“Könüllülər ili” - tarixdə yeni səhifə
Könüllülük cəmiyyət üçün böyük bir dəyərdir. Bu dəyər insanları vahid niyyət ətrafında birləşdirir. Vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin çox uğurlu formatı kimi özünü doğruldur. Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Bu gün bütün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır. Dövlət, yerli özünüidarə orqanları, qeyri-hökumət qurumları könüllü fəaliyyətin təşkilinə və həyata keçirilməsinə kömək göstərir və sevindiricidir ki, ölkəmiz də bu prosesin mərkəzindədir.
Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci
il respublikada "Könüllülər ili” elan edilib.
Tarixi irsimizdən gələn ənənələr
Könüllülüyün qayəsi vətənpərvərlikdir. Həm yaşadığın ölkəni, həm də ümumən dünyanı qəlbən sevməkdir. Cəmiyyəti müsbət mənada dəyişmək, irəli aparmaqdır. Könüllü olmaq insana başqaları üçün lazımlılığını hiss etdirir. Yeni dostlar qazanmaq, müxtəlif qruplarda həmfikirləri ilə görüşmək, hər hansı problemin həllində iştirak etmək, lider bacarıqlarını mənimsəmək, özünü ifadə edə bilmək və doğrultmaq, komanda işi bacarıqlarını mənimsəmək və s. imkanları yaradır.
Könüllülük fəaliyyəti
Azərbaycan cəmiyyəti üçün
əslində yenilik deyil.
Bu fəaliyyət
qloballaşma proseslərinin təsiri ilə
həyatımıza dünən, bu gün daxil olmayıb. İctimai işlər üçün
heç bir göstəriş,
xahiş gözləmədən qol çırmalamaq, ehtiyacı olana təmənnasız kömək göstərmək
xalqımızın ruhundadır. Bu torpaqlarda yaşayan insanlar min illərdir ki, könüllülüyü
bir dəyər kimi
yaşadıblar. Mənəvi əmanət olaraq
nəsillərdən-nəsillərə ötürüblər.
Azərbaycan insanları həmişə xeyirdə-şərdə,
ictimai işlərdə heç
bir fərdi mənfəət güdmədən
birgə çalışıblar, bir-birinə dəstək olublar. Yükün
ağırlığına-yüngüllüyünə baxmayaraq, əllərini daşın altına qoyub maneələri yoldan
kənarlaşdırmağa çalışıblar. El-obalarımızda insanları nəcib niyyətlər
ətrafında bir araya
gətirən, irəli düşüb
onları xeyirxah işlərə sövq edən, ən böyük
fədakarlıq nümunələri göstərən nüfuzlu ağsaqqallarımız,
ağbirçəklərimiz həmişə olub,
var və yenə də olacaq. Azərbaycan xalqı əsrlər boyudur ki,
xeyirxahlığı, fədakarlığı, könüllü və təmənnasız
kömək ənənələrini yaşadıb,
yaşadır və yenə də yaşadacaq.
XIX əsrin sonu və XX əsrin əvvəllərinə nəzər salsaq, onda da indiki könüllülük fəaliyyətinə bənzər bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını görəcəyik. Xalqın öndə gedən insanları bu cür cəmiyyətlərdə könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələr üzrə çalışmağı özlərinə mənəvi borc, şərəf bilirdilər. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik nemətinə qovuşandan sonra da ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu oldu. Qanlı 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara gedərək qan verməsi xalqımızın könüllülük dəyərlərinin bariz nümunəsi idi. Bu gün ölkənin inkişafı üçün zəhmətini əsirgəməyən, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin öz məqsədlərinə çatmasına töhfə verməkdən ötrü cani-dildən çalışan, Vətənə sevgisini sözdə deyil, işdə göstərən gənc könüllülərimiz də eyni ruhun daşıyıcısıdırlar.
Bu gün və
gələcək qarşısında məsuliyyət
Hazırda Azərbaycanda könüllülük fəaliyyətinin böyük bir ictimai hərəkata çevrilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra apardığı dövlət gənclər siyasətinin uğurlu nəticələridir. 1998-ci ildə Gənclər və İdman Nazirliyi BMT-nin İnkişaf və Könüllülər Proqramı ilə birlikdə 650 gənci əhatə edən ilk pilot-layihə həyata keçirdi. Məhz 1998-2000-ci illərdə reallaşdırılan proqram nəticəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olunmağa başlandı və ilk könüllü komandası yaradıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılmış bu hərəkat, bu ideya hazırda geniş vüsət alıb.
Prezident İlham Əliyevin yeni inkişaf mərhələsində uğurla davam etdirdiyi bu siyasət Azərbaycan gəncliyinin ümumdövlət mənafeləri ətrafında bir araya gətirilməsində böyük rol oynadı. Gənclərdə Vətənə, ölkəmizin tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhu, cəmiyyətin bugünü və gələcəyi qarşısında sosial məsuliyyət hissi aşıladı. Son illər Azərbaycanda dövlət səviyyəsində geniş vüsət alan, dəstəklənən, inkişaf etdirilən könüllülük fəaliyyəti əslində ulularımızdan gələn nəcib ənənələrin yeni formada təqdimatıdır. Bu mənəvi irsin yenidən həyat qazanmasıdır.
Azərbaycanda könüllülük fəaliyyətinin təşviq olunması məqsədilə dövlətimiz tərəfindən son illər zəruri addımlar atılmaqdadır. İlk növbədə bu sahədə normativ-hüquqi baza təkmilləşdirildi. Könüllülük fəaliyyətinə dövlət dəstəyi mexanizmləri formalaşdırıldı. Bir faktı qeyd edək ki, Azərbaycan MDB dövlətləri arasında könüllülərin fəaliyyəti ilə bağlı qanun qəbul edən ilk ölkələrdən biridir. 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanun Azərbaycanda bu hərəkatın yeni inkişaf mərhələsinə qədəm qoymasına yol açdı. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla respublikada könüllülük fəaliyyətinin hüquqi əsasları müəyyənləşdi.
Könüllülük hərəkatı ilə bağlı ilk böyük sınağımız 2012-ci ildə oldu. Ölkəmizdə keçirilən "Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkili işinə 1200-dən çox gənc könüllü cəlb edildi, onlarla lazımi işlər aparıldı. Gənclərimiz sınaqdan üzüağ çıxdılar və bu da onların nə qədər böyük potensiala malik olduqlarını göstərdi. Azərbaycan gəncliyinin bu potensialının üzə çıxarılmasında, onlara meydan verilməsində müsabiqənin Təşkilat Komitəsinə rəhbərlik edən ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolu çox böyük oldu. Yüzlərlə könüllü bu beynəlxalq tədbirin böyük uğurla keçməsinə töhfə verdi. Uğurla başa çatan faydalı təcrübədən digər sahələrdə də istifadə olunmağa başlandı. Bakıda keçirilmiş I Avropa Oyunları daha geniş miqyasda oldu. Bu mötəbər, çoxnövlü idman turnirində 17 minə yaxın gənc könüllülük fəaliyyətinə cəlb edildi. Həmin tədbirdə iştirak etmək üçün 20 mindən artıq gənc müraciət etmişdi. Onların arasından hazırlığı, xarici dil bilikləri daha yüksək səviyyədə olan gənclər seçilərək bu işlərə cəlb olundu. Daha sonra ölkəmizdə keçirilən "Formula-1”, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı tədbirlərdə könüllülərimiz çox yaxından iştirak etdilər. Onların hər birinə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın imzası ilə diplomlar təqdim edildi. Bu, həmin gənclərin əməyinə dövlət səviyyəsində verilən yüksək qiymət kimi könüllülərin yaddaşında qalacaq. Karyeralarında xüsusi rol oynayacaq.
Ötən il fevralın 1-də keçirilən Azərbaycan gənclərinin respublika toplantısında Prezident İlham Əliyev könüllülük hərəkatında gənclərin rolunu xüsusi qeyd etdi. Dövlət başçısı bu sahədə fəaliyyətin daha da genişlənməsi və bütün istiqamətləri əhatə etməsi ilə bağlı gənclərə çağırış ünvanladı. Ölkə Prezidenti gənclərlə keçirdiyi görüşlərdə bu hərəkata qoşulmağı onlara tövsiyə etdi.
Sevindirici haldır ki, gənclərimiz bu missiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycanın 20 mindən artıq gənci könüllülük hərəkatında iştirak edir. Ölkəmizdə könüllülük fəaliyyətinin əhatə dairəsi genişlənir.
Nəcib iş
Prezident İlham Əliyev 29 dekabr 2012-ci ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı "ASAN xidmət” Mərkəzinin açılışı zamanı könüllülərlə görüşdü, onların bu hərəkatdakı rolunu xüsusi vurğuladı: "Gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs vardır. Ümumiyyətlə, könüllülük işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də, əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər”.
Onu da qeyd edək ki, ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 17 səfir seçilib. Onların vasitəsilə bir sıra kiçik layihələrin bölgələrdə həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, BMT-nin Könüllülük Proqramı ilə Niyyət Protokolu imzalanıb. Digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə könüllülərimizin daha geniş iştirakı planlaşdırılıb.
Yeri gəlmişkən, qeyd edək ki, könüllülük hərəkatının ölkəmizdə inkişaf etdiyi ilk illərdə cəmiyyətdə bu fəaliyyəti bəzən birmənalı qarşılamırdılar. Bu gün isə könüllülük hərəkatı artıq kütləvi hal alıb. İndiyədək həm Azərbaycan daxilində, həm də beynəlxalq ictimaiyyət qarşısında brendə çevrilmiş modellərimiz var. Azərbaycan brendi olan "ASAN xidmət”in yaradılması ilə respublikamızda könüllülük hərəkatı daha geniş vüsət alıb. Bu mərkəzləri artıq könüllülərsiz təsəvvür edə bilmirik və burada çalışan minlərlə gənc ölkəmizin inkişafına öz töhfələrini verir.
Prezident İlham Əliyev sonralar da könüllülərin "ASAN xidmət”dəki rolunu yüksək qiymətləndirmişdi: "Əlbəttə, biz "ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. "ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq "könüllülər hərəkatı nədir?”- onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.
O vaxtdan bəri könüllülük gənclərimizin həyat tərzinə çevrilib. ASAN, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşdırılıb.
Könüllülərimiz öz kreativlikləri, təşəbbüskarlıqları, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Burada DOST könüllülərinin fəaliyyəti də xüsusi vurğulanmalıdır. Könüllülər burada vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönəldilməsi, insan axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə, xidmət üzrə sənədlərin siyahısı ilə tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və digər işləri bacarıqla və həm də böyük həvəslə yerinə yetirirlər. Hazırda "Könüllü DOST”un 167 məzunu var və onlardan 17-si artıq DOST mərkəzinin əməkdaşı kimi fəaliyyətini davam etdirir. "Könüllü DOST” Proqramı çərçivəsində hazırda fərqli layihələr həyata keçirilir. Bu, gənclərin əhəmiyyətli, işgüzar vərdişlər əldə etmək, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalı hesab olunur. Proqram dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, eləcə də qayğıkeşlik və yardımsevərlik prinsiplərini öüzndə ehtiva edir.
2019-2025-ci illər üzrə "DOST regional prorqamı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub. Təbii ki, həmin mərkəzlər şəbəkəsi genişləndikcə onların ölkədə könüllülük hərəkatına töhfələri də artacaq.
Bu gün müharibə şəraitində yaşayan Azərbaycanın apardığı informasiya savaşının uğurlarında, tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında, "Xocalıya ədalət” kampaniyası kimi genişmiqyaslı beynəlxalq kampaniyaların təşkilində könüllülərimizin böyük əməyi var. Bu hərəkat Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, səmərəli əməkdaşlıqların qurulmasına da çox əhəmiyyətli töhfələr verir.
Yeni səhifə
2019-cu il dekabrın 5-də Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş Könüllülük Həftəsi isə ölkəmizdə bu sahənin yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu bir daha nümayiş etdirdi. Bu inkişaf, qısa zamanda əldə edilmiş nəticə mötəbər beynəlxalq təşkilatlar tərəfindən də rəğbətlə qarşılanır. Azərbaycan dövlətinin könüllülük fəaliyyətinə verdiyi dəstək, bu fəaliyyəti təşviq edən dövlət siyasəti beynəlxalq səviyyədə alqışlanır. Çünki könüllülük fəaliyyəti məhəlli deyil. Bu, təkcə konkret bir ölkə səviyyəsində məhdudlaşıb qalmır. Könüllülük mahiyyətcə ölkə hüdudlarından kənara çıxan nəcib bir işdir.
Azərbaycan dövləti könüllülük fəaliyyətinin genişləndirilməsinə kömək göstərməklə gənclərin fərdi inkişafına təkan verir. Onlar üçün bərabər imkanlar mühiti formalaşdırır. Könüllülər hərəkatının iştirakçılarına öz potensiallarını reallaşdırmaqdan ötrü əlverişli mühit yaradır. Gənclərdə sosial məsuliyyət hissini gücləndirir. Gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməyə çalışır. Bütün bunlarla da ölkəmizin bu günü və gələcəyi üçün sağlam bir nəsil yetişdirir.
***
Azərbaycan könüllüləri ümumbəşəri dəyərlər qədər milli köklərə də bağlıdırlar. Biliklidirlər, istedadlıdırlar, işıqlı Azərbaycan gəncliyini və gənclərin parlaq istedadını, tükənməz enerjisini təcəssüm etdirirlər. Ən gözəl cəhətlərdən biri isə budur ki, könüllülər öz fəaliyyətləri, çevrələri ilə respublikada çox gözəl bir sosial mühit yaradırlar. Özünün, ailəsinin, Vətəninin, ümumilikdə isə dünyanın gələcəyini xoşbəxt görmək istəyən hər bir gənc bu mühitə can atır. Belə bir imkanlar mühitinin bir parçası burada formalaşan dəyərlərin daşıyıcısı olmaq istəyir. Beləliklə, qeyri-sağlam düşüncənin, ziyanlı həyat tərzinin, pis vərdişlərin, qaragüruhun, cinayətkarlığa meyilliliyin çevrəsi getdikcə daralır. Cəmiyyət aydınlığa çıxır. Könüllülük fəaliyyəti insanlarımızda böyük rəğbət doğurur.
Azərbaycan Prezidentinin 2020-ci ili "Könüllülər ili” elan etməsi də Vətən naminə görülən işlərə qəlbinin sevgisini qoyan insanlarımıza rəğbətin, onların əməyinə verilən yüksək dəyərin ifadəsidir. 2020-ci il Azərbaycanın bu il qazanacağı sosial-iqtisadi, mədəni nailiyyətlərlə yanaşı, "Könüllülər ili”nin məzmunu ilə də tarixdə yeni bir işıqlı səhifə açacaq, öz nəcib niyyətləri, faydaları, yaratdığı möhtəşəm nəticələrlə yüz illər sonra da hər zaman qürurla xatırlanacaq.
İradə
ƏLİYEVA
Azərbaycan.-2020.- 3 mart.- S.1;3.