Ermənistanda növbəti diktatura formalaşıb
Paşinyan hakimiyyətini möhkəmləndirmək
üçün siyasi
təqibləri artırıb
Ermənistanda ictimai-siyasi müstəvidə
vəziyyət yenidən
pisləşməyə başlayıb. Xatırladaq ki,
bu günlərdə Ermənistan parlamentindəki
çoxluq "Çiçəklənən
Ermənistan” Partiyasının
sədri və eyniadlı fraksiyanın lideri Qaqik Tsarukyanın
təqsirləndirilən şəxs
qismində məsuliyyətə
cəlb edilməsinə
razılıq verib və faktiki olaraq onu deputat
toxunulmazlığından məhrum
edib.
Səsvermədə yalnız "Mənim addımım” hökumətyönümlü
blokun üzvləri iştirak ediblər. Belə ki,
iki müxalif fraksiya səsvermədə
iştirak etməkdən
imtina edib və baş verənləri məzhəkə
adlandırıb. Tsarukyanın özü isə həmin vaxt Milli Təhlükəsizlik
Xidmətində dindirilib.
Artıq Tsarukyanın həbsinə
hazırlıq gedir. Bu fonda "Çiçəklənən
Ermənistan” Partiyasının
parlamentdəki "Tsarukyan”
fraksiyasının üzvü
olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını
boykot edərək zaldan çıxıblar.
Müxalif deputatlar Tsarukyanın
qeyri-qanuni şəkildə
deputat toxunulmazlığından
məhrum edilməsinə
etiraz olaraq bu addımı atıblar. Fraksiyanın
deputatı Arman Abovyan deyib: "Təəssüf edirəm
ki, demokratik dəyərlərin bərpası
üçün söz
və fikir azadlığı şüarları
ilə toplananlar siyasi opponentlərin ağzını yummağa
çalışırlar”.
Tsarukyanın adı üç cinayət işində hallanır. Birincisi, Tsarukyanın qumar
biznesi sahəsindəki
şirkətlərinin qanunsuz
fəaliyyəti nəticəsində
dövlət büdcəsi
60 milyon dollara yaxın vəsait itirib.
İkinci cinayət işi "Çiçəklənən Ermənistan”
Partiyasının 2017-ci il
parlament seçkiləri
zamanı ehtimal olunan rüşvət vermə halları ilə bağlıdır. Söhbət yüz milyonlarla dramdan gedir. Daha bir cinayət işinə görə partiyanın sədrinə
bağlı şirkət
qanunsuz olaraq torpaq sahələrini mənimsəyib. Dövlətə 342 milyon dram, təxminən
685 min dollar ziyan dəyib.
Tsarukyan özü hakimiyyətin hərəkətlərini siyasi
təqib kimi qiymətləndirir. Ermənistanın "Qraparak” nəşri
isə baş verənlərlə bağlı
olaraq yazır ki, artıq Ermənistan diktaturadır.
Qeyd olunur ki, Milli Təhlükəsizlik
Xidməti isə Nikol Paşinyanın əlində siyasi dəyənəkdir: "Ermənistanda
parlamentin əksəriyyətini
təşkil edən fraksiyanın rəhbərinin
rolu həmişə çox böyük olub. Bu gün
yalnız kiçik məsələlərdə Ermənistanın
baş naziri Nikol Paşinyan ermənilərin rədd etdiyi keçmiş vəzifəli şəxslərdən
fərqlənir. Paşinyan bəzi
məsələlərdə hətta onları üstələyib. Məsələn, Ermənistanın əvvəlki
hakimiyyətləri dövlət
büdcəsini "inqilabçı”lar
kimi maneəsiz və özbaşına şəkildə xərcləmirdi.
Əvvəlkilər bu qədər
açıq şəkildə
siyasi təqiblər həyata keçirmirdilər,
ən azından formal
olaraq qanuna əməl edirdilər.
Ermənistanda hakimiyyət güc
strukturlarını siyasi
rəqiblərinə qarşı
istifadə etdiyi küt alətə çevirib”.
"Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan isə bildirir ki, inqilab etmiş qüvvə yalan və aldatmaya əsaslanan genişmiqyaslı siyasi təqiblərlə faktiki olaraq öz prinsiplərinə xəyanət etdi. Qeyd edib ki, bu yalan və aldatma onları bir gündə kor və kar olmağa, açıq zorakılığı "görməməyə” və adi insanların səsini "eşitməməyə” məcbur etdi: "Dodaqlarında "insan ən böyük dəyərdir” şüarı olanları ədalət və həqiqəti palçığa atmağa nə məcbur etdi? Deyirlər ki, bütün inqilablar öz övladlarını yeyir, bəlkə də səbəb budur, düzünü desəm, bilmirəm. Qorxmuram və susmayacam”.
Ermənistanın "Vətən” Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan isə bildirir ki, Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalacaq. Qeyd edib ki, hökm sürən hakimiyyətsizlik şəraitində demək olar bütün sahələrdə biabırçı uğursuzluqlar qeydə alınmağa davam edir: "Ancaq mövcud hakimiyyətin uğursuzluqlarından və məhvolmalarından daha vacib məsələ var. Dağılmış iqtisadiyyatı bərpa etmək, məhv olan təhsil və sosial sistemləri yenidən yaratmağa keçmək mümkündür. Yəni Paşinyan tərəfindən məhv edilmiş istənilən sahəni yalnız iradə, idarəetmə qabiliyyəti və düzgün insanların mövcudluğu ilə bərpa etmək mümkündür”.
"Vətən” Partiyası Şurasının üzvü Ara Saakyan isə bildirir ki, Ermənistan hakimiyyətinin öz ssenariləri var və bunlar cəmiyyətdə parçalanmanı daha da kəskinləşdirmək adlanır: "Hakimiyyət artıq adekvat anlayış qabiliyyətini itirib və indi ölkədə bir nəfərin hakimiyyəti bərqərar olub. Bu, bizi bir sıra ölkələrin artıq geridə qoyduğu keçmişdəki vəziyyətə qaytaracaq”. Onun sözlərinə görə, Tsarukyana qarşı edilən hərəkətlər tamamilə siyasi motivlərlə idarə olunur: "Əgər Qaqik Tsarukyan həbsxanaya salınsa, bu, onun təcrid edilməsi məqsədinə əlavə dəlil olacaq. Müxalifət liderini həbsxanaya göndərmək hər hansı bir dialoq imkanından imtina etmək deməkdir. Hakimiyyət nümayəndələri dialoqdan imtina etdilər, bundan sonra gərginliyin daha da artmasında özləri günahkar olacaqlar”.
Bütün
bunlar Ermənistanda ictimai-siyasi gərginliyi daha da
artırır.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 18 iyun.- S.1;7.