Ərzaq təhlükəsizliyinin əsas şərti yerli istehsalı artırmaqdır

 

Ölkəmizdə bu istiqamətdə əməli tədbirlər həyata keçirilir

 

 

Bu gün dünyada ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli ərzaqla təminatı xüsusi önəm kəsb edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son rəqəmlərə görə, Yer üzündə 800 milyondan çox insan aclıqdan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin hesabatına əsasən isə hər il dünyada 600 milyon insan qida məhsullarından zəhərlənir ki, onlardan da 125 mini uşaq olmaqla 420 min nəfəri ölür.

Göründüyü kimi, qida mənşəli xəstəliklər və zəhərlənmə halları əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərməklə yanaşı, ailələri, icmaları, təsərrüfat subyektlərini, ölkələri, ümumilikdə, dünyanı çətin duruma salıb.

Bu baxımdan qida təhlükəsizliyi hər bir ölkədə strateji əhəmiyyətli problemə çevrilib. Nəzərə alsaq ki, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, sağlam nəslin yetişməsində, həmçinin milli genefondun qorunmasında xüsusi rol oynayır, onda bu problemin ciddiliyi daha aydın olar. Vəziyyəti gərginləşdirən həm də bu gün dünyada gedən qloballaşmao üzdən qida mənşəli xəstəliklərin sürətlə yayılmasıdır.

Odur ki, indi bütün dünyada qida təhlükəsizliyinin təminatı istiqamətində dövlətlər və regional təşkilatlar ciddi iş aparırlar. Hətta qida məhsulları iştirakçılarını bütün mövcud risklər barədə obyektivelmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırmaq məqsədilə 2002-ci ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) təsis edilmişdir.

Azərbaycana gəldikdə, ölkəmizdə bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı ilə 2001-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”, 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” təsdiq edilmiş, həmçinin digər sənədlər qəbul olunmuşdur. Bunlardan əlavə və ən əsası ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, sözügedən sahədə şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək üçün Prezidentin 2017-ci il 10 fevral tarixli fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.

Qeyd edək ki, bu agentlik yaradılanacan həmin sahədə mövcud problemlərin həlli ilə məşğul olan vahid idarəetmə mərkəzi yox idi və bu iş müxtəlif dövlət orqanları və qurumlarının öhdəsinə buraxılmışdı. Bu isə qida təhlükəsizliyinə nəzarət və dövlət tənzimləməsi sahələrində paralellik və təkrarçılıq hallarına səbəb olurdu. Üstəlik əvvəl qida təhlükəsizliyinin təmin olunması baxımından yekun məhsulun sertifikatlaşması tələb edilirdi və dövlət nəzarəti zamanı əsasən sertifikatın mövcudluğuna diqqət yetirilirdi. Həmin tədbirlər isə mövcud risklərə əsaslanmırdı və tətbiq olunan milli standartların əksəriyyəti beynəlxalq tələblərə cavab vermirdi. Nəticədə əlavə tədbirlərin görülməsinə ehtiyac yaranırdı.

Bununla belə, bu gün dünyada ərzaq təhlükəsizliyinin təminatında ən düzgün və optimal yolun daxili tələbatın yerli istehsal hesabına ödənilməsi olduğunu heç kim danmır. Yalnız bu yolla keyfiyyətsiz və müxtəlif xəstəliklər törədə biləcək qida məhsullarının yerli bazara daxil olmasının qarşısını almaq mümkündür.

Ölkəmizdə də bu səbəbdən kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün tədbirlər görülür və onlar nəticəsiz qalmır. Rəqəmlərə nəzər salaq: Azərbaycanda əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə 82,7, yumurta üzrə 101,5, südsüd məhsulları üzrə 86,7, balıq və balıq məhsulları üzrə 87,8, kartof üzrə 92,5, tərəvəz üzrə 113,8, bostan məhsulları üzrə 99,7, meyvə və giləmeyvə üzrə 123,1, şəkər üzrə 81,2, un üzrə 95,9, meyvə və tərəvəz konservləri üzrə 91,7, kərə yağı üzrə 71,1, marqarin üzrə 98,8, duz üzrə 103,1 faizdir. Bunlar 2018-ci ilə aid olan son göstəricilərdir. Üstündən bir il keçəndən sonra - 2019-cu ilə aid rəqəmlərin isə daha üstün olacağı şübhəsizdir. Çünki aqrar islahatların dərinləşməsi, fermerlərə dövlət dəstəyinin artrırılması sayəsində ildən-ilə ölkə üzrə həm məhsul istehsalı, həm də ixracı artır. Belə ki, ötən il kənd təsərrüfatında barama istehsalı 25, pambıq - 26, yumurta - 9, günəbaxan - 43, kartof - 12, tərəvəz - 12, bostan məhsulları - 11, meyvə və giləmeyvə - 9, yaşıl çay yarpağı - 7, üzüm - 20 faiz artmışdır. İxraca gəldikdə, təkcə keçən il tərəvəzçilikdə ixracın dəyəri 243 milyon dollar olmuşdur.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-dekabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 836,7 milyon manat təşkil etmişdir ki, bunun da 4 milyard 85,5 milyon manatı heyvandarlıq, 3 milyard 751,2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ümumilikdə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 7,2, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5, bitkiçilik məhsulları üzrə 11,7 faiz artmışdır.

Sözsüz ki, bu artımların əsas mənbəyi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorda həyata keçirilən islahatlar və fermerlərə verilən dəstəkdir. Bu yolla həm ərzaq təhlükəsizliyi təmin olunur, həm də ölkənin ixrac potensialı artır.

 

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 3 mart.- S.1;5.