinin fədakar əməyinin yüksək dəyərləndirilməsindən ibarət deyil. 17 iyun gününün mahiyyəti milli dövlətçilik irsimizin uğurla davam etdirilməsi ilə də məhdudlaşmır. Həmin gün bütün dövrlər üçün daha böyük ictimai əhəmiyyət daşıyır, cəmiyyət üçün sosial faydalar yaradır.

Bu günün rəmzi mənası işığında diqqət səhiyyə mədəniyyəti məsələlərinə yönəlir. Bu sahədə maarifləndirmə işləri aparılır. İnsanların təbabətə, tibb işçilərinə ictimai etimadı yüksəlir. Hər birimizin həyat və sağlamlığı naminə bunlar çox önəmlidir.

Bütün dünyanın COVID-19 pandemiyası ilə gərgin mübarizə apardığı indiki günlərdə səhiyyə ilə bağlı sosial məsuliyyətin, maarifləndirmə işlərinin dövlət üçün də, xalq üçün də nə qədər böyük önəm daşıdığına hamımız şahidik. İnsanların təhlükəli xəstəlikdən, həyatını itirmə riskindən qorunması naminə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərin icrasında, əldə olunan müsbət nəticələrdə fədakar tibb işçilərimizin böyük rolu var. Bunu Azərbaycan Prezidentitibb işçiləri ilə görüşlərində böyük rəğbət hissi ilə dilə gətirir: "Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.

Azərbaycan Prezidentinin 18 mart 2020-ci ildə imzaladığı koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamı, onların əməkhaqlarının artırılması ölkəmizdə pandemiyaya qarşı gərgin mübarizə aparan tibb işçilərinin fədakar əməyinə yüksək qiymətin ifadəsidir.

 

 

Nadir praktika

 

 

Azərbaycan dünya miqyasında koronavirus xəstələrinin müalicəsi ilə bağlı fərqli və daha effektiv praktika tətbiq edən nadir ölkələrdəndir. Burada koronavirusa yoluxan bütün xəstələr məhz tibbi müəssisələrdə, xüsusi şəraitdə, peşəkar tibbi personalın əhatəsində müalicə alırlar. Dünya praktikası isə tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, bu bəlaya düçar olmuş insanlar ev şəraitində müalicə alırlar. Onları heç xəstəxanalara da qəbul etmirlər. Bu isə təhlükəli virusun öz əhatəsini yeni xəstələr hesabına daha da genişləndirməsinə gətirib çıxarır. Xəstəxanalardan kənarda qalan hər xəstə onlarla başqa insanın da sağlamlığını təhlükə altına salır.

Əlbəttə, digər ölkələrdə bu virusa yoluxanların xəstəxanalara qəbul edilməməsi belə yanaşmanın effektivliyi ilə deyil, sadəcə olaraq çarəsizliklə bağlıdır. Heç də hər ölkə - hətta səhiyyə sistemi kifayət qədər inkişaf etmiş ölkələr belə bütün koronavirus xəstələrinin tibb müəssisələrində müalicəsi üçün lazımi imkanlara malik deyildir. Bir çox yerlərdə səhiyyə sisteminin inkişafında dövlət öz rolunu məhdudlaşdırdığından, insanların həyat və sağlamlığı əsasən özəl sektorun ixtiyarına buraxılıb. Belə ki, indiki böhranlı durumda xəstəxanalarda çarpayı çatışmazlığı var. Mövcud infrastruktur kifayət etmir. Çünki səhiyyə sistemində özəl sektorun geniş iştirakı hər nə qədər mütərəqqi hal olsa da, bu sektorun əsas məramı mümkün qədər az resurslar xərcləməklə çox mənfəət götürməkdir. Bu sahədə qurmuş, özəl klinikalar yaratmış adamlar belə böhran anlarına hazırlıq haqqında düşünə bilməzdilər. Bu cür vəziyyətlərin idarə olunmasına onlar öz məsuliyyət dairələrindən kənar məsələ kimi baxırlar. Ona görə də inkişaf etmiş bir çox xarici ölkələrdə insanların ölüm halları çox yüksək oldu. Heç kimin gözləmədiyi pandemiya dalğası həmin ölkələrin səhiyyə sistemini qısa zamanda çökdürdü. Ağır xəstələri qəbul edə bilmədilər. Beləliklə, kütləvi ölüm halları baş verdi.

Azərbaycan isə vəziyyəti ona görə hazırlıqlı qarşılaya bildi ki, burada dövlət cəmiyyət üçün digər əhəmiyyətli sahələr kimi, səhiyyə sisteminin inkişafına da daimi dəstək verir.

 

 

Pandemiyaya qarşı mübarizədə Azərbaycan modeli

 

 

Bunun nəticəsidir ki, son illərdə Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt Bakıda və bölgələrdə müasir tibb mərkəzləri açılıb. Köhnə tibb müəssisələri yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunub. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb və görülməkdədir. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar milli səhiyyə sistemimizi sürətlə müasirləşdirir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlana bilirlər. Səhiyyə sistemində aparılan islahatlar onların sağlamlığının etibarlı təminatına xidmət edir.

Məhz son illərdə bu sahədə görülmüş işlər, yaradılmış geniş imkanlar hesabına Azərbaycan koronavirus pandemiyası ilə bağlı böhranlı durumu kifayət qədər hazırlıqlı qarşılaya və bu xəstəliklə mübarizə işində öz modelini ortaya qoya bildi. Reallıq bundan ibarətdir ki, Azərbaycan pandemiyadan ən az insan itkisinə məruz qalmış ölkələrdən biridir. Bu da onunla bağlıdır ki, xəstəliyə yoluxmuş bütün insanlar tibbi müəssisələrə qəbul edilir, onlara lazımi xidmət göstərilir. Xəstəliyin vaxtında üzə çıxarılması, daha geniş əhatədə yayılmaması üçün kütləvi testləşdirmə işi aparılır.

Eyni zamanda dövlət fəaliyyətini bir neçə konkret addımla məhdudlaşdırmır. Qabaqlayıcı tədbirlər sistemli, ardıcıl və çoxşaxəli şəkildə aparılır ki, ölkəmiz ən çətin vəziyyətlərə belə hazır olsun. Bu məqsədlə Bakıda və regionlarda modul tipli xəstəxanalar yaradılır. Artıq 4 modul tipli xəstəxana istifadəyə verilib. Azərbaycan Prezidentinin qarşıya qoyduğu strateji vəzifələrə uyğun olaraq həmin xəstəxanaların sayı iyunun sonuna qədər 10-a çatdırılmalıdır. Bu xəstəxanaların hesabına əlavə iki min çarpayı yeri yaranacaq.

 

 

"İnam olan yerdə nəticə də olur

 

 

Koronavirus xəstələrinin müalicəsi ölkəmizin ən qabaqcıl xəstəxanalarında aparılır. Yenicə istifadəyə verilmiş "Yeni klinikada daxil olmaqla hazırda Azərbaycanda 20-dən çox xəstəxana sırf bu məqsədlə ayrılıb. Pandemiya ilə mübarizə işinin tərkib hissəsi kimi yeni laboratoriyalar alınıb. Hazırda belə laboratoriyaların sayı 20-dən çoxdur.

Karantin rejimində saxlanan vətəndaşlar üçün də ölkəmizdə bütün dünya üzrə nümunəvi şərait yaradılıb. Onlar əsasən 4-5 ulduzlu hotellərdə, eyni zamanda Atletlər kəndində yerləşdirilirlər. Dövlətimiz minlərlə vətəndaşının xarici ölkələrdən təxliyə olunmasına kömək göstərib və bu proses qrafik üzrə yenə davam etdirilir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız bu məqsədlə yaradılmış xüsusi portalda qeydiyyatdan keçərək növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər.

Azərbaycanın koronavirusla bağlı mübarizə metodları beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb. Dövlətimizin həm pandemiyanın ilk mərhələsində, həm də sonrakı dövrlərdə gördüyü operativ tədbirlər, atdığı məhdudlaşdırıcı addımlar yüksək qiymətləndirilib.

İyunun 9-da Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılmış modul tipli xəstəxana komplekslərinin açılışı zamanı Prezident İlham Əliyev indi əsas vəzifənin insanları bu xəstəlikdən qorumaqdan, onların həyatını xilas etməkdən ibarət olduğunu bildirdi: "Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. ...Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”.

 

 

Vətəndaş məsuliyyəti

 

Azərbaycan iqtisadiyyatı bu məhdudiyyətlərdən ziyan çəksə də, itkilər tezliklə bərpa olunacaq. Ölkəmizin iqtisadi potensialı, malik olduğumuz resurslar, iqtisadiyyata dəyən ziyanların minimallaşdırılması üçün həyata keçirilən dəstək tədbirləri buna imkan verir. Dövlətimiz bu dövrdə yaranmış qlobal iqtisadi vəziyyətlə bağlı çətinliklərlə üzləşmiş vətəndaşlarımızın da qayğısına qalır. Onlara aylıq maddi yardım göstərilir. Azərbaycan dövləti bu məqsədlə ayrılmış vəsaitlərin həcminə görə də liderdir. Belə ki, həm pandemiyaya qarşı mübarizəyə, həm yaranmış vəziyyətdən ziyan çəkən vətəndaşlara, o cümlədən aztəminatlı ailələrə, sahibkarlara kömək məqsədilə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Müvafiq tibbi avadanlıqların, dərman preparatlarının alınması üçün böyük məbləğdə vəsait ayrılıb. Həyata keçirilən tədbirlər hesabına ölkəmiz yaranmış iqtisadi durumdan tez bir zamanda çıxacaq. Davamlı inkişaf dinamikasını yenidən bərpa edəcək. Xəstəlikdən dünyasını dəyişən insanları isə əfsus ki, həyata qaytarmaq mümkün deyil. "İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır” - deyir dövlət rəhbərimiz.

Bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmağımız isə vətəndaş olaraq hər birimizin ictimai məsuliyyətindən asılıdır. Azərbaycanda bu xəstəlikdən sağalıb evə yazılanların yoluxanların sayını üstələməsi, ölüm hallarının baş verməməsinə hamılıqla çalışmalıyıq. Bu, yerinə yetirilməsi vacib olan son dərəcə sadə bir vəzifədir. Qapalı yerlərdə tibbi maska taxmaqla, sosial məsafəni gözləməklə, dezinfeksiya tədbirlərinə və müəyyən edilmiş digər karantin qaydalarına əməl etməklə hər kəs bu vəzifəni yerinə yetirib, dövlətimizin koronavirusla mübarizə tədbirlərinə töhfə verə bilər. Bu, bizim 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Gününə də ən layiqli hədiyyəmiz olardı. Çünki xəstəliyə yoluxan hər kəs, onların yükünün yüzlərlə xəstə sayı qədər artması həkimlərin gərgin günlərinin, yuxusuz gecələrinin daha da uzanması deməkdir.

Gəlin özümüzü və doğmalarımızı qorumaqla dövlətimizin də, tibb işçilərimizin də işini yüngülləşdirək.

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 17 iyun.- S.1;7.