Görkəmli ədəbi
simaların əsərlərində baharın tərənnümü
Yazıçı, şair, dramaturq, ictimai xadim Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Ədibin bir çox əsərlərində zəngin etnoqrafik materialların təsviri çoxluq təşkil edir. Onun "Bahar haqqında” məqaləsində Novruz bayramından, onun tarixi köklərindən, bayramla bağlı adət-ənənələrdən bəhs olunur. M.S.Ordubadinin məqaləsini oxuculara təqdim edirik.
"Şərq
məmləkətləri içərisində dörd fəsli
bir-birindən aydın ayrılan məmləkətlərdən
birisi də bizim yaşadığımız Azərbaycan
ölkəsidir. Xüsusən Araz çayı ilə Kür
çayının arasına düşən Arran ölkəsi
əsrlərlə bundan əvvəl məşhur yunan
tarixçisi Heredotun və amasiyalı Strabonun nəzərlərini
özünə cəlb etmişdi.
Bu
ölkədə qış fəsli çıxan kimi təbiət
birdən-birə dəyişir, mülayim və ilıq
küləklər əsir, havalar isinir.
Burada bahar gəlincə təbiətin pərdənişin gəlinləri bəzənərək bahar səhnəsinə çıxar, novruzgülünün yanağından şadlıq tərləri damcılar, torpağın beşiyində yatan körpə otlar yuxulu gözlərini açıb təzə gəldiyi yeni dünyanın möcüzəkar təbiətinə baxaraq şirin-şirin gülümsər, meşələrdə, çaylarda, bulaqların və hovuzların kənarında, yaşıl köynəkli təpələrin döşündə lalələr, yabanı qərənfillər tumurcuqlanar.
Bahar gələn kimi Azərbaycan dağları, çölləri, bağları, düzləri Tovuz quşunun qanadları kimi bəzənər, zanbaq gülləri nazik dodaqlarını açaraq, Azərbaycan təbiətinə həsr etdiyi qəsidələrini oxuyar, bu zaman bahar şəbnəmlərində çimən yasəmənlər də saçlarını yaşıl budaqların üzərinə sərib qurutmağa başlar.
Elə bil ki insan quşların nəğmələrində bu sözləri eşidər:
- Doğrudan da baharın bu dilbura və təntənəli gününü bayram etməmək qabilmidir?
Bu zaman bütün kainatda bir hərəkət başlar. İnsanlarda, quşlarda, hətta aciz qarıncalarda belə bir təlaş və bir həyacan hiss edilməyə başlar. Ev qadınları evinin şeylərini eşiyə tökər, otaqları ağardar, qışın kəsif və ağır havasını evdən təmizlər, baharın birinci gününü təmiz vicud və təmiz libaslarla qarşılarlar.
Quşlar dəxi yuvasını təmizlər, təzə yuva tikmək üçün çalışar, qarıncalar yuvasındakı toxum töküntülərini bayıra çıxarıb təzə toxum tədarükü üçün anbarlarını düzəldər, cütçülər ziraət alətlərini sahmana salar, işə çıxmaq üçün mal-qarasını hazırlar.
Buna baxmayaraq Bahar bayramının mövzusu və mündərəcəsi üzərində bir çox fikirlər mövcuddur. Bəziləri buna dini rəng verməyə çalışırlar. Məsələn, iranlılar ilk Bahar bayramını dövlət bayramı - deyə, isbat etməyə çalışırlar.
Lakin etnoqrafiya (elmi-əqvam) alimlərindən fransalı Jerando və din elmləri mütəxəssislərindən məşhur Spenser xalqlarda mövcud olan Bahar bayramını tamamilə dini mahiyyətdən uzaq bir hadisə kimi qiymətləndirirlər.
Bahar bayramını din və dövlətlə əlaqədar etmək uğrunda yürüdülən fikirlərin hamısı müvəffəqiyyət qazana bilməyərək, bir əfsanə halında qalmışdır.
Əksinə, fransız tədqiqatçısı Jerando və din tənqidçilərindən Spenserin Bahar bayramının iqtisadi və ictimai amillərin məhsulu olduğu barəsində bir çox qeydləri vardır. Onlar Bahar bayramını, hər şeydən əvvəl, bir əkinçilik bayramı olduğu ehtimalını irəli sürürlər. Bahar bayramının üzərinə hökumət bayramı damğası vurmaq istəyənlər boş bir əllə meydana çıxmışlar. Onlar bu günü Cəmşidin tacgüzarlıq gününə tətbiq etməyə çalışırlar. Lakin bu iddianı heç bir tarixi vəsiqə ilə isbat edə bilmirlər.
…İlk Bahar bayramının nə islam dini, nə də islamiyyətdən əvvəl mövcud olan dinlərlə əlaqədar olmadığı bu bayramın ayrı-ayrı xalqlar arasında çox qədim zamanda mövcud olduğu ilə sübut olunur. İndi artıq demək lazımdır ki, bu bayram Azərbaycan xalqının milli və ənənəvi bayramıdır.
Azərbaycanlılar islamiyyəti qəbuldan əvvəl Zərdüşt dininə inanmış, oda sitayiş etmişlər. Zərdüştün məzhəbi zamani-zühurundan indiyə qədər bir çox dəyişikliklərə uğramış və bir çox şöbələrə ayrılmışdır. Buna baxmayaraq onun bütün şöbələrində Məzdəkizmin mühüm ənənələri öz orijinallığını itirməmişdir. Məzdəkizmdən ayrılmış olan xalqların içərisində bu günə qədər tarixi ənənələr davam etdirilməkdədir.
Qədim azərbaycanlılar içərisində torpağa hörmət və təzə tarlalar yaratmağa olan sevgi o qədər yüksək və o qədər müqəddəs sayılırdı ki, onlar baharın ilk gününü bir tarla bayramı və bir təsərrüfat bayramı kimi həmişə şadlıqla qarşılayırdılar.
Baharın ilk günü gecə ilə gündüz bərabərləşir. Günəş Həməl bürcünə daxil olduğu üçün dağların qarlarını əridir. Çaylar, şəlalələr, buludlar coşur, torpağın və ziraətin bərəkətinə imkan yarardır - deyə, azərbaycanlılar baharın ilk gününü milli və ənənəvi bir bayram olaraq davam etdirirlər.
Baharın ilk gününü bayram etmək adəti yalnız Azərbaycan xalqına məxsus bir adət deyil, bu bayram əski romalılarda dəxi eyni şəkil və eyni halda davam etmişdir. Əski Romada bugünkü Azərbaycanda olduğu kimi, baharın birinci gününü bayram etmək üçün vaxtkən hazırlıq aparılırdı. Adamlar yuyunub təmizlənir, təzə paltarlarını geyinir, damlarda, həyətlərdə tonqal çatıb üzərindən hoppanır və bayram günü meşələrdə, tarlalarda toplanıb, çalıb oynayırdılar.
Novruz bayramını eyni şəkildə bayram etmək Azərbaycanda dəxi bir adətdir.
Ümumiyyətlə, demək olar ki, xalqlarda mövcud olan Bahar bayramı eyni və bir mövzunun müxtəlif şəkillərindən başqa bir şey deyildir. Əlbəttə, bu bayram zaman və məkana görə, yaxud mühit və tarixi dövrlərlə əlaqədar olaraq, xalqın zövq və istedadına tabe olmaqda müxtəlif və cürbəcür şəkillərdə icra olunur və bəzən də yerini Romada və s. ölkələrdə olduğu kimi başqa bayramlara təslim edir.
Lakin Azərbaycanda saxlanılan Bahar bayramının iqtisadi və ənənəvi əhəmiyyətindən əlavə, bir də ictimai qiyməti var.
Bahar bayramında bütün bir ili görüşməyənlər görüşür. Xalq bir-birinin əlini dost kimi sıxır. Bir-birinin kefini soruşur və bir-birlərinin vəziyyətləri ilə
tanış olurlar.
Bayram günü... təziyəlilər
matəmdən çıxır,
onlar matəm qarasını çıxarıb
təzə və əlvan paltarlar geyinərək kütlələrə
qoşulurlar...
…Bütün bunları nəzərə alaraq demək ki, Bahar bayramı ictimai həyatın təzahüratına xidmət
üçün yaradılmış
ən gözəl bir vasitədir”.
M.S.ORDUBADİ,
mart, 1946-cı il
Azərbaycan.-2020.-
3 mart.- S.7.