QƏDİRBİLƏNLİK SINAĞI

 

Bu yazının yazılma səbəbi adlarını çəkmək istəmədiyim iki hörmətli insanın dedikləri oldu!

Regionda çalışan məmur dostum: "Həyatımızda baş verən hər bir müsbət, yaxud mənfi halların səbəbkarı biz dövlət məmurlarıyıq. Prezidentimizin dediklərini və bizə verdiyi tövsiyələri dəqiqliklə yerinə yetirməyi bacarmalıyıq!”

Hörmətli el ağsaqqallarından biri: "Son vaxtlar camaatımız bir qədər ərköyünləşib. Dövlətdən nəyisə tələb etməyi də, olanları, görülən işləri düzgün qiymətləndirməyi və danışanda səbirli olmağı da bacarmalıyıq! Təəssüf ki, kəmhövsələ olmuşuq, sosial şəbəkədə isə müsbət hallardan yazmaqdan çox, müsbətin içindən bir nöqsan tapıb çıxararaq hallandırmağın həvəskarıyıq. Unutmayaq ki, indiyəcən görülən işlərin heç biri asanlıqla başa gəlməyib!”

Bəli, son zamanlar Azərbaycanda baş verən inqilabi irəliləyişlər və əsaslı islahatlar, gördüklərimizin və nail olduqlarımızın heç biri sehrli çubuğun törətdiyi möcüzəli dəyişikliklər deyil!

Cənab İlham Əliyevin gərgin, davamlı, düşünülmüş və nəticəyə hesablanmış siyasətinin bəhrəsidir!

Bu kontekstdə iki suala da cavab verməyə çalışaq:

Olanları qiymətləndirməyi, olasılara zamanında və düzgün dəstək verməyi hamımız bacarırıqmı?

Vətəndaş məmnunluğu yaradanlara vətəndaş köməyi göstərərək vətəndaş münasibəti bəsləyirikmi?

 

MƏMUR XALQIN XİDMƏTÇİSİDİR

 

Əgər dövlət başçısı özünü "xalqın bir nömrəli xidmətçisi” elan edirsə, biz onu düzgün anlamalı və bu alicənablığı qiymətləndirməliyik!

Çünki Azərbaycan Prezidenti bunu təkcə bəyan etmir, həm də gündəlik fəaliyyətində, imzaladığı fərman və sərəncamlarda, cəmiyyətin bütün təbəqələrini əhatə edən insanlarla keçirdiyi görüşlərdə, sistemli və məqsədyönlü şəkildə atdığı addımlarda - bütövlükdə, həyata keçirdiyi siyasi xətdə də aydın nümayiş etdirir.

Gəlin lap yaxın keçmişimizi, cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ikimininci ilin əvvəllərini (hələ 90-cı illərin xaos dövrünü demirəm) xatırlayaq. Ölkənin, xüsusən regionun vəziyyəti necə idi?

Elektrik enerjisi böyük fasilələrlə verilir, qışda isinməyə, yayda bir çaynik çay qaynatmağa qaz tapılmırdı. Yollar bərbad vəziyyətə düşmüşdü, məcburi köçkünlər çadır şəhərciklərində qeyri-insani şəraitdə, ümidsiz vəziyyətdə yaşayırdılar. Yeməyə çörək, işləməyə iş, xəstələnəndə dərman almağa pul tapılmırdı!

Qalmışdıq xarici dövlətlərdən göndərilən yardımların umuduna...

Yaman günün ömrü az olar - demişlər!

Amma yaman günü unutmaq da olmaz!

Şükür! Çadır şəhərciklərindən, vaqon evlərdən, təhlükəli binalarda yaşamaqdan canımız qurtarıb!

111 qaçqın şəhərciyi və yaşayış kompleksi salınıb və məskunlaşdırılıb!

Regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı müstəqil Azərbaycanın simasını büsbütün dəyişdirib!

İndi ölkənin hər yerində işığımız, mənzillərimizdə təbii qazımız, içməli su və kanalizasiya xəttimiz, abad və rahat yollarımız var!

İşsizlik və yoxsulluq əlli faizdən 4-5 faizədək endirilib!

Paytaxt Bakıdan çıxaraq ölkənin hansı səmtinə üz tutsaq, yolboyu kənd və qəsəbələrin necə abadlaşdığının, bir-birindən yaraşıqlı çoxsaylı fərdi evlərin tikildiyinin, beynəlxalq standartlara cavab verən yollarda bütün markalardan olan saysız xarici maşınların sürüldüyünün şahidi oluruq.

Əsaslı islahatlar yoluna qədəm qoyduğumuz bir neçə ildə inkişaf sürətimiz daha da artıb, dünyanın bizə münasibəti və verdiyi qiymət xeyli yüksəlib!

Dövlət başçısı minimum əməkhaqqını, maaşları, təqaüdləri, müavinətləri, yardımları bir neçə qat yüksəldib!

Və bundan sonra əməkhaqlarının, paralel olaraq xalqın sosial rifahının ardıcıl və sistemli qaydada artırılması yönündə tədbirlər görüləcəyini bəyan edib!

 

***

 

Əhalinin təbii artımının davam etdiyi bir vaxtda işsizliyin aradan qaldırılması daim diqqət mərkəzində saxlanılır. Kənd yerlərində ənənəvi bitkiçilik növləri bərpa edilir, pambıq, üzüm, tərəvəz, barama istehsalı ilbəil artırılır, yeni yaşıl parklar və sənaye məhəllələri salınır.

Sahibkarlığın inkişafına, onlara dövlət dəstəyinin gücləndirilməsinə ciddi diqqət yetirilir, sahibkarların yeni iş yerləri yaratmaları təşviq edilir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə bölgələrdə yaradılan və nisbətən aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişli iş yerlərinin sayı artırılaraq 90 minə çatdırılır.

Vətəndaş-məmur münasibətləri təkmilləşdirilir, bu məsələdə vətəndaş məmnunluğunun təmininə xüsusi fikir verilir.

Dünyada Azərbaycan brendi kimi tanınan "ASAN xidmət”, həqiqətən, həyatımızı xeyli asanlaşdırıb!

 

***

 

Vaxt var idi icra hakimiyyəti başçılarının qəbuluna düşmək üçün həftənin xüsusi gününü gözləmək lazım gəlirdi.

Nazirlər, komitə sədrləri və digər yüksək çinli məmurlar ilə görüşmək müşkül məsələ idi.

Xüsusi mühafizəçilər vətəndaşı heç binaya daxil olmağa belə qoymurdular!

Prezident İlham Əliyevin tapşırığı ilə indi həmin məmurlar özləri bölgələrə - vətəndaşın ayağına gedir, mətbuatda qabaqcadan elan edilən bəlli günlərdə yerlərdə şikayətçiləri qəbul edirlər! (Yaxud onlayn formatda görüşlər keçirilir).

Rayonların icra başçıları isə daim kənd və qəsəbələri gəzərək yerlərdə sakinlərlə görüşürlər!

Daha icra başçısının qəbuluna düşmək üçün rayonun deputatına müraciət edən seçici yoxdur!

Həyata keçirilən islahatların bəhrəsi olan bu yenilikləri inqilabi dəyişikliklər də adlandırmaq olar.

Amma belə dəyişikliklərə hamı, bütün tərəflər hazır olmalıdırlar.

Reallıqla, mövcud vəziyyətlə hesablaşmaq da vacibdir!

Birdəfəyə hamını işlə, mənzillə təmin etməyin, istədiyin qanuna müvafiq deyilsə, onu yerinə yetirməyin mümkünsüzlüyünü də dərk etməliyik!

 

***

 

On il bundan qabaq bizə əlçatmaz görünənlərin bir çoxu artıq gerçəyə çevrilib.

Dövlət də ailə kimidir!

Ailə başçısının imkanı, vəsaiti olmasa, hətta doğma övladlarının da istəyini dərhal təmin edə bilmir!

Həm də bunu nə qədər arzulasa da belə!

Biz yalnız dövlət büdcəsinin və hazırkı zamanın imkan verdiklərini yerinə yetirə bilirik!

Həm də istənilən istiqamətdə ardıcıl və məqsədyönlü işlər görməklə arzu edilənlərin reallaşması yolunda daim zəruri addımlar da atırıq.

Bir də gərək unutmayaq: tələb və təkidin də əndazəsi var!

Vəzifəli şəxsi divara dirəməklə mümkün olmayanı ondan almaq mümkünsüzdür!

Nə qədər ərizə və şikayət yazsaq da!

Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi: "Dövlət başçısı xalqın xidmətçisidir!” sözünü hədəyə çevirərək: "Prezident belə demişdir!” - söyləməklə məmuru küncə qısnamaq, hətta bəzən qeyri-etik davranışa və ifadələrə əl atmaq nəyə gərəkdir?

Bir-birimizə hörmətlə yanaşmağı, istəyimizin mümkünlüyünü, reallığını da doğru-düzgün qiymətləndirməyi bacarmalıyıq!

Həm də gərək unutmayaq:

Məmur hissiz, duyğusuz insan deyil!

Məmur hüdudsuz səlahiyyət sahibi də deyil!

 

 

XÜSUSİ İMTİYAZ SAHİBLƏRİ

 

 

Biz iyirmi min şəhid vermişik!

 

Bu o deməkdir ki, iyirmi min Vətən övladı vaxtından əvvəl dünyasını dəyişib!

 

Xalqımızın və dinimizin müqəddəs saydığı uca məqama yüksəlib!

 

* Şəhidlərimiz arasında doğmalarımız olub!

 

* Şəhidlərimiz arasında qohumlarımız olub!

 

* Şəhidlərimiz arasında dostlarımız olub!

 

* Şəhidlərimiz arasında sinif və qrup yoldaşlarımız olub!

 

Onlar bizi ağladıb, ağrıdıb, kədərləndirib və həm də qürurlandırıblar!

 

Ona görə yox ki doğma, qohum, dost olublar!

 

Əsla!

 

Canlarını Vətən yolunda, torpaqların müdafiəsi uğrunda fəda etdikləri üçün hər birimizin əzizinə, sevgi ünvanına, qürur mənbəyinə çevriliblər!

Şəhidləri heç zaman bir-birilərindən fərqləndirməmişik!

Hamısı bizim üçün müqəddəs insan, unudulmaz Vətən övladı sayılıb!

Şəhidə belə münasibəti hər bir azərbaycanlıda görmüşük!

Hər bir dövlət məmurunda, sənət sahibində görmüşük!

Hər bir hərbçidə, ruhanidə, adi vətəndaşda görmüşük!

Ən nəhayət, dövlət başçısında - Ali Baş Komandanımızda görmüşük!

Şəhid ailəsinin hər bir üzvünün bu ağır itkidən necə sarsıldığının daim şahidi olmuşuq!

Şəhid itkisinin ağırlığından əyilən qəddi, bükülən belləri görmüşük!

Hər dəfə şəhid atasının üçrəngli dövlət bayrağını hərbçilərdən alarkən özündə qüvvət taparaq "Təki Vətən sağ olsun!” sözünü qürurla səsləndirdiyini eşitmişik!

Şəhid övladlarının analarına qısılaraq ona həyan durduqlarını, dərdlərini içlərində çəkdiklərini zaman-zaman müşahidə etmişik.

Dövlət də şəhid ailəsinin dayağına, qayğı ünvanına çevrilməyi bacarıb!

Ehtiyacı olanlara ev verib, mümkün olan istəyini təmin edib, birdəfəlik yardım, aylıq müavinət ayırıb!

 

***

 

...Rayon icra hakimiyyətlərinin birində rastlaşdığım hadisəni heç zaman unutmaram!

 

... Şəhid Milli Qəhrəman övladı utanıb sıxıldığından tez-tez üzünü divara çevirir və xəlvətcə göz yaşlarını silməyə çalışırdı...

Nəsə istəməyə (tələb etməyə yox) gəldiyinə görə utanıb çəkinirdi...

İcra başçısı onu ürəkləndirdi, kiritməyə çalışdı...

Sonra telefonun dəstəyini götürərək daha yuxarı instansiyaya müraciət və xahiş etdi...

Məsələ dərhal həllini tapdı!

Çünki dəstəyin o başındakı məmur da şəhid ailəsinə hörmətlə yanaşan insan, Prezidentin tələb və tövsiyələrini yerinə yetirən vətəndaş idi!

İcra başçısı şəhid Milli Qəhrəmanın qızını yüngülcə məzəmmət də etdi:

 

* Dərhal gəlib kömək istəmədiyinə görə;

 

* Dövlət idarəsinin qapısını ürəklə açmadığına görə;

 

* Göz yaşlarını saxlaya bilmədiyinə görə!

 

Bu görüş hər iki tərəfin məmnunluğu ilə başa çatdı!

Daha bir şəhid övladı dövlətin ona verdiyi imtiyazdan bəhrələndi!

 

***

 

Biz şəhid övladlarını belə görmüşük və belə də təsəvvür edirik!

Təəssüf ki, sosial şəbəkədə çox nadir hallarda da olsa, başqa vəziyyətin də şahidinə çevrilirik:

 

* Şəhid övladı deputatlığa namizədlə görüşdə meydan sulayır, heç kimə aman vermədən danışır, ittiham edir, qərar çıxarır, qınayır...

 

* Nə namizədə hörmət qoyur, nə də ətrafdakılara!

 

* Tez-tez də "titulunu” gözə soxur!

 

Təəssüflənirsən, ürəyin ağrıyır!

Niyə insanlar onlara olan hörmət və ehtiramı öz növbələrində başqalarına da göstərmirlər?!

Niyə dövlət və cəmiyyətin onlara bəslədiyi hörmətdən sui-istifadəyə çalışırlar!

Niyə özlərini bu sayaq, hakimi-mütləq kimi aparırlar!

Belə mənzərəni seyr etmək də çətindir, qələmə almaq da!

Amma deməmək də olmur!

Çünki biz təkcə şəhidlərimizin yox, onların ailə üzvlərinin də, qazilərimizin də daim yüksəkdə dayanmalarını arzu etmişik!

 

 

ÜSTÜNLÜK YOX, QÜRUR MƏNBƏYİ

 

 

Tale elə gətirdi ki, xalqımız ikinci dəfə müharibə ağrı-acısını, məşəqqət və çətinliklərini yaşamalı oldu!

Bu dəfə müharibəni 1941-1945-ci illərdə olduğu kimi uzaqda yox, evimizin içində gördük!

Şəhid ağrısını, məşəqqətli qaçqın həyatını dörd yanımızda, içimizdə yaşadıq!

Bu dəfə "qara kağız”ı yox, itkilərimizin cəsədini aldıq, şəhidlərimizi öz əllərimizlə dəfn etdik!

"Əsgər ailəsi” yox, "şəhid ailəsi”, "şəhid arvadı”, "şəhid övladı” terminlərini işlətməli olduq!

Həm də demək olar ki, belə insanlarla yanaşı yaşamağa, hər gün onları görməyə, təmas qurmağa alışdıq!

 

***

 

Bizim də - "Azərbaycan” qəzeti kollektivinin də şəhidi var - adı Elgün İsmayılovdur!

Həmişə onunla fəxr edib, taleyinə acıyırıq!

Hər il ad günündə 2-ci Fəxri xiyabanda qəbrini ziyarət edir, ruhuna dualar oxuyur, məzarı üstə təzə-tər gül düzürük.

Sonra redaksiyaya qayıdaraq adına və xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə yekun vururuq.

Elgün İsmayılovun vətənpərvərliyini və igidliyini bu mövzuda hazırlanan qəzet yazılarının stimuluna çeviririk.

Öz şəhidimiz olduğu üçün heç zaman özümüzü, kollektivimizi heç kimdən üstün tutmuruq!

Bunu qəzetlər arasında imtiyaza çevirməyə cəhd etmirik!

Heç başqalarının başına qaxınca da çevirmirik!

Tale qisməti sayırıq...

Fəxr və qürur mənbəyi hesab edirik, ən əsası, faciəsini əziz tutub daim hörmət və ehtiramla yad edirik!

 

***

 

Parlament seçkiləri hər bir xalqın həyatında çox mühüm bir hadisədir.

Budəfəki, növbədənkənar parlament seçkiləri isə bizim üçün, dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyırdı.

Müstəqil Azərbaycan öz inkişafının yeni mərhələsinə daxil olur.

İslahatlar dərinləşir və həyatımızın bütün sahələrinə nüfuz edir.

Dövlət başçısının müdrik, düşünülmüş siyasəti uğurlu nəticələr verir.

Onun atdığı hər bir addım dövlətimizin mənafeyinə, hər birimizin maraqlarına xidmət edir.

Bu yüksəlişdə, bu islahatlarda və yeniləşmədə hər birimiz Prezidentimizin yanında olmalı, ona dayaq durmalıyıq.

 

***

 

Hakimiyyətin qanunvericilik qolu sayı

lan Milli Məclis yeniləşmə və dəyişmələrin qanuni əsaslarını təmin edən orqandır.

Parlament dövlət başçısının istəklərinə operativ reaksiya verməli, görüləsi işlərin qanuni əsaslarını təmin etməlidir.

Odur ki, bu mötəbər məclisə vətənpərvər, müstəqil dövlətinə sədaqətli, bilikli və təcrübəli, peşəkar insanlar seçilməlidir.

Bu, hamımızın marağındadır.

Bu istəyin gerçəkləşdirilməsində isə hər birimizin əlində yeganə "silahımız” sayılan seçici səsimiz var!

Məhz bu səslə biz layiqli saydığımız namizədə dayaq dura, öz köməyimizi göstərə bilirik.

Bunun üçün bizdən bircə şey tələb olunur: səsvermə günü məntəqəyə getmək, pərdə arxasına keçərək bülletendəki istədiyimiz namizədin adının qarşısına müvafiq işarəni qoyaraq münasibət bildirmək!

Milli Məclisə seçkilərlə bağlı aparılan təşviqat kampaniyası zamanı sosial şəbəkələrdə nələrin şahidi olmadıq...

Bəzi yerlərdə görüşə gələn namizədlərə münasibətdə xalqımızın qonaqpərvərlik adətinə əməl edilmədiyini, milli-mənəvi dəyərlərin unudulduğunu, kobudluq və qabalığın baş alıb getdiyini ürəkağrısı ilə seyr etdik...

Axı belə hərəkət namizədə münasibət bildirmək deyil!

Axı bu nə qanun məcəlləsinə, nə də yazılmayan qanunlarımızın, mənəviyyatımızın tələblərinə uyğun deyil!

Üstəlik, həmin namizədlərin bir qismi hələ də fəaliyyətdə olan deputatlar idi...

 

 

ÖZÜMÜZƏ VƏ BAŞQALARINA HÖRMƏT EDƏK

 

Bəyənmirsən, bəyənmə!

İstəmirsən, istəmə!

Belə şəbeh kimə, nəyə lazımdır!

Biləndə ki bu etirazçıların önündə gedənlər "şəhid övladları”, "qazi” statusunu daşıyanlardır, əlin yerdən-göydən üzülür...

Biz Azərbaycan əsgər və zabitini ən güclü, ən mənəviyyatlı insanlardan hesab edirik!

Şəhidlərimiz bizim üçün ən yüksəkdə dayananlardan sayılır!

Dövlətimiz də, hər birimiz də onların xatirəsini daim uca tutur, məzarlarını daim gül-çiçəyə qərq edir, xatirələri önündə baş əyirik.

Çünki onlar Vətən uğrunda şəhid olublar!

Çünki onlar torpaq yolunda verə biləcəkləri ən böyük qurbanı - həyatlarını veriblər!

Çünki onlar sağlamlıqlarından keçiblər!

Dövlət də nə mümkünsə edir!

Hətta başqa ölkələrdə olmayan imtiyaz, kömək, yardım və qayğı bizim şəhid ailələrinə, qazilərimizə göstərilir!

 

İmkanlar artdıqca köməyin həcmi də artır!

Lakin...

Hər şeyin hüdudu var, axı!

Hər bir addım əndazə daxilində atılmalıdır!

İstər xahiş, tələb olsun, istərsə də etiraz!

Bu əndazənin hüdudlarını isə qanun və mənəviyyat müəyyən edir!

 

* Heç kəs statusundan sui-istifadə etməməlidir, hətta əsəbiləşəndə belə!

 

* Kimsə dövləti tərəfindən əzizlənəndə ərköyünləşməməlidir!

 

* Məmur özbaşınalığına qarşı ciddi mübarizə getdiyi zamanda vətəndaş hörmətsizliyi yaranmalı deyil!

- İnsanlar onlara göstərilən qayğı və diqqəti dəyərləndirməyi bacarmalıdırlar!

- Hər kəsin bir səsi var - onu kimə istəsə verə bilər!

- Hər kəsin öz fikri, mövqeyi var - yığıncaqda, görüşdə, istənilən tədbirdə söz alıb deyə bilər!

- Eyni zamanda hər xalqın öz mənəvi dəyərləri, o cümlədən adət-ənənələri var və hər bir kəs ona hörmətlə yanaşmağa borcludur.

Hətta xüsusi status, imtiyaz sahibi olsa da belə!

 

***

 

Gəlin ədalətli olaq!

Gəlin insaflı olaq!

Gəlin görülən gözəl işlərə dəstək və qiymət verməyi bacaraq!

Özümüzə və başqalarına hörmət qoyaq!

 

***

 

Koronavirus da xalqımız və dövlətimiz üçün növbəti sınaq oldu!

Təkcə bizə yox, bütün dünyaya!

Fiziki və tibbi yox, həm də bacarıq, təşkilatçılıq, ən əsası, mənəvi sınaq oldu!

Bilindi ki, hansı dövlət başçısı nəyə qadirdir, xalqını nə dərəcədə sevir, xalq onu necə eşidir, müdafiə edir, ətrafında necə birləşir!

Bu mənada Azərbaycan Prezidenti və Azərbaycan xalqı COVID-19-un sınağından uğurla çıxdı!

Prezident İlham Əliyevin bütün bacarıq və məharəti xalqı sevindirdi, dostları qürurlandırdı, bütövlükdə, dünya üçün nümunəyə çevrildi!

Dünyanın dövlət və siyasi xadimləri bunu rəsmən və minnətdarlıqla etiraf etdilər!

Xalqın bir sevinci də qürurdan doğdu: onun rəhbəri daim yanındadır, müdrik və uzaqgörəndir, dünyada böyük nüfuz və hörmət sahibidir!

 

***

 

Sınaq davam edir!

Virus nə vaxt yox olacaq? - Bilinmir!

Virusa qarşı vaksin tapılacaqmı? - Bilinmir!

Ümumiyyətlə, vaksin və dərman tapılacaqmı? - o da bilinmir!

Bu o deməkdir ki, mübarizə davam edir və uzun müddət ehtiyat əldən verilməməlidir!

Qarşıda bizi nə gözləyir - karantin rejimini yumşaltma, yaxud sərtləşdirmə - onu da dəqiq söyləmək çətindir.

Bilinən odur ki, COVID-19-a qarşı mübarizənin birinci mərhələsi dövlət başçısının uzaqgörənliyi, müdrikliyi və qabaqlayıcı tədbirləri nəticəsində cilovlandı!

Arxayınlaşmaq olmaz!

Prezident İlham Əliyevin ətrafında birləşməliyik!

Prezident İlham Əliyevin dediklərinə əməl etməliyik!

Prezident İlham Əliyevi dəstəkləməkdə davam etməliyik!

Koronavirus sınağından xalqımızı və dövlətimizi uğurla çıxarmağı bacaran Prezidentimizin qədrini bilməliyik!

 

 

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2020.- 18 iyun.- S.3.