Qazax Rayon Mərkəzi Xəstəxanasının
açılışı olub
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Goranboy, Şəmkir
və Qazax rayonlarına səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturunun təkmilləşdirilməsi sahəsində son illərdə görülən işlər göz qabağındadır. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynayıb. Bu proqramlar dövlət tərəfindən maliyyələşdirilib və ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasını əhatə edib. Prezident
İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrası uğurla davam edir. Ölkədəki səhiyyə islahatlarının əsas qayəsi həm də aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunmasına və müalicəsinə yönəlib.
Dövlət başçısına məlumat verildi ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqlarla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.
Prezident
İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi
ilə bağlı dövlət xəstəxanalarında tibbi
fəaliyyətin təşkilindəki əsas dəyişikliklər
barədə məlumat verildi. Bildirildi ki,
təcili və təxirəsalınmaz tibbi
yardım bölməsi həftənin 7 günü
24 saat fəaliyyət göstərərək
müraciət edən xəstələrin çeşidlənməsini,
stasionar şöbələrə yerləşdirilməmişdən
əvvəl həkim nəzarəti altında müayinə
və müalicələrinin həyata keçirilməsini təmin
edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində
müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün
evə yazılır, nəticədə stasionar
şöbələrə düşən yükün
həcmi kəskin azalır. Steril şəraitin təmin
edilməsi üçün laboratoriya şöbələri xəstələrin
birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda
yerləşdirilib, qan və digər
nümunələrin alınması üçün
xüsusi otaqlar
yaradılıb, zəruri avadanlıqlarla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana
binalarının birinci mərtəbələrində
poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator
xəstə qəbulunu poliklinikalarda həyata
keçirirlər.
Azərbaycan.-2020.- 4 mart.- S.6.