Surinamın Xarici İşlər naziri: Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur

 

İyunun 19-da qarşı tərəfin təşəbbüsü ilə nazir Elmar Məmmədyarovun Surinam Respublikasının Xarici İşlər naziri Yldiz Pollak Beigle ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlər mövcud qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Surinam Respublikasının Xarici İşlər naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs ediblər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə olunub.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Nazir Yldiz Pollak Beigle Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırıb və Bakıya səfəri zamanı ADA Universitetində tanışlığını məmnunluqla xatırladıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

 

Azərbaycan.- 2020.- 20 iyun.- S. 2.