Ağ xalatlı, nur üzlü, yorğun simalar..
Koronavirus pandemiyasına qarşı
mübarizənin ön
cəbhəsində dayananların
fədakarlığı ən
yüksək qiymətə
layiqdir
17 iyun
Azərbaycanda Tibb İşçilərinin Peşə
Bayramı Günüdür
Tibb işçiləri, təəssüf
ki, bu il öz peşə bayramlarını
koronavirus pandemiyası
ilə mübarizədə
keçirirlər.
Koronavirusla mübarizədə öz
fədakarlıqları ilə
seçilən həkim
və tibb işçilərinin əməyi
xüsusilə qeyd edilməlidir. Bu gözəgörünməz
bəla ilə mübarizənin ön cəbhəsində olan tibbi personalın gecə-gündüzünün olmaması nəticəsində
minlərlə insan amansız ölümün
pəncəsindən xilas
edilib.
Həmin mübariz həkimlərimizdən
biri olan Gülara Abbasova da aylarla ailəsindən
uzaq düşüb və Hippokrat andına sadiqlik nümayiş etdirərək
vətəndaşlıq, həkimlik
borcunu şərəflə
yerinə yetirənlərdəndir.
15 iyun 1975-ci ildə
Sumqayıtda anadan olan G. Abbasovanın valideynlərinin ağlına
da gəlməzdi ki, qızları neçə illərdən
sonra ölüm-qalım
dilemması qarşısında
qalan insanların köməyinə çatacaq,
onları amansız və vaxtsız ölümün pəncəsindən
xilas edəcəkdir.
"Uğursuzluq”dan qələbəyədək...
Gülara
Abbasova illəri bir göz qırpımında
yola saldı: gözlərini açdı
ki, Sumqayıtdakı
1 nömrəli orta məktəbi yüksək
qiymətlərlə bitirib,
kimya-biologiya üzrə
fənn olimpiadalarının
qalibidir. Arzusu həkim olmaq
idi. Ona görə də beş il
ardıcıl olaraq Azərbaycan Tibb İnstitutuna qəbul üçün sənəd
verdi. Müsabiqədən keçə bilməsə
də, bu "uğursuzluq” onu qətiyyən ruhdan salmadı. Həmin müddət ərzində
o, Sumqayıt Tibb Texnikumunu N.Nərimanov təqaüdü almaqla müvəffəqiyyətlə bitirdi.
Nəhayət, həyat onun üzünə gülməyə
başladı: O, ATİ-nin
Müalicə-profilaktika fakültəsinə
qəbul olaraq anestezioloq-reanimatoloq ixtisasını
seçdi. Bu o zamanlar idi ki,
sinif yoldaşları,
qonşuları Qarabağda
gedən döyüşlərə
yollanırdılar. Tələbə olsa da, ərazilərimizin
erməni daşnaklarından
qorunması yolunda canlarını Vətənə
sipər edənlərin
yanında olmaq və bu məqsədlə
də ön cəbhəyə yollanmaq üçün Sumqayıt
Hərbi Komissarlığına
müraciət etdi.
Bu tələbəni yolundan döndərməyə
çalışsalar da,
o, həmin ağır
günlərdə cəbhədə
həkimlik peşəsinə
ciddi ehtiyac olduğunu əsas gətirirdi. Hərbi
komissarlığın əməkdaşları
onu ailəsinə gətirəndə qərar
qəti oldu: "İnstitutu bitirməyin vacibdir”
Azərbaycan Tibb İnstitutunu
bitirdikdən sonra o, 9
il Sumqayıtda,
yəni dünyaya göz açdığı
1 nömrəli Doğum
evində çalışdı.
Sonra isə ailə həyatı ilə bağlı olaraq Bakıya köçdü
və Mərkəzi Neftçilər Xəstəxanasında
Anesteziologiya-reanimasiya və
intensiv terapiya şöbəsində işləməyə
başladı. Hazırda həmin
şöbənin müdiri
olan həkimin bacısı Norveçdə
tibb işçisidir.
Qızlarından biri isə
Oslo şəhərindəki Tibb institutunda təhsil alır.
Yetmiş
gündən artıqdır
ki, koronavirus pandemiyasının ölkəmizdə
yayılmasına qarşı
mübarizənin ön
cəbhəsində dayanan
G.Abbasova hazırda bu bəladan əziyyət çəkən xəstələrin
yaxın-uzaq qohumlarının
dilinin əzbərinə
çevrilib.
Öz işinin fəxarətindən
simasına nur çökmüşdü
G. Abbasova nəinki öz peşəsi, həm də vətənpərvərlik duyğuları
ilə insanlara xidmət göstərir. Videoreportajlarda gördüyümüz həkimlər komuflyaj paltarlarda və maskada olduqlarına görə onların nə gözlərini, nə də sifət cizgilərini seçə bilirik. Bu dəfə isə
insanlara şəfa verən ana, qadın telefonun ekranından baxırdı.
O qədər xoşbəxt
idi ki... Çünki daha bir dəfə şər qüvvənin üzərində
qələbə çalmışdı.
Bunun sevincini xəstə yiyələrinə
çatdırmağı özünə
borc bildiyini dedi. Öz işinin
uğurlu nəticəsindən
simasına da nur çökmüşdü...
Onunla bir neçə dəqiqəlik
telefonla görüntülü
söhbətdən bir
əsər də yazmaq olardı. İş
yoldaşı Mehparə
Dadaşzadə onun sözünə qüvvət
verdi: "...İndi bu qızmar
yay günlərində
vətəndaşlarımız evdə, işdə, küçədə bir köynəklə belə
istidən bezdikləri
halda, biz elə olur ki, 6-8 saat
bu komuflyajı əynimizdən çıxarmırıq.
Ancaq dözürük
və bilirik ki, müqəddəs iş görürük. Bilirik ki, bu
ağır günlərdə
insanlara göydəki
Allahdan sonra bir udum nəfəs
almağa biz də yardımçı oluruq...”
Onlar həm də könüllülərdir. Bildiyimiz kimi,
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin "Könüllülər
ili” elan edilməsi ilə bağlı sərəncam
imzalayıb. Qəfil
gələn və gözəgörünməz bu
koronavirusdan bizi xilas etmək üçün səfərbər
olunan ağ
xalatlı həkimlərimizin
iş başında hansı şəraitdə
çalışmaları maraqlı
olduğu qədər
də əzablı və dözülməzdir.
Reanimasiya
şöbəsinin müdiri,
həkim-reanimotoloq Gülarə
Abbasova, tibb bacılarından Mehparə
Dadaşzadə və
Zahirə Həsənova
beş-üç dəqiqəlik
dincəlmək üçün
geyimlərini və maskalarını çıxarırlar.
Aman
Allah, bu qapalı şərait onları nə hala salıb?!
Tanınmaz dərəcədə
dəyişiliblər: arıqlamaları
bir yana,
baş geyimləri, xüsusən də maskanın rezinləri onların üz-gözlərini
nə hala saldığının fərqində
olmasalar da, sanki bir əsr
qocalıblar. Amma bu, onların xidmət mədəniyyətini, peşə
borclarını unutdurmayıb.
Şöbə müdiri Gülarə
Abbasovanın ilk fikri belə oldu: "Bu reanimasiya şöbəsində
həkim Samirə Məmmədova ilə mənim rahat işləməyimizin səbəbkarları
indi sizə siyahısını verdiyim
Mərkəzi Neftçilər
Xəstəxanasının tibb işçiləri və sanitarlarıdır.
İlk növbədə,
əziyyətə qatlaşan
onlardır…”
Həkimin verdiyi siyahıdan
məlum olur ki, onunla bu
ağır günlərdə
çiyin-çiyinə dayanan
Kəmalə Əliyeva,
Səbinə Əliyeva,
Zahirə Həsənova,
Balacaxanım Babayeva, Günel Baxışova, Dillər Məmmədova, Mehparə Dadaşzadə,
Vəfa İsmayılova,
Xəyalə Hacıyeva,
Gültəkin Məmmədova,
Aysel Bağırova, Könül Əzizova, Qismət Mirzəhəsənova,
Zərifə Həsənova,
Leyla Əlibəyli, Arzu Mədətli, Sehranə Cəbiyeva, Əfsanə Müzəffərova,
Könül Quliyeva,
Tirana Xalapova kimi tibb bacılarıdır. Bunlardan savayı, xəstələrin sağalması
yolunda fədakarlıq
göstərən Arzu
Məmmədova, Sevinc
Hüseynova, Telman Abbadov, Mətanət Rüstəmi, Pərvanə
Əzimova, Marina Nəsibova,
Rəmziyyə Nəsirova,
Elman Abbasov, Nailə Babayeva, Dilarə Muxtarova kimi kiçik tibb işçiləri də
az deyil.
Unutmayaq
ki, xəstələrin
sayı həkimlərdən
qat-qat çoxdur
G. Abbasova yorğun olsa da, ölkə vətəndaşlarına ürək sözlərini demək üçün fürsətdən istifadə etdi: "...Onlar olmadan heç bir xəstə sağalmaz. Siz bilirsinizmi ki, buradakı palatalarda gündə iki dəfə yataq bezləri, xəstələrin paltarları, örtükləri, pərdələri dəyişilir?! Burada işlədilən hər şey birdəfəlikdir. Burada təmizliyi təmin etmədən müalicənin nəticəsini ala bilməzsən. Bizim kollektiv, ilk növbədə, tibb bacıları və kiçik tibb işçiləri ilə güclüdür. Kiçik personalımız və ümumiyyətlə, COVID-19-la mübarizə aparan bütün tibb işçiləri günlərlə özündə olmayan və nəfəs aparatlarına qoşulmuş xəstələrin qulluğunda dayanır və onların yataqlarını gündə bir neçə dəfə təmizləyirlər. Mən öz həkim peşəmlə şərəf duyuram. Unutmayaq ki, xəstələrimizin sayı həkimlərdən çoxdur, özü də lap çox.
Bəzi insanların məsuliyyətsizliyinin, etibarsızlığının və inamsızlığının ağrısını və ağırlığını isə dövlət, eləcə də bu mübarizədə düşmənə qalib gəlmək üçün xəstəxana səngərlərinə atılan və ağ xalatlarını hava keçirməyən komuflyajlarla dəyişən tibb işçilərimiz çəkirlər. Nə olar, dövlətimizə, doğmalarımızın keşiyində duran TƏBİB-in tibb personalına əziyyət və ağrı verməmək üçün məsuliyyətli olun. Tələb və qaydalara riayət edin”.
Çində COVID-19-la mübarizə sona çatanda əhali tibb işçilərini ayaq üstə alqışladı. Çünki onlar bu dərdin acısını gördülər və içərilərindən keçirdilər. Bu, Çin xalqının tibb işçilərinə verdiyi dəyər idi.
Həkim daha sonra bildirdi ki, briqadada evində xəstəsi olan işçilər var. Eləsi də var ki, körpə uşağını qoyub gəlib: "Rəhbərliyimiz bəzilərinə ailə şəraiti ilə əlaqədar olaraq və hətta işdən ayrılmağa icazə belə vermək istəsə də, bizim qəhrəmanlarımız səngəri boş qoyub, bir udum havaya ehtiyacı olan xəstələri tərk edib getmək istəmirlər. Mən martın 26-dan 27-nə keçən gündən buradayam. Xəstəxanamızın COVID-19-a uyğunlaşması prosesində iştirak etmişəm. Burada hər bir çarpayının, hər bir aparatın necə işləməsinə cavabdehəm. Elə vaxt olur ki, heç gecəni 2 saat belə yatmırıq. Bəzən xəstəni ağır vəziyyətdən çıxarmaq üçün səhərə qədər mübarizə aparırıq. Bir qızımla uzaqda olduğuna görə onlayn görüşürəm. Buradakı 10 yaşlı qızımı isə bircə dəfə şüşənin o biri üzündən görmüşəm. Bizimlə işləyənlərin hamısının ömür səhifəsi burada belə yazılır. Biz də evimizə getmək, doğmalarımızı qucaqlamaq, ailəvi istirahət etmək istəyirik. Bizim əlimizdən bu şansımızı almasınlar. Unutmasınlar ki, xəstələr həkimlərdən çoxdur. Və həkimlərimiz, tibb personalımız da hər gün bu xəstəliyə tutula bilərlər. Həkimlərin də bir gün gücü azalsa, onda sizi kim sağaldacaq? Siz çox, biz az. Gəlin, bir-birimizi sevə-sevə yaşayaq”.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2020.- 17 iyun.- S.7.