Azərbaycanda koronavirusa qarşı
mübarizə gücləndirilir
Yeni növ koronavirus xəstəliyi (COVID-19 )
getdikcə bütün dünyaya yayılır. Koronavirusu digər
qrip növlərindən təhlükəli edən də elə
sürətlə yoluxma xüsusiyyətidir.
Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) koronavirus xəstəliyinə
yoluxma hallarına dair martın 2-nə olan məlumatına əsasən,
son 24 saat ərzində Ermənistan, Çexiya, Dominikan
Respublikası, Lüksemburq, İslandiya və İndoneziyada
koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə
alınıb.
Təsdiqlənmiş
yoluxma hallarının sayı:
Dünyada:
88 948 (1804 yeni)
Çində:
80 174 (206 yeni)
2915
ölüm halı (42 yeni)
Çinin
xaricində:
8774
yoluxma halı (1598 yeni)
64 ölkə
(6 yeni)
128
ölüm halı (24 yeni)
ÜST
koronavirusla bağlı risk qiymətləndirilməsini
Çində, regional və qlobal səviyyədə çox
yüksək hesab edir.
ÜST İrana
tibbi yardım edib
ÜST-ün
baş direktoru Tedros Adanom Gebreyesus məlumat verib ki, qurumun
İrandakı bölməsinin əməkdaşından
götürülən analizin cavabı müsbət olub və
yeni növ COVID-19 koronavirusuna yoluxduğu üzə
çıxıb. T.Gebreyesusun sözlərinə görə,
təşkilatın əməkdaşı xəstəliyi
yüngül formada keçirir.
İranda
23 deputatda da koronavirus testi müsbət çıxıb.
Ölkənin səhiyyə nazirinin müavini İrəç
Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə
naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub.
İranın Vatikandakı keçmiş səfiri Hadi
Xosrovşahi və İran Məsləhət
Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi
isə koronavirusdan ölüb.
Ötən
gün İran koronavirusla mübarizə üçün ÜST-dən
ilk tibbi yardım alıb. Tibbi yardım Dubaydan Tehrana hərbi
təyyarə ilə gətirilib.
Koronavirusla
mübarizə üçün gətirilən yardım, əsasən,
100 min nəfər üçün nəzərdə tutulan 8
ton dərmandan, diaqnostik cihazlardan, tibbi və laborator
avadanlıqlardan ibarət olub. Bundan başqa, ÜST İrana həkimlər,
laboratoriya ekspertləri və epidemioloqların daxil olduğu
altı tibbi heyət göndərib.
Son məlumatlara
əsasən, İranda koronavirusdan daha 11 nəfər
ölüb, bununla da bu ölkədə virusdan ölənlərin
sayı 77-yə, xəstəliyə yoluxanların sayı isə
2336-ya çatıb.
Tokio-2020
Yay Olimpiya Oyunları təxirə salına bilər
Koronavirus
üzündən Tokio-2020 Yay Olimpiya Oyunları təxirə
salına bilər. Məlumatı Olimpiadanın təşkilinə
cavabdeh nazir Seyko Haşimito açıqlayıb. Sabiq velosipedçi
və konkisürən bildirib ki, Yaponiya ilə Beynəlxalq
Olimpiya Komitəsi arasında razılıq yarışın təxirə
salınmasına imkan verir. Olimpiya Oyunları iyulun 24-dən
avqustun 9-dək keçirilməlidir. Lakin yarış öncəsi
baş tutmalı olan test yarışları ləğv edilib.
Buna koronavirusun Yaponiyada da yayılması səbəb olub.
Azərbaycanda təxirəsalınmaz
tədbirlər davam etdirilir
Koronavirus
(COVID - 19) infeksiyasının Azərbaycan ərazisində
yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə təxirəsalınmaz
tədbirlər davam etdirilir.
Ölkəmizdə
koronavirusla bağlı məsələ ilk gündən diqqət
mərkəzindədir. Nazirlər Kabinetinin sərəncamı
ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan
Respublikasında yeni koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınmasına
dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə
tutulmuş tədbirlər həyata keçirilir. Qeyd olunan xəstəliyin
yayılma coğrafiyasının geniş miqyas
aldığını nəzərə alan Nazirlər Kabineti
daha əhatəli Tədbirlər Planı təsdiqləyib.
Koronavirus
xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi
təhlükənin qarşısının alınması,
profilaktik və təxirəsalınmaz tədbirlərin
operativ həyata keçirilməsi məqsədilə Nazirlər
Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının
və qurumlarının rəhbər şəxslərindən
ibarət qərargah yaradılıb.
Qabaqlayıcı
tədbirlərin görülməsi və Azərbaycan
Respublikasının bütün ərazilərində
monitorinqin aparılması üçün aidiyyəti sahə
mütəxəssislərindən ibarət ekspert qrupları
da təşkil olunub. Eyni zamanda əhalinin məlumatlandırılması
və əsassız dezinformasiyaların
qarşısının alınması məqsədilə qərargahın
+994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33
nömrəli qaynar xətləri fəaliyyət göstərir.
Nazirlər
Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, beynəlxalq
təcrübəyə uyğun olaraq koronavirus
infeksiyalarının laborator diaqnostikası üçün
xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib.
Xüsusi ayrılmış tibb müəssisələrindəki
laboratoriyalar ÜST-ün müəyyən etdiyi bütün
biotəhlükəsizlik və digər keyfiyyət
standartlarına tam uyğun qurulub, analizlər yüksək
ixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin
düzgünlüyünə xüsusi proqramlarla nəzarət
edilir.
Məlumatda
qeyd edilir ki, digər dövlət və qeyri-dövlət tibb
müəssisələrində koronavirusun təyini məqsədilə
laborator analizlərin aparılması qəti qadağandır:
"Bu tələbi pozan bütün tibb müəssisələrinə
qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər
görüləcək. Son vaxtlar vətəndaşlarımızda
koronavirus infeksiyalarının laborator diaqnostikasına dair bəzi
suallar yaranıb. Nazirlər Kabineti yanında Operativ Qərargah
bildirir ki, koronavirus infeksiyalarının vaxtında aşkar
olunması üçün hazırda xəstəliyin
geniş yayıldığı bölgədən gələn,
yaxud həmin bölgədən gələnlə, eləcə
də xəstəliyi təsdiq olunmuş şəxslə təmasda
olan şəxslərdən analiz nümunələrinin
götürülməsi vacibdir. Hazırda xüsusi
ayrılmış dövlət tibb müəssisələrindəki
laboratoriyalarda ÜST-ün protokoluna əsasən
sözügedən şəxslərin tibbi müayinələri
dövlət büdcəsi hesabına həyata keçirilir.
Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən
koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində
yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə təxirəsalınmaz
tədbirlər davam etdirilir. Bakı şəhərində bu
xəstəliyə yoluxma hallarına yol verilməməsi və
onun qarşısının alınması, bu sahədə
aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin
yüksəldilməsi məqsədilə paytaxtdakı
yaşayış binalarında, binalardakı ümumi istifadə
yerlərində, giriş blokları və pilləkən
marşlarında, sakinlərin daha çox istifadə etdiyi
yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət
tullantılarının atıldığı konteyner
meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin
tabeçiliyində olan məktəbəqədər təhsil
müəssisələrində, digər yerlərdə
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Bütün mülki aviasiya obyektlərinin
dezinfeksiyası həyata keçirilir
"Azərbaycan
Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) COVID-19
koronavirus infeksiyasının yayılmasının
qarşısını almaq üçün bütün
mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata
keçirir. AZAL-dan verilən məlumata görə, AZAL və
"Buta Airways” aviaşirkətləri tərəfindən
uçuşlardan sonra hava gəmilərinin xüsusi
dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata
keçirilir; AZAL və "Buta Airways” aviaşirkətlərinin
bütün təyyarələri universal profilaktik dəstlər,
qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz
edilmişdir; hava gəmilərində HEPA havalandırma filtrləri
vaxtaşırı dəyişdirilir; hava gəmisində
koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə
aşkar edildiyi zaman tədbirlərin görülməsi
üçün uçuş heyəti ilə treninqlər
aparılıb.
Bundan əlavə,
Azərbaycanın beynəlxalq hava limanlarında sutka ərzində
dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər
üçün nəzərdə tutulmuş otaqlarda
bütün səthlərin, habelə sərnişinlərə
və onların baqajlarına xidmət göstərən
işçi heyətinin geyim və ayaqqabılarının
dezinfeksiyası təmin edilir; gələn bütün sərnişinlər
bədən hərarətini ölçən xüsusi cihaz
vasitəsilə 3 səviyyəli yoxlamadan keçir; koronavirus
infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin
olduğu hava gəmisi üçün karantin
meydançası ayrılıb. Belə hava gəmisinə
xidmət göstərmək üçün istifadə
olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə
xüsusi qaydada emaletmə prosedurundan keçir; yüksək
bədən hərarəti aşkar edilən şəxslərin
dərhal təcrid edilməsi üçün aeroportda
xüsusi otaq ayrılmışdır; koronavirus
infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxslərin
ixtisaslaşdırılmış tibb müəssisəsinə
çatdırılması üçün hava limanı ərazisində
təcili tibbi yardım maşınları daim növbətçilik
edir.
Heydər
Əliyev Beynəlxalq Aeroportunda operativ qərargah
yaradılıb və reyslərin uçuş cədvəlindəki
dəyişikliklər və digər aviasiya prosedurları ilə
bağlı bütün məsələlərlə əlaqədar
müraciət edə biləcəyiniz, 24 saat fəaliyyət
göstərən qaynar xətt fəaliyyət göstərir:
(+994 12) 497 85 89.
Koronavirusun iqtisadiyyatımıza təsirini
azaltmaq üçün tədbirlər görülür
Azərbaycan
Respublikası İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal
Qasımlı söyləyib ki, hökumət koronovirus
böhranının təsirlərini azaltmaq üçün
bütün zəruri tədbirləri görür. Bunun
üçün cənab Prezidentin göstərişi ilə
Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
O qeyd edib
ki, Azərbaycan dövləti də bu qlobal şokun təsirini
azaltmağa, daha az itki verməklə dövrü geridə
qoymağa çalışır: "Bunun üçün
vacib şərtlərdən biri də virusun özündən
də sürətlə yayılan informasiya ilə manipulyasiya
etməməkdir. Çünki panika bəzən problemin
miqyasını dəfələrlə artırır.
Xatırladım ki, dünyada Çindən sonra ən
çox virusa yoluxma halı olan üç ölkədən
biri - İranla sərhədimiz 765 km-dir. Xüsusən də nəzərə
almaq lazımdır ki, İranda da ən çox yoluxma
halı olan vilayətlərdən biri - Gilan ostanı Azərbaycanla
sərhəddədir. Bu halda Azərbaycan insanlarının sağlamlığını
qorumaq və iqtisadiyyata olan mənfi təsirləri azaltmaq
üçün dövlətlə bərabər hamı
birlikdə çalışmalıdır. Xüsusən də,
bu aralarda kəmfürsətçillik etmək daha çox qəbahətdir.
Məsələn, Çinin və dünyanın
aparıcı biznesləri sosial məsuliyyətini başa düşərək
problemin həlli üçün dəstək tədbirləri
həyata keçirirlər. İnanırıq ki, Azərbaycan
dövləti qlobal miqyasda yaranmış bu sınaqdan da
uğurla çıxacaq”.
Valideynlərin təşvişinə
ehtiyac yoxdur...
Azərbaycanda
fəaliyyət göstərən bütün təhsil müəssisələrində
tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin
intensivləşdirilməsi məqsədilə 2020-ci il mart
ayının 3-dən 9-dək (ilk tədris günü mart
ayının 10-u müəyyən edilir) bütün təhsil
müəssisələrində tədris, təlim-tərbiyə
prosesinin dayandırılmasına və bununla bağlı
bütün tədbirlərin təxirə salınmasına
dair qərar qəbul olunub.
Son məlumata
əsasən, artıq Bakı şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində
koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.
Digər təhsil müəssisələrində dezinfeksiya
işlərinin aparılması davam etdirilir.
Bakı
şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov
məlumat verib ki, koronavirus havada uzun müddət
qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək
qalıcılıq qabiliyyəti var. Təşvişə
ehtiyac yoxdur, koronavirusun digər viruslara nisbətən
qalıcılıq müddəti azdır: "Bu istiqamətdə
təxirəsalınmaz əks-epidemik dezinfeksiya işləri təcili
aparılır. Burada Türkiyə və İspaniya
istehsalı olan yüksək keyfiyyətli dərman
preparatlarından, xloramindən daim istifadə olunur. Səthlərdən
asılı olaraq dərman məhsulları dəyişə
bilir. Bəzən valideynlər təşvişə
düşürlər. Bu, o demək deyil ki, əks-epidemik tədbirlər
hər hansı epidemik göstəriş olanda həyata
keçirilir. Təhsil Nazirliyi ilə qarşılıqlı
əməkdaşlıq nəticəsində demək olar ki,
yanvar ayının əvvəlindən hər yerdə bu tədbirlər
görülür”.
İçərişəhərdə
muzeylərdə daim dezinfeksiya işləri aparılır
İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri
Riyad Qasımov deyib ki, dövlət tərəfindən virusun
yayılmasının qarşısının alınması
istiqamətində müvafiq tədbirlər həyata
keçirilir, İçərişəhərdə muzeylərdə
daim dezinfeksiya işləri aparılır: "Novruz
bayramı zamanı İçərişəhərdə mədəni-kütləvi
tədbirlərin keçirilməsi nəzərdə tutulur. Hələki
bu tədbirlərə məhdudiyyət qoyulmayıb. Novruz
bayramı zamanı İçərişəhərə
turistlər gəlir, xüsusilə İrandan çoxlu sayda gələn
insanlar olur. Ümid edirik ki, dövlət tərəfindən
görülən tədbirlər nəticəsində problem
yaşanmayacaq”.
İmtahanlar təxirə
salınıb
Koronavirus
(COVID - 19) infeksiyasının Azərbaycan ərazisində
yarada biləcəyi təhlükənin
qarşısının alınması məqsədilə həyata
keçirilən təxirəsalınmaz tədbirlərə
uyğun olaraq yoluxma hallarının qarşısının
alınması, bu sahədə aparılan müvafiq profilaktik
tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə
bəzi planlaşdırılan tədbirlər təxirə
salınıb.
Dövlət
İmtahan Mərkəzindən verilən məlumata görə,
9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə
tutulan 9-cu sinif buraxılış imtahanı təxirə
salınıb.
Qeyd edək
ki, imtahan Gəncə, Lənkəran, Şəki, Sumqayıt
şəhərlərində, Abşeron, Ağdam, Ağstafa,
Ağsu, Bərdə, Biləsuvar, Göygöl, İmişli,
Kürdəmir, Lerik, Oğuz, Qazax, Qəbələ,
Saatlı, Sabirabad, Samux, Şabran, Şamaxı, Tərtər,
Tovuz, Xaçmaz, Yevlax, Zərdab rayonları üzrə
keçirilməli idi.
Bu istiqamət
üzrə imtahanın vaxtı imtahanın keçiriləcəyi
tarixdən 1 həftə öncə elan olunacaq.
Eyni
zamanda 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə
tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin
V sinfinə qəbul imtahanı təxirə salınıb.
İmtahanın vaxtı imtahanın keçiriləcəyi
tarixdən 1 həftə öncə elan olunacaq.
İdman tədbirləri
dayandırılıb
Koronavirus
infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi
təhlükənin qarşısının alınması məqsədilə
idman tədbirləri də ertələnib.
Futbol
üzrə Azərbaycan çempionatının I divizionunun
martın 6-da keçiriləcək "Turan Tovuz” - MOİK
oyunu təxirə salınıb. Buna paytaxt təmsilçisinin
Peşəkar Futbol Liqasına (PFL) müraciəti səbəb
olub.
Müdafiə
Nazirinin əmrinə əsasən Azərbaycan Ordusunun hərbi
qulluqçularının, mülki işçilərinin
infeksion xəstəliklərə yoluxma hallarının
qarşısının alınması məqsədilə
onların xidmət etdikləri və
çalışdıqları hərbi hissə və müəssisələrdən
ezamiyyətə getmələri müvəqqəti
dayandırılıb.
Görüşün vaxtı və
yeri yaxın günlərdə dəqiqləşəcək
Basketbol
üzrə Azərbaycan çempionatının oyunları təxirə
salınıb. Azərbaycan Basketbol Federasiyasının qərarına
əsasən, kişilər arasında Superliqanın ötən
gün və martın 5-də keçirilməli olan XXI turunun
matçları təxirə salınıb.
Qarşılaşmaların təşkili vaxtı hələ
dəqiqləşdirilməyib. Həmçinin martın 4-də
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında
keçirilməsi nəzərdə tutulan Jr.MBA-nın
püşkatması da koronavirus səbəbindən baş
tutmayacaq.
AFFA-nın
təşkilatçılığı ilə keçirilən
U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər
liqalarının, U-11, U-13 və U-16 qızlar
liqalarının, həmçinin "Coca-Cola Məktəbli
kuboku”nun iştirakçılarının, müvafiq olaraq,
orta məktəb şagirdləri və tələbələr
olması nəzərə alınaraq həmin turnirlərin
oyunları 2020-ci il martın 10-dək təxirə
salınıb.
Tədris
müəssisələrinin bağlanması, tədbirlərin
təxirə salınması qərarlarının mahiyyətini
başa düşməyin vacib olduğunu söyləyən
Karantin xəstəxanasının baş direktoru Emin Hüseyn
əhaliyə tövsiyə edib ki, vətəndaşlar
kütləvi yerlərdən uzaq dursunlar: "Mümkün qədər
ev şəraitində olsunlar. Geniş kütləvi yerlərə
getməsinlər. Qərarın mahiyyəti ondan ibarətdir
ki, insanlar bir-birləriylə az təmasda olsunlar ki, ehtimal edilən
infeksiya yayılmasın. Əhalini təşvişə
düşməməyə çağırıram. Bu, sadəcə
qabaqlayıcı tədbirdir”.
Həkim müşahidəsində
olanların vəziyyəti normaldır
Səhiyyə
Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına
görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər
şöbəsinə həkim müşahidəsi
üçün daha 4 nəfər yerləşdirilib: "Həkim
müşahidəsinə götürülənlər
İran İslam Respublikası vətəndaşlarıdırlar.
19-21 yaş arası olan gənclər Bakıya bir neçə
gün əvvəl gəliblər. Bədənlərinin hərarəti
normadan yüksək olduğu üçün xəstəxanaya
müraciət ediblər. Kliniki Tibbi Mərkəzdən Səhiyyə
Nazirliyinə verilən məlumata görə, hazırda
yoluxucu xəstəliklər şöbəsində 6 nəfər
var. Onlardan biri Azərbaycan, digərləri isə İran
İslam Respublikası vətəndaşlarıdır. Həkim
müşahidəsinə götürülənlərdən
3-nün vəziyyəti normaldır, səhhətlərində
hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə
zökəm əlamətləri var. Həkim müşahidələri
davam edir.
Qeyd edək
ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik
qeydə alınmayan ərazisindən gəliblər. Xəstə
insanlarla ünsiyyətdə olmayıblar.
Səhiyyə
Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən
məsələyə həssas yanaşılmasını,
süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr
vasitəsilə yayılan yalan məlumatlara etibar etməməyi
xahiş edir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın
məlumatına görə, ölkəmizdə 3 nəfər
koronavirusa yoluxub. Hazırda hər 3 şəxsin vəziyyəti
sabitdir. Azərbaycanda koronavirus aşkarlanan ilk şəxs
1997-ci il təvəllüdlü Rusiya vətəndaşıdır.
Digər şəxs 17 iyul 1973-cü il təvəllüdlü
Azərbaycan vətəndaşıdır. Xəstəxanaya
fevralın 26-da daxil olan həmin şəxs 1 gün Tehranda, 3
gün isə Təbrizdə səfərdə olub. 29 aprel
1998-ci il təvəllüdlü üçüncü
koronavirus aşkarlanan şəxs isə fevralın 26-da xəstəxanaya
yerləşdirilib. O, Qum şəhərindən ölkəmizə
gəlib. TƏBİB-in Xəstəliklərin profilaktikası
və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib
ki, hazırda koronavirus olan həmin 3 xəstənin vəziyyəti
stabildir, müşahidə altında saxlanılırlar.
İnfeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Vasif Əliyev bildirir ki, xəstəlik 2-14 gün davam edən inkubasiya dövründən sonra ani başlayan yüksək hərarət (39 dərəcə), öskürək və nəfəs almada çətinlik çəkməklə özünü büruzə verir. Bəzi xəstələrdə boğaz ağrısı və burun axıntısı da baş verir. Xəstəlik əsasən orta-ağır bir klinik seyr göstərir. Ağır formada xəstələnən və ölən insanların böyük qismi 65 yaşdan yuxarı, xroniki xəstəlikləri (ağciyər xəstəlikləri, orqan çatışmazlıqları, onkoloji xəstəliklər, diabet, immun sistemi zəiflədən xəstəliklər) olan insanları əhatə edir. Gənc və sağlam insanlarda xəstəlik nisbətən daha yüngül formada seyr olunur: "Yeni koronavirusun digər koronaviruslar kimi tənəffüs yolu ilə yoluxduğu düşünülür. Xəstə insanlardan öskürək, asqırma, gülmə, danışma zamanı ətrafa yayılan virusu daşıyan damlacıqlar, sağlam insanların selikli qişalarına təmas edərək bu insanların xəstələnməsinə səbəb olur. Xəstəliyin bu formada insandan insana yoluxması üçün yaxın təmas (1 metrdən yaxın) olmalıdır”.
Həkim bildirir ki, xəstəlikdən qorunmaq üçün hər hansı peyvənd yoxdur, bu səbəblə qorunmada hələlik ən effektiv yol virusla (xəstə insanlarla) təmasdan qaçmaqdır. Tənəffüs yolu infeksionuna səbəb olan bir çox virusun (qrip, zökəm virusları və s.) insanların arasında yayılmaqda olduğu qış aylarında sadəcə, 2019-nCoV-dan deyil, digər bütün tənəffüs yolu xəstəliklərinə səbəb ola biləcək viruslardan qorunmaq üçün əl təmizliyinə diqqət edilməsi, təmiz olmayan əllərin göz, ağız və buruna təmas olunmaması çox vacibdir: "Hələlik koronaviruslara təsir göstərdiyi isbatlanmış hər hansı bir dərman da yoxdur. Bu səbəbdən xəstələrə şikayətlərini azaldacaq və əgər orqan zədələnməsi baş veribsə, zədələnmiş orqanın funksiyasının bərpasını dəstəkləyən müalicələr verilir.
Yasəmən MUSAYEVA
Azərbaycan.-2020.- 4 mart.- S.1;11.