Müdafiə naziri cəbhəboyu zonada
növbəti hərbi hissənin
açılışında iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun
şəxsi heyətinin döyüş
hazırlığının yüksəldilməsi və
sosial-məişət şəraitinin
yaxşılaşdırılması ilə əlaqədar
göstərişinə əsasən həyata keçirilən
tədbirlər davam edir.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər
rəhbər heyəti cəbhəboyu zonada daha bir hərbi
hissənin açılışında iştirak ediblər.
Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb. Binadakı konfrans zalı, arxiv və digər xidməti iş otaqları lazımi mebel və avadanlıqla təchiz edilib. Ərazidə zabitlər və əsgərlər üçün yataqxana binaları inşa olunub. Həmin binalar iş, məişət, silah, eləcə də digər xidməti otaqlardan ibarətdir. Hərbi hissənin ərazisində qarovul xidmətinin təşkili məqsədilə qarovul şəhərciyi və qarovul evi də inşa edilib. Tibb məntəqəsi müasir tibbi avadanlıq, mebel və inventarlarla təmin edilib. Burada stomatoloq, fizioterapiya, prosedur və müalicə üçün digər otaqlar mövcuddur.
Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.
Hamam, camaşırxana və qazanxana kompleksi də müasir avadanlıqla təchiz edilib.
Hərbi hissənin inzibati və xidməti binalarının isti su ilə təchizatı üçün nəzərdə tutulan qazanxanada müasir tipli qazanlar və nasoslar, fasiləsiz elektrik enerjisi ilə təminatı üçün isə generator qurğusu və transformator quraşdırılıb.
Ərazidə su təmizləyici qurğu quraşdırılıb, içməli və yanğından mühafizə su anbarları, həmçinin yeraltı su nasosxanası tikilib.
Şəhərcik ərazisinə yaşıllıq zolağı salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, ərazidaxili yollara asfalt salınıb.
Hərbi hissəyə yüksək gərginlikli elektrik, əsas su və təbii qaz xətləri çəkilib.
Əraziyə baxış keçirən
Müdafiə naziri şəxsi heyətin
sosial-məişət şəraitinin daha
da yaxşılaşdırılması məqsədilə
komandanlığa müvafiq
tapşırıqlar verib.
Azərbaycan.- 2020.- 20 iyun.- S. 4.