“Səs Uşaqlar”ın final mərhələsinin vaxtı uzadıldı

 

Koronavirus pandemiyasının ölkədə tüğyan etməsi ilə əlaqədar bir sıra layihələr onlayn formatına keçirilib. Belə layihələrdən biri də yüzlərlə tamaşaçı auditoriyası olan məşhur "Səs Uşaqlar” müsabiqəsidir.

Böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən karantin qaydalarına uyğun olaraq dəyişdirilib. Layihənin Azərbaycan üzrə yayım hüququnun müəllifi İTV və layihənin müəllifi "Talpa Global B.V” şirkətləri arasında aparılan danışıqlara əsasən "Səs Uşaqlar”ın final mərhələsinin vaxtı ilin sonuna qədər uzadılıb.

Bundan əlavə, İTV həm də paralel olaraq böyüklər üçün "Səs Azərbaycan” layihəsinin qeydiyyatına start verib. Böyüklərin qatılacağı seçim turunun "Səs Uşaqlar”a maneəsi yoxdur. Hazırda böyüklər üçün ilkin mərhələ seçim turudur ki, bu da video formatında həyata keçirilir. Növbəti mərhələlərdə isə müsabiqənin yaradıcı qrupu tərəfindən həm ustadlar, həm də layihənin aparıcısı müəyyən ediləcək.

 

Azərbaycan.- 2020.- 25 iyun.- S.10.