Prezident
İlham Əliyev “Azərxalça” ASC-nin Goranboy
filialının fəaliyyəti ilə tanış olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Goranboy, Şəmkir
və Qazax rayonlarına səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 3-də
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
Goranboy filialının fəaliyyəti ilə tanış
olub.
AZƏRTAC xəbər verir ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filialın binasının tikintisi dövlətimizin başçısının 2018-ci ilin mayında imzaladığı Sərəncama əsasən həyata keçirilib. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Gəncə şəhərində, Daşkəsən, Goranboy, Gədəbəy, Samux və Şəmkir rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı və bıçaqla təmin edilib. Burada 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Toxucular Goranboy yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Qeyd
edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə
dünyanı heyran qoyub, milli naxışlarımızın
şöhrəti dünyanı qarış-qarış gəzib,
ətrafında böyük diqqət toplayıb. Azərbaycan
xalçalarının ta qədimlərdən
başlayan şöhrəti bu gün yeni
layihələrlə zənginləşir. Prezident
İlham Əliyevin Sərəncamı ilə
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması da məhz bu amildən qaynaqlanıb. Cəmiyyətin
əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı,
ixracı, onların ölkə daxilində və xaricdə
satışının təşkili, xalça
istehsalında yeni texnologiyaların tətbiqi,
maddi-texniki bazanın müasirləşdirilməsi
və ondan səmərəli istifadədir.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti
fəaliyyətə başlayandan artıq
onun bir çox regionlarda
filialları yaradılıb. Goranboy
filialı da
xalçaçılığın bu regionda inkişafına ciddi
töhfə verəcək.
Azərbaycan.-2020.- 4 mart.- S.3.