“Novruz”un aşıq poeziyasında tərənnümü
Dədə Qorquddan bugünədək yol
gələn "Saz bayramı-yaz
bayramı” həm də ulu ozan sənətinin yaşadılması deməkdir
Müdriklərimiz martı tarixən "təbiətin oyanış” ayı da adlandırıblar. Çünki çayların buzu əriyir, arxın kənarlarında yarpız soyuq-sazaqdan qorxmayıb Günəşə tərəf boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ çalmasını açmağa, yaşıl şala bürünməyə hazırlaşır. Qaya dibinə sığınmış novruzgülünə elə gəlir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki qarəməngül-peşəməngül - danaqıran "onu yuxuya verib”, boynunu əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir, təbiət yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, o da nazlanmağa başlayır.
Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha tez hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər. Amma bunun da öz səbəbləri var.
Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhvali-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Lakin gecə ilə gündüz, axşamla səhər öz axarındadır. Demək, xeyirlə şər də qaçılmazdır.
"Kitabi-Dədə Qorqud”dan boy verən bu oyanış təəssüf ki, işğal altındakı yurdlarımızda illərdir ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, zəhərli silahlarla onu yaralayır.
Ozan-aşıq sənəti ən qədim folklor örnəklərindən olmaqla, Azərbaycan xalqının mənəvi-mədəni inkişafında mühüm yer tutur. Novruz şənliklərini saz çalğısı, aşıq musiqisi olmadan təsəvvür etmək mümkün deyil. Hətta, keçmiş sovetlər birliyi dövründə də ölkəmizdə "Saz-söz bayramı”nın keçirilməsinə qadağa qoyula bilmədi. Müstəqilliyin bərpasından sonra Azərbaycanda Novruz şənlikləri məhz ozan-aşıq sənətinin bugünkü davamçılarının ifalarında bir-birindən maraqlı çıxışlarla yadda qalır.
Azərbaycanın ustad aşıqlarından olan Sarı Aşıq, Abbas Tufarqanlı, Dirili Qurbani, Xəstə Qasım, Şəmkirli Hüseyn, Aşıq Musa, Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Şəmşir, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Mirzə Bilal, Aşıq Şakir, Aşıq Pənah və başqaları Novruz bayramının müqəddəsliyini, ümumiyyətlə, yazın gəlişini, təbiətin oyanışını, həyatın gözəlləşməsini, bolluq və xoş güzəranı tərənnüm edən gözəl, ifadəli şeir nümunələri yaratmışlar.
Aşıq sənəti Azərbaycan xalqının yaradıcılıq sahəsi olaraq UNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramı günlərində aşıqlar qədim sazı sinələrinə basıb el-el dolaşır, yurd, vətən, yaz, Novruz, sevgi haqqında nəğmələr qoşurlar.
Azərbaycan Respublikasının Birinci vitse-prezident, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz bu fəaliyyət sayəsində Azərbaycanın aşıq sənəti ilə birlikdə Novruz bayramı 2009-cu ildə UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Baharın tərənnümü, Novruzun vəsfi aşıq yaradıcılığında xüsusi yer tutur. Baharın - Novruzun təsvir-tərənnümünə həsr olunan şeirlər "Novruznamə” adlanır.
Dirili Qurbani adı ilə tanınan saz-söz ustadının poeziyasında baharın tərənnümü xüsusi yer tutur. Onun "Bənövşəni” qoşması bu gün də dillər əzbəridir:
Başına döndüyüm, ay qəşəng pəri,
Adətdi, dərərlər yaz bənövşəni.
XVI yüzilliyin sonları - XVII yüzilliyin ortalarında yaşamış, şeirləri, "Qul”, "Şikəstə”, "Bikəs” təxəllüsləri ilə daha çox tanınan Abbas Tufarqanlının həyat və yaradıcılığından söz açan, aşıqların dilinin əzbəri olan "Abbas-Gülgəz” dastanına 400-dən çox aşıq şeiri daxildir. Şair-aşığın əsərlərində bahar motivli nümunələr xüsusilə çoxluq təşkil edir:
Yenə gəlib bahar fəsli,
Süsən, sünbül, Məzə dağı.
Açılıb güllər, nərgizlər,
Bənövşələr, bəzə dağı.
Təbiətin təsviri, yazın, payızın tərənnümü Xəstə Qasımın da yaradıcılığında mühüm yer tutur:
Payız dərdim, qış möhnətim, yaz qəmim,
Hicran tapdaq etdi yayılan məni.
Götür qələm, sərxəttimi
yaz mənim,
Qoyma dərgahından
yayılan məni.
Yaxud "Təcnis
Alı” kimi də tanınmış ustad Aşıq Alının gəraylı
və qoşmalarında
da bahar mövzusu xüsusi vurğulanır:
Süsənli-sünbüllü, tər bənövşəli,
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən ölməz abi-kövsər
suyunu,
Bulaq, bizim bulaqlara bənzərsən.
Aşıq poeziyasında kamil sənət nümunələri
yaradan Aşıq Hüseynin bahar güllərini vəsf edən "Sarı gül” rədifli qoşması, xanəndələrimizin
repertuarında özünə
əbədilik qazanıb:
Yarın
bağçasında üç
gül açılıb,
Ağ gül,
qırmızı gül,
illah sarı gül.
Hər üçü də bir-birindən öyməli,
Ağ gül,
qırmızı gül,
illah sarı gül.
Azərbaycanın aşıq-şeir sənətinin
zirvəsini fəth etmiş Aşıq Ələsgərin əsərləri
arasında baharla, yazla, Novruzla bağlı nümunələri
saymaqla qurtarmaq olmaz. Aşıq Ələsgər
Azərbaycanın təbiətini
- başı qarlı
dağlarını, ala yaylaqlarını,
bahar fəsilli min rəngə boyanan çəmənlərini, əkin-biçin
yerlərini, tarla və zəmilərini min bir dillə oxşayır, min bir çalarda tərənnüm
edirdi:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli-sünbüllü, lalalı dağlar...
Ana dilinin incəlikləri
hesabına ərsəyə
gələn təcnisin
cığalı, dodaqdəyməz,
dildönməz kimi
nadir incilərini yaradan
ustad sanki ana təbiətin fəsillərinin dördünü
də eyni dərəcə sevib və vəsf edirdi. Amma bu sevgidən baharın, yazın bəxtinə daha çox düşürdü:
Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ
kağıza yaz qara.
Əsər yellər, qəhr
eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çataçat.
Novruzun,
yazın, təbiətin
tərənnümü Aşıq
Musa, Aşıq Rəcəb,
Dədə Şəmşir,
Bozalqanlı Aşıq
Hüseyn, şair Vəli, Aşıq Şakir, Aşıq Pənah və digər ustad el sənətkarlarının yaradıcılığında
da xüsusi yer tutur. Dədə Şəmşirin
"Dağların” rədifli
gəraylısı bütövlükdə
bir bahar lövhəsidir. Təbiətin nadir ətirli çiçəyi
olan bənövşə
çox şairlərin
ilham mənbəyi olmuşdur. Ustad sanki boynu bükük
çiçəyi öz
şeirinin gözəlinə,
ilham pərisinə çevirib:
Bahar çatıb bəzəyirmi
dağları,
Açılırmı sizin yerdə bənövşə?
Qımışırmı dodaqları nərgizin,
Təzə-tərmi güneylərdə bənövşə?
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2020.- 20 mart.- S.
7.