Elmar Qasımov: “Tələbələr
təhsilverəndən güzəşt yox,
keyfiyyətli təhsil tələb etməlidirlər”
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov mətbuat üçün müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Elmar müəllim,
mövcud vəziyyətlə əlaqədar
təhsil sahəsində istər dövlət tərəfindən,
istərsə də sahəyə aidiyyəti qurum
kimi Təhsil Nazirliyi
tərəfindən tələbələrə dərs
prosesində və imtahanlarda xeyli güzəştlər olundu. Təhsil sahəsində
uzunmüddətli təcrübəsi olan biri kimi bu
güzəştləri necə xarakterizə edərdiniz?
- Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan pandemiya dövründə ən uğurlu strategiya seçən ölkələrdən biridir. Pandemiyanın mənfi təsirlərini minimuma endirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə preventiv tədbirlərin görülməsi həm ölkə əhalisinin sağlamlığının, həm də iqtisadi dayanıqlığın təmin edilməsi baxımından bir çox ölkələr üçün uğurlu nümunədir.
Təhsil sisteminə gəlincə isə, pandemiya ümumilikdə dünyada tədrisin formatını dəyişdi. Təhsil sistemində tədrisin fasiləsizliyinin təmin edilməsi əsas şərtdir və bunu klassik üsullarla təmin edə bilmədikdə alternativ mexanizmlər işə salınmalı idi. Sevindirici haldır ki, dünyanın bir sıra ölkələrində tətbiq edilən distant təhsilə keçid ölkəmizdə uğurla və sürətlə baş verdi.
Dövlət başçımızın birbaşa təşəbbüs və göstərişləri, Nazirlər Kabinetinin qərarları, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində yerli təhsil idarəetmə sistemi vaxtında avtomatlaşdırıldı.
Təhsil Nazirliyi tərəfindən teledərslərin təşkili, "Virtual məktəb” layihəsinin reallaşdırılması, müəllimlərə təlimlərin keçirilməsi və mentor dəstəyinin göstərilməsi, şəxsən təhsil naziri Ceyhun Bayramov tərəfindən bir neçə dəfə ali təhsil müəssisələrinin rəhbərləri, Tələbə Gənclər təşkilatlarının təmsilçilərilə aparılan onlayn müzakirələr də bu prosesə öz töhfəsini verdi. Ümumiyyətlə, nazirlik bu müddətdə səmərəli təkliflərimizi yüksək qiymətləndirdi və onların icrası istiqamətində dəstəyini əsirgəmədi.
Bilirsiniz ki, ötən müddət ərzində ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkili uğurla təmin edilib. Son statistikaya görə, dərslərə 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub.
Bundan başqa, Nazirlər Kabinetinin "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı da zamanında həssaslıqla verilmiş bir qərar idi. Qərarın ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan 22 mindən artıq həssas əhali qrupuna aid olan tələbəyə şamil edilməsi bu çətin günlərdə vətəndaşlara önəmli dəstəkdir. Məlum olduğu kimi, qeyd edilən kateqoriyalardan olan tələbələrin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada dövlət büdcəsi hesabına ödəniləcək. Yeri gəlmişkən onu da qeyd edim ki, tələbələr təkrar imtahanlar üçün ödənişlərdən də azad edilib.
Ümumi təhsil müəssisələrində yekun qiymətləndirmələrin aparılması, buraxılış imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyaları ilə bağlı aidiyyəti qurumlar tərəfindən düzgün qərarlar qəbul edildi. Bu kontekstdə mən ayrı-ayrı təhsil müəssisələrinin də tələbələr üçün etdiyi güzəştləri yüksək qiymətləndirirəm. Tələbələrin lehinə bir çox önəmli qərarlar qəbul edildi, ali təhsil müəssisələri istər onlayn dərslərdə iştirakla bağlı, istər imtahan və buraxılış işləri ilə bağlı, istərsə də təhsil haqqı ilə bağlı yumşaldıcı tədbirlər həyata keçirdi.
- Elmar müəllim, bu müddət ərzində rəhbərlik etdiyiniz Bakı Ali Neft Məktəbi hansı işlər gördü?
- Bakı Ali
Neft Məktəbi (BANM) onlayn
təhsilə keçiddə bir çox ilklərə imza
atdı. Elmi Şuranın vaxtında verdiyi qərarlarla distant təhsili
uğurla formalaşdırmaq mümkün oldu. Onlayn təhsilin
nəticələrinin qiymətləndirilməsi üçün ölkəmizdə ilk dəfə olaraq onlayn final imtahanları
BANM-də keçirildi. İmtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması
sistemi) üzərindən
reallaşdırıldı. Ənənəvi imtahanlardan
fərqli olaraq bu dəfə imtahanlar test üsulu ilə keçirildi ki, bu isə qismən də olsa sualların
yumşaldılması demək
idi.
Bundan əlavə, ABŞ-ın
Stanford Universitetinin lisenziyalı
"Coursera for Campus” qlobal
distant tədris proqramının
təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə edən Bakı Ali Neft Məktəbinin tələbələrinə müvafiq
fənlər üzrə
final imtahanlarından azad
olmaq imkanı yaradıldı. Buraxılış işlərinin onlayn
müdafiəsi prosesi
də problemsiz başa çatdı.
2019/2020-ci təhsil
ilində tədris planlarının bütün
şərtlərini yerinə
yetirmiş və tədris olunan bütün fənlər üzrə attestasiyalardan müvəffəqiyyətlə keçmiş V kurs tələbələri buraxılış
işlərini və magistrantlar isə dissertasiya işlərini onlayn şəkildə müdafiə etdilər. Müdafiə prosesi "MS Teams” onlayn platforması üzərindən
canlı formada Yekun Dövlət Attestasiya və İxtisaslaşdırılmış Elmi Şuranın üzvlərinin iştirakı
ilə təşkil olundu.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil
haqqı xərclərinin
dövlət tərəfindən
ödənilməsi üzrə
Nazirlər Kabineti tərəfindən təsdiq
edilən tədbirlər
planına əsasən,
Bakı Ali Neft Məktəbinin bu kateqoriyaya uyğun olan tələbələrinə
sözügedən kompensasiyadan
yararlanmaq imkanı yaradılıb.
Bütün bunlarla yanaşı, bir məqama da diqqət çəkmək
istəyirəm ki, bizim ali
məktəbin tələbələri
tətbiq edilən güzəştlərdən ən
az yararlanan tələbələr oldu.
Birinci imtahan güzəştləri
ilə bağlı qərar qəbul edilənədək bizim tələbələr artıq
final imtahanlarını verib
bitirmişdi. Bu da BANM-in Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramları əsasında təhsil həyata keçirməsi
ilə bağlıdır.
Biz semestr dərslərinə
də digər universitetlərə nəzərən
daha tez başlayırıq.
İkinci səbəb
isə ali
məktəbdə tədrisin,
dərslərin və
imtahanların keyfiyyətini
təmin etməklə
bağlı təsdiq
olunmuş standartlar var ki, biz bu
tələblərə əməl
etməliyik. Tələbələrimiz də bu qaydaları çox yaxşı bilir.
Onlarla onlayn görüşlərdə
mən dəfələrlə
bildirmişəm ki, müasir əmək bazarında əldə edəcəyiniz diplomlardan
daha çox sizin biliyinizə, sosial bacarığınıza
və təcrübənizə
önəm verəcəklər. Bu baxımdan hər hansı güzəştlər
kontekstində dərslərdən
azad olmaq, imtahanlarda güzəşt
əldə edərək
böyük bir semestri başa vurmaq gələcəkdə
onların xeyrinə olmaya bilər. Sevinirəm ki, tələbələrimiz
də bunu anlayışla qarşıladı.
Fürsətdən istifadə edib
onların hər birinə təşəkkür
edirəm.
Hesab edirəm ki, müasir dövrün tələbələri imtahan
güzəşti gözləməməlidir,
var gücü ilə çalışmalı,
çətin vəziyyətə
uyğunlaşmağı, gələcəyə
yönəlik qərarlar
qəbul etməyi bacarmalıdırlar. Lakin mən gedən
prosesləri izləyirəm
və şahidi oluram ki, digər
universitet tələbələri
hələ də daha çox güzəşt olunmasını
tələb edirlər.
Onların hər biri bizim övladlarımızdır,
təbii ki, hamımız onların ən az
zərərlə bu proseslərdən çıxmasını
istəyirik. Amma eyni zamanda onların gələcək
təminatını da
düşünməliyik. Bu gün onlar
təhsilverənləri anlamaya
bilərlər, amma əmin olsunlar ki, indi verilən
qərarlar gələcəkdə
daha çox köməklərinə çatacaq.
Azərbaycan.- 2020.-24 iyun.- S.5.