İlham
Əliyevin təşəbbüsü ilə reallaşan
“Cənub qaz dəhlizi” bütün
iştirakçı ölkələrin davamlı
inkişafına xidmət edəcək
Məşvərət Şurasının VI
toplantısı diqqəti layihənin sonuncu
seqmentinin - TAP-ın uğurla
tamamlanmasına yönəltdi
"Cənub qaz dəhlizi” Məşvərət Şurasının VI toplantısı da Bakıda keçirildi. 2015-ci ildən başlayaraq bu toplantıların hamısının Azərbaycanın paytaxtında keçirilməsi ölkəmizin həmin nəhəng layihənin təşəbbüsçüsü və aparıcı qüvvəsi olduğunu bir daha təsdiq edir.
Məşvərət Şurasının budəfəki iclası bir növ nailiyyətlərin hesabatına çevrildi. İclasda 13 ölkənin səlahiyyətli nümayəndələri, çoxsaylı enerji şirkətləri və maliyyə qurumları iştirak etdi. Bu da təsadüfi deyil. Çünki "Cənub qaz dəhlizi” Avropanın enerji təhlükəsizliyində strateji amildir. Dəhlizi yaradan üç kəmərin ümumi uzunluğunun 3500 kilometr olması, layihənin ümumi dəyərinin 40 milyard dollara yaxın vəsait təşkil etməsi faktları da deyilənlərə əyani misaldır.
"Cənub qaz dəhlizi”ndə
yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya,
Yunanıstan, Bolqarıstan və İtaliya
iştirak edirlər. Beynəlxalq maliyyə
qurumlarının, ABŞ-ın, Böyük
Britaniyanın və Avropa
İttifaqının dəstək verdiyi
layihə bu il uğurla tamamlanacaq. Belə ki, dörd
seqmentdən üçü artıq fəaliyyətdədir.
"Şahdəniz-2” və Cənubi Qafqaz
Boru Kəmərinin genişləndirilməsi
layihələrinin başa
çatdırılması 2018-ci ilin may ayında Bakı yaxınlığındakı
Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin təntənəli
açılışına imkan verdi. Təxminən bir ay bundan sonra
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) istifadəyə verildi. 2019-cu ilin
sonunda isə Türkiyənin ərazisi
ilə 1850 kilometr məsafə boyu uzanan bu kəmər
Yunanıstan sərhədinə
çataraq TAP-a (Trans-Adriatik
Qaz Boru Kəməri) qovuşdu.
TAP-ın çəkilişi
də artıq başa çatmaq üzrədir. İşlərin 92 faizi tamamlanıb.
"Cənub qaz
dəhlizi”nin bu möhtəşəm uğurlarına
Məşvərət Şurasının
toplantılarının böyük
dəstəyi olub. Şura illərdir
layihənin icrasında
səyləri birləşdirən
və gücləndirən
işçi mexanizmə
çevrilib.
Prezident
İlham Əliyevin toplantıdakı nitqində
dediyi kimi: "Məşvərət Şurası
bu layihənin həyata keçirilməsində
çox vacib rol oynayıb. Çünki biz hər il təkcə
Bakıda görüşmürük.
İl ərzində çoxsaylı
görüşlər, məsləhətləşmələr
keçirilir və layihəni irəliyə aparmaq üçün vacib qərarlar verilir. Azərbaycan bu müddət
ərzində həm də etibarlı tranzit ölkəyə çevrildi. Xəzərin şərq sahillərində
yerləşən ölkələr
beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan
ərazisindən nəql
edirlər”.
Avropa Komissiyasının nümayəndəsi
Klaus-Diter Borxardt də tədbirin əhəmiyyətini yüksək
dəyərləndirmişdir: "Məşvərət Şurasının
bu VI toplantısı tamamilə özəl bir iclasdır. Çünki bir tərəfdən bizim qeyd ediləsi işlərimiz var və Prezident Əliyevin "Cənub qaz dəhlizi”nin
böyük mərhələləri
ilə bağlı bizə verdiyi məlumatdan görə bilərsiniz ki, bütün bunlara 2011-ci ildə start verilib. Biz indi sadəcə
2020-ci ildəyik və
buna nail olunması özlüyündə tamamilə
inanılmazdır.
Düşünürəm ki, "Şahdəniz-2” yatağından
hasil edilən qazın ilin sonunadək Avropa İttifaqına - İtaliyaya
qədər nəqli ilə bağlı sadə fakt bizim hamımız üçün fantastik nailiyyət olacaq”.
TAP-ın əhəmiyyəti
həm də ondadır ki, bu kəmər "Cənub qaz dəhlizi”ni Cənub-Şərqi
Avropa və Balkanlarda planlaşdırılan
Yunanıstan-Bolqarıstan İnterkonnektoru
(İGB), İon-Adriatik Qaz
Kəməri (İAP), eləcə
də Rumıniya-Bolqarıstan,
BRUA (Bolqarıstan, Rumıniya,
Macarıstan, Avstriya) ilə əlaqələndirəcək.
Nəticədə Bolqarıstan,
Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Avropanın bir sıra digər ölkələri üçün
geniş perspektivlər
açacaq və bölgəyə yeni təchizat mənbələrindən
yararlanmaq imkanı verəcək.
Beləliklə, indi əsas diqqət sonuncu seqmentin - TAP-ın üzərində cəmləşib. Odur ki, Məşvərət Şurasının
toplantısında bu kəmərin çəkilişində
son işlərin vəziyyəti
ətraflı təhlil
olunub.
TAP-ın icraçı direktoru Luca Schieppati bildirib ki, kəmərin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür və xəndəyə endirilir. Qazılmış sahələr torpaq örtüyü ilə bərpa olunur. Biri Yunanıstanın Kipoi, digəri isə Albaniyanın Fier məntəqəsində olmaqla iki kompressor stansiyasının inşası yekunlaşıb.
Məşvərət Şurası eləcə də perspektivdə dayanan işlərə toxunub. TAP layihəsində 20 faizlik paya malik olan "Snam” (İtaliya) şirkətinin beynəlxalq əlaqələr və biznesin inkişafı üzrə direktoru Alessandra Pasini bildirib ki, kəməri "Snam Pete” qaz şəbəkəsinə birləşdirmək üçün 55 kilometrlik interkonnektorun çəkilişi planlaşdırılır.
İGB-nin operatoru olan "İCGB AD” şirkətinin icraçı direktoru Teodora Geoergiyeva diqqətə çatdırıb ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Avropa İttifaqında enerji bazarının təhlükəsizliyi üzrə prioritet daşıyan layihələrdən biridir. Həmin xəttin vasitəsilə Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq.
Məşvərət Şurası bir daha vurğulayıb ki, Azərbaycan böyük coğrafiyanı əhatə edən bu qlobal təşəbbüsünü beynəlxalq dəstəklə başa çatdırmaqdadır. "Cənub qaz dəhlizi” bütün tərəflərin maraqlarının təmin olunmasına və qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanan məqsədə yönəldilib. TAP-ın, nəticə etibarilə "Cənub qaz dəhlizi”nin nəzərdə tutulduğu vaxtda, yəni bu ilin sonunadək başa çatdırılması mühüm əhəmiyyət daşıyır. Yeddi ölkənin, çoxsaylı şirkətlərin və digər qurumların əməkdaşlıq formatı layihənin uğurla tamamlanmasına imkan verəcək, "Cənub qaz dəhlizi” bütün iştirakçı ölkələrin davamlı inkişafına, onların qarşılıqlı münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.
Flora SADIQLI
Azərbaycan.-2020.- 3 mart.- S.1;5.