Ölkələrin koronavirusdan
xilası: karantin rejimi
yenidən sərtləşdirilir
"Pandemiya güclənir: yeni yoluxma hallarının sayı rekord həddə - gündə 183 minə çatıb. Biz dünyanın bütün ölkələrini əhalinin sağlamlığının qorunması sahəsində tədbirləri gücləndirməyə çağırırıq”. Bunu ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus bildirib.
ÜST-ün iyunun 23-nə olan hesabatına görə, dünyada təsdiqlənən koronavirusa yoluxma sayı 9,3 milyonu, ölənlərin sayı 469 mini keçib. Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb. Üçüncü yeri isə Qərbi-Sakit okean regionu tutur.
COVID-19 infeksiyası yeni yayılmağa başladığı zamanlar mütəxəssislər ümid edirdilər ki, havalar isindikcə günəşin ultrabənövşəyi şüaları virusu məhv edəcək. Lakin sonradan bu proqnozlar nəinki özünü doğrultmadı, əksinə, yay aylarında yoluxma daha da artdı. Son zamanlar isə COVID-19 infeksiyası daha aqressiv və aktiv olmağa başlayıb - xəstələrin sağalma müddəti uzanıb, yoluxanlar arasında gənclər çoxdur və sairə. Məhdudiyyətlərin yumşaldılması da virusun yenidən sürətlə yayılmasına səbəb olub.
Bu da ölkələri karantin rejimi qaydalarını yenidən sərtləşdirməyə məcbur edir.
Virusun ikinci dalğası birincidən
daha ağır ola bilər
Venesuela Prezidenti Nikolas Maduro ölkədə yoluxma hallarının sayının
4000-i aşmasından sonra
koronavirus infeksiyasının
"təhlükəli həddə
çatması” haqqında
bəyanat verib. Prezident koronavirusun
bu qədər geniş yayılmasını
venesuelalıların qonşu
Kolumbiya və Braziliyadan qayıtması ilə əlaqələndirib.
Belə ki, koronavirus pandemiyası başlanandan
bəri 70 mindən çox venesuelalı öz ölkəsinə qayıdıb. Buna görə N.Maduro əhalini COVID-19-la mübarizə
üçün karantinə
riayət etməyə
çağırıb.
İyunun 22-dən Venesuela
yeni tipli koronavirusun yayılmasına
qarşı mübarizə
məqsədilə ölkənin
24 ştatından 10-da, o cümlədən
paytaxt Karakasın ən böyük dairəsi olan Libertador bələdiyyəsində
tətbiq edilmiş karantin rejimini gücləndirib. Supermarketlər, apteklər gündə cəmi bir neçə
saat işləyir.
Ölkədə daxili və
beynəlxalq nəqliyyat
əlaqəsi məhdudlaşdırılıb.
Fransada COVID-19 pandemiyası ilə əlaqədar yaradılmış
13 ekspertdən ibarət
Elmi Şura koronavirusun yayılmasının
intensivləşəcəyi ehtimalını irəli sürüb, infeksiyanın
ölkənin regionlarında
getdikcə geniş yayıldığını bildirib
və dövləti ayıq olmağa çağırıb.
"Pandemiya
təcrübəsi göstərir
ki, virus mövsümi
ritm almamışdan əvvəl 2 və ya 3 dalğada yayılır. Virusun yenidən baş
qaldırması ehtimalı
son dərəcə yüksəkdir.
İkinci dalğa birincidən daha ağır ola
bilər. Buna görə də xəstəxanalarda çarpayıların
sayı çoxaldılmalı
və dövlət ikinci dalğaya hazır olmalıdır”,
- deyə virusoloq-həkimlər
həyəcan təbili
çalırlar.
"... Daha çox ölüm faktı ilə üzləşəcəyik”
Son günlərdə
ABŞ-da COVID-19-a gündəlik
olaraq 26 mindən çox yeni yoluxma faktı qeydə alınıb. Xəstəxanalarında koronaviruslu xəstələrin
sayı sürətlə
artmaqdadır.
"Əl-Cəzirə”
telekanalı bildirir ki, yoluxma hallarının
artımı ilə bağlı ABŞ-ın cənub və qərb ştatlarında həyəcan yaşanmaqdadır. Son zamanlar COVID-19 virusuna nəzarətin güclənməsinə
və virusa qarşı mübarizədə
əldə olunan irəliləyişlərə baxmayaraq,
bir çox amerikalıların tibbi maska taxmağa və sosial məsafə saxlamağa laqeyd yanaşdıqları
səbəbindən xəstəliyin
miqyası genişlənir.
Məhdudiyyətlərin son bir ay yarım
ərzində yumşaldılması
virusun yenidən sürətlə yayılmasına
səbəb olub, təkcə Florida ştatında
infeksiyaya yoluxmuş xəstələrin sayı
100 mini ötüb. Digər ştatlarda
da yoluxmada kəskin artım müşahidə edilib.
"Virusa
yoluxanların sayı
sürətlə artır. Çox
güman ki, biz bunun nəticəsində daha çox ölüm faktı ilə üzləşəcəyik”,
- deyə Hyuston Metodist Xəstəxanasının
baş direktoru Mark Bum
bildirib. O, növbəti
üç həftə
ərzində xəstəxanaların
tam dolacağını proqnozlaşdırıb
və vətəndaşlara
müraciət edərək
hamını tibbi maskalardan istifadə etməyə və sosial məsafəni saxlamağa çağırıb.
Texas, Alabama, Florida və
Cənubi Karolina ştatları
daxil olmaqla bir sıra ştatların
qubernatorları da bütün vətəndaşların
tibbi maska taxmaq qaydasına riayət etməsinin vacibliyini vurğulayıblar.
Merilend ştatının paytaxtı
yaxınlığında yerləşən
Fort Vaşinqton Tibb Mərkəzində boş
çarpayılar tapmaq
müşkül məsələyə
çevrilib. Bu, ağır
xəstələrin ailə
üzvləri üçün
heç də ürəkaçan mənzərə
deyil və onlar koronavirus təhlükəsinin gerçək
olduğuna inanmayan çoxsaylı amerikalılarla
bağlı öz məyusluqlarını bildirirlər.
Tənəffüs orqanları
üzrə terapevt
Kevin Kol qeyd edib ki, indi
hamı çimərliklərə
can atır və virusun sadəcə bitdiyini düşünürlər.
Amma bu, belə deyil,
virus yox olmayıb.
Bu, hələ son deyil və təəssüflər
olsun ki, bu pandemiyanın davam etməsinə səbəb olanlar da məhz həmin
insanlar olacaqlar.
"Müalicə müəssisələrində
xəstələrə yer
çatmır”
Qazaxıstanın Kostanay vilayətində
son günlər koronavirus
infeksiyası ilə bağlı epidemioloji vəziyyətin kəskin pisləşməsi müşahidə
olunur. Hər gün 50-dən 100-dək yoluxma faktı qeydə alınır.
Simptomlu və simptomsuz xəstələr nəzərə
alınmaqla, ümumilikdə
koronavirusa yoluxanların
sayı 518 nəfərədək
yüksəlib. Koronavirus infeksiyası
bu xəstəliyin əvvəllər qeydə
alınmadığı cənub
regionlarında da özünü büruzə
verməyə başlayıb.
"Yoluxma sayının artması səbəbindən laboratoriyalar,
həmçinin xəstələrin
müalicəsində iştirak
edən tibb işçiləri gərgin
iş rejiminə keçiblər. Yaranmış
vəziyyətdə tibbi
personal iş vaxtından
əlavə çalışmağa
məcburdur. Bu da təbii ki,
onların səhhətinə
mənfi təsir göstərir. Bundan başqa,
müalicə müəssisələrində
xəstələrə yer
çatmır. Ehtiyat
yataq yerlərinin açılması istiqamətində
işlər görülür”,
- deyə Kostanay vilayətinin baş dövlət sanitar həkimi Vladimir Neçitaylo
bildirib.
Belə bir vəziyyətin yaranmasının
əsas səbəbləri
sırasında o, əhalinin,
eləcə də sahibkarlıq subyektlərinin
məhdudlaşdırıcı tədbirlərə kütləvi
əməl etməməsini
vurğulayıb: "Qadağalara
baxmayaraq, kafe və restoranlarda ziyafət, toy, şənliklər
keçirilir. Kostanay vilayətindəki
iki uşaq bağçasının işçiləri
arasında COVID-19-a yoluxma
faktı aşkarlanıb”.
Xəstələrin sayının
artması ilə əlaqədar vilayətdə
iyunun 23-dən 30-dək karantin
rejiminin gücləndirilməsi,
məktəbəqədər müəssisələrin, idman
obyektlərinin fəaliyyətinin
dayandırılması, həmçinin
ictimai iaşə obyektlərində iş rejiminin məhdudlaşdırılması
qərara alınıb.
Ukraynada koronavirusun yayılması
ilə əlaqədar
təhlükəli epidemioloji
vəziyyət yaranıb. Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirir ki, ölkədə son sutkada koronavirusa 940 nəfər yoluxub. Bununla da Ukraynada
COVID-19-a yoluxanların sayı
39 min 14 nəfərə çatıb.
Virusdan ölənlərin sayı
1050 nəfərə yaxındır.
Qeyd edək ki, Ukraynada
koronavirusla bağlı
vəziyyət pisləşdiyindən
karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə
karantin qaydaları sərtləşdirilib. Son
2 həftədə koronaviruslu
xəstələrin birgünlük
artımı müşahidə
olunur. Ukrayna hökuməti, o cümlədən Səhiyyə
Nazirliyi hesab edir ki, bu
artımın əsas
səbəbi karantin məhdudiyyətlərinin zəiflədilməsi
və əhalinin müəyyən edilmiş
qaydalara riayət etməməsidir.
İranda koronavirusa yoluxanların ümumi sayı 209970-ə,
ölənlərin sayı
isə 9863-ə yüksəlib. Mütəxəssislər İranda vəziyyətin belə ağır olmasını karantin tədbirlərinin vaxtından
əvvəl yumşaldılması
ilə əlaqələndirərək
infeksiyanın yayılmasının
ikinci dalğasının
başladığını bəyan ediblər. İran rəsmiləri də karantin tədbirlərinin yenidən sərtləşdirilməsinin
zərurət olduğunu
bildiriblər.
Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində
ikinci dəfə karantinə alınıb. COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə
giriş-çıxışlar qadağan olunub. Ümumi əhali sayı beş
min nəfər olan bölgədə mindən
çox yoluxma faktı qeydə alınıb.
Xatırladaq ki, bu həftəsonu
Türkiyə ərazisində
növbəti dəfə
komendant saatının
elan ediləcəyi gözlənilir.
Azərbaycanda da son vaxtlar epidemioloji vəziyyətin
pisləşməsi xüsusi
karantin rejiminin yenidən sərtləşdirilməsini
zəruri etdi. Sərtləşdirmə tədbirlərinin tətbiqində
məqsəd ölkədə
koronavirusun yayılma sürətini və xəstəlikdən ölüm
hallarını azaltmaqdır.
Xəyalə MURADLI
Azərbaycan.- 2020.-25 iyun.- S.1; 7.