Novruzun ilk müjdəçiləri

 

Adətlər və inanclar

 

 

Uzun illər boyu xalqımıza, eyni zamanda türk ellərinə yaz fəslinin gəlişini xəbər verən müjdəçilər içərisində quşların adı xüsusi çəkilir. Yazın ilk əlaməti olaraq hacıleyləklərin qayıtması Kiçik çillənin sonu - Çillə beçənin (Boz ayın) əvvəllərinə təsadüf edilir.

Bundan sonra havalar bir neçə günlüyə soyuyur, dəli küləklər əsir. Buna "Leylək boranı” deyilir. Xalq arasında söyləyirlər ki, gərək leylək yumurtasının üstünə qar yağa. Ümumən hacıleyləklər erkən qayıtdıqlarından öz köhnə yuvalarına dönür, Novruzu orada keçirirlər. Bu vaxtlar ağacların başını quş yuvaları bəzəyir. Eyvanlarda baharın ilk müjdəçiləri sayılan şanapipiyin, qaranquşun, alacəhrənin civiltisi, nəğməsi eşidilir. Baharın soraqçısı hacıleylək inamı xalq arasında maraqlı əhvalatla yadda qalıb. Yazqabağı ilk dəfə hacıleyləyi görən uşaqlar, yeniyetmələr yaşlılardan muştuluq alardılar. Deyərdilər ki, hacıleyləklər yazın muştuluqçusudur. Böyüklər soruşardılar: "De, görək hacıleyləyin dimdiyində nə var?” Deyərdilər ki, "sünbül”. Bu, bolluq, bərəkət rəmzi hesab edilərdi.

 

 

Səməni

 

Novruz bayramı ərəfəsində bütün evlərdə bərəkət nişanəsi olan taxıl-səməni göyərdilir.

Yazın gəlməsi, torpağın oyanması, təbiətin canlanması, yaşıllıq rəmzi sayılan səməni Novruz süfrəsində ən görkəmli yeri tutur. Qohum-qonşular bir-birinə səməni yollayırlar. Təzətər səməninin şərəfinə qədim mahnılar oxunur, alqışlar söylənilir. Əkinin, məhsulun bolluğunun rəmzi olan səməni qoymaq çox-çox qədimlərdən adət olub. Yazlıq əkinqabağı səməni cücərtmək ənənəsi xalqın çörəyə, qüdsiyyətə ehtiramı, səcdəçisi kimi başa düşülür, azərbaycanlıların şifahi poeziyasında bolluq, səadət arzusu ifadə edir.

Səməninin varlığı, həyatverici gücü, mənası torpağa tapınmaqdır. Səmənini göyərtməklə əkinçi babalarımız ümidini, arzusunu, ruzusunu göyərdərmiş.

 

 

Səməni, ay səməni,

İldə göyərdərəm səni.

Sən gələndə yaz olur,

Yaz olur, avaz olur.

Səndən mən can istərəm,

Damara qan istərəm,

Qanın təmiz gərək,

Dosta sanım gərək.

Sənsiz qanım olmaz,

Cansız sanım olmaz.

İllətimin loğmanı,

Yamanlığın amanı.

Səməni, ay səməni,

İldə göyərdərəm səni.

 

Oğlaqqıran

 

Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə Oğlaqqıran adı veriblər. Bu müddətdə qışdan zəif çıxan heyvanlar, ilk növbədə, oğlaqlar - keçi-çəpiş, qoyun-quzu soyuğa davam gətirmir, tələf olurlar. Bu müddət bir çox yerlərdə "danaqıran” adı ilə də tanınır. Elat camaatı həmin dövr üçün "davar doymaz, yatar durmaz, gedər gəlməz” - deyir. Odur ki, bu zaman üçün mərəkdə (samanlıqda) yem ehtiyatı saxlanılır.

 

 

Ruzi yağıntısı

 

Qışın qurtarıb yazın başlandığı vaxtda yağan qara, yağışa ruzi yağıntısı deyirlər. İlaxır çərşənbələrin yerə dəyən istiliyi torpağı oyadır. Donu açılmış torpaq yumşalır. Bu vaxt yağan qar, yağış rahat-rahat torpağın canına hopur, əkinəcəyin məhsuldarlığını qat-qat artırır. Buna görə də deyilən vaxtda yağan qar, yağış ruzi yağıntısı adlanır.

 

 

Piyalə və ox

 

 

Bu, Novruz çərşənbələrində və digər el şənliklərində təşkil edilmiş atüstü oyundur. Orta əsrlərdə geniş yayılmış belə oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Məlumata görə, oyunda bir neçə nəfər iştirak edir. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ilə dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən eyni yerdə çevrilib ox atırdılar. Oxlar qıjıltı ilə piyalənin yanından ötüb keçir. Sərrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalib sayılır və piyalədən tökülən sikkələr ona çatırdı.

 

Hazırladı: İradə ƏLİYEVA

Azərbaycan.-2020.- 3 mart.- S.7.