İqtisad elmində özünəməxsus
məktəb yaratmış nüfuzlu alim
Görkəmli
elm xadimləri
Son illər milli iqtisadiyyatda müşahidə edilən və beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilən mühüm yenilikləri şərtləndirən amillərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq ölkəmizdə qabaqcıl dünya təcrübəsindən istifadə meyillərinin güclənməsidir.
Azərbaycanın dünya birliyinin fəal üzvü kimi qabaqcıl dövlətlərin iqtisadi inkişaf təcrübəsindən faydalanması tamamilə qanunauyğun və təbiidir. Lakin bu zaman nəzərə alınmalıdır ki, qloballaşma proseslərinin milli mənafe və suverenliyə təsirlərinin maksimum dərəcədə azaldılması üçün düzgün strategiya seçilməlidir. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində dərin elmi əsaslarla yürütdüyü dövlət quruculuğu strategiyasının son 17 ildə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə aparılan islahatların səmərəliliyini təmin edir. Bunun məntiqi nəticəsi olaraq sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır. Ölkə iqtisadiyyatının sabitliyi və artım tempi, eyni zamanda dünya təsərrüfat sisteminə uğurlu inteqrasiyası qlobal təcrübənin daha dərindən öyrənilməsini və bu sahədə elmi tədqiqatların genişləndirilməsini zəruri edir.
İdarəçilik sistemində qəbul olunan qərarların elmi bazasının formalaşdırılması, gələcəklə bağlı düzgün iqtisadi proqnozların verilməsi, milli inkişaf modelinin əsaslandırılması baxımından ölkənin iqtisadçı alimlərinin mütərəqqi dünya təcrübəsini elmi prizmadan araşdırması son dərəcə əhəmiyyətlidir. Bu baxımdan tanınmış elm xadimi, iqtisad elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Məclisin deputatı Ziyad Səmədzadənin elmi araşdırmalarını xüsusilə qeyd etmək lazımdır. Onu yaxından tanıyan və yetirməsi hesab edilən bir şəxs kimi əminliklə deyə bilərəm ki, Ziyad Səmədzadə iqtisad elmində özünəməxsus elmi məktəb yaratmış alim, eləcə də cəmiyyətdə öz sözü, mövqeyi, dəstxəti olan nüfuzlu ziyalıdır.
Genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş Ziyad Əliabbas oğlu Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1962-1964-cü illərdə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. 1965-ci ildə həmin institutda iqtisad elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və şöbə müdiri vəzifələrində çalışmışdır.
Elmi fəaliyyətini əzmlə davam etdirən alim 1971-ci ildə iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 1977-ci ildə isə professor elmi adını almışdır. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir. Onun elmi rəhbərliyi ilə 61-dən çox namizədlik, eləcə də bir neçə doktorluq dissertasiyası müdafiə olunmuşdur.
1976-1982-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi ETTİ-nin direktorunun birinci müavini, Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru vəzifələrində işləmişdir. 1983-1993-cü illərdə Azərbaycan KP MK-nın İqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Plan-büdcə komissiyasının sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini, habelə TACİS, TRACECA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur. Ziyad Səmədzadənin rəhbərliyi və yaxından iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası, eləcə də müxtəlif qanun layihələri hazırlanaraq parlament tərəfindən qəbul edilmişdir.
Tanınmış alimin elmi və ictimai-siyasi fəaliyyəti hər zaman yüksək qiymət almışdır. Elm sahəsində Lenin Komsomolu (1974) mükafatı laureatıdır. Qırmızı Əmək Bayrağı (1986), "Şöhrət” (2010) və "Şərəf” (2015) ordenləri ilə təltif edilmişdir. 2012-ci ildə Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi əhəmiyyətli töhfələrə görə "Fransisk Skorina” medalı ilə mükafatlandırılmışdır.
Ziyad Səmədzadə Beynəlxalq Menecment Akademiyasının, Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin fəxri prezidentidir. Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədridir. III, IV, V çağırış (2005-2019-cu illər) Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri olmuşdur. 2020-ci ilin 9 fevral parlament seçkilərində də uğur qazanaraq hazırda Milli Məclisin deputatı kimi fəaliyyətini davam etdirir.
Tanınmış alim iqtisadi inkişaf, onun sürət və proporsiyaları, struktur, səmərəlilik, bazar iqtisadiyyatı, iqtisadi təhlükəsizlik, hərbi dövrün iqtisadiyyatı və s. problemlərə dair 500-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, çoxsaylı əsərin tərtibçisi və elmi redaktorudur. Onun ideya müəllifliyi və baş elmi redaktorluğu ilə 1997-1998-ci illərdə ümumi həcmi 2500 səhifə olan "Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir. Bu kitablarda Azərbaycanın milli iqtisadi inkişaf modeli və onun inkişaf təmayülləri elmi-praktik əsasda qiymətləndirilmiş, habelə iqtisad elmi qarşısında duran vəzifələrdən geniş bəhs edilmişdir.
Son
50 il müddətində gərgin zəhmət bahasına ərsəyə
gətirdiyi "İctimai istehsalın səmərəliliyi”
(1971), "Əmək məhsuldarlığı və əhalinin
sahə quruluşu” (1973), "İctimai istehsalın strukturu və
səmərəliliyi”(rus dilində, 1980), "Dağlıq
Qarabağ: naməlum həqiqətlər” (Azərbaycan və
rus dillərində, 1995), "Dünya iqtisadiyyatı:
Çin iqtisadi möcüzəsi” (2001), "Böyük
yolun mərhələləri - Azərbaycan iqtisadiyyatı
yarım əsrdə: reallıqlar və perspektivlər” (rus
dilində, 2004-cü il), "Çin qlobal dünya iqtisadiyyatında”
(2009), "Kitay v qlobalnoy mirovoy ekonomike” (Stokholm, 2010),
"Böyük İqtisadi Ensiklopediya” (7 cildlik, ideya müəllifi
və baş elmi redaktor, 2012-2013), "Bakı nefti: Şərəfli
keçmiş, xoşbəxt gələcək” (Azərbaycan
və rus dillərində, 2015), "Azərbaycan
iqtisadiyyatı 100 ildə” (4 cildlik, 2020-ci ildə çapa
hazırlanmışdır), "Bakı nefti olmasaydı,
faşizm üzərində qələbə olmazdı” (Azərbaycan
və rus dillərində, 2020) və digər nəşrləri
müasir iqtisad elminə sanballı töhfələrdir.
Dünya təcrübəsinin öyrənilməsinə tədqiqatlarında geniş yer verən alim xüsusən də müasir dünyanın nəhəng iqtisadi fenomeni olan Çin Xalq Respublikasının keçdiyi inkişaf yoluna 3 sanballı elmi əsər həsr etmişdir. İqtisadçı alim olaraq bu qənaətdəyəm ki, Azərbaycana ayrı-ayrı ölkələrin, o cümlədən dünyanı heyrətə gətirən Çinin iqtisadi inkişaf təcrübəsinin öyrənilməsi olduqca faydalıdır. Onu da cəsarətlə deyə bilərik ki, hazırda dünya ölkələrinin nail olduğu mütərəqqi inkişaf prosesləri müxtəlif zamanlarda Çin iqtisadiyyatı üçün də səciyyəvi olmuşdur. Akademik Ziyad Səmədzadə bu reallıqları nəzərə alaraq Çin dövlətinin iqtisadi inkişaf strategiyası ilə bağlı 3 sanballı əsəri ortaya qoymuşdur. Alimin 10 illik intellektual əməyinin bəhrəsi kimi ərsəyə gəlmiş "Çin qlobal dünya iqtisadiyyatında” adlı fundamental elmi monoqrafiyası üzərində xüsusi dayanmaq istərdim.
Kitabda əksər ölkələrin iqtisadi inkişaf təmayülləri, iqtisadi cəhətdən əsaslandırılmış perspektivlər, qloballaşan dünyada iqtisadi siyasət amili ətraflı araşdırılmışdır. Eyni zamanda iqtisadi nəzəriyyə elmində mövcud olan iqtisadi inkişaf konsepsiyaları, o cümlədən Lüdviq Erhard konsepsiyası, Yapon modeli, Leontyev modeli, Cənubi Koreya, Malayziya və s. modellər tədqiq edilmişdir. Müəllif statistik məlumatları geniş təhlilə cəlb edərək XX əsrdə dünyada ÜDM istehsalının ayrı-ayrı ölkələr üzrə həcmini və dəyişmə meyillərini açıqlamışdır. Ciddi iqtisadi və sosial nəticələr çıxarmağa imkan verən həmin statistik rəqəmlər əsərin elmi dəyərini daha da artırır.
"Çin qlobal dünya iqtisadiyyatında” elmi monoqrafiyasında Çin dövlətinin, əsasən, son onilliklərdə nail olduğu iqtisadi uğur və islahatlar tədqiqata cəlb olunmuşdur. Əsərdə xüsusilə də ötən əsrdə dünyanın iqtisadi möcüzəsi kimi dəyərləndirilən Den Syao-Pin islahatları ciddi araşdırılmış, eyni zamanda məşhur "Planlı iqtisadiyyat hələ sosializm, bazar iqtisadiyyatı isə heç də kapitalizm demək deyildir” konsepsiyası elmi əsasda tədqiq edilmişdir. Müəllif Çin təcrübəsində iqtisadi islahatlarda radikallığa yol verilməməsi, mülkiyyət formalarının bir-birinə qarşı qoyulmaması, iqtisadiyyatda struktur islahatlarının mərhələlərlə aparılması, elmin iqtisadi inkişafı stimullaşdırması və son nəticədə dünyada analoqu olmayan inkişaf modelinin formalaşmasını haqlı olaraq vurğulamışdır.
Əsərdə həmçinin qeyd edilir ki, islahatların gedişində Çin hökuməti "üç mənfəət” meyarına əsaslanırdı. Birinci əsas mənfəət məhsuldar qüvvələrin inkişafına nail olmaq; ikincisi, dövlətin ümumi qüdrətini artırmaq və möhkəmləndirmək; üçüncüsü, əhalinin həyat səviyyəsini yüksəltmək idi. Əsərdə Çin-Tayvan münasibətləri də təhlilə cəlb edilmiş, "Bir dövlət - iki quruluş” konsepsiyası siyasi və iqtisadi baxımdan ətraflı araşdırılmışdır.
Kitabın ayrıca bölməsində Çindəki islahatların taktika və strategiyasının araşdırılmasına diqqət ayıran müəllif düzgün olaraq bu nəticəyə gəlir ki, adıçəkilən ölkədə aparılan islahatlarda radikallığa yol verilməmişdir. Eyni zamanda müəllifin bu fikri də maraq doğurur ki, islahatlar zamanı mülkiyyət formalarının qarşı-qarşıya qoyulmaması Çin iqtisadiyyatının uğurlarını şərtləndirən mühüm amillər sırasındadır. Çin hökuməti ictimai mülkiyyətdən istifadənin səmərəliliyini artırmaq üçün düşünülmüş tədbirlər həyata keçirməklə yanaşı, mülkiyyət formalarının rəqabət prinsipləri əsasında inkişafına şərait yaratmış və onların qarşı-qarşıya qoyulmaması üçün qanunlarda müvafiq dəyişikliklər etmişdir. İslahatların reallaşdırılmasında nəzərə çarpan digər fərqli bir cəhət isə sənayedə struktur islahatlarının mərhələlərlə aparılması olmuşdur.
Əsərdə Çin dövlətinin düşünülmüş "Açıq qapı” siyasətinə, dünyaya çıxış üçün planlaşdırmanın və idarəetmənin təkmilləşdirilməsinə, cəlbedici investisiya mühitinin formalaşdırılmasının təşkilati, idarəetmə və qanunvericilik aspektlərinə diqqət yetirilmiş, bu sahədə aparılan iqtisadi siyasət yetərincə qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, XX əsrin ikinci yarısından etibarən dünya ölkələrinin, demək olar ki, əksəriyyəti "açıq iqtisadiyyat” mühitində yaşayır. "Açıq iqtisadiyyat” məfhumu tarixi inkişafın ayrı-ayrı mərhələlərində heç də eyni məna daşımamışdır. Məsələn, 40-50 il bundan əvvəl "açıq iqtisadiyyat” deyildikdə, ümumi daxili məhsulunun idxal və ixraca nisbəti 10 faizdən çox olan ölkə başa düşülürdü. Bu gün isə "açıq iqtisadiyyat” quran ölkə nəinki beynəlxalq ticarətdə, həm də kapitalın beynəlxalq hərəkətində, valyuta münasibətlərində fəal iştirak edir, eyni zamanda meyar kimi müəyyənləşdirilmiş rəqəm faktiki daha yüksək olur.
Kitabda ciddi maraq doğuran məqamlardan biri də müəllifin "Dövlətin iqtisadiyyata müdaxiləsinin optimal səviyyəsi nə qədər olmalıdır” sualı üzərində apardığı elmi araşdırmalardır. Akademik Ziyad Səmədzadənin "Birmənalı şəkildə qəbul etmək lazımdır ki, dövlətin iqtisadiyyata müdaxiləsi məsələsi hər bir ölkənin konkret şəraitindən, onun tarixi inkişafından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ölkədaxili siyasi vəziyyətindən asılıdır” fikri diqqəti xüsusilə cəlb edən elmi konsepsiyadır. Əsərdə dövlətin iqtisadiyyata müdaxiləsində planlardan iqtisadi mexanizm kimi istifadə edilməsi, investisiya struktur siyasətinin formalaşdırılmasında dövlətin iştirakı, elm və təhsilə dövlət siyasətinin prioritet istiqamətləri kimi yanaşılması, korrupsiyaya və digər neqativ hallara qarşı sistemli mübarizənin əhəmiyyəti ətraflı vurğulanmışdır.
Əsərin elmi əhəmiyyəti həm də ondan ibarətdir ki, burada təkcə bir ölkə üzrə iqtisadi göstəricilər təhlil olunmur, eyni zamanda müvafiq nəticələr çıxarılır. Çin iqtisadiyyatından bəhs edən elmi monoqrafiyada türkdilli dövlətlərin də iqtisadiyyatına ciddi nəzər salınır. Müəllifin aşağıdakı fikri diqqəti xüsusilə cəlb edir: "Araşdırmalar göstərir ki, XXI əsrdə türk dünyasının ardıcıl inkişafı üçün real zəmin yaranmışdır. Ən mühüm mahiyyət ondan ibarət olacaqdır ki, türk dünyası ölkələrinin bir-birinə yaxınlaşması daimi dinamik prosesə çevriləcəkdir. Onlar özlərinin tarixi köklərini dərk etdikcə yaxınlaşacaq, birləşəcək, daha da güclənəcək və bir-birinə arxa olacaqlar. İqtisadi əməkdaşlıqdan başlanan yaxınlıq dostluğa, tərəfdaşlığa və birliyə çevriləcək”.
Kitab Çin iqtisadiyyatına həsr edilsə də, müəllif tərəfindən Çin-Azərbaycan əlaqələri, eləcə də Çində aparılan iqtisadi islahatlarla ölkəmizdə həyata keçirilən uğurlu islahatların maraqlı üzləşməsi, müqayisəsi verilmişdir. Əsərlə tanışlıq ölkəmizdə Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçirilməsi, eləcə də möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatların tədricən aparılması, sosialyönümlü mahiyyət daşıması, investisiya siyasətinin geniş vüsət alması və digər mühüm aspektlər barədə oxucuda dolğun təsəvvür yaradır. Əsərdə Çinin timsalında dövlətin iqtisadiyyata hansı dərəcədə müdaxiləsi, habelə bu mütərəqqi təcrübənin inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında tətbiqi də xüsusi araşdırılmışdır.
Akademik Ziyad Səmədzadə peşəkar tədqiqatçı olaraq böyük zəhmət bahasına Çin Xalq Respublikasının təkcə iqtisadiyyatını deyil, eləcə də bu ölkənin tarixini, mədəniyyətini, elmini, əldə etdiyi digər uğurları öz təşəkkür süzgəcindən keçirərək oxuculara çatdırır. Haşiyə olaraq xüsusi vurğulamaq istərdim ki, əsərdə Çin-Azərbaycan əməkdaşlığının inkişafına rəhbəri olduğum "Xəzər” Qapalı Səhmdar Cəmiyyətinin töhfələrindən də bəhs edilmiş, bunu əks etdirən fotolar yerləşdirilmişdir. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2005-ci ildə Çinə səfəri çərçivəsində - Çin-Azərbaycan iqtisadi forumunda bu əməkdaşlığın əsası qoyulmuş və 2007-ci ildə konkret sazişin imzalanması ilə nəticələnmişdir.
Kitabda diqqəti cəlb edən bir məqamı da qeyd etmək istərdim: akademik Ziyad Səmədzadə Çin iqtisadiyyatının mühüm uğurlar əldə etməsində, eləcə də islahatların səmərəli nəticələr verməsində xüsusi iqtisadi zonaların, habelə azad iqtisadi zonaların əhəmiyyətini haqlı olaraq qeyd etmişdir. Bu sahədə tədqiqatlar aparmış iqtisadçı mütəxəssis kimi hesab edirəm ki, inkişaf etmiş ölkələr məhz qabaqcıl təsərrüfat formasını seçərək bu və ya digər məqsədlərinə müvəffəq ola bilirlər. Çin Xalq Respublikası da məhz qabaqcıl təsərrüfatçılıq forması olan azad və xüsusi iqtisadi zonalardan bəhrələnməklə dünya təsərrüfat sisteminə səmərəli dəhliz açmışdır. Eyni zamanda bu dəhliz vasitəsilə sərmayə, səmərəli idarəetmə, qabaqcıl təcrübə və texnologiya cəlb etməklə, beynəlxalq əmək bölgüsündə malik olduğu coğrafi üstünlüklərdən yararlanmış və qarşıya qoyduğu məqsədlərə çatmışdır.
Akademik Ziyad Səmədzadə kitabda düzgün olaraq göstərmişdir ki, bu təcrübə dünya təsərrüfat sisteminə uğurla inteqrasiya edən Azərbaycan üçün də əhəmiyyətlidir. Prezident cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "Xüsusi iqtisadi zonalar haqqında” qanun bu gün uğurla reallaşmaqdadır. Çünki Azərbaycanın bu gün qarşıya qoyduğu məqsədlərə çatması üçün qabaqcıl təsərrüfat formalarını tətbiq etməsinə ehtiyac vardır.
Alimin ideya müəllifliyi və baş redaktorluğu ilə respublikada ilk dəfə yeddicildlik "Böyük İqtisadi Ensiklopediya”nın oxucuların istifadəsinə verilməsi də məzmun etibarilə böyük ictimai əhəmiyyət daşıyan hadisələrdən olmuşdur. Cəsarətlə deyə bilərik ki, genişmiqyaslı, strukturu və əhatə dairəsinə görə əksər ölkələrlə müqayisədə analoqu olmayan külliyyat işıq üzü görmüşdür. Ölkəmizdə digər ictimai elmlərlə yanaşı, iqtisad elmi ilə bağlı ayrıca predmetik təyinatlı ensiklopediyanın yaradılmasına böyük ehtiyac duyulurdu.
Akademik Ziyad Səmədzadə haqlı olaraq bildirir ki, "Böyük İqtisadi Ensiklopediya”nın mövcudluğunun əhəmiyyətini şərtləndirən mühüm amillərdən biri də sovetlər birliyi dövründə müəyyən ideoloji təsirlərə məruz qalmış ümumi şərh və yanaşmaların indi hər cür konyukturadan azad, yeni baxış bucağından qiymətləndirilməsi, keçid dövrünü uğurla başa çatdırmış Azərbaycanda milli iqtisadiyyatın modern əsaslarda davamlı inkişafının sürətləndirilməsi, respublikamızın dünya birliyi ölkələri sırasında rolunun və yerinin daha da möhkəmləndirilməsi və bütün bunların nəzəri kontekstdə ümumiləşdirilməsi zərurətidir.
"Böyük İqtisadi Ensiklopediya” iqtisad elminin nəzəri, metodoloji konsepsiya və qanunauyğunluqlarına söykənən, 7 cildlik, 12 mindən çox sözü əhatə edən fundamental əsərdir. Bu, görkəmli akademikin 2004-cü ildə işıq üzü görmüş "Böyük yolun pillələri”, 2009-cu ildə dərc olunmuş "Çin qlobal dünya iqtisadiyyatında” monoqrafiyalarının davamıdır. Akademik Z.Səmədzadənin elmi yaradıcılığı ilə yaxından tanış olanlara bəllidir ki, o, bir yaradıcı tədqiqatçı kimi daim axtarışda, qaynar həyat fəaliyyətindədir. Demək olar ki, əksər mövzularda onun dəstxəti görünür və bütün problemlərin məsuliyyətli həlli özünü göstərir. Bu baxımdan ensiklopediyanı ölkəmizin elmi inkişafında, informasiyalı cəmiyyətin formalaşmasında böyük hadisə kimi də qiymətləndirmək olar. Bu əsərin yaradılması, ictimaiyyətə təqdim olunması akademik Z.Səmədzadənin əsl ziyalı mövqeyinin bariz təcəssümü, xalq və dövlət qarşısında təmənnasız və fədakar əməyinin nəticəsidir.
"Böyük İqtisadi Ensiklopediya”nın xarakterik xüsusiyyəti onun elmi-varislik, tarixi-məntiqi metodlar vasitəsi ilə yazılmasıdır. Ensiklopediyada iqtisadiyyatla bağlı şərh edilən ictimai-siyasi, sosial-hüquqi, mənəvi-mədəni məsələlər elə səpkidə izah və təsvir olunur ki, istər-istəməz burada həyati hadisələrin gerçəkliyi öz əksini tapır. Bu fundamental iqtisadi külliyyatın, universal nəşrin xalqımızın yüksək sosial-iqtisadi, mədəni, intellektual səviyyəsini əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan ən mötəbər və unikal elmi informasiya mənbələrindən biri kimi dərhal diqqət mərkəzinə düşməsi də təbiidir.
Dünyanın inkişaf etmiş ölkələrindəki ensiklopediyaçılıq ənənələri əsasında və milli zəmində hazırlanmış "Böyük İqtisadi Ensiklopediya”nın uğuru dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində Azərbaycanın qazandığı möhtəşəm sosial-iqtisadi nailiyyətlərlə, bu nailiyyətlərin memarı olan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin dövrün qlobal çağırışlarına uyğun şəkildə qətiyyətlə davam etdirdiyi milli inkişaf strategiyası, çevik və praqmatik iqtisadi siyasət xətti ilə üzvi surətdə bağlıdır.
Respublikanın elmi qüvvələrini "Azərbaycan XXI əsrin astanasında” problemi ətrafında cəmləşdirmək üçün Z.Səmədzadənin əhatəli elmi təşkilatçılıq fəaliyyəti də xüsusi qeyd edilməlidir. Bu deviz altında 1997-1998-ci illərdə keçirilmiş iki beynəlxalq elmi-praktik konfransın rəhbəri olmuş akademik həmin tədbirin yaradıcı qrupu ilə birlikdə müasir vəziyyətdən və bəşəriyyətin inkişaf perspektivlərindən çıxış edərək XXI əsrin ən mühüm problemlərini müəyyənləşdirməyə səy göstərmişdir. Akademikin elmi redaktəsi ilə "Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilmişdir.
Onun yaradıcılığında "şah əsər” kimi qiymətləndirilən, 2004-cü ildən işıq üzü görməklə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Böyük yolun mərhələləri” adlı irihəcmli monoqrafiya da (rus dilində) öz elmi tutumu, məntiqi və şərh üslubuna görə fərqlənir. Burada Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, spesifik cəhətləri, ümumi qanunauyğunluqları tədqiq olunmaqla, onun perspektiv inkişafının konseptual əsasları araşdırılmışdır. Bakıda doğulub boya-başa çatan, Azərbaycan neft sənayesinə yaxından bələd olan keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri N.Baybakov bu kitabın qeyri-adi əsər olduğunu qeyd edir. Eyni zamanda Azərbaycanın iqtisadi keçmişinə və bugününə analitik ekskursiya adlandırmaqla kitabda gələcəyə aid baxışların yer aldığını vurğulayır: "Bu genişmiqyaslı əsərdə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin son on ildə Azərbaycanın iqtisadi və sosial inkişafında, onun milli mənafelərinin müdafiəsində, iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində rolu çox dərindən və obyektiv olaraq göstərilib. Heydər Əliyevin möhtəşəm fəaliyyəti sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən dövlətdir”.
Əsər XX əsrin ikinci yarısından XXI əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir - əsərdə Azərbaycan iqtisadiyyatının mürəkkəb və keşməkeşli mərhələləri təhlil olunmuşdur. Müəllif iqtisadi yüksəliş və tənəzzülü, iqtisadi böhranın aradan qaldırılmasının həlli yollarını böyük ustalıqla araşdırmışdır. 2 hissə, 9 bölmədən ibarət olan kitabda 60-cı illərdən başlayaraq Sovetlər Birliyinin dağılmasına qədərki dövrdə Azərbaycan iqtisadiyyatının vəziyyəti geniş təhlil edilmişdir. Müəllif müqayisə metodundan böyük ustalıqla istifadə edərək respublikamızın keçmiş İttifaq respublikaları içərisində keçdiyi yolu sistemli şəkildə təhlil etmişdir.
Kitabın ikinci hissəsində Azərbaycanda yeni iqtisadi sistemin formalaşması və inkişafı ilə bağlı aktual məsələlər araşdırılır. Burada qeyd olunur ki, Azərbaycan bazar iqtisadiyyatına keçid dövrünə qədəm qoyduqdan sonra biznes, xüsusi kapital, sahibkarlıq, özəlləşdirmə kimi anlayışlar gündəlik leksikonumuza daxil olmuşdur. Ölkə iqtisadiyyatında baş verən köklü dəyişikliklərdən biri də məhz sahibkarlığın inkişafıdır. Sahibkarlıq əhalinin həyat səviyyəsinin inkişafında və bütövlükdə, iqtisadiyyatın yüksəlişində həlledici rol oynayır. Azərbaycanda sahibkarlığın inkişafı üçün normativ-hüquqi baza yaradılmışdır. Müəllif konkret faktlara əsaslanaraq Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün münbit şərait yaradılması məsələlərinə münasibətini bildirir və qeyd edir ki, bu sahədə də tərəqqinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur.
Müəllif həmçinin vurğulayır ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sahibkarlığın inkişafının sürətləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və bütövlükdə, ölkənin dinamik tərəqqisinə dair bir sıra vacib sənədlər imzalamışdır. Sahibkarlıq mədəniyyətinin formalaşdırılması dövlətin mühüm strateji vəzifələrindən biridir. Dövlət başçısı tərəfindən qəbul edilən fərmanlar iqtisadi islahatların keyfiyyətcə yeni mərhələsidir. Onun əsas vəzifəsi sahibkarlığın ölkədə keyfiyyətli məhsul bolluğunun yaradılmasında, rəqabət qabiliyyətli istehsal sferalarının və regionların kompleks inkişafında, əhalinin məşğulluğunun təmin edilməsində rolunun gücləndirilməsidir.
Onu da xüsusi vurğulamaq istərdim ki, akademik Ziyad Səmədzadə hər zaman öz fikri, mövqeyi olan tədqiqatçı alim kimi hər zaman vətəndaşlıq mövqeyindən çıxış etmişdir. Onun müəllifi olduğu kitabı vərəqlədikcə bunun bir daha şahidi olmaq mümkündür. "İqtisadiyyatı belə idarə etməzlər” başlığı altında gedən yazıda müəllif müstəqilliyimizin ilk illərində ölkənin sosial-iqtisadi vəziyyətini araşdırmışdır. Hələ 1993-cü ilin prezident seçkiləri ərəfəsində Ziyad Səmədzadə Azərbaycanın siyasi, iqtisadi və sosial xaosdan çıxması üçün Heydər Əliyevin hakimiyyətə qayıtmasının vacib olduğunu göstərmişdir. Bu fakt onun vətəndaşlıq və ziyalı mövqeyini bir daha təcəssüm etdirir.
Akademik Ziyad Səmədzadənin iqtisadi düşüncəni düzgün məcrada istiqamətləndirən, respublikanın keçdiyi mütərəqqi inkişaf yoluna mükəmməl elmi yanaşma olan bu əsərlərinin ictimai dəyəri həm də onların cəmiyyətdə böyük maraqla qarşılanması, səmərəli polemikalara, diskussiyalara yol açması, yeni elmi araşdırmalar üçün metodoloji baza rolunu oynaması ilə ölçülür. Uzun illər parlamentarizm sahəsində çalışmış görkəmli akademikin nəzəri mülahizə və düşüncələrini təcrübi fəaliyyətlə əlaqələndirmək və uzlaşdırmaq, müqayisəli təhlillər aparmaq, gələcəyi proqnozlaşdırmaq məharəti onun həm də yeni dünya nizamının incəliklərini yetərincə düzgün dəyərləndirən peşəkar tədqiqatçı olmasından irəli gəlir. O, əsərlərində bilavasitə içində olduğu iqtisadi islahatların, bu sahədə qanun yaradıcılığı prosesinin əyani təsvirini verməklə, həm də yüksək alim təəssübkeşliyi nümayiş etdirmişdir.
Mənalı ömür yolunun 80-ci pilləsinə qədəm qoymuş akademik Ziyad Səmədzadə bu gün də yorulmadan yazıb-yaradır, parlamentdə və cəmiyyətdə fəallığı ilə seçilir, elmi çevrələrdə Azərbaycanda iqtisad elminin ağsaqqalı kimi qəbul olunur. Onun əzmlə ərsəyə gətirdiyi, dərin elmi təhlilə əsaslanan, faktoloji zənginliyi və ensiklopedik səciyyə daşıması ilə seçilən kitablar istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda geniş oxucu auditoriyası toplayır.
Əsl ziyalı üçün xarakterik keyfiyyətlərdən biri də əzmlə işləmək, əldə olunan nəticələrlə arxayınlaşmamaq, bütün dövrlərdə cəmiyyətə fayda verməyə çalışmaqdır. Bu mənada Ziyad Səmədzadə həm də təşəbbüskar, yeniliklərə can atan, elmi tədqiqatlardan ruh alan, uğurlarla kifayətlənməyən sadə və təvazökar alimlərdən biri kimi cəmiyyətdə hörmətə malikdir.
Qüdrət
KƏRİMOV,
"Xəzər”
QSC-nin sədri, iqtisad elmləri doktoru
Azərbaycan.-2020.- 19 iyun.- S.5.