Azərbaycan qlobal pandemiyanın
öhdəsindən bacarıqla gəlir
Ölkəmiz vaxtında
qabaqlayıcı tədbirlər həyata keçirərək
nümunəvi mübarizə ortaya qoyub
Ötən ilin dekabrında Çinin Uhan şəhərindən bütün dünyaya yayılan yeni növ koronavirus, COVID-19 infeksiyası hələ də bəşəriyyəti təhdid edir. 213 ölkə və bölgədə qeydə alınan bu virusa dünya üzrə yoluxanların sayı 8 milyonu ötüb.
Ümumdünya Səhiyyə Təşkilatının 17 iyun tarixli statistikasına görə, dünyada 8 061 550 nəfər yeni növ koronavirusa yoluxub, 440 290 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 119 759 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5494 nəfər artıb.
Yoluxanların sayına görə Şimali və Cənubi Amerika regionu birinci yeri tutur - 3 899 859 yoluxma və 205 555 ölüm.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada
ümumilikdə 2 452 247 nəfər koronavirusa yoluxub, 189 582 nəfər
ölüb.
Yoluxma sayı üzrə üçüncü yeri
Şərqi Aralıq dənizi bölgəsi tutur. Burada 817 458
yoluxma, 18 057 ölüm faktı qeydə alınıb.
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə
görə, ən çox yoluxanlar ABŞ-dadır. Onun ardınca
Braziliya, Rusiya, Hindistan, Böyük Britaniya, İspaniya,
İtaliya, Peru, İran və Almaniya gəlir.
Dünyanın
koronavirus mübarizəsi
ABŞ-da yeni növ koronavirusdan ölənlərin
sayı ölkənin Birinci Dünya müharibəsindəki
itkilərinin sayını ötüb.
ABŞ tərəfdən Birinci Dünya müharibəsi
zamanı 116 516 nəfər həlak olub. İyunun 17-nə
olan məlumata görə isə, ölkədə
koronavirusdan ölənlərin sayı 116 917 nəfəri
ötüb.
Birləşmiş
Ştatlarda koronavirusa yoluxma halları 2,1
milyonu keçib. İnfeksiyadan ən çox
ölüm halı Nyu York ştatında qeydə
alınıb.
Braziliyada koronavirus xəstələrinin sayı 955 min
377 nəfər təşkil edir. Virusa yoluxmuş 463 min
474 nəfər sağalıb. Hazırda
daha 445 min 393 pasiyent həkim müşahidəsi
altındadır. Son məlumatlara görə,
Braziliyada COVID-19-dan 46 min 510 insan ölüb.
Virusun "vətəni” Çində ötən sutka ərzində
28 nəfərdə COVID-19-un aktiv forması aşkarlanıb. Ümumilikdə
ölkədə koronavirusa yoluxanların sayı 83.2, ölənlərin
sayı isə 4.6 min nəfəri ötüb.
Çinli epidemioloqlar koronavirusun yeni epidemiya riskinin
çox yüksək olduğuna dair açıqlama veriblər. Onların
sözlərinə görə, paytaxt Pekində infeksiya
artım mərhələsindədir. Bu səbəbdən
Pekində genişmiqyaslı məhdudlaşdırıcı tədbir
tətbiq edilib. Şəhər rəhbərliyi
bütün sakinləri zəruri olmayan səfərlərdən
imtina etməyə və evdə qalmağa
çağırıb.
Bundan əlavə, Pekindəki bütün ibtidai və
orta məktəblər bağlanır, şagirdlər məsafədən
təhsilə keçirlər. Universitetlər fəaliyyətini
dayandırıb, əyləncə və idman obyektləri
bağlanıb. Pekin hakimiyyəti
paytaxtdakı vəziyyəti "son dərəcə ciddi”
adlandırıb.
Bundan başqa, koronavirus infeksiyasının Tokioda yenidən
yayılması müşahidə olunub. Mütəxəssislərin
fikrincə, bu, dünyada təkrar epidemiya riskini
artırır.
Fransada
epidemiyanın başlanğıcından 103,5
min insan xəstəxanaya yerləşdirilib. Ölkədə
virusa yoluxmuş 73,6 mindən çox xəstə
sağalaraq evə buraxılıb. Pandemiya
qurbanlarının sayı 29 575 nəfərə
çatıb.
Rusiyada son sutka ərzində daha 7790 nəfərdə
COVID-19 aşkarlanıb. Bununla da yoluxanların sayı 561 091 nəfərə
çatıb. Son sutka ərzində 182 nəfərin
koronavirusdan öldüyü bildirilib. Ümumilikdə
koronavirusdan ölənlərin sayı 7660 nəfərə
çatıb.
İspaniyada koronavirusdan indiyədək 27 136 nəfər
ölüb, 244 mindən artıq şəxs virusa yoluxub. İspaniya
pandemiyadan ən çox zərər çəkən
altıncı ölkədir.
Qazaxıstanda koronavirusa yoluxanların sayı 15 min 877 nəfərə,
infeksiya səbəbindən ölənlərin sayı isə
100 nəfərə çatıb. Ölkədə həftəsonu
əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq
olunacaq. Qərar ölkədə
epidemioloji vəziyyətin ağırlaşması və
koronavirusa yoluxma hallarının artması səbəbindən
COVID-19-un yayılmasının qarşısını almaq
üçün idarələrarası komissiyanın
iclasında qəbul edilib.
Qərara
əsasən həftəsonu Nur-Sultan, Almatı, Qaraqanda,
Çimkənt, Pavlodar və Ekibastuz şəhərlərində
ticarət və əyləncə mərkəzlərinin, ticarət
evlərinin, şəbəkə mağazalarının, qeyri-ərzaq
və ərzaq bazarlarının fəaliyyəti
dayandırılacaq. Bu şəhərlərdəki
ictimai iaşə obyektləri yalnız sosial məsafəyə
uyğun olaraq küçədə açıq havada fəaliyyət
göstərə biləcəklər. Bundan
əlavə, ictimai nəqliyyatda da məhdudiyyətlər
olacaq.
Məhdudiyyətlərdən biri də turizm
zonalarına aiddir. Qeyd edilən şəhərlərə
coğrafi baxımdan yaxın olan turizm zonalarına giriş də
bağlanacaq.
Özbəkistanda son sutka ərzində daha 189 nəfər
koronavirusa yoluxub. Beləliklə, virusa yoluxanların
ümumi sayı 5697 nəfərə çatıb. İyunun 18-də Daşkəndin virusa daha çox
yoluxan 71 məhəlləsində qırmızı rejim elan
olunub, məhəllələrin
giriş-çıxışlarına məhdudiyyət
qoyulub. Bundan başqa, paytaxtın Yunusabad və
Urikzor ərzaq bazarlarında, həmçinin Malika elektronika
bazarında çalışanların bəzilərində
koronavirus aşkar edildiyi üçün bu məkanlar 14
gün müddətinə bağlanıb.
Türkiyədə koronavirus pandemiyasının ikinci
dalğasının başladığı elan olunub. Qeyd olunur ki,
ölkədə ikinci dalğanın başlaması gözlənilən
idi və səhiyyə qurumları bu vəziyyətə
hazırdır.
Qardaş ölkədə 200 minə yaxın şəxs
koronavirusa yoluxub, 4 825 nəfər həyatını itirib.
"Türkiyə
yeni növ koronavirusdan ölüm sayına görə 1
milyona düşən 57 ölüm faktı ilə 47-ci, xəstəliyə
yoluxma sayına görə isə bir milyona düşən
2151 yoluxma ilə 51-ci yerdədir”. Bunu Türkiyənin
Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla
(COVID-19) mübarizə tədbirlərinə dair yaradılan
Elm Qurumunun toplantısından sonra bildirib.
Nazir deyib
ki, Türkiyə ümumilikdə xəstəliyə yoluxma
sayına görə 2,67 faizlə 81-ci yerdədir.
Nazir son bir ayda, son bir həftə və son 3 gündə
Türkiyənin şəhərləri üzrə infeksiyaya
yoluxma və ölüm saylarını açıqlayıb və
müqayisələr apararaq deyib ki, ən çox vəfat
sayına Gümüşhanə, ən az ölüm
halına isə Kilis bölgəsində rast gəlinib.
İranda koronavirusdan ölənlərin sayı 9185 nəfərə
yüksəlib. Ötən 24 saat ərzində İranda
daha 2 612 nəfər koronavirusa yoluxub. Nəticədə
yoluxanların sayı 195 051 nəfərə çatıb.
Virus daşıyıcılarından 2 789 nəfərin
vəziyyəti ağırdır.
Ermənistanda son sutka ərzində yeni növ koronavirusa
665 yoluxma halı qeydə alınıb, 7 nəfər
ölüb. Burada koronavirusa yoluxanların sayı 18 698, xəstəlikdən
ölənlərin sayı isə 309 nəfərə
çatıb.
Koronavirusla
mübarizədə Azərbaycan modeli
Qlobal bəşəri təhlükə yayılmağa
başlayandan Azərbaycan dünyanı bürümüş
pandemiyaya qarşı mübarizədə ən ciddi tədbirlər
görmüş ölkələr sırasında olub. Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
koronavirus pandemiyasına qarşı vaxtında görülən
preventiv tədbirlər sayəsində virusun ölkəmizdə
tüğyan etməsinin qarşısı alınıb.
Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyələrini nəzərə alaraq, ilk gündən,
xəstəlik ölkəmizin sərhədlərinə
yaxınlaşmazdan əvvəl onun ciddiliyini anladı və
dünyada öz sərhədlərini qapadan, bütün təhsil
müəssisələrini bağlayan, kütləvi tədbirləri,
idman yarışlarını təxirə salan ilk ölkələrdən
biri oldu. Dövlətimiz COVID-19-la mübarizəyə
vaxtında başladı və bu istiqamətdə
görülən tədbirlər effektini göstərdi.
Məhz dövlət tərəfindən
vaxtında atılan mühüm addımlar, məhdudlaşdırıcı
tədbirlər, karantin rejiminin tətbiqi ölkədə
koronavirusa kütləvi yoluxma hallarının
qarşısını aldı. Digər
ölkələrlə müqayisədə Azərbaycanda
koronavirusa yoluxma və ölüm hallarının
azlığı ölkəmizin qlobal pandemiyanın öhdəsindən
bacarıqla gəldiyinin əyani sübutudur.
Azərbaycan
bu çətin durumdan az itkilərlə
çıxmaq üçün vaxtında qabaqlayıcı tədbirlər
həyata keçirərək nümunəvi mübarizə
ortaya qoydu. Ümumdünya Səhiyyə Təşkilatı
da bu sahədə respublikamızda atılan addımları təqdir
edib, ölkəmizin təcrübəsini digər ölkələrə
nümunə göstərdi.
Koronavirus
pandemiyası dövründə Azərbaycan əhalisinin
sağlamlığının qorunması və
rifahının yaxşılaşdırılması,
xalqımızın bu bəladan daha az
itkilərlə xilas olması ilə bağlı
gördüyü mühüm işlərə görə vətəndaşlarımız
Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq
məktubları yazırlar. Onlar pandemiyanın
qarşısının alınması, virusa yoluxmuş
insanların müalicəsi, əhalinin sosial-iqtisadi problemlərinin
həlli istiqamətində görülən işləri
yüksək qiymətləndirirlər.
Koronaviruslu xəstələrin müalicəsi
üçün ölkəmizdə kifayət qədər xəstəxana,
çarpayı sayı var. 20-dən çox dövlət xəstəxanası
infeksiya ilə mücadilə aparan insanların sərəncamına
verilib. Xəstələrin müalicəsi üçün
bütün zəruri addımlar atılır. COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin
müalicəsi üçün zəruri olan Avropa
istehsallı laborator testlər, tibbi avadanlıq və ləvazimatlar,
qoruyucu vasitələr Azərbaycana gətirilir. Xüsusi rejimli xəstəxanalar müvafiq dərman
və qoruyucu vasitələrlə təmin olunur. Lakin dövlət tərəfindən görülən
tədbirlərə baxmayaraq, xüsusi karantin rejimi
yumşaldılmağa başlayandan koronavirusa yoluxanların, həmçinin
dünyasını dəyişənlərin də sayı
artmaqdadır. Çünki koronavirus tək
dövlətimizin öhdəsindən gələcəyi məsələ
deyil. Burada vətəndaş məsuliyyəti
də zəruri rol oynayır.
Bu bəladan qurtulmağın əsas yolu vətəndaş məsuliyyətindən keçir
Son günlər koronavirusa yoluxanların sayında artım dinamikası insanların öz sağlamlıqlarına laqeyd, etinasız yanaşması ilə bağlıdır. Əhaliyə dəfələrlə müraciət olunsa da, bəzi vətəndaşlar özlərini qorumurlar. Bu da son nəticədə problemlər yaradır.
Azərbaycanda bu xəstəliyin artım dinamikası və yayılma sürəti, ölənlərin sayının çoxluğu hər birimizi narahat etməklə yanaşı, düşündürməli və ciddi təşvişə salmalıdır. Bu, bütün insanlar üçün təhlükəli siqnaldır. Dövlət başçısı İlham Əliyev də çıxışlarında qeyd edir ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyətli olmasıdır. Virusun tam lokallaşdırılması yalnız vətəndaşların köməyi ilə mümkün ola bilər. Anlamalıyıq ki, bu xəstəlikdən qorunmaq hər şeydən əvvəl bizim özümüzə və doğmalarımıza lazımdır. Biz öz məsuliyyətimizi dərk etməli, özümüzlə yanaşı, ətrafımızdakıları da düşünməliyik. Bizim məsuliyyətsizliyimizin bədəlini kənar şəxslər ödəməməlidir.
Birlikdə vətəndaş məsuliyyəti nümayiş etdirməklə, Operativ Qərargahın qaydalarına intizamla yanaşmaqla COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərik. Qəbul edilən qərarlara ciddi əməl edək, gərəksiz halda evdən çıxmayaq, ehtiyac olmadıqca kütləvi məkanlara getməyək, küçədə sosial məsafə saxlayaq və ən əsası, tibbi maska taxaq. Bu gün dövlət başçısı qapalı məkanlardakı tədbirlərə maska ilə gəlirsə, biz bundan nəticə çıxarmalı, ölkənin birinci şəxsinin məsuliyyətindən nümunə götürməli, həmrəylik nümayiş etdirməliyik. Yalnız bu halda koronavirusla mübarizədən qalib çıxa bilərik.
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 19 iyun.- S.6.