Tərəfdaşlıq
münasibətləri qədim tarixə malikdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, sizi görməyə çox
şadam. Əminəm ki,
səfəriniz məhsuldar və xoş olacaq. Bizi qədim dostluq telləri bağlayır. Şadam ki, bu gün bizə gəlmisiniz.
Əlbəttə, sizin səfərinizin
gündəliyi yetərincə zəngindir. Bildiyimə görə,
çoxlu görüşləriniz olacaq. Mənim fikrimcə, bu
görüşlərin hamısı çox
konstruktiv olacaq və
onların nəticələrinə əsasən gələcək
əməkdaşlıq yollarını
planlaşdıracağıq. Ona görə ki, həm əmtəə
dövriyyəsinin artırılması, həm də investisiya layihələrinin, mədəni layihələrin
həyata keçirilməsi sahəsində böyük
potensial var. Ümumiyyətlə,
biz qonşuyuq, demək
olar ki, eyni regionda
yaşayırıq. Buna görə
də, kənd təsərrüfatı istiqamətləri,
ümumiyyətlə, oxşardır. Odur ki, kooperasiya üzrə
istiqamətlər çoxdur. Bildiyiniz kimi, biz sizin kənd təsərrüfatı
texnikasından fəal istifadə edirik və
bizim fermerlər razıdırlar. Beləliklə,
görüləsi işlər çoxdur,
gündəlik zəngindir. Ümidvaram ki, səfəriniz çox
səmərəli olacaq. Bir daha xoş gəlmisiniz.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev dedi:
- Sağ olun, İlham Heydər oğlu. Əvvələn, səmimi qəbul
üçün Sizə
təşəkkür edirik.
Biz artıq işə
başlamışıq və
xeyli görüşlər
olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki,
bu layihələr çox konkretdir, hər iki tərəfin
marağına uyğundur.
Bu, Sizin dediyiniz
kimi, maşınqayıranlara
da, "Waterfall PRO” şirkətinə
də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan
söhbət gedir.
Ümidvaram ki, həmin
şirkətlərlə əldə
edilmiş razılaşmalar
reallaşacaq. Onlar praktiki
olaraq reallaşmağa
başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur.
Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm
potensialının inkişaf
etdirilməsi üçün
gözəl imkanlarımız
var. Bir neçə şirkət elə bu gün əlaqələrin
inkişafı barədə
sazişlər imzalamağa
hazırdır - sabah bu sazişlər imzalanacaq.
Mən humanitar
əməkdaşlıq mövzusunu
ayrıca qeyd etmək istərdim. Bizim ali məktəblər
arasında əməkdaşlıq
haqqında bu gün də müqavilələr var. Bilirəm
ki, bizim Rostov Dövlət Texniki Universitetinin, Cənub
Federal Universitetinin və
bir sıra başqa ali məktəblərin konkret
əlaqələri reallaşıb.
Çox
xoşagələn haldır
ki, bu tərəfdaşlıq
münasibətləri qədim
tarixə malikdir.
***
Rostov vilayətinin qubernatoru
Vasili Qolubev Prezident İlham Əliyevə videoyazı olan xatirə albomunu təqdim etdi.
Videoalbom 1980-ci ildə o vaxt Azərbaycana rəhbərlik
edən Ulu Öndər Heydər Əliyevin Rostov vilayətinə
səfərinə həsr
olunub. Səfər zamanı Ulu
Öndər Böyük
Vətən müharibəsi
illərində misilsiz
şücaət göstərmiş
Azərbaycan əsgərlərinin
qəhrəmanlığına həsr edilən və Rostov vilayətinin azad olunmasının rəmzi olan "Sambek yüksəklikləri”
xatirə abidəsinin
açılışında iştirak edib. O zaman alman faşistləri
ilə döyüşlərdə
böyük hünərlə
vuruşan həmvətənlərimizdən
ibarət 130-cu və
416-cı atıcı diviziyalar
"Taqanroq” fəxri adına layiq
görülmüşdü.
***
Prezident İlham Əliyev dedi:
- Bizim ortaq tariximizi xatırlatdığınıza görə çox təşəkkür edirəm. Əlbəttə, 40 il bundan əvvəl Heydər Əlirza oğlu Əliyev Rostov vilayətində bu memorialın açılışında iştirak edib. Bu tarix bizə çox əzizdir. Sağ olun ki, bu xatirəni qoruyursunuz. Riqqət hissi doğuran belə videoçarxa görə sağ olun. Əlbəttə, bu il bizim ümumi Qələbəmizin böyük bayram ilidir. Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlət tərəfindən həm mənəvi, həm də maddi baxımdan dəstəklənirlər. Biz onların fədakarlığını, qəhrəmanlığını həmişə xatırlayırıq. Mən hər il mayın 9-nu adətən Bakıda veteranlarla birgə keçirirəm. Lakin bu il Vladimir Vladimiroviç Putindən dəvət almışam və mayın 9-da Moskvada olmağı planlaşdırıram. Onu da demək istəyirəm ki, bizim ümumi Qələbəmiz şərəfinə Azərbaycan Ordusunun zabitləri Qızıl Meydanda paradda iştirak edəcəklər.
Fürsətdən istifadə edib onu da demək istərdim ki, bu məsələ barədə Rusiyanın və Azərbaycanın mövqeləri tamamilə eynidir. Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixi yenidən yazmaq, faşizmi və faşistləri qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı biz də qətiyyətlə mübarizə aparırıq. Buna görə də, bu məsələdə bizim mövqelərimiz tamamilə üst-üstə düşür. Bu mövqelər həm tarixi həqiqətə, ədalətə, həm də ona əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar, kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.
Biz həlak
olmuş bütün sovet vətəndaşlarının xatirəsini,
əlbəttə, bizim nümayəndələrin də xatirəsini
Azərbaycanda ehtiramla yad edirik. Müharibədə Azərbaycandan
iştirak edənlərin yarısı,
300 min nəfərdən çoxu
həlak olub. Müharibə illərində
sovet ordusunun sürtkü yağlarına tələbatının
90 faizini, benzinin və
tanklar üçün
yanacağın 80 faizini Azərbaycan təmin
edirdi. Bu, bizim ümumi Qələbəmizdə
mühüm rol
oynayıb. Bizim zavodlarda
zəruri silahlar, o
cümlədən məşhur "Katyuşa”
raketləri istehsal edilirdi.
Ona görə də, biz
həmin günü ehtiramla
yad edirik və bu xatirə hədiyyəsinə görə bir daha təşəkkürümü
bildirmək istəyirəm. Sağ olun.
Azərbaycan.-2020.- 4 mart.- S.1;7.