Uğurlar tovuzluları yeni nailiyyətlərə ruhlandırır

 

 

İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Belə bir vaxtda kəndlinin boş dayanması çəkilən zəhmətin hədər getməsi deməkdir. Odur ki, respublikamızın hansı bölgəsinə getsən, insanların əkin sahələrində işlədiklərinin şahidi olarsan. Belə bir dövrdə yolumuz Tovuz rayonuna düşdü.

Yolboyu insanların necə işgüzarlıqla işlədiklərini görəndə ürəyimiz dağa dönürdü. Üzüm bağlarında, tütün, tərəvəz və bostan sahələrində böyük canlanma var idi. Baramaçılar da çəkdikləri əziyyətin bəhrəsini görürdülər. Onlar yetişdirdikləri baramanı təhvil verirdilər.

Tovuz Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazovla elə mərkəzdə görüşdük. Gəlişimizin məqsədini biləndə böyük canfəşanlıqla görülən işləri və qarşıda duran vəzifələri diqqətimizə çatdırdı. İlk sözübu oldu ki, bu il kənd təsərrüfatının bütün sahələrində böyük göstəricilərə nail olmaq üçün bütün imkanlarımız var. İlkin göstəricilər bunu deməyə əsas verir. Hazırda zəmilərdə arpa biçini gedir. Kümçülər barama təhvilinə başlamışlar. Tütün sahələrində də işin qızğın çağıdır.

Qeyd edək ki, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Hər il bu sahədə yüksək göstəricilər əldə edilir. Məsələn, təkcə keçən il rayon üzrə 220 milyon 49 min manat dəyərində kənd təsərrüfatı məhsulları, o cümlədən 50 min 52 ton dənli bitkilər istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq artaraq 32,4 sentner, o cümlədən buğdanın məhsuldarlığı 33 sentner olmuşdur. Taxılçılar bu iluğurlu göstəricilərə nail olacaqlarına əmindirlər. Bu məqsədlə 2020-ci ilin məhsulu üçün 17381 hektar taxıl əkilmişdir ki, onun da 12753 hektarı buğda, 4528 hektarı isə arpadır. Hazırda rayonda arpa biçini sürətlə davam edir. İlkin nəticələrə görə məhsuldarlıq keçən ilkindən xeyli çoxdur.

Respublikamızda ikinci ən böyük kartof istehsalçısı olan Tovuz rayonunda 158 min 706 ton məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən çoxdur. Hər hektardan məhsuldarlıq 33,5 sentner artaraq 250,5-ə yüksəlmişdir. Onu da qeyd edək ki, artıq rayonda bu sahədə çoxlu sayda kartofçuluq təsərrüfatları yaranmışdır. Lakin istehsal olunan kartofun saxlanılmasında mövcud olan çətinliklər bu sahədə bir çox problemlər yaradırdı. Artıq "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq istehsal olunan məhsulun saxlanılması və uyğun vaxtlarda realizasiya olunması məqsədilə 22 min 500 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanılmışdır. Logistik mərkəz kimi fəaliyyət göstərəcək bu obyektin tikintisi regionda kartofçuluğun inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.

Rayonda ən çox gəlir gətirən məhsulların istehsalı da daim diqqət mərkəzindədir. Bu baxımdan istixanaların sayı ildən-ilə artır. Təkcə onu demək kifayətdir ki, artıq rayonda istixanaların sahəsi artırılaraq 38,4 hektara çatdırılmışdır. Sahibkarlar son bir ildə bu istixanalarda 3072 ton məhsul yetişdirmiş, onun satışından 4 milyon 100 min manat gəlir götürmüşlər.

Tərəvəzçilər də uğurların sayını ildən-ilə artırırlar. Keçən il 1329 hektar tərəvəz sahələrindən 28 min 475 ton məhsul götürən rayon sakinləri 3 milyon 629 min manat gəlir əldə etmişlər ki, bu da onları cari ildə daha çox məhsul uğrunda mübarizə aparmağa ruhlandırmışdır.

Tovuz rayonu tarixən üzümçülük rayonu olmuşdur. Lakin sovetlər birliyi dağılan ərəfədə üzümçülüyün sıradan çıxması prosesi getmiş, nəticədə yüz hektarlarla plantasiyalar məhv edilmişdir. Lakin Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu gəlirli sahənin yenidən inkişaf etdirilməsi ön plana çəkilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan üzümünün şöhrəti yenidən qayıtmağa başlamışdır. Dövlət başçısının üzümçülüyün inkişaf etdirilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlara uyğun olaraq Tovuz rayonunda da çoxsaylı işlər görülmüşdür. Hazırda rayonda 745 hektar üzüm bağı var ki, onun da 20 hektarı keçən il salınmışdır. Bu bağlarda 16 min 283 ton məhsul istehsal edən bağbanlar hər hektardan 245,6 sentner məhsul götürmüşlər ki, bu da əvvəlki ildəkindən 44 sentner çoxdur.

Qeyd edək ki, istehsal olunan üzümün emalı və satışının təşkili istiqamətində də işlər həyata keçirilmişdir. Belə ki, rayonun Aşağı Quşçu kəndində 3 min tonluq üzüm emalı müəssisəsi istifadəyə verilmişdir. Müəssisə keçən il ilk dəfə məhsul qəbul etmişdir. Gələcəkdə həmin müəssisədə alkoqollu içkilər istehsalı və qablaşdırılması üçün hazırlıq işlərinə də başlanılmışdır.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Hazırda kümçülər yetişdirdikləri məhsulu təhvil verirlər. Barama təhvilində əvvəllər olduğu kimi, Bozalqanlı, Yanıqlı, Aşağı Öysüzlü, Düz Cırdaxan və digər kəndlərin sakinləri öndə gedirlər. Onlar iyunun 1-dək "Azəripək” MMC-nin rayondakı qəbul məntəqəsinə 747 kiloqram yüksək keyfiyyətli yaş barama təhvil vermişlər.

Tovuzda tütünçülüyün inkişafı da diqqət mərkəzində saxlanılır. İldən-ilə tütün sahələrini genişləndirən rayon sakinləri hazırda bu sahələrin həcmini 50 hektara çatdırmışlar. İndi plantasiyalarda becərmə işləri uğurla davam etdirilir. Lakin bu ildən etibarən tütünün qurudulması istiqamətində yaranan çətinliklərə də son qoyulacaqdır. Belə ki, rayonda yetişdirilmiş tütün məhsulunun qurudulması üçün hazırda tütün fermentasiya fabrikinin inşasına başlanılmışdır. Tovuzda yığılan yaş tütün yarpağı əvvəllər digər bölgələrə aparılıb təhvil verilirdisə, bu ildən etibarən bu məhsul "Tovuz Aqro Sənaye” MMC-nin nəzdində yaradılan tütün qurutma məntəqəsində yarımfabrikat şəklinə salınacaqdır. Tam avtomatlaşdırılmış müəssisədə Serbiya Respublikasından gətirilmiş 10 ədəd termopilin avadanlığının quraşdırılmasına başlanılmışdır. Müəssisə işə düşdükdən sonra burada 30 nəfər daimi işlə təmin ediləcəkdir.

Rayonda heyvandarlıq məhsulları istehsalı sahəsində də göstəricilər yüksəkdir. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il ət istehsalı 3,1 faiz, süd istehsalı 10,8 faiz, yumurta istehsalı 2 faiz artmışdır. Hazırda rayonda heyvandarlıqda məhsuldarlığın artırılması və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər uğurla davam etdirilir.

Qeyd edək ki, Tovuzda həyata keçirilən məqsədyönlü tədbirlər yeni iş yerlərinin açılmasına imkan vermişdir. Təkcə son bir ildə rayonda 2981 yeni yeri açılmışdır ki, bundan da 1390-ı daimi olmuşdur. Bundan başqa, 557 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

 

Sabir ƏLİYEV

Azərbaycan.-2020.- 18 iyun.- S.5.