Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışı olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Goranboy, Şəmkir və Qazax rayonlarına səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, uzunluğu 40 kilometr olan yol üçüncü və dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 7-8 metr arasında dəyişən yolda iki hərəkət zolağı var. Bu yolun tikintisi dövlətimizin başçısının ötən ilin fevralında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Ümumilikdə 32 min əhalini əhatə edən 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 21 milyon manatdan çox vəsait ayrılıb. Bu yol həmin yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

 

Ağcakənd yolunun vəziyyəti ilə maraqlanan Prezident İlham Əliyev dedi:

 

-Ağcakənd strateji məntəqədir. Bizim köçkünlər üçün tikilmiş birinci şəhərcik də orada yerləşir. O vaxt Ulu Öndərin iştirakı ilə açılışı olub.

Mən də orada idim. Orada erməni işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş köçkünlər məskunlaşıblar. Ona görə o yol daim diqqət mərkəzində olmalıdır. Əgər təmirə ehtiyac varsa, mənə məruzə edərsiniz.

Qeyd edək ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur.

Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.-2020.- 4 mart.- S.1-2.