Sənəti sənətkar
yaradar və yaşadar
Samirə
İbrahimovanın əl işləri də bunu
təsdiqləyir
Bədii sənətlə texniki sənət arasında "bir dünya fərq” var. Biri var ki, hansısa texniki avadanlıq vasitəsilə yaradasan o sənət nümunəsini, biri də var ki, özünün təxəyyül və fitri istedadınla "cansıza can verəsən”.
Bədii əsər müəlliflərinin arasında həmin sənətin təhsilli mütəxəssisləri ilə yanaşı, həvəskarları da az deyil. Məsələn, həkim var ki, daha çox şair kimi sevilib, riyaziyyatçı, mühasib tanıyırıq ki, qələmindən və qəlbindən süzülənlər könülləri ovsunlayır. Müəllim görmüşük və dərs almışıq ki, zərgər kimi, "barmaqları zər kəsib”...
Uşaqlıqdan, lap hələ Kəlbəcərdə dünyaya göz açan vaxtlardan müxtəlif sənətlərə marağını gizli saxlayan Samirə Səfər qızı İbrahimova peşəkar rəssamlıq məktəbini bitirməsə də, fırçası ilə "dil açan” rəsmləri onu kamil sənətkarlara da sevdirib, əsərlərinə heyranlıqla tamaşa etməkdən doymayan tamaşaçılarına da.
Açığı sosial şəbəkələrdə bəzən elə istedadlı gənclərimizə rast gəlirsən ki, inanmırsan onların həvəskar olmalarına. Bax, belələrindən biri də həvəskar rəssam, bədii sənət nümunələrini təvazökarlıqdan geniş şəkildə sərgiləməyən Samirə İbrahimovadır.
1986-cı ildə dünyaya göz açan Samirə 1993-cü ilin qanlı aprel günlərində ailəsi ilə birlikdə doğma yurdundan didərgin düşdü. O vaxtdan yurd həsrətini tənha anlarında lirik misralara çevirən Samirənin ürəyi bununla soyumayıb, başlayıb xəyalında yaşatdığı dağların, ana təbiətin füsunkarlığını duyğularında cilalamağa. Hələ orta məktəbdə oxuduğu illərdə (Bakı şəhərinin Günəşli yaşayış massivindəki 285 nömrəli tam orta məktəbinə sığınmış Kəlbəcər rayon 12 saylı tam orta məktəbini bitirib), daha doğrusu, 5-6-cı siniflərdə "Ədəbiyyat” kitabındakı klassik Azərbaycan yazıçı-şairlərinin, tarixi şəxsiyyətlərimizin portretlərini cızıb. Milli bayramımız olan Novruzun ən çox yadda qalan, diqqət çəkən, baharın gəlişini rəmzi ifadə edən səməni yetişdirməyə başlayıb. Bu səmənilər hər kəsin yetişdirdiyinə bənzəməyib, həcminə və şərti adlarına görə.
İlləri arxada qoyduqca Samirənin istedadı özünü daha qabarıq şəkildə göstərib. Kəlbəcər rayonunun Bakı şəhərində fəaliyyət göstərən 21 saylı tam orta məktəbində texniki işçi kimi çalışan, burada bədii tərtibat işləri ilə məşğul olan həvəskar rəssamın arzuları çoxdur: peşəkar rəssamlardan dərs almaq və bunun üçün ciddi hazırlaşmaq. Erməni vandalizminin qurbanı olmuş Qarabağımızın füsunkar təbiətini kətana köçürmək də onun arzuları sırasındadır.
Ən çox sevdiyi əl işlərindən biri bu il Novruz bayramı ərəfəsində həcminə görə rekord sayılacaq (3mx2m) səmənidir ki, xalqımızın milli adət-ənənəsinə sadiq olaraq Fəxri xiyabana, Ulu Öndər Heydər Əliyevin müqəddəs məzarı üstünə aparıb.
Vətənpərvərliyi ilə də seçilən Samirə İbrahimovanın səməni sevgisi qeyri-adidir. Deyir ki, səməni torpağın oyanışı, xalqın dirçəlişi, qışın ağırlığından yazın yüngüllüyünə çıxmaq rəmzidir: "Səməni evlərə həm də bir ruzi-bərəkət gətirər”, - deyirlər. Mənim səməni sevgim, yalnız sənətlə bağlı deyil. Milli-mənəvi dəyərlərimizdən olan Novruzun atributlarını yaşatmaq, gələcək nəsillərə onun mahiyyətini bu yolla anlatmaqdır. Səmənilərimə rəmzi ad da verirəm: "Qədim Azərbaycan”, "Azərbaycan”, "Qarabağ bizimdir”, "Kəlbəcər həsrəti”, Dədə Şəmşirin 125 illiyinə həsr etdiyi "Ədəbi silsilə dağlar” və s.
Budur, onun milli-mənəvi dəyərlərimizə sədaqəti, sevgi və məhəbbəti. Əllərinin sığalı ilə göz oxşayan, bir-birindən fərqli formalarda boy atan səmənilər onun həm də ruhunun, qəlbinin istəklərindən boylanan arzu-diləyidir sanki. Qoy arzuları da yetişdirdiyi səməniləri kimi cücərsin, boy atsın, onu və xalqımızı, Novruz bayramını sevənləri sevindirsin - Qarabağımız, onun bir parçası olan doğulduğu Kəlbəcər işğaldan azad edilsin!
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2020.- 20 mart.- S.
8.