Dünya Bankı ilə əməkdaşlığın
səviyyəsi məmnunluq doğurur
Dünya
Bankının təşəbbüsü ilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə bankın
Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin
olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə
regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri
arasında videokonfrans keçirilib.
AZƏRTACxəbər verir ki, videokonfrans iştirakçılarını salamlayanPrezident İlham Əliyevdedi:
-Sizi görmək çox xoşdur.
Anna Byerde: Təşəkkür edirik. Qarşılıqlıdır. Günortanız xeyir.
Prezident İlham Əliyev: Günortanız
xeyir. Sizin
sabahınız xeyir. Sizdə səhərdir.
Anna Byerde:Bəli.
Prezident
İlham Əliyev: Şadam ki, gələcək
planlarımız barədə danışmaq və ola bilsin ki, artıq görülmüş
işlərə nəzər salmaq üçün
imkanımız var. Biz Dünya Bankı ilə əməkdaşlığın
səviyyəsindən çox məmnunuq. Azərbaycana
və sizin maliyyə dəstəyinizlə həyata
keçirdiyimiz mühüm layihələrə göstərdiyi
davamlı dəstəyə görə Dünya Bankına
çox minnətdarıq. TANAP-a göstərdiyiniz
dəstəyə görə xüsusi təşəkkürlər.
Yəqin ki, bildiyiniz kimi, Cənub Qaz Dəhlizi
layihəsinin icrası sona yaxınlaşır. Ümidvarıq ki, bütün tikinti işlərini
bir neçə aya tamamlayacağıq. Əlbəttə
ki, Dünya Bankının Cənub Qaz Dəhlizinin ən
mühüm hissələrindən olan TANAP-ın icrasına
verdiyi töhfə yüksək qiymətləndirilir. Sözsüz ki, bu, digər bankların da bu
mühüm layihəni dəstəkləməsi
üçün yaxşı siqnal oldu.
Mən, həmçinin artıq icra edilmiş layihələri
nəzərdən keçirirdim. Onlar bir çox sahələri
əhatə edir. Biz çox mühüm töhfəyə
görə olduqca minnətdarıq, ümumilikdə layihələrə
3,5 milyard dollardan çox vəsait
ayrılıb. Əlbəttə, bizim gələcək
üçün daha çox planımız, ölkənin
müasirləşdirilməsi, iqtisadiyyatımızın
qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz
ki, infrastruktura investisiya yatırılmasının davam
etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə,
mən əminəm ki, gələcəkdə çox
müsbət əməkdaşlığımız olacaq.
Mən, həmçinin özünüməşğulluq
proqramı ilə bağlı bizə dəstək göstərilməsinə
dair müraciətimə dərhal cavab verdiyinə görə
Dünya Bankına xüsusi minnətdarlığımı
bildirmək istərdim. Həmin müraciət 2019-cu ilin yanvarında təqdim
olunmuşdu və bir ildən də az
müddət ərzində biz artıq bütün
hazırlıq işlərini tamamlamışıq. Mənə məlumat verilib ki, Dünya
Bankının özünüməşğulluq layihəsində
iştirakı təxminən 100 milyon ABŞ dolları həcmində
olacaq. Buna görə təşəkkür
edirik. Bu il biz bu proqramla 15 minə
yaxın adamı əhatə etməyi
planlaşdırırıq və əlbəttə ki,
Dünya Bankı tərəfindən əlavə maliyyələşdirmə
yüksək qiymətləndirilir və alqışlanır.
Anna Byerde:Təşəkkür edirəm, Zati-aliləri.
İlk növbədə, bu görüşü təşkil
etdiyinizə görə çox sağ olun. Mən
Sizinlə görüşməkdən həqiqətən də
məmnunam. Mən Sizinlə Azərbaycanda
görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə
alsaq, hələ ki, görüşləri bu cür
keçirməli olacağıq. Lakin
çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda
görüşəcəyimə ümid edirəm. Mən, həmçinin tərəfdaşlığa
görə və birlikdə bir çox sahələrdə
işlədiyimiz komandaya minnətdarlığımı
bildirmək istərdim. Əlaqələrin
necə möhkəm olduğunu görməkdən məmnunam.
Tərəfdaş kimi Dünya Bankına olan
etimadınıza görə Sizə çox təşəkkür
edirəm. Mən bu vəzifənin
icrasına başladığımdan bu yolu davam etdirməyimizi
səbirsizliklə gözləyirəm. Bir
daha buna görə təşəkkür edirəm.
Həmçinin mən Dünya Bankı adından Azərbaycanın
Beynəlxalq İnkişaf Assosiasiyasına verdiyi töhfəyə
görə minnətdarlığımı bildirmək istərdim. Bu addım
çox yüksək qiymətləndirilir. Sizin ən yoxsul ölkələr üçün
olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən
həqiqətən də çox yüksək qiymətləndirilir.
Düşünürəm ki, bu, bizim əlaqələrimizi
daha irəliyə aparır. Buna görə
həqiqətən də minnətdarlığımı
bildirmək istərdim. Mənim
üçün burada olmaq məmnuniyyətdir. Mən təxminən 5 illik fasilədən sonra
regiona qayıdıram. Geri qayıtmaq
möhtəşəmdir. Mən Dünya
Bankındakı fəaliyyətimin əhəmiyyətli bir
hissəsini bu regionda keçirmişəm. Bu, mənə çox yaxın olan regiondur. Ötən dəfə regionda olarkən təxminən
4 ay Azərbaycandakı proqrama birbaşa nəzarət etmək
mənə nəsib olub. Bu müddət ərzində,
həmçinin ölkə ilə tərəfdaşlıq
çərçivəsi təsdiq olunub. Mən
son bir neçə ildə bu tərəfdaşlıq çərçivəsinin
həyata keçirilməsini görməkdən çox məmnun
oldum. Mən TANAP layihəsinin ilkin mərhələlərində
iştirak etmişəm, ona görə də ona yaxşı
bələdəm. Mən bu layihə
münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm.
Bu, bizim buna bənzər nəyisə dəstəkləyə
bilməyimiz və həm kredit əməliyyatlarını, həm
də birgə apardığımız işimizi nə dərəcədə
yaxşı mənimsədiyimizi göstərən həqiqətən
də flaqman layihədir. Mən bir daha təşəkkürümü
bildirmək istəyirəm. Birlikdə əldə
etdiyimiz yaxşı irəliləyişi davam etdirməyi və
onu daha yüksək səviyyələrə
qaldırmağı səbirsizliklə gözləyirəm.
Mən, həmçinin qeyd etməliyəm ki,
Azərbaycanla bağlı məlumatları oxuyarkən ölkənin
"Doing Business” hesabatında reytinqini görməkdən həqiqətən
də məmnun olmuşam. Mən bu
münasibətlə də Sizi təbrik etmək istəyirəm.
Düşünürəm ki, bu, dəyişikliyin
daha bir sübutudur. Siz qeyd etdiyiniz kimi,
iqtisadiyyatınızın şaxələndirilməsi
üçün "Doing Business”də iqtisadiyyatın
inkişafı baxımından yaxşı göstəricidir.
Dünya Bankının Avropa və Mərkəzi Asiya
regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde
bildirdi ki, koronavirusun təsirinin olduğu bir dövrdə
yaşayırıq. O, ölkəmizdə icra olunan özünüməşğulluq
layihəsinə toxundu, kənd təsərrüfatı sahəsində
gələcək əməkdaşlıqdan
danışdı.
Dünya
Bankının ölkəmizdəki rəhbəriNavid Hassan
Naqvi4 il Azərbaycanda fəaliyyət
göstərdiyini məmnunluqla qeyd etdi. Vurğuladı
ki, fəaliyyətinin başa çatması ilə
bağlı ölkəmizi zəngin təəssüratlarla tərk
edir. O, dövlətimizin başçısına Dünya
Bankının ölkəmizdəki fəaliyyətinə
göstərdiyi dəstəyə görə minnətdarlığını
bildirdi.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm, Navid. Əlbəttə, təəssüf edirik ki, siz bizi
tərk edirsiniz. Eyni zamanda, vaxtın necə
sürətlə keçdiyini görürük. Çünki mən görüşdüyümüz
ilk vaxtı - sizin Azərbaycanda yenicə fəaliyyətə
başladığınız vaxtı xatırlayıram.
Artıq 4 il keçib. Biz anlayırıq
ki, Dünya Bankının əməkdaşları öz
yaşayış və iş yerlərini çox tez-tez dəyişirlər.
Lakin mən sizə "Çox sağ ol”
demək istəyirəm. Çünki bizimlə
olduğunuz bütün bu müddət ərzində siz həqiqətən
də əməkdaşlığımıza və vacib layihələrin
həyata keçirilməsinə töhfə verdiniz. Gələcək fəaliyyətinizdə sizə
uğurlar arzu edirəm. Sizi yenidən
Bakıda görəcəyimə ümid edirəm. Bizim
qonağımız kimi və ya ola bilsin
ki, yeni vəzifədə. Əməkdaşlıq
üçün təşəkkür edirəm.
Sonra
Dünya Bankının Azərbaycana yeni təyin olunan rəhbəriSara
Mayklçıxış edərək dedi:
-Salam,
Zati-aliləri. Mən bu vəzifəyə təyin
olunmaqdan həqiqətən şərəf hissi keçirirəm.
Mən hökumətlə birgə
çalışmağı, tərəfdaşlığımızı
dərinləşdirməyə davam etməyi səbirsizliklə
gözləyirəm. Mən əvvəllər
Azərbaycanda və regionda çalışmışam.
Bura artıq elə bir ölkədir ki, o, mənim
ürəyimə yaxındır. Mən bu
təcrübədən çıxış edərək irəliyə
doğru addımlayacağımıza ümid edirəm.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm. Pandemiya bitən kimi biz sizi gözləyirik. Biz yenidən sizi qarşılamaqdan məmnun
olardıq. Bizə yad olmamağınız
düşünürəm ki, bizim üçün çox
yaxşıdır. Siz bizim ölkə ilə
tanışsınız. Bizim etdiklərimizin
hamısını bilirsiniz. Çünki
hazırda - iqtisadi islahatlarımızın bu mərhələsində
sizin Azərbaycandakı fəaliyyətiniz bizə kömək
edəcək ki, əməkdaşlığı müvafiq
qaydada planlaşdıraq və artımı, məşğulluğu
yaradan sahələrə diqqəti cəmləyək. Siz bizim şaxələndirmə, sənaye
inkişafı ilə bağlı planlarımızdan məlumatlısınız.
Ona görə də əminəm ki, siz
Bakıda çox məşğul olacaqsınız.
Mən bir daha Dünya Bankının Azərbaycan
üçün etdiyi bütün işlərə görə
minnətdarlığımı bildirmək istərdim. Bizim "Doing
Business” reytinqində irəliləyişlə bağlı
xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, "Doing Business”dəki mövqeyimiz bizim
üçün çox uğurlu sahələrə diqqəti
cəmləmək üçün bir növ motivasiya idi.
Ona görə də hökumətin,
administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən
ibarət xüsusi komissiya yaradıldı. Biz xüsusilə geridə qaldığımız
sahələrə diqqət yetirirdik. Biz qısa müddət
ərzində çox əsaslı irəliləyişə
nail ola bildik. Əlbəttə,
bu, ölkədəki biznes mühitini
yaxşılaşdırır, daha çox investisiyalardan
faydalanmağa imkan verir. Təbii ki, biz
qeyri-enerji sektoruna investisiya yatırılmasında
maraqlıyıq. Bizim üçün
hazırda prioritet olan məsələlərə gəlincə
mən ümumi şəkildə indiki pandemiya dövründə
iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım
göstəriciləri, yaxşı formada olan bütün
iqtisadi parametrlərlə birlikdə çox ümidverici
başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir
ki, bizim iqtisadiyyatımız 1,7 faiz
azalıb. Bu, çox deyil. Lakin
bu, azalmadır. Amma ümidverici fakt ondan
ibarətdir ki, bizdə kənd təsərrüfatında
artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil
edib. Ona görə də gələcək
üçün bizim nəzərə aldığımız
iki əsas məsələ şaxələndirməyə əsaslanan
iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır.
İkincisi isə, iqtisadiyyatın artımı daha çox
iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir.
Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də
xalqımız üçün daha çox iş yerlərinə
ehtiyacımız var. Xüsusilə də indi bu yeni
texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri
üçün bizim insanların xüsusi bacarıqları
olmalıdır. Ona görə də bu iki əsas
amil bizim hər zaman gündəliyimizdədir. Birgə çalışdığımız digər
layihələr arasında artıq proqramımızın
mövcud olduğu özünüməşğulluq sahəsindən
savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi
sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan
başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn
ilin yanvarına qədər təxirə salmalı olduq.
Ancaq artıq proqramın əhatə etdiyi bir
neçə şəhərimiz var. Nəticələrimiz
yaxşıdır. Ona görə də il
bitməzdən qabaq düşünürəm ki, sizinlə
müvafiq qaydada bu sistemin necə
strukturlaşdırılmasının üzərində
işləməyə davam edəcəyik. Çünki
bu, bizim üçün yenidir. Bir məsələ
ondan ibarətdir ki, bu, 1, 2 və 3 şəhərdə tətbiq
olunur. İkinci məsələ isə
ondan ibarətdir ki, bütün ölkədə tətbiq
olunacaq.
Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən
biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək
su idarəetmə sistemlərimiz üçün yol xəritəsini
yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik
etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir
çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun
çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su
itkimiz olur, təsəvvür edin, su resurslarının
çatışmadığı bir ölkədə. Xüsusilə
ötən il bizdə ciddi quraqlıq oldu.
Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir.
Ona görə də hökumət bunun üzərində
çalışır. Biz ilk
addımlarımızı 1 və ya 2 ay ərzində
atmağı planlaşdırırıq. Ona
görə də maliyyələşmə, nəzarət və
məsləhətləşmə baxımından mən
Dünya Bankını bizim tərəfdaşımız
olmağa dəvət etmək istərdim. Çünki
sizin bu sahədə çox böyük təcrübəniz
var. Ona görə də bu sahənin gündəliyimizə
daxil ediləcək məsələlər arasında
adını çəkərdim.
Siz, həmçinin kənd təsərrüfatını
qeyd etdiniz. Biz sizinlə bu sahədə
çalışırıq. Biz kənd təsərrüfatının
rəqabətqabiliyyətliliyini artırmalıyıq və
necə irəliləməyimizlə bağlı
anlayışımız olmalıdır. Çünki
biz təkcə öz resurslarımızla
ehtiyaclarımızı təchiz etməli deyilik, həm də
daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına
da daha çox cəlb olunmalıyıq və yeni bazarlar
haqqında düşünməliyik. Bunlar
hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat
və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə
çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat
dəhlizi üzərində çalışırıq.
Çünki Şərq-Qərb artıq həyata
keçirilib. Paytaxt şəhərdən şimal və
cənub sərhədlərinə qədər dəmir yolu
şəbəkəmizin reabilitasiyası... Dəmir
yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə
bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə,
bu layihə də bizim gündəmimizə daxildir.
Mən, həmçinin məhkəmə sistemimizə dəstəyinizə
görə minnətdarlığımı bildirmək istərdim. Mən şəxsən
yeni məhkəmə binalarımızın
açılış mərasimində iştirak etmişəm.
Təkcə binalar deyil, həmçinin sistemlər,
texnologiyalar. Bütün bu layihələr
Dünya Bankının dəstəyi ilə həyata
keçirilmişdir. Pandemiya ilə əlaqədar
vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya
dövrü böhranını idarə etmək
üçün bizim ölkə strategiyasına
ehtiyacımız var. Çünki bizim
iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə
zərər çəkdi. Xüsusilə
də yaxşı nəticələrimiz olan və son 4 ildə
artımın olduğu turizm sahəsi. Həqiqətən
Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə
çevrilib. Beləliklə, pandemiyadan
sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən
xarici turistlər üçün cəlbedici etmək istiqamətində
çox çalışmalıyıq. Çünki
turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan
biridir. Qeyri-neft və qeyri-qaz ixracından
gələcək daha çox sərbəst konvertasiya olunan
valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də
kənd təsərrüfatı, turizm, texnologiya
düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz
əsas sahələr olacaq.
Sonra Mərkəzi
Bankın sədriElman Rüstəmovçıxış edərək
dedi:
-Təşəkkür
edirəm cənab Prezident. Hörmətli
xanım vitse-prezident, hörmətli həmkarlar. Mən Dünya Bankı və Azərbaycan
arasında uzunmüddətli məhsuldar əməkdaşlığın
tarixçəsini qeyd etmək istəyirəm. Bu əməkdaşlığa
ötən 15-17 il ərzində təkan
verilmişdir və bu müddətdə Azərbaycan
iqtisadiyyatı 3 dəfə artmışdır. Yoxsulluq probleminin öhdəsindən gəlinmişdir.
Cənab
Prezident, icazənizlə hansı növ antiböhran tədbirlərinin
görülməsi ilə bağlı bir neçə söz
demək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan
bu böhranla əlaqədar çağırışlarla -
xüsusilə əsas ixrac etdiyi məhsulların qiymətlərinin
düşməsi ilə bağlı
çağırışlarla üzləşmişdir.
Lakin biz makroiqtisadi sabitliyi qoruya bilmişik,
inflyasiyanın səviyyəsi təqribən 3 faizdir. Milli valyutanın kursu sabitdir və mübadilə
kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonunadək çox
cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət
çox sabitdir və həmçinin bəzi qeyri-sabit
bankların sistemdən çıxarılmasına nail
olmuşuq. Həmçinin cənab Prezident,
qorunan əmanətlərin sığortalanması üzrə
qanunun müddəti artırılmışdır və maliyyə
sektorunda sabitliyin qorunması üzrə bütün
addımlar atılacaq.
Elman Rüstəmov Dünya Bankı ilə potensial əməkdaşlıq
sahələrindən danışdı. Qeyd etdi ki, keçən il Dünya Bankı ilə yeni milli iqtisadi
inkişaf strategiyasının hazırlanması üzrə
danışıqlara başlanıb. Hazırda biz 2016-2020-ci
illəri əhatə edən ölkə tərəfdaşlıq
strategiyaları əsasında çalışırıq və
bunun da müddəti cari vəziyyət nəzərə
alınaraq bir il
artırılmışdır. Mərkəzi
Bankın sədri, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi
proqramı üzərində çalışmağın hər
iki tərəf üçün faydalı olacağına əminliyini
ifadə etdi.
Sonra
Prezidentin köməkçisiNatiq
Əmirovçıxış edərək dedi:
-Çox
sağ olun, cənab Prezident. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı COVID-19 qlobal
pandemiyası ilə əlaqədar olaraq üçqat fiskal
şoka məruz qalmışdır. Birincisi,
qlobal ticarətin və artımın azalması nəticəsində
neftin qiyməti kəskin şəkildə aşağı
düşdü. İkincisi, neftin qiymətinin
düşməsindən sonra pandemiya ilə əlaqədar
karantinə qədər gəlirlərin, həmçinin
iqtisadi və investisiya fəaliyyətinin azalması
müşahidə olundu. Üçüncüsü,
pandemiyaya görə səhiyyə, sosial və maliyyə
sektorlarına dəstək xərcləri artmışdır.
Bu mənfi vəziyyətə baxmayaraq, vergi və
gömrük orqanlarının güclü fəaliyyəti
sayəsində bu ilin ilk beş ayı
üzrə büdcənin icrası müsbət olmuşdur.
Büdcə profisiti 1,1 milyard manat təşkil
etmişdir.
Natiq
Əmirov bildirdi ki, gələcəkdə büdcə siyasəti
sosial müdafiə və iş yerləri ilə makroiqtisadi
sabitliyə dəstəyin göstərilməsi və neft
fondunda rahat rezervlər səviyyəsinin saxlanılması
arasında optimal balansı tapmaqdan ibarət olan əsas hədəfə
cavab verməlidir. O, bunun üçün qaydaları hazırlamaq
və optimal balansı tapmaq məqsədilə Dünya
Bankı ilə əməkdaşlığı davam etdirməyin
məqsədəuyğunluğunu vurğuladı.
XanımAnna Byerdeölkəmizi yaxşı makroiqtisadi və
fiskal göstəricilərə malik olması münasibətilə
təbrik etdi.
O, Azərbaycanın koronavirusun vura biləcəyi ziyanı
minimuma endirmək üçün müvafiq tədbirlər həyata
keçirdiyini dedi və bunu yüksək qiymətləndirdiklərini
bildirdi. Vitse-prezident ölkəmizlə strategiya
və sosial-iqtisadi inkişaf proqramı üzrə birgə əməkdaşlığa
hazır olduqlarını vurğuladı. Anna
Byerde qeyd etdi ki, iqtisadiyyatın şaxələndirilməsi və
sosial sektora diqqətin artırılması çox vacibdir və
Azərbaycan bu istiqamətdə ardıcıl işlər
görür. O, Dünya Bankının tibbi
sığorta, su sektoru, kənd təsərrüfatı, ərzaq
təhlükəsizliyi, turizm, texnologiyalar və digər sahələrdə
də ölkəmizlə əməkdaşlığa
hazır olduğunu bildirdi.
Sonra
Bankın Cənubi Qafqaz üzrə regional direktoruSebastian
Molineusçıxış edərək dedi:
-Zati-aliləri
cənab Prezident, Sizi yenidən görmək həqiqətən
çox xoşdur. Sizinlə görüşmək
üçün bu, üçüncü fürsətdir və
hər görüşümüzdə tərəfinizdən
verilən yüksək səviyyəli strateji yönləndirmə
və tövsiyələriniz bizim gələcək əməkdaşlığımız
üçün gözəl yol xəritəsi təşkil
edir.
Bizim uzunmüddətli tərəfdaşlığımızı
bir daha vurğulamaq istəyirəm. Bu, artıq dəfələrlə
qeyd edilib. Biz müstəqilliyinin ilk illərindən,
həmçinin 2008-ci və 2011-ci illərdə dünyada
yaşanan iqtisadi böhran zamanı Azərbaycanın
yanında olmuşuq. Biz COVID-19
pandemiyası dövründə də Sizin güclü tərəfdaşınız
olmaq niyyətindəyik. Cənab Prezident, istəyirəm
biləsiniz ki, biz bütün bilik və maliyyə
resurslarımızla Sizin
yanınızdayıq və hər hansı digər bir dəstəyə
ehtiyacınız olduğu təqdirdə biz buna
hazırıq.
Burada eşitdiyim tövsiyələrinizlə
bağlı qeydlərimi bildirmək istəyirəm. Birincisi
strategiyaya aiddir. Burada bizim şaxələndirmə
və inkişafla bağlı misilsiz imkanımız var və
Siz də bunu qeyd etdiniz. Mən dövlət
investisiyaları yönümlü modeldən özəl
sektorun inkişafı modelinə keçidi nəzərdə
tuturam. Bu, Azərbaycana yeni bir mövqedən
çıxış etməyə imkan verə bilər.
Biz hökumətinizlə ilkin müzakirələrə
başlamışıq və bizim vitse-prezidentin qeyd etdiyi
kimi, bunu saziş formasında rəsmiləşdirməyimiz
işlərin qısa zamanda həyata keçirilməsini
mümkün edəcək.
Zənnimcə, bugünkü qlobal böhran inkişafa
bir növ yeni təkan verə bilər. Beləliklə,
cəmiyyətdə sosial razılığın bərqərar
olunması və insanların buna inamı təmin edilə bilər.
İqtisadi artım və məşğulluq məsələləri
istənilən strategiya üçün olduqca əhəmiyyətlidir
və mən bunu yüksək qiymətləndirirəm. Biz uzun illər ərzində hər iki mövzu
üzərində geniş şəkildə
çalışmışıq.
Dünya
Bankı və şəxsən mən yeni iş yerlərinin
yaradılması üzərində uzun müddət çalışırıq.
Biz 20 il ərzində Dünya Bankı tərəfindən
məşğulluq sahəsində icra olunmuş layihələri
yenidən təhlil edərək burada özəl sektorda
dayanıqlı iş yerlərinin yaradılmasında
yardımçı ola biləcək 3-4 mühüm amili
müəyyən etdik. Birincisi, maliyyə
resurslarının əlçatanlığı, yəni,
inkişaf gündəliyini dəstəkləyən maliyyə
sektorunun mövcudluğudur. İkincisi,
bazarlara çıxışdır. Bu
gün qlobal səviyyədə təchizat zəncirində
mövcud olan gərginlik Azərbaycana yeni mövqedən
çıxış etməyə, Avropa və Asiya
arasında bağlantı yaradaraq həlledici rola malik
olmağa imkan verə bilər.
Sebastian
Molineus böyük və kiçik şirkətlərə
istehsal gücünün və səmərəliliyin
artırılması məqsədilə müasir
texnologiyaların geniş tətbiqində ölkəmizlə əməkdaşlığı
davam etdirmək, həmçinin Azərbaycanda dünya səviyyəli
səhiyyə sisteminin yaradılması prosesinə, ölkəmizdə
su ehtiyatlarının güclü idarəçiliyi,
infrastrukturun gücləndirilməsi və su ehtiyatlarından
tam şəkildə səmərəli istifadəyə
yardımçı olmaq niyyətlərindən
danışdı. O, Prezident İlham Əliyevin turizm, kənd
təsərrüfatı sahələrinə diqqətin
yönəldilməsi barədə tövsiyələrinin də
nəzərdə saxlanılacağını qeyd etdi.
Prezident
İlham Əliyev:Görülən işlər
və gələcək planlarımızla bağlı dediklərinizə
görə təşəkkür edirəm. Pandemiya
dövründə Azərbaycan müsbət nəticələr
göstərir. Hesab edirəm ki, bu, son
vaxtlar başlanılmış çox ciddi islahatların yeni
mərhələsi sayəsində mümkün olmuşdur.
Burada əsas məsələ kölgə
iqtisadiyyatının və qeyri-rəsmi məşğulluğun
azaldılmasıdır. Çünki
icbari tibbi sığorta yüksək səviyyəli səhiyyə
xidmətləri təqdim etməklə yanaşı, qeyri-rəsmi
məşğulluqla mübarizədə də bizə
yardımçı olacaq. Yəni, hələ də
kölgədə fəaliyyət göstərənlər ağ iqtisadiyyata keçməli olacaqlar.
Bu, vacib nailiyyətdir və sizə bir rəqəm deyə
bilərəm.
Ötən il bizim vergi və gömrük
orqanlarımız proqnozdan 600 milyon dollar əlavə vəsait
toplayıblar. Əsasən də kölgə
iqtisadiyyatının azaldılması sayəsində və bu
proses davam edir. Cari ilin ilk 5 ayı ərzində
vergi və gömrük orqanları proqnozdan 400 milyon manat
artıq vəsait toplayıb. Bu, ticarət
münasibətlərinin ciddi zərər gördüyü
vaxtda baş verib.
Artıq qeyd edildiyi kimi, bizim milli valyutamız sabitdir və
zənnimcə, bu da makroiqtisadi sabitliyin mühüm amillərindəndir. Biz
anlayırıq ki, makroiqtisadi sabitlik olmadığı təqdirdə
bütün səylərimiz sarsılacaq. Biz
işsiz, aztəminatlı və pandemiyadan əziyyət
çəkən sahələrdə, məsələn, turizm
və digər sahələrdə çalışan yüz
minlərlə insanın dəstəklənməsi
üçün 2 milyard dollar həcmində sosial və
iqtisadi paket təqdim etmişik. Təkcə
kiçik sahibkarların sayı 600 minə yaxındır.
Beləliklə, biz həmin vəsaitləri pandemiyadan əziyyət çəkmiş insanlara lazımi dəstəyin göstərilməsi üçün ayırmışıq. Qeyd edildiyi kimi, bank sistemində, həmçinin dəyişikliklər gedir və bəzi bankların lisenziyası ləğv edilmişdir. İnsanların sığortalanmış bütün əmanətləri hökumət tərəfindən təmin edilmişdir.
Həmçinin bildirmək istərdim ki, pandemiya zamanı biz qlobal səviyyədə çox fəal çalışdıq. Biz artıq 29 ölkəyə humanitar yardım göstərmişik. Eyni zamanda, hazırda biz 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik edirik və həmin təşkilatın onlayn Zirvə görüşünü keçirdik. Həmin tədbir çox uğurlu oldu. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərmişik. Bu, bizim beynəlxalq öhdəliklərimizin bir hissəsi idi.
Strategiyanın formalaşdırılmasına gəldikdə, biz Dünya Bankının iştirakını çox alqışlayırıq. Fikrimcə, bu, gələcəyimizin planlaşdırılmasında bizə elə yardım edəcək ki, hədəfləri müəyyənləşdirəndə onlara nail ola bilək. Bir sözlə, strategiya məzmuna uyğun çox konkret olmalıdır və onun sayəsində biz dayanıqlı inkişaf məqsədlərinə və enerji sektorundan asılılığın azaldılmasına nail olmalıyıq.
Beləliklə, Cənub Qaz Dəhlizi istismara veriləndən sonra əlbəttə ki, Azərbaycanın enerji sektoru daha çox potensial qazanacaq. Qeyri-enerji sektoru onunla rəqabət apara bilməyəcək, lakin hesab edirəm ki, iqtisadiyyatımızın əsas aparıcı qüvvəsi özəl sektor olacaq. Bu baxımdan, mən Dünya Bankı nümayəndələrinin söylədikləri ilə tam razıyam.
Səhiyyə sektoruna gəldikdə, fikrimcə, son on altı il ərzində səhiyyə infrastrukturuna yatırdığımız sərmayələr, hazırda bizə koronavirusla mübarizə aparmaq imkanını yaratdı, çünki səhiyyə sistemimiz daha çox insanları müalicə etməyə qadirdir. Əfsuslar olsun ki, sərt məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkəmizdə yoluxan insanların sayında artım var. Lakin səhiyyə sistemimiz bunun öhdəsindən gəlir. Ümid edirəm ki, gələcəkdə də bu imkanlar olacaq. Bir sözlə, səhiyyə sistemi yaxşı keyfiyyətini göstərməkdədir. Lakin əlbəttə ki, bizim ciddi təkmilləşdirməyə ehtiyacımız var və bunun üzərində birmənalı olaraq işləyəcəyik.
Su layihələri haqqında söylədiyim məqamlara qayıdaraq, cənab Molineisun söylədiyi "su təhlükəsizliyi” termini ilə tam razıyam. Bu, həqiqətən də bizim üçün təhlükəsizlik məsələsidir. Tam razıyam ki, biz bu sahəyə görə məsuliyyət daşıyan şirkətlərimizin və dövlət təşkilatlarının strukturunun lazımi qaydada formalaşdırılması məqsədilə təsisat əsasları üzərində çalışmalıyıq. Biz infrastruktura ciddi sərmayələr qoyacağıq. Bunlar bizim builki dövlət sərmayə proqramında əks olunub. Ümid edirik ki, Dünya Bankı ilə birgə infrastruktur və qənaət sahəsində biz daha geniş miqyasda işləyə bilərik. Burada qənaətə yeni texnologiyaların tətbiqi və lazımi idarəçilik nəticəsində nail olunması nəzərdə tutulur.
Qaldırmaq istədiyim digər bir məsələ də var və o, daim bizim gündəliyimizdədir. Həmin məsələ ətraf mühitin qorunmasıdır. Bu, xüsusən də Bakı və Abşeron yarımadasına aiddir. Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər.
Anna Byerdeindiki gərgin bir dövrdə keçirilən bu görüşdə faydalı müzakirələrə imkan yaratdığı üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Dünya Bankı təmasların qurulmasına, Azərbaycanda islahatların sürətlənməsinə bundan sonra da dəstək verməkdən çox məmnun olardı.
Prezident
İlham Əliyev:Sağ olun, xanım
vitse-prezident. Təşəkkür edirəm, əziz
dostlar. Bu təşəbbüsə
görə minnətdaram. Mən
apardığımız müzakirədən çox razı
qaldım. Fikrimcə, biz bütün
mühüm sahələri əhatə etdik. Bu gün fikir mübadiləsi
apardığımız ideyaları icra etməyə
başlayacağıq. Ümid edirəm ki,
gələcəkdə bizim əməkdaşlığımız
keçmişdəki kimi uğurlu olacaq. Əlbəttə,
zaman keçir, yeni çağırışlar və
prioritetlər ortaya çıxır. Lakin
hesab edirəm ki, müzakirə etdiyimiz bütün məsələlər
birgə səylərimiz sayəsində reallığa
çevrilə bilər. Azərbaycana
verdiyiniz davamlı dəstəyə və bu imkanlara görə
bir daha minnətdaram. Sizi pandemiya bitən
kimi Bakıda görməyimə ümid edirəm.
Anna
Byerde: Sağ olun.
Prezident İlham Əliyev:Minnətdaram. Sizə uğurlar arzulayıram, sağ olun.