Prezidentin köməkçisi
Hikmət Hacıyev Azərbaycan-Rusiya dövlət sərhədinin
Dağıstan istiqamətində baş vermiş hadisəyə münasibət bildirib
Azərbaycan
Respublikası Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan
sərhədində baş vermiş hadisə ilə
bağlı AZƏRTAC-ın sualını cavablandırıb.
Hikmət Hacıyev deyib: "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk. Ümumiyyətlə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib.
2020-ci
ilin mart ayının sonu, aprel ayının əvvəlindən
etibarən Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında "Samur” sərhəd
buraxılış məntəqəsi və beynəlxalq hava
limanları vasitəsilə 2976 nəfər Azərbaycan
Respublikası vətəndaşının Rusiyadan ölkəmizə
geri qayıdışı təmin olunub.
Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün "Evə gedirəm” adlı portal yaradılıb.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş "Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə "Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.
Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.
"Samur”
sərhəd keçid məntəqəsi ətrafına
toplaşan vətəndaşlarımız müəyyən
edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini
pozmamalı və aidiyyəti dövlət qurumlarının
öz fəaliyyətlərini həyata keçirmələrinə
mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı
anlayış göstərməyə
çağırırıq”.
Azərbaycan.-2020.- 17 iyun.- S.2.