"ASAN
xidmət" bizim intellektual məhsulumuzdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 4-də
Tovuzda "ASAN Həyat” kompleksinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
kompleksin rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına ətraflı məlumat verdilər.
Bildirildi ki, bu kompleks Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 18-ci mərkəzidir. Kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılıb. Tovuz rayonunun Aşağı Quşçu kəndinin ərazisində yerləşən, öz möhtəşəmliyi ilə seçilən kompleksin inşaat işləri bu ilin martında başa çatdırılıb.
Dövlətimizin başçısı kompleksi işə saldı.
Məlumat verildi ki, bu kompleks Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək. "ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320-dən çox xidmət həyata keçiriləcək. Kompleksdə çalışacaq əməkdaşların sayı 205, könüllülərin sayı isə 50 nəfərdir.
Tovuz "ASAN Həyat” kompleksində "ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu.
Qeyd edildi ki, "ASAN Müraciət” ictimai-nəzarət platforması kommunal məsələlər, yol-nəqliyyat problemləri, infrastrukturun təmiri, abadlaşdırılması, təmizliyi və digər məsələlər ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə aidiyyəti dövlət qurumlarına təqdim olunması üçün elektron sistemdir. Sistem vətəndaşlara problem barədə foto-video görüntülər qeyd edilməklə məlumat göndərilməsi və problemin həlli ilə bağlı görülən işlər barədə məlumat əldə edilməsi üçün imkan yaradacaq.
Dövlətimizin başçısına məlumat verildi ki, vətəndaş mobil tətbiq üzərindən problemi bildirir, müraciət Situasiya Mərkəzinə daxil olur və sistem üzərindən aidiyyəti quruma ötürülür. Qurum tərəfindən müraciət araşdırılır, problem həll edildikdən sonra nəticəsi barədə vətəndaşa tətbiq üzərindən bildiriş göndərilir və vətəndaş nəticəni sistem üzərindən qiymətləndirir. Sistem problemlərin həllində vaxta və resurslara qənaət etməklə yanaşı, problemli sahələrlə bağlı məlumatların toplanması və təhlili üçün imkanlar yaradır.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi - "eAgro” isə şəffaf və səmərəli idarəetmə, innovasiyanın tətbiqi, daxili və xarici sistemlərlə inteqrasiya imkanlarını əhatə etməklə ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən çoxsaylı subyektlərin həm xidmət göstərdiyi, həm də xidmət aldığı vahid platformadır. Sistem aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün müxtəlif analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, peyk yoxlamalarına, dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır. Aqrar sahənin iştirakçıları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə heyvan və bitki sağlamlığına, subsidiyaların verilməsinə dair müraciətlərin qəbulu, kənd təsərrüfatı istehsal vasitələrinin - torpaq, gübrə, toxum, pestisid, texnika və sair, həmçinin kənd təsərrüfatı məhsullarının qeydiyyatı, tanıdılması və onlayn satışı kimi xidmətlərlə təmin edilirlər.
Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda sistem üzərindən 473 mindən çox fermer, 400-dən çox təchizatçı və tədarükçü, 1000-dən çox baytar mütəxəssis qeydiyyatdan keçib, sənədləşmənin tam elektronlaşması nəticəsində fermerlərdən bir neçə dəfə toplanan 1 milyondan çox kağız sənəd aradan qaldırılıb, 2 milyon 222 min 101 hektar ərazi üzrə 596 min 479 torpaq sənədi sistemdə yerləşdirilib. Sistem kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyinin qurulmasına və tamamlanmasına, analizlərin aparılmasına, müasir texniki həllərin tətbiqinə, peyk yoxlamalarına, dəqiq məlumatlara əsaslanan proqnozların verilməsinə imkan yaradır.
Digər bir innovativ yenilik isə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin inşasına və istismarına icazələrin verilməsi sistemidir. Bu sistem "bir pəncərə” prinsipi əsasında bəzi tikinti obyektlərinin inşasına və istismarına icazələrin verilməsinə, eləcə də tikinti prosedurlarının sürətləndirilməsinə şərait yaradan elektron müraciət sistemidir. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.
Bildirildi ki, sistem bütün iştirakçı tərəflərin və müvafiq dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya edilib, nəticədə tikintiyə icazə alınması prosedurlarının sayı 18-dən 7-yə, prosesin müddəti isə 118 gündən 38 günə qədər azalıb.
Prezident İlham Əliyevə Virtual reallıq texnologiyası və onun tətbiqi ilə bağlı da məlumat verildi.
Bildirildi ki, bu texnologiya xüsusi avadanlıqlar və proqram təminatı vasitəsilə istifadəçini real olmayan mühitin içərisində hiss etdirən vizual görüntülərdən və səs effektlərindən ibarətdir. Virtual reallıq eynəkləri və onlara qoşulmuş idarəetmə qurğuları vasitəsilə istifadəçi virtual aləmdə səyahət edərək oradakı cisimlərə toxuna və onlar barədə məlumat ala, eyni zamanda, baş verən hadisələrə müdaxilə edə bilər. Virtual reallıq texnologiyası səhiyyə, təhsil, tikinti, turizm, psixologiya, elmi tədqiqat, oyun sənayesi və s. sahələrdə tətbiq edilməklə, istifadəçi üçün daha rahat öyrənmə və tətbiqetmə imkanları yaradır.
Hazırda ölkəmizdə 17 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir. Həmçinin Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir. Bu il Ağcabədi və Balakəndə "ASAN xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır. Bununla yanaşı, Bakıda "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinin açılışı da planlaşdırılır. Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk "ASAN xidmət” mərkəzləri tikiləcək. Bu günədək "ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 37 milyona yaxındır. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100 faizə yaxındır.
Tovuz "ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də "ABAD” publik hüquqi şəxsin növbəti, sayca 6-cı "ABAD” mərkəzidir. Digər mərkəzlərdə olduğu kimi, bu mərkəzin də əsas təyinatı region üzrə vətəndaşların ölkəmizin sosial-iqtisadi fəaliyyətində fəal iştirakını təmin etmək və rəqabətədavamlı ailə bizneslərinin, mikro və kiçik sahibkarların formalaşdırılmasına əlavə töhfə verməkdir.
İlk dəfə olaraq bu "ASAN Həyat” kompleksində "ABAD Factory” Bitkilərin Emalı və Qurudulması Fabriki inşa olunub.
Dövlətimizin başçısı fabriki işə saldı.
Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan "ABAD” publik hüquqi şəxsin Tovuz "ABAD Factory” fabriki 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.
Kompleksdəki Hərbi Vətənpərvərlik Mərkəzi isə gənclərin hərbi vətənpərvərlik ruhunda böyümələrinə imkan verəcək. Burada gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təmrinlərində iştirak edə biləcəklər. Bu mərkəzin "ASAN xidmət”də yerləşdirilməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradacaq.
Tovuz "ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də "ABAD” publik hüquqi şəxsin növbəti, sayca 4-cü "ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı "ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşdü.
Prezident İlham Əliyev onun üçün qoyulmuş xüsusi kresloya görə iradını bildirərək dedi:
-Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham
Əliyevin
çıxışı
-Əziz gənclər, mən sizi ürəkdən salamlayıram. Bu gün Tovuz "ASAN Həyat” mərkəzinin açılışıdır. Bu münasibətlə sizi təbrik edirəm. Bu mərkəzlə tanış olarkən çox sevinirəm. Çünki bu mərkəzdə bizim siyasətimizin bir çox əlaməti öz əksini tapır. "ASAN xidmət” bizim intellektual məhsulumuzdur. Artıq 18-ci mərkəz işə düşür və mən bütün mərkəzlərin açılışında şəxsən iştirak etmişəm. Hər dəfə yeni planlar, yeni proqramlar, yeni layihələr haqqında mənə məruzə edilir, o cümlədən bu gün.
"ASAN xidmət” öz fəaliyyətini
genişləndirir, həm coğrafi əhatə, həm də
xidmətlərin sayı artır. Biz birinci mərkəzi
açarkən o vaxt xidmətlərin sayı demək olar ki,
məhdud idi. Ancaq bu gün burada, Tovuz "ASAN Həyat” mərkəzində
320 xidmət göstərilir və müraciətlərin
sayı getdikcə artır. Mən fevral ayında Kürdəmirdə
"ASAN Həyat” mərkəzinin
açılışında idim və o vaxt 36 milyon müraciət
olmuşdu. Amma bu gün martın əvvəlidir və
müraciətlərin sayı 37 milyona çatıb. Yəni, bir ay
da keçməyib, amma müraciətlər bir milyon artıb. Siz də yaxşı
bilirsiniz ki, məmnunluq əmsalı 99,4
faizdir. Hesab edirəm ki, bu, maksimum nəticədir
və heç bir başqa xidmət bu qədər məmnunluq
doğurmur. Nəyə görə? Çünki yenə də deyirəm, "ASAN xidmət”də
bizim siyasətimiz öz əksini tapır. Vaxtilə mənim tərəfimdən verilmiş
göstərişlər dəqiqliklə icra edilir.
"ASAN xidmət”də işləyənlərin
mütləq əksəriyyəti gənclərdir, yeni nəslin
nümayəndələridir. Burada onlar yeni
baxışlarla, yeni təfəkkürlə, yeni mədəniyyətlə
xidmət göstərirlər. Ona görə
"ASAN xidmət” çox uğurlu layihədir və bu
uğurun təməlində həm
düşünülmüş siyasət, həm də bu
işi təşkil edənlərin səmərəli fəaliyyəti
dayanır. Biz qısa müddət ərzində
ictimai xidmətlər sahəsində inqilab edə bildik.
İctimai xidmətlər sahəsi həmişə
çox problemli sahədir. Hələ
sovet dövründə bu sahə ilə bağlı
çoxlu şikayətlər var idi. O cümlədən
müstəqillik illərində də ictimai xidmətlər
sahəsində bürokratiya, korrupsiya, rüşvətxorluq
adi hal kimi qəbul olunurdu və əfsuslar olsun ki, vətəndaşların
bir çoxu buna öyrəşmişdi. Ona
görə "ASAN xidmət”in fəaliyyətə
başlaması həm böyük ümidlər yaratdı, həm
də müəyyən dərəcədə təəccüb
doğurdu. Çünki bu, doğrudan da
yenilik idi. Amma bu gün artıq 18-ci mərkəz
işə düşəndə hesab edirəm, hər kəs
görür ki, bu, hansısa bir fərdi layihə deyil. Bu, yanaşma tərzidir, bu, düşüncə tərzidir,
bu, bizim siyasətimizdir. "ASAN”da olan
şəffaflıq, mədəniyyət hər yerdə tətbiq
edilməlidir. Yəni, "ASAN xidmət”
bir çox sahələr üçün nümunə olub.
Təsadüfi deyil ki, indi sosial təminat sahəsində də
buna oxşar layihə həyata keçirilir – DOST mərkəzləri
fəaliyyətə başlayır və "ASAN xidmət”
kimi, DOST mərkəzləri də bütün ölkəmizi
əhatə edəcək.
"ASAN xidmət” mərkəzlərinin
yaradılması ilə bağlı kifayət qədər
geniş proqramımız var. Dediyim kimi, bu, sayca 18-ci mərkəzdir,
ancaq yaxın gələcəkdə mərkəzlərin
sayı 27-yə çatacaq. Ağcabədi, Balakən,
Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və
Salyan şəhərlərində mərkəzlər,
Bakıda isə daha iki mərkəz tikiləcək. Əlbəttə
ki, bu proses sonra da davam etdiriləcək. Beləliklə,
insanlara daha da keyfiyyətli xidmətin göstərilməsi təmin
olunacaq. Bu mərkəz bir neçə
rayonu əhatə edir. Bu rayonlarda 700 min əhali
yaşayır. Bu, qərb zonasında sayca
2-ci mərkəzdir, birincisi dediyim kimi, Gəncə şəhərində
açılıb. Üçüncü
mərkəz də Gəncə şəhərində
açılacaq. Çünki buna tələbat
var. "ASAN xidmət”in üstünlüklərinin biri də
odur ki, burada növbələr müşahidə olunmur.
Ancaq Bakıda tələbat o qədər
böyükdür ki, biz iki yeni mərkəzin
açılışına qərar verdik. O cümlədən
Gəncə və Sumqayıt şəhərlərində də
ikinci mərkəzin fəaliyyətinə ehtiyac var.
Onu da bildirməliyəm ki, bizim təcrübəmiz digər
ölkələrdə öyrənilir. Artıq
"ASAN xidmət” "ASAN” adı altında başqa ölkələrdə
də fəaliyyət göstərməyə başlayıb.
Bu, bizim şərtimiz idi, çünki bu, bizim
brendimiz, bizim intellektual məhsulumuzdur. Əlbəttə,
biz öz təcrübəmizi istənilən ölkə ilə
bölüşməyə hazırıq və bunu edirik.
Əlbəttə, sevinirik ki, digər ölkələr
də bizim təcrübəmizdən istifadə edirlər.
Beynəlxalq təşkilatlar "ASAN”ın fəaliyyətini
yüksək qiymətləndirirlər. BMT
"ASAN”ı fərqləndirib, mükafat verib. Bu da əlbəttə ki, görülən işlərin
nəticəsidir.
Bu mərkəzdə
təkcə "ASAN xidmət” sahəsində 200-dən
çox, könüllülər üçün isə 50 iş yeri yaradılıb. Eyni zamanda, ABAD
fabrikində birinci mərhələdə 50 iş yeri
yaradılıb. "ASAN” fəaliyyətini
genişləndirdikcə öz funksiyalarını da genişləndirir.
Bu mərkəzlər bölgələrdə
artıq ictimai mərkəzlər kimi fəaliyyət göstərirlər
- kafelər, diskotekalar, açıq səhnələr,
kinoteatr. Məsələn, Tovuz şəhərində
bu günə qədər, yəni, müasir dövrdə
kinoteatr olmayıb. Amma indi iki kinoteatr var. Gənclərin
asudə vaxtlarını səmərəli keçirmələri
üçün bütün imkanlar var.
Əlbəttə ki, Azərbaycanda könüllülər
hərəkatı "ASAN xidmət”dən
başlamışdır. İndi
könüllülər hərəkatı digər sahələri
də əhatə edir. Mən göstəriş
vermişəm ki, dövlət qurumlarında
könüllülər dəstələri, qrupları
yaradılsın. Artıq bəzi nazirliklərdə
könüllülər qrupları yaradılıb. Bizim beynəlxalq tədbirlərdə - Avropa və
İslam oyunlarının keçirilməsində
könüllülər çox böyük xidmət göstərmişlər.
Amma başlanğıc "ASAN”dan start alıb.
Bu gün minlərlə könüllü
artıq bu təlimdən keçib və həyatda öz
layiqli yerini tutub. Əminəm ki, "ASAN
xidmət”də çalışan, eyni zamanda,
könüllülər kimi fəaliyyət göstərən
gənclərin çox parlaq gələcəyi olacaq. Çünki onlar artıq çox xeyirxah bir işlə
təmin olunublar. Bu iş çoxşaxəlidir,
insanlarla birbaşa ünsiyyətdir, insanlara göstərilən
yardımdır, xidmətdir, köməkdir. Eyni
zamanda, mərkəzlər innovasiya baxımından çox
mütərəqqi təcrübəyə malikdir. Ona görə gənclərin gələcəkdə
həyatlarını daha da yüksək səviyyədə təmin
etmələri üçün bu təcrübə, hesab edirəm
ki, əvəzolunmazdır.
"ASAN xidmət”, eyni zamanda, bizim xalqımıza xas
olan xüsusiyyətləri də özündə ehtiva edir. Çünki
xalqımız həmişə qonaqpərvər olub. Buraya müraciət edən vətəndaş da
buranın qonağıdır. Biz həmişə
qonaqlara böyük hörmət göstərmişik. Gənc nəsil də bu milli dəyərlər əsasında
tərbiyə almalıdır. Mədəni
davranış, mədəni rəftar qaydaları, mədəni
xidmət - bütün bunların Azərbaycanda dərin
kökləri var. Sadəcə olaraq, bu gün bu, mütəşəkkil
formada "ASAN xidmət”də öz əksini tapır. Bu, ümumiyyətlə, ictimai münasibətlərə
də müsbət təsir göstərir. Mən tam əminəm ki, bu mərkəzə qədəm
qoyan hər bir insan buradan məmnunluqla ayrılacaq. Çünki birincisi, binanın gözəlliyi,
ikincisi, mövcud olan şərait, işçilərin təbəssümləri,
göstərilən xidmətlər, operativlik, vaxtın itirilməməsi,
"ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa
sıfır dözümlülük var. Hər yerdə belə
olmalıdır. Azərbaycanda rüşvətxorluğa,
korrupsiyaya qarşı mübarizədə "ASAN xidmət”in
xüsusi rolu var. Çünki bu mərkəzlərdə
göstərilən xidmətlər artıq korrupsiya,
rüşvətxorluq üçün yer qoymur. Ona görə biz bu bəla ilə bir çox alətlərlə
mübarizə aparmalıyıq. Əlbəttə
ki, inzibati tədbirlər, cəza tədbirləri.
Son vaxtlar bütün vətəndaşların diqqətinə
çatdırılan operativ tədbirlər, rüşvətxor
məmurların ifşa olunması, onların bədnam əməllərinin
ifşa edilməsi – bütün bunlar onu göstərir ki,
korrupsiya və rüşvətxorluqla bağlı tədbirlər
sistem xarakteri daşıyır. Əgər kimsə
bunu bu günə qədər başa düşməyibsə,
o, gərək başa düşsün və bu mübarizə
davam etdiriləcək. Cəza tədbirləri
cinayətkarlara qarşı tətbiq olunmalıdır. Eyni zamanda, sistem xarakterli tədbirlər də
olmalıdır. Onlardan biri və bəlkə
də birincisi "ASAN xidmət”də yaradılmış
qaydalardır. Çünki burada imkan da
yoxdur. Gənclər artıq bu ruhda tərbiyə
olunur. Dürüst olmaq, xeyirxah olmaq, həmişə
kömək etməyə hazır olmaq - bütün bunlar
insanların formalaşması üçün çox önəmli
amillərdir. Ona görə "ASAN xidmət”
haqqında danışanda biz, sadəcə olaraq, vətəndaşlara
göstərilən xidmətlərlə məhdudlaşmamalıyıq.
Bu, daha dərin, daha geniş məna
daşıyan çox ciddi bir hərəkatdır və bizim
siyasətimizi əks etdirən hərəkatdır.
Mən bir dəfə demişəm, bir daha demək istəyirəm,
birinci mərkəzlər açılan zaman kimsə
düşünə bilərdi ki, bu, sadəcə olaraq,
ictimai xidmət mərkəzləridir. Elə deyil.
Bizim niyyətimiz tam başqa idi. Bu, cəmiyyətimizə müsbət yenilik gətirən
təşəbbüs idi və artıq həyatda öz əksini
tapıb. Azərbaycan bu sahədə də
liderdir. İntellektual məhsulun
yaradılması və bu gün ixracı artıq
reallıqdır.
Əlbəttə, bir daha demək istəyirəm, gənclər
burada çox gözəl məktəb keçərək həyatda
layiqli yer tutacaqlar ki, gələcəkdə ölkəmizin
inkişafı üçün səylərini əsirgəməsinlər. Buna nail
olmaq üçün ilk növbədə, bilikli, savadlı və
vətənpərvər olmalısınız. Hesab
edirəm ki, bu üç əsas amil gələcəkdə
də Azərbaycanı bütün bəlalardan qoruyacaq, necə
ki, bu gün qoruyur. Bu gün dünyada gedən
proseslər gözümüzün qabağında baş
verir. Yeni münaqişə ocaqları, yeni müharibə
ocaqları, yeni köçkün dalğası, ziddiyyətlər,
kütləvi etirazlar, polis zorakılığı, dinc
nümayişçilərə qarşı amansız
zorakılıq göstərilməsi, minlərlə
nümayişçinin həbs edilməsi, onların
öldürülməsi - bunlar inkişaf etmiş ölkələrdə
bizim gözümüzün qabağında baş verir,
hansısa geridə qalmış ölkədə deyil. Bunun səbəbləri var. Səbəblər də
kütləvi narazılıqdır. Bunun
da səbəbləri var. Bu, təkcə maddi amillərlə
məhdudlaşmır. Ədalətsizlik,
hakimiyyətlə xalq arasındakı uçurum, təbəqələşmə,
sosial problemlərin həll edilməməsi, bir çox amillər
var, mən hamısını sadalamaq istəməzdim. Ancaq fakt budur ki, bu, bu gün reallıqdır.
Belə bir mənzərə fonunda Azərbaycanda mövcud olan
əmin-amanlıq, sabitlik, inkişaf, əlbəttə ki,
bizim böyük sərvətimizdir və bunu biz
özümüz qazanmışıq, heç kim
bizə kömək etməyib. Ən ağır günlərdə
heç kim bizə kömək etməyib.
Mən istəyirəm ki, gənclər bunu
bilsinlər. Nəyi əldə etmişiksə,
öz gücümüz, cəsarətimiz, istedadımız
hesabına əldə etmişik. Bizim elə
günümüz var idi ki, pulumuz yox idi. O vaxt -
1990-cı illərin əvvəllərində Azərbaycan əhalisi
8 milyon idi, bunlardan 1 milyonu qaçqın, köçkün. Pul yox, iqtisadiyyat dağılmış, sənaye
iflic vəziyyətdə. Çadır
şəhərcikləri, köçkünlər
vaqonların içində, vaqonların altında
yaşayırdılar. Bütün
bunları biz yaşamışıq. Amma
görün, bu gün düşünülmüş siyasət,
sabitlik nəticəsində Azərbaycan dünya miqyasında
inkişaf baxımından aparıcı yerlərdədir.
Sabitlik, əmin-amanlıq, cəmiyyətdəki
müsbət ovqat - bütün bunlar Azərbaycan
reallıqlarıdır. Bölgələrin
inkişafı. Tovuz şəhəri
Bakıdan uzaqda yerləşir. Amma Tovuz
şəhərinin timsalında biz bu inkişafı
görürük. Baxın, indi
qazlaşdırmanın səviyyəsi 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizdir. İçməli su həmişə böyük
problem olub. Artıq bir neçə ildir
ki, Tovuz şəhərinin içməli su problemi öz həllini
tapıb. Müasir xəstəxana,
müasir dializ və diaqnostika mərkəzləri, idman
kompleksi, parklar, sənaye müəssisələri. Bu gün mən Aşıq Sənəti Dövlət
Muzeyinin və xalça fabrikinin
açılışlarında iştirak etmişəm.
Bütün bunlar onu göstərir ki, ölkəmizin
hər bir bölgəsi inkişaf edir. Gənclər
gələcəkdə elə işləməlidirlər ki,
bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi
olsun. Ona görə bir daha demək istəyirəm,
- bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur,
- bilik, savad, vətənpərvərlik, Vətənə
bağlılıq və milli dəyərlər hər
şeydən üstün olmalıdır. Bizi
xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan
qoruyan bizim dəyərlərimiz olub. Ana
dilimiz, ədəbiyyatımız, incəsənətimiz və
milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik,
heç vaxt! Nə qədər ki, mən
prezidentəm, var gücümlə çalışacağam
ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən
gənclər arasında. Çünki
indi gənclər yaşlı nəsildən təbii ki, fərqlənir.
Onların maraqları da fərqlidir. Onların informasiya əldə etmək
üsulları da fərqlidir. Gənclərin
bir çoxu televiziyaya baxmır. Onların
əlində telefon var, bütün informasiyanı oradan
alırlar. Gənclər bəzi hallarda
virtual məkanda yaşayırlar, real həyatdan bir qədər
kənarda qalırlar. Bütün bunlar, təbiidir,
bu, dövranın, necə deyərlər, mənzərəsidir.
Amma bütün bunlara baxmayaraq, bizim gənclər
milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər
ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə
kimi yaşaması üçün onların hər biri vətənpərvər
olmalıdır. Hər biri öz
bayrağını həmişə uca tutmalıdır,
öz milli atributlarına hörmətlə
yanaşmalıdır və heç kimin təsiri altına
düşməməlidir.
Xalqımız uzun əsrlərboyu başqa ölkələrin,
imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən,
azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə
yaşayıb. Biz artıq 30 ilə
yaxındır ki, müstəqil ölkə kimi
yaşayırıq və əbədi yaşamalıyıq.
Bundan sonra heç vaxt müstəmləkə
olmamalıyıq. Buna nail olmaq
üçün iqtisadi, hərbi, mənəvi
gücümüz, dəyərlərimiz olmalıdır, var və
hər şeydən üstün olmalıdır. Ona görə indi müxtəlif yollarla, müxtəlif
adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də
artıq lüğətdən silinib. Bəlkə də
10 il bundan əvvəl qloballaşma deyilən
bir meyil var idi və belə bir fikir aşılanırdı
ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri,
millətləri aradan götürəcək, hamı bir dildə
danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və
məhvi üçün ziyanlı bir siyasət
aparılırdı, bu gün də aparılır, amma bu
gün başqa adlarla. Bu gün bəzi
hallarda demokratiya adı ilə ölkələri öz təsirləri
altına almaq istəyirlər. O ölkələr ki,
özləri demokratiyanı kobudcasına pozurlar, insan
haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla
həbs edirlər, nümayişçiləri əzirlər,
öldürürlər, itləri, atları onların
üstünə salırlar, rezin güllələrlə
vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə
edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin
özləri bunu edirlər. Ona görə
demokratiyanı şüar edib xalqları, dövlətləri
özlərinə tabe etmək istəyirlər, o cümlədən
bizi. Ona görə də təzyiqlərlə,
iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında
baş əymirik və heç vaxt əyməyəcəyik.
Bizim milli qürurumuz, ləyaqətimiz hər
şeydən üstündür. Ona görə
müxtəlif vasitələrlə gəncləri yoldan
çıxarmaq istəyirlər. Çünki
bilirlər ki, gənclər hələ yetişməyiblər,
formalaşmayıblar, onlar daha çox tələbkardırlar,
pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə,
dövlət naminə, hansısa başqa paytaxtda oturanın
maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər
bilməlidirlər və düzgün təhlil
aparmalıdırlar. Bilməlidirlər ki,
bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi
möhkəmləndirmək, Azərbaycan dövlətinin
qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi
qorumaqdır. "ASAN xidmət” mərkəzlərində,
o cümlədən burada işləyənlər və
könüllülər bax, bu ruhda tərbiyə alırlar.
Buna görə bir daha qayıdıram "ASAN
xidmət” mərkəzlərinin fəaliyyətinə ki, xalq
tərəfindən belə yüksək qiymət verilir.
Mən sizi mərkəzin
açılışı münasibətilə bir daha təbrik
edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.
ASAN
könüllüsü Ummahanı Abdullayeva: Möhtərəm
cənab Prezident, Sizi salamlayıram. Mən Beyləqanda
keçirilmiş "Hərbiyyə” hərbi vətənpərvərlik
düşərgəsinin iştirakçısı
olmuşam. Mən bir hərbçi qızı
olaraq demək istəyirəm ki, atam mənə həmişə
hərbçi həyatı barədə danışanda mən
bunu, sadəcə, onun dedikləri və televizorda
gördüklərim qədər təsəvvür edirdim.
Layihəyə müraciət barədə
elanı gördükdən sonra isə qərara gəldim ki,
mən də bu layihədə iştirak edim. Layihə sayəsində mən əsgərlərimizlə
çiyin-çiyinə olarkən onların bizim rahat və təhlükəsiz
yaşamağımız üçün necə
çalışdıqlarını və hansı çətinliklərin
öhdəsindən gəldiklərini gördüm. Atamın danışdıqlarının həqiqətən
də canlı şahidi oldum. Xanım olsaq
da, biz layihə iştirakçıları bütün
gücümüzlə hərbi təlimlərdə, taktiki
hazırlıq, topoqrafiya, atəş və digər hərbi
hazırlıqlarda iştirak etdik. Bir həftə boyunca
özümüzü əsl əsgər olaraq hiss etdik.
Ölkəmiz tarixboyu öz qəhrəman
oğulları ilə yanaşı, mərd xanımları ilə
də tanınıb. Biz Sara xatunun, Həcərin, Nigarın
yetirmələriyik. Vətənpərvərlik
hissi, mərdlik damarlarımızdan axan qanımızda var.
Cənab
Prezident, Siz Sərəncamınızla elan etdiyiniz bu
"Könüllülər ili”ndə hərbi vətənpərvərlik
düşərgəsində sevərək iştirak edəcəyəm.
Demək istəyirəm ki, Azərbaycan xanımları olaraq
biz də Sizin göstərişinizlə
bir an belə düşünmədən
torpaqlarımızı işğaldan azad etməyə
hazırıq.
Prezident
İlham Əliyev: Sağ olun.
ASAN
könüllüsü Bəxtiyar Rzayev: Möhtərəm
Prezident, cənab Ali Baş Komandan, mən də Sizi
salamlayıram. Mən "ASAN xidmət” tərəfindən
Gədəbəydə və Beyləqanda təşkil edilən
"Hərbiyyə” vətənpərvərlik düşərgəsinin
iştirakçısı olmuşam. Onu qeyd edim ki, bu
layihə beş dəfə həyata
keçirilib və 500 gənc bu düşərgənin
iştirakçısı olub. Baxmayaraq hərbi xidmətə
yollanmağıma azı 2 il var, mən yenə
də hərbi düşərgəyə qatılmağı
və o mühiti vaxtından əvvəl görməyi özümə
borc bildim. Hər iki düşərgədə
yaşadığımız əsgər həyatı bizə
sabit bir dövlətin mövcudluğu üçün
möhkəm sütunların olduğunu göstərdi. Biz əsgərlərimizlə, komandirlərimizlə
və qazilərimizlə eyni mühitdə peşəkar orduya
sahib olduğumuzu gördük. Mən və komanda
yoldaşlarım orada olarkən bizə sual verdilər: Əmr
gəlsə, kimlər düşmən qarşısına
çıxmağa, şəhid olmağa hazırdır.
İştirakçıların hər biri "mən” deyərək
cavab verdi. Bu, ani bir refleks
deyildi, çünki bizim hər birimiz bu ruhda yetişmişik
və bu ruhda da tərbiyə alırıq.
Cənab
Prezident, Sizin Münxendəki paneldə aşkar
üstünlüyünüz, düşməni əminliklə
susdurmağınız bizi daha da ruhlandırdı. Həmin çıxışla bir daha sübut olundu
ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək
üçün təkcə hərbi gücə malik deyil.
O, öz həqiqətlərini sülh və
danışıqlar yolu ilə də hər kəsə
sübut edə bilib. Demək istəyirəm ki,
istər sülh yolu ilə, istərsə də müharibə
yolu ilə Vətənimiz uğrunda hər şeyə
hazırıq. Cənab Ali Baş Komandan, biz hər
birimiz Sizin sadiq əsgərinizik.
Prezident
İlham Əliyev: Sağ ol.
ASAN
könüllüsü Leyla Sarıyeva: Möhtərəm cənab
Prezident, Sizi Tovuz elində xoş gördük. Bu
an mənim və könüllü yoldaşlarım
üçün həqiqətən də unudulmaz tarixi
andır. Sizin sərəncamlarınızla
regionlarda "ASAN xidmət” mərkəzlərinin
yaradılmasına dair xəbərləri eşitdikcə
rayonumuzla bağlı da bu xəbəri eşidəcəyimiz
günü səbirsizliklə gözləyirdik. Bu gün mən ikiqat xoşbəxtəm. Bu xəbəri eşitməklə, arzuma
çatmaqla yanaşı, eyni zamanda, mən burada region gənclərini
təmsil edirəm.
Cənab Prezident, Siz Kürdəmir "ASAN xidmət” mərkəzinin
açılışında da qeyd etdiyiniz kimi, ASAN təkcə
bir layihə deyil, bu, bir siyasətdir, hərəkatdır, niyyətdir. Biz də bu
siyasətin davamçıları olaraq çox xoşbəxtik
və qürur duyuruq. Bura mən və mənim
kimi gənclər üçün yeni ideyalar, təşəbbüslər
və təcrübə mərkəzidir. Biz
burada faydalı işlər görə biləcəyimiz
peşəkar kadrlarla zəngin bir mühit əldə
etmişik. Bununla da insanların, cəmiyyətin,
dövlətin həyatında iştirak hüququ
qazanmışıq. Biz bu gün
şadıq ki, sülh və sabitliyin mövcud olduğu
ölkədə yaşayırıq. Bu
sabitliyi qorumaq üçün əlimizdən gələni edəcəyik.
Mən də bu il təşkil olunacaq
"Hərbiyyə” hərbi vətənpərvərlik
düşərgəsində iştirak edəcəyəm.
Cənab
Ali Baş Komandan, əminik ki, Sizin rəhbərliyinizlə
tezliklə Qarabağ problemi həll olunacaq. Hər
zaman bizi dinlədiyiniz, bizə dəstək olduğunuz və
yaratdığınız bu imkanlar üçün təşəkkür
edirik.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Tovuz regional "ASAN xidmət” mərkəzinin əməkdaşı
Aygün Cabbarlı: Möhtərəm cənab Prezident,
rayonumuza xoş gəlmisiniz. Sizi doğma yurdumuzda
görməyə çox şadıq. Mənim
üçün bu gün çox qürurvericidir. Çünki mən ASAN könüllüsü kimi
başladığım bu yolda Tovuz regional "ASAN xidmət”
mərkəzinin əməkdaşı kimi
qarşınızda çıxış edirəm. Sizin təşəbbüsünüzlə
yaradılan bu mərkəz rayonumuzu daha da gözəlləşdirib.
Gözəlləşdirməklə yanaşı, burada olan
istər əyləncə sahələri, istərsə də
sakinlərin inkişafına dəstək olan mərkəzlər
Sizin sosial-iqtisadi siyasətinizin
bütün komponentlərini özündə birləşdirir.
Belə ki, "ASAN xidmət” mərkəzi sayəsində
həm vətəndaşlarımız rahat xidmət alacaqlar,
həm də Tovuz və ətraf rayonlardan 200-dən çox gənc
işlə təmin olunacaq. Bu gənclər
elə biz könüllülərik. Mərkəzimizə
daxil olan ABAD məktəb təlim mərkəzi 6 sahə
üzrə - saz musiqi alətlərinin hazırlanmasından
tutmuş turizmə kimi müxtəlif peşələri
özündə birləşdirir. Bu da
yeni peşələrə yiyələnmək
üçün əvəzolunmaz fürsətdir.
Cənab
Prezident, bildiyiniz kimi, burada əhalinin çox hissəsi kənd
təsərrüfatı ilə məşğul olur. Düşünürəm ki, ABAD fabrikin
açılması həm onların əməyini dəyərləndirəcək,
həm də rayonumuzda məşğulluq səviyyəsini
daha da artıracaq. Ən əsası isə
ASAN hərbi vətənpərvərlik mərkəzidir.
Çünki bu mərkəz təkcə biz gənclərin
deyil, həm də uşaqdan böyüyə hər kəsin vətənpərvər
dəyərlərə sadiq, milli ruhda yetişməsinə təkan
verəcək.
Sonda qeyd
etmək istəyirəm, biz gənclər inanırıq və
əminik ki, bu gün doğma Tovuzda açılan bu mərkəz
sabah Qarabağ torpaqlarında
açılacaq və bizim şanlı Azərbaycan
bayrağımız orada yüksələcək. Diqqətinizə görə təşəkkür
edirəm.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək
ki, 8 il bundan əvvəl - 2012-ci il iyulun 13-də Azərbaycan
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi
yaradıldı və onun tabeliyində "ASAN xidmət” mərkəzləri
fəaliyyətə başladı. Bu qurumun
yaradılmasında məqsəd vətəndaşlara
birbaşa xidmət göstərəcək "ASAN xidmət”
mərkəzlərinin vahid şəkildə idarə edilməsi
idi. Həmin ildən başlayaraq
Bakının bir neçə rayonunda "ASAN xidmət” mərkəzləri
sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses
regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan
müraciətlər arasında şəxsiyyət vəsiqələrinin
alınması və dəyişdirilməsi,
sürücülük vəsiqələrinin dəyişdirilməsi,
notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak
məsələləri ilə bağlı olanlar
üstünlük təşkil edir. Bütün
bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində
yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin
həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün "ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqında, Avropa Parlamentində, Böyük Britaniya parlamentində, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın "ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb.
Bu illər ərzində xidmət bir neçə beynəlxalq dərəcəli sertifikata layiq görülüb, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. "ASAN xidmət” 2015-ci il BMT-nin "Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Bundan başqa, ötən il oktyabrın 25-də Dövlət Agentliyi ilə ISESCO arasında imzalanan Birgə Əməkdaşlıq Proqramına əsasən qabaqcıl idarəetmə üzrə "ISESCO-nun ASAN mükafatı” təsis olunub. Həmçinin "ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf Naminə İdarəetmə beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafının və idarə edilməsinin yüksəldilməsi məqsədilə xüsusi "ASAN xidmət” məhsullarının formalaşdırılması əməkdaşlıq proqramında nəzərdə tutulur. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə "ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.
2019-cu
il iyunun 24-26-da Bakıda Prezident yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi Birləşmiş Millətlər Təşkilatı
ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu
keçirib. Foruma dünyanın 100-dən çox
ölkəsindən 800-dən çox nümayəndə
qatılıb. Forum çərçivəsində ölkəmiz
rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət
xidmətlərinin inkişafı sahəsində BMT-nin
xüsusi mükafatına layiq görülüb. Forumun Azərbaycanda keçirilməsinə zəmin
yaradan ən önəmli amillər ölkəmizdə
dövlət xidmətləri sahəsində
qazanılmış nailiyyətlər, "ASAN xidmət”in
uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət
Xidmətləri mükafatına layiq görülməsidir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan
brendi olan "ASAN xidmət”ə dünyada böyük maraq
var.
Azərbaycan.-2020.- 6 mart.- S.2;4.