Prezidentin gündəliyində
koronavirusla mübarizə birinci plandadır
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun
24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının
modul tipli infeksion xəstəliklər korpusunun
açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı və birinci xanım yeni tibb müəssisəsində
yaradılan şəraitlə tanış
olublar.
Azərbaycan Prezidenti İlham Əliyevə
və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, digər
modul tipli infeksion xəstəliklər korpuslarında olduğu
kimi burada da orta simptomları olan infeksion koronavirus xəstələrin
qəbulu və müalicəsi üçün şərait
yaradılıb. Bildirilib ki, eyni zamanda, yeni tibb müəssisəsinin
daha ağır simptomları olan xəstələrin qəbulu
üçün əlavə avadanlıqlarla təchiz
olunması istiqamətində işlər görülür.
Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və
200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş
oksigen generator sistemi, həmçinin xüsusi havalandırma
sistemi ilə təchiz olunub. Bu sistem havanı
ventilyasiya qurğusu ilə təmizlədikdən sonra
palatalara ötürəcək.
Modul tipli infeksion xəstəliklər
korpusu ilə tanışlıqdan sonra dövlətimizin
başçısı və birinci xanım bir qrup tibb
işçisi ilə görüşdülər.
Prezident İlham Əliyev görüşdə
çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün Gəncə şəhərində
modul tipli xəstəxana açılır. Bu əlamətdar
hadisə münasibətilə sizi təbrik edirəm.
Qısa müddət ərzində 200
çarpayılıq, müasir texnologiyalar əsasında
quraşdırılan xəstəxana artıq istifadəyə
verilir. Nəzərə alsaq ki, koronavirusla mübarizə
davam edir, bu xəstəxananın çox böyük əhəmiyyəti
vardır.
Ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana
açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində,
biri isə Abşeron rayonunda artıq fəaliyyətə
başlayıbdır. Yaxın həftələrdə
digər şəhərlərdə də bu tipli xəstəxanalar
istifadəyə veriləcək. Beləliklə,
bu xəstəxanaların sayı 10-a çatacaq. Bu, bizə imkan verəcək ki, əlavə 2 min
çarpayı əldə edək. Nəzərə
alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu,
COVID-19-a qarşı mübarizədə öz rolunu
oynamalıdır.
Bu xəstəxanaların tikintisi ilə əlaqədar
qərar aprel ayında qəbul edilmişdir. O vaxt xəstələrin sayı kifayət
qədər az idi. Eyni
zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında
xəstələnənlərin və sağalanların
arasında fərq müsbət idi. Daha
çox insan sağalırdı, nəinki xəstələnirdi.
Amma buna baxmayaraq, hesab etdik ki, əlavə
çarpayıların əldə edilməsi də faydalı
ola bilər. Həyat göstərdi
ki, bu nə qədər düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı
artır və beləliklə, bizə yeni çarpayılar
lazımdır.
Bütövlükdə deyə bilərəm
ki, əgər son illər ərzində mənim göstərişimlə
ölkəmizin hər bir yerində, o cümlədən
Bakı şəhərində müasir xəstəxanalar
tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə
çox böyük problemlərlə üz-üzə qala
bilərdik. Son illərdə ölkəmizin səhiyyə
sisteminin möhkəmləndirilməsi işində ən
vacib məsələlərdən biri yeni xəstəxanaların
tikilməsi, köhnə xəstəxanaların isə əsaslı
təmiri və bərpası olmuşdur. Beləliklə,
bizim şəhərlərin mütləq əksəriyyətində
xəstəxanalar tikilib və bir neçə şəhərdə
tikinti davam edir. Sonuncu xəstəxana Samux
şəhərində istifadəyə veriləcəkdir.
Bu məqsədlər üçün vəsait
ayrıldı və əlavə vəsait də ayrılacaq.
Bu gün Bakı şəhərində
koronavirus xəstələri daha çox son illər ərzində
inşa edilmiş xəstəxanalarda müalicə alırlar.
Xüsusilə "Yeni klinika”nı qeyd etməliyəm.
O, ölkəmizdə ən gözəl, ən müasir
klinikadır və ən böyük tibb ocaqlarından biridir.
Təxminən 600 çarpayılıq klinikada
bu gün xəstələr müalicə alır. Eyni
zamanda, bir neçə il bundan əvvəl
mənim təşəbbüsümlə tikilmiş Azərbaycan
Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə
korpuslarının fəaliyyəti hesabına biz xəstələri
müalicə edirik.
Koronavirusla əlaqədar ilkin mərhələdə
qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən
qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin
ümumi sayı ilə müqayisədə çox
aşağıdır. Cəmi 13 min insan
yoluxmuşdur. Onların böyük əksəriyyəti
sağalıb və xəstəxanalardan
çıxıbdır. Ona görə
qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin
çox böyük faydası olmuşdur.
Bildiyiniz kimi, bütün dünya bu xəstəlikdən
əziyyət çəkir və xəstələrin
sayının kəskin artması bir çox ölkələrin
səhiyyə sisteminə də böyük zərbə
vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə
sistemi belə sürətlə artan xəstələrin
müalicəsinə hazır deyildi. Bu,
mümkün də deyildi. Eyni zamanda, digər
problem xəstələrə xidmət edən həkimlərin
sayı ilə bağlıdır. Həkimlərin
sayı 2-3 ay ərzində arta bilməz. Ona
görə bu da bir çox ölkələr
üçün böyük problemə çevrilmişdir, o
cümlədən bizim üçün. Odur
ki, məhdudlaşdırıcı tədbirlərin
görülməsində böyük fayda olmuşdur.
Bildiyiniz kimi, may ayının əvvəlindən
artıq yumşalma meyilləri başlamışdır. Bunun da səbəbi o idi ki, bir daha qeyd etmək istəyirəm,
sağalanların sayı yoluxanların sayından çox
idi.
Ancaq son müddətin dinamikası göstərir
ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi
insanlar məsuliyyətsizlik göstərərək elementar
qaydalara əməl etmirlər. Bu qaydalar haqqında
artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb
mütəxəssisləri deyib, müxtəlif insanlar deyib.
Təkcə Azərbaycanda yox, bütün
dünyada bu qaydalar çox sadədir və onlara əməl
etmək o qədər də böyük əziyyət tələb
etmir - maska, məsafə və dezinfeksiya. Bu
üç əsas amil insanları qoruyur. Əgər
bu üç amilə əməl olunarsa, onda yoluxmanın
sayı kəskin azalacaq. Ancaq biz nəyi
görürük? Onu görürük ki,
yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar
kütləvi surətdə pozulur və məhz buna görə
biz yenidən məhdudlaşdırıcı tədbirləri
tətbiq etdik. Çünki
görürdük ki, xəstələnənlərin sayı,
dinamikası artır və əgər belə gedərsə,
bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz.
Ona görə bu həftənin əvvəlindən
Bakı şəhərində və bir neçə digər
şəhərlərdə daha da sərt karantin rejimi tətbiq
edilir. Bunun əsas və yeganə səbəbi
odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl
etmirlər. Bu sərtləşdirilmiş
rejim nə qədər davam edəcək, bunu həyat və
koronavirusun yayılması göstərəcək.
Həkimlər yaxşı bilirlər və
artıq ictimaiyyətə də dəfələrlə bu
fikir çatdırılıb ki, sərtləşdirilmiş
tədbirlərin əsas məqsədi yoluxmanın sürətini
azaltmaqdır. Hər kəs yaxşı başa düşür
ki, koronavirus yoxa çıxmayıb və yoxa
çıxmayacaq. Biz bu xəstəliklə
yaşamağa məcburuq və artıq kütləvi surətdə
yeni davranış qaydaları tətbiq edilməlidir. Ona
görə bütün ölkələrin əsas səyləri
odur ki, yoluxmanın sürəti azalsın, az
insan xəstələnsin və ölkələrin səhiyyə
sistemi imkan versin ki, bütün xəstələr lazımi
müalicə alsınlar. Odur ki, biz bu
addımı atdıq və hesab edirəm ki, düz
etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə
gedərək, daha çox yumşaldıcı addımlar
atır. Təbii ki, bunun əsas səbəbi
iqtisadi sahədə olan problemlərdir.
Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir
ki, bizim iqtisadiyyatımız da tənəzzülə
uğrayıb. O qədər də böyük tənəzzül
deyil - cəmi 1,7 faiz. Ancaq
biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər
nümayiş etdirmişdik. Bizim çox
böyük planlarımız, çox gözəl perspektivlərimiz
var idi. Bütün aparıcı beynəlxalq maliyyə
qurumları da 2020-ci ili Azərbaycanda
sürətli inkişaf ili kimi görürdülər və
bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı
tədbirləri gördük və deyə bilərəm,
dünyada ilk ölkələrdən idik ki, bütün
lazımi məhdudlaşdırıcı tədbirləri
gördük, məktəbləri, ali məktəbləri,
ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini
bağladıq ki, kütləvi yoluxmanın qarşısı
alınsın.
Ona görə hesab edirəm ki, biz
düzgün addım atmışıq. Çünki bir daha demək
istəyirəm, - mən bunu demişəm, - mənim
üçün insanların sağlamlığı əsas
prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə
uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər
bizi hansı problemlər gözləyir. Hər
kəs bunu bilməlidir. Eyni zamanda,
dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib.
Əlbəttə, o böyük çökmənin
qarşısı alınıb və neftin qiyməti tədricən
bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin
55 dollarına hesablanıb və beş
ayın nəticəsində neftin orta qiyməti 41
dollardır. Ona görə bizim gəlirlərimiz
azalır. Bir neçə önəmli
iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb.
Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox
güclü və təkanverici sektor kimi
formalaşdırmışdıq və ildən-ilə Azərbaycana
gələn turistlərin sayı artırdı. Keçən
il rekord həddə
çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş
gəlmişdir. Müxtəlif hesablamalara
görə, onlar Azərbaycanda təqribən bir yarım – iki
milyard dollar pul xərcləyiblər. Bu,
ölkəmizə gələn valyutanın artması deməkdir.
Yəni, biz bundan məhrum olduq.
Bir neçə başqa sektor artıq uzun
müddətdir ki, fəaliyyətsizdir. Dövlət o sektorların
və orada çalışan insanların problemlərini
öz üzərinə götürübdür. Biz indi
600 mindən çox insanı lazım olan vəsaitlə təmin
edirik və 190 manatın verilməsi müddəti
uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və
böyük xərclər deməkdir. Amma biz
bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı
təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə
işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə
qalıblar və kim onlara kömək edəcək?!
Azərbaycan dövləti hər zaman Azərbaycan
vətəndaşının yanındadır.
Ona görə həm birinci mərhələdə
- sərtləşdirilmiş məhdudlaşdırıcı
tədbirlər tətbiq olunanda və bu gün biz məcbur
olub növbəti dəfə bu addımlara getdik, şəxsən
mənim üçün seçim yox idi. İlk növbədə,
insanların həyatı və onların
sağlamlığıdır. İqtisadi
problemlər arxa planda olmalıdır.
Bir də ki, biz son illər ərzində
görülmüş işlər, aparılmış
islahatlar nəticəsində iqtisadi gücümüzü
böyük dərəcədə artırmışıq. Bizim iqtisadiyyatımız
sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab
edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə
problemlər kəskinləşsə də, insanların həyat
tərzinə bunun böyük təsiri olmayacaqdır. Heç bir sosial layihə ixtisar edilməyib. Bu gün mənim Gəncəyə səfərim
çərçivəsində açılan və
açılacaq obyektlərin sayı onu göstərir. Heç bir sosial layihə ixtisar edilməyib, əksinə,
biz 10 modul tipli xəstəxananın tikintisini təmin edirik.
Biz məcburi köçkünlər
üçün yeni şəhərciklər salırıq.
Onlardan biri də Samux rayonundadır. Yeni məktəblər tikilir. Bu gün Gəncədə
Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə
yeni yaşayış kompleksinin tikintisi ilə tanış
olmuşam. Orada da məktəb, bağça
tikilir. Bütün bunlar dövlət
büdcəsi hesabına təmin edilib.
Mən demişəm ki, sosial sahədə
heç bir ixtisar olmayacaq. Hesab edirəm ki, koronavirus
pandemiyasının miqyasından asılı olmayaraq, ilin
sonuna qədər insanların yaşayış səviyyəsi
dəyişməz olaraq qalmalıdır. Keçən il isə, - hər kəs yaxşı bilir, -
çox böyük sosial paket tətbiq olundu. Minimum
əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70
faiz artdı. Müavinətlər 50 faiz,
100 faiz artdı. Problemli kreditlər
kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq
verildi. Yəni, bu məqsədlər
üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə
üçün 3 milyard manatdan çox vəsait nəzərdə
tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi
və biz yeni avadanlıqlar alırıq. İndi
23 laboratoriyamız var. Amma, eyni zamanda, problem ondadır ki,
artıq fevral, mart aylarında sifariş edilmiş
avadanlığı, hansısa cihazı biz bəzən ala
bilmirik. Çünki bunu istehsal edən
ölkələr onu satmır, özləri üçün
saxlayırlar. Problem bundadır.
Ona görə ölkəmiz bu problemlə
üzləşib və biz çalışmalıyıq ki,
bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən
atılmış addımlar əgər kütləvi surətdə
ictimaiyyət tərəfindən dəstəklənməsə,
bunun xeyri olmayacaq. Dəstək isə nədən
ibarətdir? Sadəcə olaraq,
üç adi qaydanı gözləmək, buna əməl
etmək və məsuliyyət, nizam-intizam göstərmək.
Biz birlik, həmrəylik nümayiş
etdirmişik. Çətin vəziyyətdə
olan insanların problemlərini həll edirik, o cümlədən
ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin
üzərindədir. Aztəminatlı təbəqəyə
yardımlar edilir. Mənim təşəbbüsümlə
yaradılmış Koronavirusla Mübarizəyə Dəstək
Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100
milyon manatdan çox vəsait daxil edilib. Bu,
böyük vəsaitdir və həmrəyliyin təzahürüdür.
Necə ki, həmrəylik, birlik göstəririk,
məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin
liderləri qeyd edir ki, bu, müharibədir və burada
düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə
nə vaxt bitəcək. Bunu heç kim
deyə bilməz. İndi əlbəttə ki, hər
kəs peyvəndi gözləyir, o cümlədən də
biz. Amma bəzi həkimlərin fikrinə
görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv
edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ
bunun üzərində iş aparılır. Amma
yoluxanların sayı artır, beləliklə, təhlükə
də artır. Ona görə burada ancaq və
ancaq vətəndaşların məsuliyyəti ön planda
olmalıdır.
Dövlət nə lazımdırsa, onu
edir. Bundan artıq nəsə etmək mümkün deyil.
Çünki nə lazım idisə, biz onu
etmişik və edəcəyik. Bu məqsədlər
üçün istənilən vəsaiti xərcləməyə
hazırıq, vəsaitimiz də var və heç kimdən də
asılı deyilik. Bəzi ölkələrdən
fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə
qurumlarının məlumatına görə, dünyada 150
ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi.
Azərbaycan etməyib. Çünki
ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz
də var və xərcləyirik. Amma gərək
indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq
olmalıdır. Qapalı yerlərdə
maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq
edilməlidir. Amma, eyni zamanda, bunu görən
başqa vətəndaş onu tənbeh etməlidir, onu
başa salmalıdır. Gözləməməlidir
ki, polis gələcək, onu cərimələyəcək.
Polis də insanları qorumaq üçün
gecə-gündüz küçələrdədir, gecə-gündüz
fasiləsiz işləyir. Ona görə
qapalı şəraitdə hər kəs maska
taxmalıdır.
Mən maska ilə gəzirəm. Göstərmişəm,
bir daha göstərirəm. Bütün
qapalı yerlərdə maska taxıram. Yaxşı,
indi Prezident bunu edirsə, niyə başqası edə bilməz?
Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem
yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik
və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri
üçün bu xəstəlik o qədər də təhlükəli
deyil və hesab edir ki, xəstələnərəm,
sağalaram. Axı, yaxşı sən
sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan.
Sən onun həyatını təhlükə
altına atırsan. Biz bu məsuliyyətsizliyə
dözməliyikmi? Çünki bu, cinayətdir.
Ona görə ictimai qınaq və çox
ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ
Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət
nəzarəti olmalıdır. Belə olan halda biz
bütün tədbirləri daha operativ şəkildə
görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər
yaxşı bilir. Bir xəstənin
müalicəsi üçün nə qədər həkim
çalışır, nə qədər həkim gecə-gündüz
o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə,
maskada əziyyət çəkir. Biz həkimlərin
fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də
ölür. Bir daha demək istəyirəm
ki, bizim indi nə qədər həkimimiz var,
hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur.
Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu
gün, misal üçün 300-400 adam
yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik.
Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar
tikilir və bizim boş çarpayılarımız var, ancaq
həkimlərin sayını necə artıra bilərik?!
Gərək hər kəs bu haqda fikirləşsin,
hər kəs düşünsün.
İdarələrdə idarə rəhbərləri
görəndə ki, onun işçisi maska taxmır, əlbəttə,
tədbir görməlidir, dərhal reaksiya verməlidir,
müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə,
mən deyəcəyəm ki, cərimələrin həcmini
artırsınlar. Çünki indi
böyük imkanlara sahib olan adamlar nə üçün 50
manat, 100 manat cərimə verirlər. O
çıxır, maşınına oturur, hara istəyir gedir.
Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ
bilmək olmur. Çünki hər kəsi
saxlamaq da mümkün deyil. Cəriməni
verir gedir, sonra istədiyini edir. Ona görə
mən tapşırıq vermişəm ki, dövlət
orqanları, yerli icra orqanları, hüquq mühafizə
orqanları tərəfindən bu məsələyə daha
ciddi nəzarət olmalıdır. Çünki
bu, milli təhlükəsizlik məsələsidir.
İndi görün inkişaf etmiş
ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə
böhran həddinə çatıb. O ölkələrin
ki, dövlətçilik ənənələri yüzilliklərlə
ölçülür və o ölkələrin səhiyyə
sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da
bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm,
hər kəs üçün əsas olmalıdır - həm
vətəndaşlar üçün, - onlar daha məsuliyyətli
olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət
məmurları üçün. Dövlət
nəzarəti, ictimai nəzarət, vətəndaşların
nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra
da pozulur, onda fikirləşərik, daha hansı təsirli
addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı
daha ciddi tədbirlər görülsün.
Bütün bunlarla bərabər, eyni
zamanda, deməliyəm ki, həyat davam edir. Biz bu il nəzərdə
tutulmuş bütün proqramları icra etməliyik. Bu gün Gəncə şəhərində bir
neçə vacib obyektin açılışı nəzərdə
tutulur. Mən bu gün artıq yeni zavodun
açılışında iştirak etdim. Mənə verilən məlumata görə, orada
300-dən çox insan işlə təmin ediləcək.
Bu zavodda istehsal olunan məhsullar idxalı əvəzləyəcək
və yerli bazarı təmin edəcək.
Gəncə şəhərinin tarixi abidələrinin
bərpası ilə əlaqədar mənim tərəfimdən
müvafiq göstərişlər verilib. Yaxşı bilirsiniz ki,
bütün xalqımız üçün çox əziz və
müqəddəs olan "İmamzadə” tarixi-dini kompleksinin
yenidən qurulması, onun genişləndirilməsi, orada məscidin
tikilməsi və digər tikililərin yaradılması təmin
edilib. Bu gün "Şah Abbas” və
"Uğurlu Xan” karvansaralarının bərpadan sonra
açılışını edəcəyik. Mənim göstərişimlə Gəncə şəhərində
ikinci "ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək.
Çünki indi şəhərin əhalisi
çoxalır və "ASAN xidmət” mərkəzlərində
xidmətlərin sayı artır. Ona
görə növbələr yaranır. Göstəriş
vermişəm, yaxın zamanlarda ikinci "ASAN xidmət” də
istifadəyə veriləcəkdir. Gəncə
Dövlət Dram Teatrının binasının tikintisi gedir.
Yadımdadır, mənim Gəncəyə səfərlərimin
birində Dram Teatrının artistləri mənə
müraciət etmişdilər. Mən bu
müraciəti qəbul etdim və göstəriş verdim
gözəl Dram Teatrı tikilir. İkinci
Olimpiya İdman Mərkəzi tikilir. Çünki
o vaxt birinci mərkəz tikiləndə mən hələ
prezident vəzifəsində deyildim, Milli Olimpiya Komitəsinin
prezidenti kimi bu işi icra etmişdim. Ancaq
ikinci idman kompleksinə ehtiyac var.
Bilirsiniz ki, mənim göstərişimlə
Gəncə Dövlət Filarmoniyası tikilib və bu,
çox gözəl memarlıq abidəsidir. Eyni zamanda, lazım olan
infrastruktur layihələri icra edilir. Bildirməliyəm
ki, ölkəmizdə birinci "Yaşıl şəhər”
layihəsi mənim göstərişimlə Gəncə
şəhərində həyata keçiriləcək. Bu məqsədlə biz Avropa Yenidənqurma və
İnkişaf Bankından təqribən 70 milyon avro dəyərində
kredit götürürük. Onu da bildirməliyəm
ki, bu gün mənim göstərişimlə kreditlərin
götürülməsi ancaq müstəsna hal kimi
mümkündür. Çünki bizim
özümüzün kifayət qədər vəsaitimiz var.
Mən istəyirəm ki, bizim xarici dövlət borcumuz daha da
aşağı düşsün. Baxmayaraq
ki, indi də 20 faizin altındadır. Ancaq
strateji və texnologiya tutumlu layihələr üçün
kreditlər götürürük və bu kreditin
götürülməsinə mən icazə verdim. Gəncədə icra ediləcək
"Yaşıl şəhər” layihəsi ictimai nəqliyyatı
əhatə edəcək. Ondan sonra
küçələrin işıqlandırılması, -
bilirəm, bu məsələ ilə bağlı problem var, -
bir də bərk məişət tullantılarının
utilizasiyası. İlkin mərhələdə
insanları narahat edən bu üç məsələ
öz həllini tapacaqdır. Əlbəttə
ki, biz bundan sonra da dövlət büdcəsi hesabına
bütün lazımi addımları atacağıq.
Mən Gəncə şəhərinə
müntəzəm olaraq gəlirəm. Bu səfərim prezident kimi
16-cı səfərdir. Yəni, orta hesabla
ən azı ildə bir dəfə mən Gəncədə
oluram. Gəncə bu gün ölkəmizin
həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət
mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə
ki, tarixin qorunması hər birimizin işidir.
Eyni zamanda, çox şadam ki, son vaxtlar kənd
təsərrüfatının sürətli inkişafı və
kənd təsərrüfatı ilə məşğul olan
insanların maliyyə vəziyyətinin
yaxşılaşdırılması nəticəsində bu
sahəyə böyük maraq var. Dövlət Aqrar
Universitetinə müraciətlərin sayı artır. Artıq yeni korpusun tikintisi başa
çatır, bu gün tanış
olacağam. Ölkəmiz üçün
lazım olan mütəxəssislər Gəncədə
yetişdiriləcək.
Yenə də demək istəyirəm, həyat
davam edir. Bütün lazımi işlər görülür.
Ancaq, əlbəttə ki, bizim gündəliyimizdə
koronavirusla mübarizə birinci plandadır. Burada bütün dövlət tədbirləri ilə
bərabər, əsas vəzifə həkimlərin üzərinə
düşür. Bir daha demək istəyirəm
ki, həkimləri mən salamlayıram, onların fəaliyyətini
yüksək qiymətləndirirəm. Bu
yaxınlarda həkimlər öz peşə
bayramlarını qeyd etmişlər. Bu
münasibətlə sizi təbrik edirəm və sizə yeni
uğurlar arzulayıram. Koronavirusla
bağlı mübarizədə siz ön cəbhədəsiniz
və öz sağlamlığınızı, həyatınızı,
yaxınlarınızın sağlamlığını risk
altına qoyursunuz. Ancaq sizdə olan vətəndaşlıq
borcu sizi bu işlərə sövq edir.
Sizə uğurlar, cansağlığı
arzulayıram.
Özünüzə yaxşı baxın, xəstələrə
yaxşı baxın ki, biz birlikdə bu ağır vəziyyətdən
az itkilərlə çıxaq. Sağ
olun.
Həkim Xalidə Sadıqova dedi:
-Möhtərəm cənab Prezident, mən
Sizi və hörmətli Mehriban xanımı Gəncə tibb
işçiləri və gəncəlilər adından
salamlayıram. Yeni növ koronavirus infeksiyasının ölkəmizdə
geniş miqyasda yayılmasına qarşı Sizin
tərəfinizdən bir çox mühüm tədbirlər
görülüb və görülməkdədir. Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının
açılması, onların müasir tibbi avadanlıqlarla,
dərmanlarla təchizatıdır. Bu
gün modul tipli xəstəxananın Gəncədə
açılması, tək Gəncədə deyil, Gəncəətrafı
rayonlarda yaşayan, yoluxan insanların xəstəxanalara təcili
təxliyə olunması, onların yüksək səviyyədə
müalicə edilməsi üçün çox vacibdir.
Biz həkimlər də bundan yararlanıb Sizə
söz veririk və əmin edirik ki, bu çətin günlərdə
əlimizdən gələni var gücümüzlə edəcəyik.
Xalqımızın
sağlamlığının qorunması istiqamətində səylərimizi
əsirgəməyəcək və Sizin dəstəyinizlə,
İnşallah, bu çətin sınaqdan
alnıaçıq çıxacağıq.
Mehriban xanım, fürsətdən istifadə
edib Gəncə səhiyyə işçiləri adından həmişə
bizə dəstək göstərdiyiniz üçün Sizə
də dərin təşəkkürümü bildirirəm. Sizə və ailənizə
cansağlığı, böyük işlərinizdə
uğurlar arzulayıram.
Birinci xanım Mehriban
Əliyeva: Çox sağ olun.
Xalidə Sadıqova: Allah Sizləri qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Həkimləri bir daha alqışlayaq.
Həkimlər: Sağ olun.
Azərbaycan.-
2020.- 25 iyun.- S.1; 3.