Hippokrat
andı, vicdan və məsuliyyət hissi
İnsanın Həyata və Ölümə münasibəti
sözsüz ki, dünyəvi məzmun daşıyır. Onu həm də
ümumbəşəri mədəniyyətdən kənarda təsəvvür
etmək olmaz. Həkim və tibb
işçisi üçün isə onun peşə əxlaqı
və dəyəri ən vacib şərtlərdəndir.
Bu mənada Həyata və Ölümə
münasibət prosesində tibbin maraqları fəlsəfənin,
hüququn, dinin, ədəbiyyatın və incəsənətin
maraqları ilə üst-üstə düşür. Bütün hallarda tibb üçün bu məsələ
xüsusi problemlidir, yəni burada reallıq və təcrübə
mühüm rol oynayır, çünki həkim müxtəlif
vəziyyətlərdə daim o problemlə - "olum ya
ölüm”lə üzləşir.
Məlumdur
ki, hələ qədim zamanlardan təbabətlə məşğul
olan həkim üçün ali etik norma müəyyən
edilmişdi: "Non nocere!”, yəni zərər
vurma! Daha dəqiq desək, pasiyentin həyatına,
sağlamlığına, dincliyinə zərər vurma! Xəstənin həyatına və şəxsiyyətinə
ehtiram göstərmək həkimlik etikasının ana xəttidir,
Hippokratdan ta bu günə kimi qüvvədədir və
öz mahiyyətini də itirməyib. O zamandan tibbdə
insan həyatı və onun sağlamlığı problemi həyatın
əsas etik normasına dönüb.
Əlbəttə, zaman-zaman həkimlik peşəsiylə
bağlı, təbabətlə həyatın mənəvi-əxlaqi
mənası və münasibətlərinə dair müxtəlif
filosofların müxtəlif baxışları və
konsepsiyaları olub və bu gün də mövcuddur. Bulqakovun, Dostoyevskinin,
Bekonun, Frankın, Fyodorovun və onlarca zəka sahiblərinin
Hippokrat andından qaynaqlanan etik normalarının əsas məğzini
elə insan sağlamlığı təşkil edib. Bütün bu ümumi baxışlar məcmuəsindən
savayı, bir də var canlı etika, yəni kökü qədim
hind sivilizasiyasının buddist ideyaları ilə mayalanan
etika. Bu təlimə görə, bizim planetimiz Od dövrünə qədəm basıb. Burada psixi enerjinin rolu getdikcə çoxalır və
o da təbiətin mənəvi yeniləşməsini ehtiva
edir. "Canlı etika” həm də həmrəylik
deməkdir, birlik simvoludur, humanistlik, mərhəmət, şəfqət,
ədalət kimi fəzilətləri özündə cəm
edir. Bu gün belə etik-fəlsəfi dəyərləri
özündə birləşdirən baxışlar
çoxdur, onları da birləşdirən bir ümumi xətt
var: ən qiymətli dəyər HƏYATdır.
Lakin mən
bu gün dünyanın belə bir ağır durumunda,
xüsusilə ən qiymətli dəyər olan insan həyatına
qəflətən və amansızcasına hücum edən
naməlum bir düşmənin - koronavirus
pandemiyasının, COVID-19 virusunun sürətlə
yayıldığı və ölkəmizi də qismən
bürüdüyü bir zamanda bizim qəhrəman səhiyyə
işçilərinin vəzifə borcları ilə
yanaşı, vicdanlı və məsuliyyətli əməyi
barədə söz açmaq istəyirəm.
Səhiyyə sistemi təkcə həkimlərdən
ibarət deyil, həkimlər bu sistemin çox cüzi faizini
təşkil edir. Burada minlərlə personal çalışır - tibb
işçiləri, yuxarı və orta menecment, texniki
personallar, əczaçılar, təchizatçılar... Səmimi
deyirəm: bu gün əsas yük, güc və enerji də
onların üzərinə düşür. Həkim-xəstə
münasibətləri, həkim-personal münasibətləri,
personal-menecment münasibətləri, xarici və daxili əlaqələr
və tənzimləmələr - bütün bunlar nəhəng
bir səhiyyə sisteminin normal işləməsi
üçün lazım olan ən mühüm idarəetmə
prosesləridir. Belə bir ağır
durumda bu işlərin öhdəsindən bacarıqla gəlmək,
sözün əsl mənasında, qəhrəmanlıqdır.
Çöldən hər şey asan görünə bilər,
amma mənə inanın - bu, görünən kimi deyil...
Sadəcə tibbi baxımdan həkimin vəzifə
borcunu yerinə yetirməsində Hippokrat andı kimi etik dəyərdən
yox, bütövlükdə tibb və səhiyyə
işçilərimizin öz işlərinə vicdanla
yanaşmasını, məsuliyyətlərini və öhdəliklərini
daha mükəmməl bir şəkildə icra etdiklərini
vurğulamaq istərdim. Bəs, bunlar hansı meyarlarla
ölçülür? Onları necə
müəyyən etmək olar? Quru statistik
rəqəmləri misal gətirmək istəmirəm, bunlar
sizə məlumdur. Sadəcə, səhiyyə
işçilərimizin bu günlər görünməyən,
daha doğrusu, ictimaiyyətə məlum olmayan ağır və
şərəfli əmək fəaliyyətini dilə gətirmək
istəyirəm. Bayaq vicdan məsələsini
elə - belə qeyd etmədim. Əvvəla,
yaxşı həkimin, tibb işçisinin vicdanlı
olmağının bəhrəsi ruhi sakitlikdir. Və
düşünürəm ki, bu təyin təkcə həkimə
yox, bütün bəşər övladına aid ola bilər: bir anlıq düşünün,
ruhən özünü arxayın və əmin hiss edən
adam vicdanı qarşısında necə ola bilər? Əlbəttə,
bu məsələdə həkimlik sənəti
üçün bir çox başqa amillər də tələb
olunur: həkimin, ya bir tibb işçisinin, ya da elə orta səhiyyə
işçisinin dürüstlüyü, mədəniyyəti
və intellektual təfəkkürü olmalıdır ki, ona
etibar eləsinlər, inansınlar. Yalnız
bundan sonra onun nə dərəcədə həkimlik, yaxud
tibb işçisi kimi vəzifə borcunu yerinə yetirərkən
əxlaq prinsiplərinə necə riayət etməsindən
danışmaq olar. Onun vicdanı
qarşısında məsuliyyəti həm də bununla
müəyyən edilir ki, peşəkarlığı
hansı səviyyədədir, ona inanırlarmı, etibar edirlərmi?
Vicdan və ləyaqət məsələsi təkcə
həkimin, yaxud səhiyyə işçisinin özündən
asılı deyil, həm də çox vaxt dövlətin ona
yaratmış olduğu şəraitdən asılı olur. Gəlin
görək son illər dövlətimiz səhiyyə
üçün, səhiyyə işçilərimiz
üçün nələr edib? Fəxarət hissiylə
bildirirəm: dövlət başçısı cənab
İlham Əliyevin bilavasitə təşəbbüsü ilə
səhiyyə sahəsində aparılan islahatlar təkcə
Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir.
Ümumdünya Səhiyyə Təşkilatının
xətti ilə Bakıda keçirilən tədbirlərdə
bu dəyərləndirmələr dəfələrlə səslənib
və deyilib. Səhiyyəmizdə
aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin
maddi texniki bazası və kadr potensialı gücləndirilib,
bütövlükdə səhiyyə sahəsində
böyük nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin,
o cümlədən xəstəxanaların, müalicə-diaqnostika,
reabilitasiya mərkəzlərinin, poliklinikaların
inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı
təmir olunub və lazımi modern avadanlıqlarla təmin
edilib. Bu sahədə inkişaf istər
yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana
və tibb mərkəzlərinin bərpasında, istərsə
də tibb müəssisələrinin ən müasir
avadanlıqla təchiz edilməsində özünü daha
qabarıq göstərir. Bütün
bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının
hərtərəfli tibbi xidmətlə təmin edilməsi
istiqamətində icra olunan layihələri dövlət
başçısı daim nəzarətdə saxlayır.
Bu layihələr eyni zamanda vətəndaşımızın
məhz ölkəmizdə yüksək səviyyəli tibbi
xidmətlərdən yararlanması ilə bağlı
görülən mühüm işlərin davamlı
olduğunu göstərir. Onu da əlavə
edim ki, səhiyyə işçilərimizin həyat və məişət
şəraiti də xeyli yaxşılaşıb, bu sahədə
də yeni-yeni addımlar atılmaqdadır.
Koronavirus
(COVID-19) pandemiyasının yaratdığı kəskin
dalğalanmalar, bizim ölkənin iqtisadiyyatına, iş ahənginə,
eləcə də bütün sahələrə mənfi təsirinin
azaldılması ilə bağlı bir sıra tədbirlər
haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam
və göstərişləri, habelə ölkənin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın gündəlik
diqqət və qayğısı ilə bütün səhiyyə
sisteminin səfərbər olunması bu bəladan bizim
çox az zərərlə
çıxacağımıza böyük inam yaradır.
Koronavirus pandemiyası başlayandan bu günə qədər
dövlətimiz çox böyük tədbirlər həyata
keçirib.
Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın
iştirakı ilə bu yaxınlarda Bakı, Sumqayıt və
Abşeron rayonunun Saray qəsəbəsində
quraşdırılan üç modul tipli xəstəxananın
açılışında karantin tədbirləri ilə
bağlı səsləndirilən qiymətli fikirlər biz həkimləri
də səfərbər edərək daha məsuliyyətli
olmağa, eyni zamanda pandemiyaya qarşı mübarizədə
qayda və qanunlara əməl etməyə
çağırır.
Xalqımız
dünyanı çənginə alan
pandemiya dövründə bir daha əmin oldu ki, dövlət
başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva üçün insanların
sağlamlığı birmənalı qaydada tərəddüdsüz
həmişə birinci yerdə olub. Cənab
Prezident bir daha bəyan etdi ki, "şəxsən mənim
üçün birmənalı qaydada tərəddüdsüz
insanların sağlamlığı həmişə birinci
yerdə olub, o cümlədən pandemiya dövründə.
Ona görə biz şüurlu şəkildə,
bunun iqtisadi fəallığımıza mənfi təsir
göstərəcəyini bilərək məhdudlaşdırıcı
addımlara getdik. Bizim əsas vəzifəmiz
insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını
xilas etməkdir. Əlbəttə ki, itkilərimiz
də olub, amma bəzi ölkələrlə müqayisədə
Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır.
Bu, onu göstərir ki,
düşünülmüş siyasət, xalqla iqtidar
arasında birlik, dövlətin addımlarına yüksək
inam olan yerdə nəticə də olur”.
Bəli, cənab Prezidentin və hörmətli Birinci
vitse-prezidentin xalq naminə atdıqları səmərəli
addımlar nəticəsində COVID-19 virusuna qarşı
önləyici tədbirlər həyata keçirilir,
koronavirusla mübarizənin bazası gücləndirilir. Beynəlxalq
aləmdə də Azərbaycanın koronavirusla bağlı
mübarizə metodları təqdirlə qarşılanır.
Ümumdünya Səhiyyə Təşkilatı
Azərbaycanı bu sahədə nümunəvi ölkə
adlandırıb, özü də bir neçə dəfə.
Bunu da qeyd etməyi özümə borc bilirəm: dövlət başçısı fədakar peşə sahibləri olan həkimlərimizin əməyini də yüksək qiymətləndirir. Pandemiya ilə mübarizədə həkimlər ön xətdədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar. Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər, çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, səhiyyə işçilərimizin fədakarlığı hesabınadır. Bizdə yoluxanların sayı da o biri ölkələrə nisbətən çox azdır, çünki bizdəki yanaşma əvvəldən ən düzgün, ən humanist yanaşma oldu.
Buna görə də vətəndaşlarımıza bir daha müraciət etmək istəyirəm ki, pandemiyaya qarşı mübarizədə qayda və qanunlara əməl etsinlər, sağlamlıqlarını qorusunlar. Məsuliyyətli, nizam-intizamlı olsunlar. Xüsusi karantin rejimini pozmasınlar, vətəndaş həmrəyliyi göstərsinlər. Bu günlər hər bir vətəndaşımızın bunu dərk etməsi vacibdir. Bir məsuliyyətsiz adam yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına atmış olar. Axı, bizim həkimlərimiz və tibb işçilərimizin həyatı da risk altındadır. Mən onların bu qorxulu xəstəliklə mübarizədə necə fədakarlıq nümayiş etdirdiklərinin də şahidiyəm. Orta tibb personalının, tibb bacılarının qısa müddət ərzində modern tibb ləvazimatlarından və cihazlarından istifadə etmək bacarıqları, heç nəyə baxmadan gecə-gündüz COVID-19 virusuna yoluxmuş vətəndaşlarımızın xidmətində durmaları, minlərlə riskli və ya yoluxmuş pasiyentin test yoxlamalarını aparmaları, laborator analizləri vaxtında və dəqiq yerinə yetirmələri sadəcə məndə heyrət doğurur! Mən onların bu vətənpərvərliyi və fədakarlığı qarşısında baş əyirəm.
Həkimin rolu ilk növbədə insanın həyat və sağlamlığı ilə əlaqədardır. Onun vəzifə borcundan savayı, vicdanı da, məsuliyyət hissi də məhz pasiyentə münasibətdə özünü büruzə verir, bütövlükdə isə səhiyyə işçilərinin həm öz həmkarlarına, həm də cəmiyyətə münasibətlərində özünü göstərir.
Fürsətdən
istifadə edib bayram günündə bütün səhiyyə
işçilərimizi təbrik edir, onlara son dərəcə
ağır və yorulmaz fəaliyyətlərində
dözüm, səbir və möhkəm iradə
arzulayırıq!
Rəşad MAHMUDOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2020.- 17 iyun.- S.5.