Gennadi Brijatyukonun mənəvi dəyərlər dünyası (1935-2008)” adlı kitab işıq üzü görüb

 

Mənəvi Dəyərlərin Təbliği Fondu yarandığı gündən mədəni irsimizin, mənəvi dəyərlərimizin, azərbaycançılıq ideologiyasının təbliği və təşviqi istiqamətində bir sıra fəaliyyətləri həyata keçirməkdədir. Eyni zamanda dəyərlərimizin gənclər arasında təbliğinə töhfə vermiş bir sıra şəxsiyyətlər haqda əsərlərin, mədəniyyətimizdə xüsusi yeri olan tarixi-dini abidələrin tanıdılması, erməni təcavüzünün geniş auditoriya kütləsinə çatdırılması məqsədilə xarici dillərdə nəşrlərin işıq üzü görməsində yaxından iştirak edir.

Bu məqsədlə 2019-cu ildə fond tərəfindən ölkəmizdə rəssamlıq sənətinin inkişafında xüsusi dəstxəti olan Əməkdar rəssam Gennadi Brijatyuk haqqında Azərbaycan dilində kitab nəşr edilmişdir. Qeyd edək ki, dahi rəssam haqqında kitabın müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevdir.

Kitabda rəssamın yaradıcılığının geniş təhlili ilə yanaşı, onun yaradıcılığı boyu ərsəyə gətirdiyi əsərlərin əksəriyyətinin reproduksiyaları verilmişdir. Müəllifin fikrincə, G.Brijatyuk əvvəldən axıra kimi yazılmış həyat və sənət qanunlarını pozmuşsonda da Azərbaycan təsviri sənətində çox dərin iz qoyub getmişdir. Bu gün çoxlarına sönmüş kimi görünən bu "mənəvi ocaq” isə əsl "Brijatyuk dünyası”nın dəyərini bilən bir çoxları üçün həm onun sağlığında, həm də sonradan bədii axtarışlarında yol xəritəsi rolunu oynamışdır. Çağdaş rəngkarlığımızın tanınmış simalarından çoxunun gerçəkliyə, milli bədii-estetik dəyərlərə və rəng plastikasına münasibətlərində "Brijatyuk ruhu” görünməkdədir desək, yanılmarıq. Eləcə də onun çağdaş rəssamlığımızın milli ruhda inkişafına böyük təsiri olmuşdur. Rus əsilli azərbaycanlı rəssam 1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adını almışdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva Rəssamlar İttifaqı, Rusiya Mədəniyyət Nazirliyində, habelə Bakının, Fransanın və Türkiyənin müxtəlif qalereyalarında, Azərbaycan və dünyanın digər ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

Z.Əliyevin görkəmli rəssama həsr olunmuş kitabında Brijatyukun müxtəlif illərdə çəkdiyi "Bahar”, "Yay motivi”, "Köhnə şəhər”, "Neft mədənlərində”, "Qırx pilləkən”, "Qırmızı damlı ev”, "Qürub çağı”, "Mücərrəd kompozisiya”, "Sarı paltarlı qız”, "Düşüncələr”, "Qadın güllə”, "İlğım”, "Mavi ovqat”, "Analıq”, "Mükalimə”, "Lay-lay” və s. kimi bir çox rəsm əsərləri yer almışdır. Onun əsərlərində təbiət nə qədər romantik olsa da, süni ideallaşdırmadan çox uzaqdır. Elə ilk gündən onun arzusu da təbiəti təbii, bər-bəzəksiz təqdim etmək olmuşdu. Bunun üçün o, təbiətin qoynunda müşahidələr aparmaqdan usanmazdı. Elə rəssamın təsvir dilinin əsasını da canlı naturadan aldığı təəssürat və onun təfsiri təşkil edir. Onun qənaətincə, əsərdə görüntüyə gətirilənlərin sona qədər tanınan olması önəmli deyildi. Bu mənada rəssamın əsərlərində görünənlərin yaradıcı təhlilindən sonra onların bədii tutum alması üçün tapdığı dekorativ-miniatür ruhlu rənglər də təbiətdə gördüyünün dəqiq oxşarı yox, ona ekvivalent idi”. Rəssamın əsərlərinə diqqət etsək, bədii-estetik cəhətləri zənginləşdirməklə yanaşı, eyni zamanda milli bədii ənənələrə məxsus dəstxət yaratmağa çalışdığını da görə bilərik.

Mənəvi Dəyərlərin Təbliği Fondu və Z.Əliyevin müəllifliyi ilə ərsəyə gətirilmiş bu kitabda rəssamın bütün həyat yoluna nəzər salınmaqla yanaşı, onun Azərbaycan rəssamlıq sənətinin inkişafı və zənginləşdirilməsindəki rolu da vurğulanmışdır. G. Brijatyuk yaratdığı rəsm əsərlərində tarixi abidələrimizi, zəngin mədəniyyətimizi əks etdirən motivlərə geniş yer ayırmışdır. Elə bu səbəbdəndir ki, Əməkdar rəssamın dəyərli əsərləri bu günöz aktuallığını qoruyub saxlayır. Ümidvarıq ki, rəssamın həyat və yaradıcılığına həsr olunmuş bu kitab da Gennadi Brijatyuk yaradıcılığının və Azərbaycan rəssamlıq sənətinin qiymətləndirilməsinə bir töhfə olacaqdır.

 

Rəşid PAŞALI,

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi

 

Azərbaycan.- 2020.- 21 iyun.- S. 6.