Azərbaycanın yeni siyasi konfiqurasiyası Prezident
İlham Əliyevin iradəsinin nəticəsidir
ASRP sədrinin birinci müavini Əsli Kazımova:
"Yeni siyasi dialoq təşəbbüsü iqtidarın
müxalif partiyaların fikir və təkliflərini öyrənmək
niyyətini təsdiq edir”
Azərbaycanda siyasi həyat son dövrlər mühüm yeniliklərlə əlamətdardır. Bunlardan biri iqtidar-müxalifət dialoqunun yeni müstəviyə keçməsidir. Müxalifət və iqtidaryönlü cərəyanların təmsilçiləri bu amili respublikamızda yeni siyasi münasibətlərin formalaşması baxımından mühüm hadisə kimi dəyərləndirirlər. Azərbaycan Sosial Rifah Partiyası (ASRP) sədrinin birinci müavini Əsli Kazımova ilə söhbətimiz də bu barədə oldu.
İlham
Əliyevin tətbiq etdiyi yeni idarəçilik modelinin
alternativi yoxdur
Əsli Kazımovanın sözlərinə
görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən
əsası qoyulmuş azərbaycançılıq
ideologiyasının güclü təməli nəzərə
alınmaqla ölkədə Prezident İlham Əliyevin rəhbərliyi
ilə modern dövlət idarəçiliyi modelinin tətbiq
olunması Azərbaycanı uğurlu inkişafa aparan yoldur:
"Respublikamızın siyasi sisteminin yeni dizaynı Prezident
İlham Əliyev tərəfindən iqtisadi və sosial tərəqqiyə,
demokratiyaya və insan kapitalının hərtərəfli
inkişafına istiqamətləndirilib. Azərbaycanda
yeni tipli dövlət hakimiyyətinin formalaşması, həm
ölkəmizin tarixi təcrübəsinə, həm də
demokratik dövlətçiliyin təşəkkülü və
inkişafı sahəsində dünya təcrübəsinə
əsaslanan dövlət qurulması məsələsini
bütün kəskinliyi və zəruriliyi ilə
qarşıya qoymuşdur. Hesab edirəm
ki, həyat fəaliyyətinin bütün sahələrini əhatə
edən qlobal proseslər bəşəriyyətin ilk növbədə
siyasi sahədə axtarış imkanlarının səfərbər
edilməsinə gətirib çıxaracaq”.
Qeyd olundu ki, müasir dövrün
yeni lideri olan İlham Əliyevin dövlətimizə rəhbərlik
illərində ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrdə
imza atdığı çoxsaylı uğurlar, Azərbaycanın
regionda nüfuz, güc sahibinə çevrilməsi, modernləşməsi
Ulu Öndər Heydər Əliyevin uzaqgörənlik nümunəsi
olmasının növbəti təsdiqidir.
"Dövlət
başçısının rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan
iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə
çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin
beynəlxalq mövqeyi daha da möhkəmləndi. Azərbaycanın
dünyada mövqeyi, onun gündən-günə qüdrətli
dövlətə çevrilməsi önəmli faktordur.
İlham Əliyevin sosialyönümlü
dövlət quruculuğunun təmin olunması istiqamətində
apardığı uğurlu siyasət və ölkədə
tətbiq etdiyi yeni idarəçilik modeli əhalinin sosial
rifah halının yaxşılaşmasına, işsizliyin və
yoxsulluğun aradan qaldırılmasına öz töhfəsini
vermişdir. Bu siyasətin mərkəzində
isə Azərbaycan vətəndaşının dayanması
olduqca sevindirici haldır. Cənab
Prezidentin də vurğuladığı kimi, son illər ərzində
müxtəlif mərhələlərdə islahatlar
aparılıb və bu islahatlar nəticəsində ölkəmiz
inkişaf edib. Bunu ölkədə
aparılan islahatların nəticəsi olaraq, əldə
edilmiş sosial və iqtisadi uğurlarımız da təsdiq
edir. Bu isə bir daha cənab Prezidentin tətbiq
etdiyi yeni idarəçilik modelinin başqa uğurlu
alternativinin olmamasının sübutudur.
Qeyd etmək gərəkdir ki, son 17 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan
qədər inkişaf edən ikinci ölkə yoxdur. Bunu hətta biz COVID-19 pandemiyası ilə mübarizə
mərhələsində, sözün əsl mənasında,
Azərbaycan iqtisadiyyatı ilə inkişaf etmiş ölkələrin
iqtisadi vəziyyətini müqayisə edərkən də
görə bilərik. Hesab edirəm,
qısa bir zamanda müharibə şəraitində yaşayan
bir ölkə üçün bu olduqca böyük uğurdur.
Bu zaman kəsiyində Azərbaycan
böyükmiqyaslı layihələrə imza atmağa
müvəffəq oldu. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi”,
Bakı-Tbilisi-Qars, "Şimal-Cənub Nəqliyyat Dəhlizi”
kimi önəmli layihələr həyata keçirməyə
müvəffəq oldu. Bütün bunlar
bizə respublikamızın gələcək inkişafı
üçün möhkəm zəmindir, deməyə əsas
verir”.
Hakimiyyət
müxalifətin təklif və istəklərini dinlədi
ASRP sədrinin birinci
müavini ilə partiyanın fəaliyyəti, xüsusən cəmiyyətin
müasirləşən siyasi həyatında təşəbbüs,
proqram və təkliflərlə çıxış etməsi
barədə də söhbətləşdik. Bu barədə
danışan Əsli Kazımova öncə onu bildirdi ki, ASRP
son illərdə beynəlxalq əlaqələrini gücləndirməyə
nail olmuşdur və cəmiyyətin müasirləşən
siyasi həyatında diaspor və lobbiçilik istiqamətində
mühüm addımlar atmaqdadır: "Hesab edirik ki, beynəlxalq
media cəbhələri quraraq, başqa ölkələrin mətbuatında
Azərbaycan həqiqətlərinin duyurulması
üçün xarici jurnalistlərin fəaliyyətini izləmək
gözəl təəssüratdır. Düşünürəm
ki, ASRP-nin imza atdığı bu kimi önəmli layihələr,
dövlətimizin milli və mənəvi idealogiyasına
dayanaraq həyata keçirilir və bu tendensiyaya dayanan
bütün istiqamətlərin hər gün daha dinamik şəkildə
inkişafını görmək mümkündür. Bu tendensiya isə müxalif partiya olaraq Dövlətə,
Xalqa və Vətənə xidmət etməyə bizə maneə
olmamalıdır”.
Respublikamızın yeniləşən
siyasi sisteminin ən mühüm göstəricilərindən
biri siyasi komponentləri arasında yeni müzakirələrin
- dialoqun başlamasıdır. ASRP da bu prosesdə ilk
gündən fəal iştirak edən partiyalardan biridir.
Əsli Kazımova bu barədə danışaraq dedi:
"Siyasi sistemin başlıca funksiyası cəmiyyəti səmərəli
idarə etməkdir. İdarəetmə müvafiq dövlət
orqanları tərəfindən qərarların qəbul edilməsi
və yerinə yetirilməsi prosesidir ki, bu gün bu proses
siyasi partiyaların mərkəzləşdirilmiş şəkildə,
ictimai funksiyanın hüquqi normalarının tənzimlənməsi
ilə həyata keçirilir. Bu gün ölkədə demokratiyanın
prinsiplərindən biri olan uzlaşma prinsipinə əsasən
iqtidarla müxalif partiyalar arasında dialoqun reallaşması
ölkədaxili siyasi sabitliyin təmin olunması adına önəmli bir addım kimi dəyərləndirilə
bilər.
Bir çox müxalif
partiyalar iqtidarla danışıqlara getməyi
satqınçılıq adlandırır. Amma bu cür
yanaşma olduqca yanlışdır. Necə olur,
işğalçı Ermənistanla danışıqlar
aparmaq mümkün olur, amma dövlətlə ölkədəki
sabitlik adına, gənclərin xaricdən
qrant ala bilmək üçün istifadə olunmasına son
qoymaq adına danışıqlara getmək olmur? Digər tərəfdən bu cür yanaşma birmənalı
olaraq qeyri-politik yanaşma deməkdir. Dövlət
başçısının təşəbbüsü və
Prezident Administrasiyasının yeni yaradılmış Siyasi
partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr
şöbəsinin müdiri Ədalət Vəliyevin
iştirakı ilə individual olaraq ölkədə fəaliyyət
göstərən 50-yə yaxın partiya rəhbəri ilə
görüşlər keçirildi. Bu isə
birmənalı olaraq iqtidarın müxalif partiyalarla demokratikləşmə
yolunda dialoqunun baş tutması deməkdir. Yeni siyasi dialoq təşəbbüsü
iqtidarın müxalif partiyaların fikir və təkliflərini
öyrənmək niyyətini təsdiq edir.
Bu görüşlər
çərçivəsində hakimiyyət müxalif
partiyaların təklif və istəklərini dinlədi. Azərbaycan
Sosial Rifah Partiyası iqtidar və müxalif partiyalarının
dialoqunun baş tutmasını hakimiyyətin müxalif
partiyaların fikir və təkliflərini dinləmək
üçün fürsət kimi dəyərləndirir.
Əslində, Azərbaycan iqtidarı dialoq
üçün hər zaman açıq olub. Dəfələrlə də hakim partiyanın
nümayəndələri bu barədə fikirlərini açıq
şəkildə ifadə ediblər. Məqsədi
dövlətə və xalqa xidmət etmək olan müxalif
partiyalar iqtidarla dialoqa getdi. Lakin müxalifətin
radikal qanadını təmsil edən partiyalar belə
görüşlərə maraq göstərmədikləri
üçün özlərini təcrid etmək mövqeyində
qaldılar”.
Əsli Kazımovanın,
fikrincə, həmin partiyaların özlərini təcrid etmələrinin
sadə bir səbəbi var ki, bu da ölkədə sabitliyi
pozmaq kimi mövqe nümayiş etdirməklə xaricdən
diqqəti özlərinə cəlb etmək və maliyyə
yardımı ala bilməkdir. Amma müxalifətin
digər qanadı ilə, o cümlədən Milli Məclisdə
təmsil olunan partiyalarla iqtidarın ən müxtəlif səviyyələrdə
görüşlərinin davamlı olaraq keçirilməsi Azərbaycanın
daxili siyasi sabitliyinə öz töhfəsini verəcək.
Ümumiyyətlə, ölkə rəhbərinin
bütün istiqamətlərdə fəaliyyətinin əsas
məqsədinin xalqımızın rifahının yüksəldilməsindən
ibarət olması Azərbaycanda dövlət-xalq birliyini daha
da gücləndirir. "Qardaş
Türkiyəyə baxın. Müxalif
partiyaları var. Amma savaş meydanında müxalifət və
iqtidar partiyalarının birgə dialoqu ilə düşmənə
anında cavab da verilir. Hər bir xarici təzyiq
qarşısında müxalif və iqtidar partiyalar güclərini
düşmənə qarşı birləşdirməyi
bacarır. Biz də bunu bacarmalıyıq! Demokratiya budur. Yeri gələndə
iqtidarla həmfikir olub xarici təzyiqlərə qarşı
birgə fəaliyyət göstərməkdir demokratiya”, - deyə
o bildirdi.
Dialoqdan
qaçmaq demokratiya deyil
Təbii ki, yeniləşən
siyasi sistemdə müxalifətin iştirakı, rolu,
funksiyası, fəaliyyəti də fəal olmalıdır. Bu baxımdan
müxalifət partiyalarının fəaliyyətində təkmilləşməyə
ehtiyac olduğu da birmənalıdır. ASRP də
partiyaların fəaliyyətinin təkmilləşməsinin
vacibliyi qənaətindədir: "Bunu məcburiyyət tələb
edir! Azərbaycanda əvvəl yeni siyasi mərhələ
başlayıb. Ölkədə
köklü islahatlar aparmaq o qədər də asan hal deyil.
Bilirsiniz, islahat aparmağa nə hər lider
müvəffəq olur, nə də hər xalq bunu qəbul
edir. Misal üçün Fransa təcrübəsinə
baxaq. Fransız xalqını hər kəs
dünyada hər hansısa dəyişikliyə qarşı
çıxan xalq kimi tanıyır. Makron
nə qədər ölkədə köklü islahatlar
aparmaq niyyətini ortaya qoysa da, fransız xalqı bunu qəbul
etmək istəmir. Azərbaycan Prezidenti
İlham Əliyevin apardığı köklü
islahatları Makron Fransada həyata keçirə bilmir. Amma Azərbaycan buna müvəffəq oldu. Bu çox mühüm faktordur.
Müxalifət, xüsusən
də radikal müxalifət Azərbaycanın ilk müstəqillik
qazandığı illərdəki siyasi psixoloji təfəkkürdə
qalıb.
Heç bir inkişaf və təkmilləşmə
üçün iş görülmür. Hesab
edirəm, müxalifət necə radikal olursa olsun, bu gün
fikir və təfəkkür olaraq bir çox məqamda
iqtidarla birləşməyi bacarmalıdır. Dağlıq Qarabağ məsələsi sadəcə
iqtidarın problemi deyil, bütün dünyanın mübarizə
apardığı COVID-19 pandemiyası sadəcə
iqtidarın qayğısı və işi deyil. Ölkədə milli idealogiyaya xidmət edən,
xarici qrantlara satılmayan sağlam gəncliyin yetişdirilməsi
üçün çalışmaq sadəcə iqtidarın
işi deyil. Azərbaycan həqiqətlərini
dünya iştimaiyyətinə çatdırmaq,
lobbiçilik, beynəlxalq mətbuatda işğalçı
ermənilərə qarşı cəbhə qurmaq sadəcə
iqtidarın işi deyil. Bu gün
dünyadakı mövcud siyasi mexanizmlər müxalifətdən
də bunları tələb edir”.
ASRP sədrinin birinci müavininin
fikrincə, özünü sağlam siyasi proseslərdən təcrid
edən, marginallaşan radikal müxalif partiyaların neondertal
təfəkkürlə, gəncləri xaricdən qrant almaq
adına istifadə edib, onları qanun pozuntularına sövq
etməsi müxalifətçilik demək deyil:
"İqtidarla dialoqdan qaçmaq, gəncləri öz
maraqları çərçivəsində istifadə edərək,
ictimai asayişi pozduraraq, onlara "qorxma, bir həbslə
heç nə olmaz, siyasi mühacir adı ilə xaricdə
yaşayacaqsan” kimi vədlərlə dövlətə
qarşı çıxmağa məcbur etmək demokratiya
deyil. Bunun adı ölkədaxili xaosun
yaradılması üçün xaricdən əldə edilən
qrantların silinməsi prosesidir”.
Müxalif
deputatların irəli çəkilməsi yeni siyasi mərhələnin
başlanğıcıdır
Hazırda müxalifət
partiyalarının ölkənin siyasi həyatında
iştirakına gəldikdə Əsli Kazımova qeyd etdi ki,
Prezident İlham Əliyev Milli Məclisdə
çıxış edərkən pozitiv fəaliyyətdə
olan bütün partiyaların ölkədə baş verən
hadisələrə yaxından cəlb olunmasının
mütləqliyini vurğuladı: "Bu gün Milli Məclisdə
8 müxalif partiya və bir iqtidar partiyası təmsil olunur. Müxalif deputatlar rəhbər strukturlara
seçiliblər. Bunlar partiyaların Azərbaycanın
ictimai və siyasi həyatında aktiv və fəal rol
oynaması üçün gərəkli addımlardır.
Milli Məclisdə
çoxlu sayda partiyanın təmsil olunması və
müxalif deputatların rəhbərlikdə irəli çəkilməsi
birmənalı olaraq, yeni siyasi mərhələnin
başlangıcıdır. Çünki cəmiyyətdə
qanunverici hakimiyyət sahəsində yeniləşməyə,
parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə,
ümumiyyətlə, parlamentin öz işini islahatlar
strategiyasına uyğun olaraq təşkil etməsinə
ehtiyac vardı. Bu baxımdan bütün
bunlar siyasi islahatların məntiqi davamı kimi qiymətləndirilməlidir”.
Daxili sabitliyin
qorunması üçün güclü siyasi iradə var
Bu gün bütün
dünyanın əsas problemi koronavirus təhlükəsidir. Bu
infeksiyanın sürətlə yayılması dünyanın
ən qabaqcıl dövlətlərinin səhiyyə sistemlərini
çətin vəziyyətə saldı. Azərbaycan isə pandemiya ilə mübarizədə
uğurlu nümunələrdən birini göstərir.
Bu barədə danışan ASRP sədrinin
birinci müavini dedi: "Cənab Prezidentin təşəbbüsü
ilə ölkədə hələ pandemiya yeni başlayanda həyata
keçirilən tədbirlər proqramı Azərbaycana zaman
və uğur qazandırdı. Avropanın ən
inkişaf etmiş ölkələri pandemiya
qarşısında, sözün əsil mənasında, diz
çökdü. Ermənistanın
pandemiya adı altında yardım istəmədiyi ölkə
yoxdur. Bu gün ölkəmizdə
koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması ilə bağlı tədbirlər
proqramı, birmənalı olaraq, cənab Prezidentin
güclü və mütəşəkkil daxili siyasətinin
bəhrəsidir. İlham Əliyevin hər
bir sərəncamı birbaşa ölkədəki sabitliyin
qorunması və xalqın təhlükəsizliyinin təmin
olunmasına xidmət edir. Digər ölkələrdəki
vəziyyəti görürük. Hətta
çox vaxt Avropaya inteqrasiya deyirdik. Yəni
Avropa ölkələrini daha inkişaf etmiş hesab edirdik.
Amma koronavirus pandemiyası göstərdi ki,
onların ölkədaxili sabitliyin qorunması
baxımından heç də təcrübələri yoxdur.
Azərbaycanda isə daxili sabitliyin qorunması
üçün güclü siyasi iradə var.
İnsanların təhlükəsizliyi üçün
çalışan dövlət rəhbərimiz var.
Hesab edirəm, dünyanı
bürüyən COVID-19 pandemiyası dövründə cənab
Prezidentin rəhbərliyi ilə ölkəmizdə bərqərar
olan mövcud sabitlik və xalqın sosial təminatı
Avropanın ən inkişaf etmiş ölkələrində
müşahidə olunmadı. Məndə olan məlumatlara
görə, bir çox dövlətlərin Azərbaycanda
olan nümayəndələri öz ölkələrinə
getməkdən imtina edib və pandemiya dövründə Azərbaycanda
qalmağın daha təhlükəsiz olduğunu bildirirlər”.
Hər bir məmur
tutduğu vəzifənin məsuliyyətini dərk etməlidir
Əsli Kazımovadan ölkədə
korrupsiyaya qarşı mübarizə tədbirləri ilə
bağlı ASRP-nin mövqeyini də öyrəndik. Onun sözlərinə
görə, Prezident İlham Əliyev dəfələrlə
məmurlara "siz xalqın xidmətçisisiniz” deyə
tapşırıb və dövlət başçısı
üçün xalqın maraqları hər şeydən
üstündür: "Cənab Prezident bunu dəfələrlə
verdiyi qərarlarla sübuta yetirmişdir. İlham
Əliyevin nümunəvi dövlət idarəçilik modeli
birmənalı olaraq xalqa sədaqətlə xidmət etmək
məqsədi daşıyır. Bu siyasət xalqın
rifahının yaxşılaşdırılması və vətəndaş
məmnunluğunun hər gün bir az daha
artırılmasına hesablanıb. Dəfələrlə
dövlət başçısı dövlət
qulluqçularının, məmurların şəffaf fəaliyyət
göstərməsinin gərəkliyini bildirərək, vətəndaş-məmur
münasibətlərinin daha sağlam prinsiplər əsasında
qurulması üçün səylərin
artırılmasını tövsiyə edib.
Təəssüflər olsun
ki, məmurlar tərəfindən bir sıra neqativ halların
təkrarlanması faktları hələ də müşahidə
olunur və cənab Prezident tərəfindən aparılan islahatların
geniş vüsət alması ilə bir çox neqativ əməllərin
də üstü açıldı. Buna misal olaraq Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax
şəhərinin və Ağstafa, Biləsuvar, İmişli
və Neftçala rayonlarının icra hakimiyyəti
başçılarının və icra nümayəndələrinin
cinayət məsuliyyətinə cəlb olunaraq həbsini
göstərmək olar. Mədəniyyət
Nazirliyində yüksək vəzifəli şəxslərin
öz səlahiyyətlərindən sui-istifadə edərək
cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə
mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərinin
ifşa olunması və hüquqi məsuliyyətə cəlb
olunmasını müşahidə etdik. Mədəniyyətdə
korrupsiyaya yol vermək, mədəniyyəti məhv etmək
deməkdir. Onsuz da işğalçı
Ermənistan Azərbaycan mədəniyyətinə yetəri qədər
zərər verib və hələ də davam edir. Bizlər erməni vandalizmi ilə öz mədəni
irsimizi qorumaq üçün mübarizə
apardığımız halda, ölkənin mədəniyyət
sahəsində bu kimi yolverilməz halların
qarşısı ən sərt şəkildə
alınmalıdır.
Tamahkar və məsuliyyətsiz
məmurların fəaliyyəti Prezidentin apardığı
siyasətə zidd olaraq geniş əhali qruplarını
narazı salmağa yönəlmiş əməllərə
xidmət edir.
Göründüyü kimi, dövlət
başçısı kimliyindən asılı olmayaraq
xalqın rifahına, göstərilən etimada xəyanət
edən hər kəsin ədalət qarşısında cavab
verməsi üçün əlindən gələni edir.
Xalqına, vətəninə, mənəviyyatına
və məsləyinə müxalif olan heç kəs
dövlətinə xeyir verə bilməz!”
Əsli Kazımova onu da bildirdi ki, hər
bir məmur tutduğu vəzifənin məsuliyyətini dərk
etməli, daşıdığı məsuliyyəti
anlamalı və ölkə başçısının
apardığı islahatlara uyğun fəaliyyət göstərməlidir:
"Məmurlar unutmamalıdır ki, oturduqları
kürsü onların şəxsi maraqlarına xidmət edən
nə ayrı respublika, nə də ayrı bir dövlət
deyil. Cənab İlham Əliyevin yeni dövlət
modeli proqramının əsas mahiyyəti qanunvericiliyə
uyğun olaraq demokratik prinsiplər əsasında dövlət
idarəçiliyinin həyata keçirilməsidir. Hər birimiz isə bu müqqəddəs yolda Cənab
Prezidentin köməkçisi olmalıyıq”.
Azərbaycanı
qüdrətləndirmək məqsədi konkret icra mexanizmləri
ilə özünü göstərir
Son illər Azərbaycan öz
iqtisadiyyatını yeni müstəvidə inkişaf etdirməyə
nail olub. Bu gün milli iqtisadiyyatımız
kompleks və tarazlı şəkildə inkişaf edir.
Bu barədə danışan Əsli Kazımova dedi:
"Dövlət başçısının gerçəkləşdirdiyi
uğurlu diplomatiya son 17 ildə Azərbaycanın bölgədə
və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin
etmişdir. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac
Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
istismara verilməsi, TAP, TANAP layihələrinin
reallaşdırılması, üç süni peykin orbitə
buraxılması Azərbaycanın beynəlxalq münasibətlər
sistemindəki mövqelərini daha da gücləndirmişdir.
Azərbaycanın sosial-iqtisadi sahədə həyata
keçirdiyi siyasətin uğurlarını şərtləndirən
əsas amillərdən biri də məhz inkişafın mərkəz
və regionlar üzrə tarazlı xarakter daşıması,
rentabelli istehsal sahələrinin ölkənin bütün
regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin
səmərəliliyinin artırılması, infrastrukturun
yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə
bağlı olmasıdır. Məhz bu iqtisadi
strategiya regionlarda sahibkarlığın inkişafını
sürətləndirməklə, oradakı əmək
ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli
istifadə edilməsinə şərait yaradır. Ölkədə sosial-iqtisadi inkişaf
proqramlarının tətbiqi regionların iqtisadi
inkişafında tamamilə yeni səhifə
açmış, insanların kəndlərdən şəhərlərə
axınının qarşısını almış,
xüsusilə də qeyri-neft sektorunun, sahibkarlığın
inkişafına xüsusi təkan vermişdir.
Cənab İlham Əliyevin
Azərbaycanı müasir və qüdrətli dövlətə
çevirmək məqsədi öz əksini sadəcə bəyanatlarda
tapmır, eyni zamanda konkret icra mexanizmləri ilə
özünü göstərir və konkret addımlar
atılır.
"Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyat və
iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”
kimi konseptual əhəmiyyətli böyükmiqyaslı layihələr
vasitəsilə cənab Prezident ölkənin inkişaf
strategiyasının dərin elmi proqnozlarla hazırlanmasına
və nəticə etibarilə yeni dövlət idarəçiliyi
modelini tətbiq etməyə müvəffəq olmuşdur. Bu gün dövlət başçısının
siyasi iradəsilə həyata keçirilən sistemli
islahatlar - imzalanan fərman və sərəncamlar
respublikamızın postneft dövrünə
uyğunlaşdırılması, sahibkarların hərtərəfli
dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi məqsədi
daşıyır”.
ASRP sədrinin birinci
müavini Əsli Kazımova bildirdi ki, Azərbaycanda demokratik
cəmiyyətin inkişafı Prezident İlham Əliyevin
siyasi iradəsinin bəhrəsidir. Eyni zamanda İlham
Əliyev tərəfindən aparılan köklü islahatlar
ölkənin həyatının bütün sahələrini
əhatə etməklə yanaşı, inkişafın yeni mərhələsinə
keçid üçün əlverişli şəraitin
yaradılması kimi də dəyərləndirilməlidir.
Söhbəti yazdı:
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2020.- 25 iyun.- S.1; 8.