Azərbaycanın Baş prokuroru Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

 

İyunun 24-də Baş prokuror Kamran Əliyev Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamran Əliyev ölkələrimiz arasında dərin tarixi köklərə malik münasibətlərin inkişafından söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib.

Kamran Əliyev dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışaraq, cinayətkarlıqla, xüsusən də korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, habelə Avropa ölkələrinin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Həmçinin prokurorluq əməkdaşlarının ümumi peşə hazırlığının artırılması və təcrübə mübadiləsinin aparılması məqsədilə tərəfdaş ölkələrin, o cümlədən Almaniyanın dövlət qurumları və təhsil müəssisələri ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verildiyi qeyd olunub.

Səfir Volfqanq Maniq ölkəmizdə görülən işləri, aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yaranmış yeni idarələrin fəaliyyət istiqamətləri, habelə prokurorluq orqanlarına qəbul proseduru, gənc prokurorluq əməkdaşlarının peşə hazırlığı səviyyələrinin artırılması məsələləri ilə dərindən maraqlanıb. O, xalqlarımız və ölkələrimizin mənafeləri, ikitərəfli münasibətlərin inkişafı naminə, habelə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları, o cümlədən prokurorluq orqanları ilə əməkdaşlıq istiqamətində münasibətlərin inkişaf edəcəyinə səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumat verilib, bir sıra digər məsələlər müzakirə edilib, faydalı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.-25 iyun.- S.7.