Qoşa qarıyın!

 

Boşanmaların artması indi bu xeyir-duanı xəbərdarlığa çevirib

 

Qəribə toy idi bu toy. Ağız deyəni qulaq eşitmirdi. Çoxdandır bir-birini görməyən qohumlar hal-əhval tutmağa məqam tapmışdılar. Bəyin dostları və iş yoldaşları ayrı-ayrı masalar arxasında özləri üçün əlahiddə məclis düzəldərək sağlıq deyir, yeyib-içirdilər. Gəlinin rəfiqələri səbirsizliklə "diskoteka”nı gözləyirdilər.

Arada bir ağsaqqala söz verildi. O, üzünü toyu olan cütlüyə tutub: "Qoşa qarıyın, - dedi. - Amma unutmayın ki, qoşa qarımağın şərti, sirri çoxdur. Əgər bu hikmətə yiyələnə bilsəniz, əl-ələ verərək ömrün çətin yollarında birgə addımlamağı bacaracaqsınız. Onda hər maneədən keçəcək, xoşbəxt olacaqsınız. Arzu edirəm ki, göydə ulduzlarınız, yerdə könülləriniz barışsın, inşallah”.

Məclis əhlinin ağsaqqalı dinləmədiyi üçün narahat olan qonaqlardan biri dodaqaltı deyinirdi: "Vallah, bu kişi "qızıl xırdalayır”. Amma heç bəylə gəlin də ona qulaq asmır... Eh, indiki cavanlar belə sözləri bir qulaqlarından alıb, o biri qulaqlarına ötürürlər. Ona görə də...”

 

 

Ulduzları barışmayanlar

 

 

Gəlin etiraz etməyək. Çünki belə olmasaydı, bir çox cütlüklərin birgə addımladıqları məsafə şadlıq sarayı ilə məhkəmə binasının arası qədər qısa olmazdı.

Əlbəttə, bu, talelərini birləşdirən gənclərin hamısına aid deyil. Hər gün Azərbaycanda onlarca ailə qurulur. Təkcə keçən il ölkədə 63869 nikah qeydə alınıb ki, bu da ondan əvvəlki illə müqayisədə 1385 nikahın çox olması deməkdir. Cavan ailələrin əksəriyyətində mehribanlıq, səmimiyyət hökm sürür, körpələr dünyaya gəlir və xoşbəxt böyüyür. Təsadüfi deyil ki, bu gün Azərbaycan ailəsi dünyada ən nümunəvi ailə modellərindən biri kimi qəbul olunur və dəyərləndirilir.

Bununla belə, ölkədə boşanmaların çox olması, həm də getdikcə artması böyük narahatlıq doğuran problemdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci illə müqayisədə 2019-cu ildə onların sayı 13,3 faiz artıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə boşanmaların əmsalı yüksəkdir, bir il ərzində 1,5-dən 1,7-yə qalxıb.

Həqiqəti əks etdirən rəqəmlər bu problem üzərində ciddi düşünməyi tələb edir. Belə ki, 2011-ci ildən başlayaraq ölkədə boşanmalar hər il beşrəqəmli sayla ifadə olunur, yəni 10 mini ötüb və getdikcə artmaqda davam edir. Son 5 ilə aid rəqəmlərə nəzər salaq: 2015-ci ildə 12764, 2016-cı ildə 13114, 2017-ci ildə 14514, 2018-ci ildə 14857 və 2019-cu ildə 17148 boşanma qeydə alınıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Zaur Abasov deyir: "Gənclər arasında nikahın pozulmalarının bir çox səbəbləri var və hər bir ailədə bu səbəblər fərqli olur. Əksər hallarda bunlar valideynlərin gənclərin ailəsinə müdaxiləsi, cavanların özlərinin müstəqil və bir-birindən asılı olmayaraq həyat tərzi sürmək istəkləri, xasiyyətlərinin uyğun gəlməməsi, yaranan çətinliklərə dözməmələri, bir-birinə qarşı hörmətsizlik göstərərək təhqir etmələri, müəyyən hallarda kişilərin iş tapa bilməmək bəhanəsi ilə ailənin ehtiyaclarını ödəməməsi və digər səbəblərdir. Son zamanlar orta yaş həddinə çatmış şəxslər arasında da boşanmalara rast gəlirik və bunların sayı heç də gənc cütlüklərin boşanmalarının sayından az deyil”.

Həyəcan təbili çalınmasının vaxtı çatmayıbmı?!

 

 

Kim öz yarı(sı)nı tapmasa...

 

 

Bəzən belə mülahizə yürüdənlər də olur: "Əvvəllər valideynlər bir-birini yaxından tanımayan, bəlkə heç üzünü də görməyən gəncləri evləndirirdi. Necə olurdu ki, onların ulduzları barışır, bacalarından tüstü düz çıxırdı? Uzun illər birgə ömür sürür, oğul-uşaq sahibi olur, qoşa qarıyırdılar. İndiki gənclər isə sevib-sevilirlər, amma bəzən bu sevginin ömrü hələ "Vağzalı”nın sədaları qulaqlardan getməmiş bitir”.

Bu sualın cavabını qismən 85 yaşlı Sitarə nənənin söhbətində tapmaq olar: "Əvvəllər qızı uzağa verməzdilər. Elə uzaqdan gəlin gətirmək də tək-tək olurdu. Qohum olan ailələr eyni kəndin, yaxud eyni şəhərin sakinləri idi və təbii ki, bir-birini yaxından tanıyırdılar, ən azı bir-biri haqqında dəqiq məlumat əldə etmək imkanına malik idilər. Qısası, gəlini əsasən oğlanın anası, bacısı, xalası, bibisi seçərdi və demək olar ki, səhv etməzdilər. Çünki onlar artıq bilirdilər ki, evlənəcək oğlanla tanıdıqları qızlardan hansının xasiyyəti uyğun gələ bilər. Kişilər ölçüb-biçərdilər ki, kimin qapısına elçiliyə gedəcəklər. Qohumluqda bir-birinə tən gələ biləcəklərmi?”

Sitarə nənə öz cavanlığını da xatırladı: "Qayınanam Səkinə xanım deyərdi ki, evdə iki nəfərin biri od olanda, biri su olar. Məni də elə "su” olduğum üçün seçmişdi. Çünki rəhmətlik yoldaşım Fərrux çox ötkəm adam idi... Amma bir ömür boyu abır-həya ilə dolandıq”.

Qətiyyən o fikirdə deyilik ki, hamı Sitarə nənə ilə Fərrux baba kimi danışmadan, görüşmədən, bir-birini yaxından tanımadan evlənsin. Axı indi zaman, dövran başqadır. Gənclər yaşadıqları kənddə, şəhərdə qapanıb qalmırlar. Təhsil aldıqları universitetlərdə, işlədikləri müəssisələrdə bir-birinə rast gəlir, sevib-sevilirlər. Amma o da həqiqətdir ki, evlənən gənclərin böyüdükləri mühit bir-birindən çox fərqlənməməli, ailələr kiminlə qohum olduqlarını bilməlidirlər.

Sosial şəbəkələrdə ünsiyyət qurub bir-birinə qiyabi aşiq olan cavanların çoxunun aqibəti də yaxşı məlumdur. Boşluqdan gününü mobil telefonla, planşetlə keçirən belələrinin sevgisi də, qurduğu ailə münasibətləri də dayaz olur və ona görə tez "çökür”. Xalq şairi Nəbi Xəzri demişkən, "qiyabi təhsil olar, qiyabi sevgi olmaz”.

Lakin bəzən elə də olur ki, bir-birini tanıyan, ailələri yaxın dost olduğundan uşaqlıqdan bənzər mühitdə böyüyən, bir-birini sevən gənclərin də ailəsi dağılır. Qeyd edildiyi kimi, səbəblər müxtəlifdir. Hansısa bir dahinin sözləridir: "Xoşbəxt ailələrin hamısı bir-birinə bənzəyir, bədbəxtlərin isə hərəsi bir cür bədbəxtdir”.

 

 

...Böyüksüz yerdə oturma

 

Əvvəllər ailələrdə narazılıq, münaqişə yaradan əsas səbəblərdən biri qayınana-gəlin qarşıdurması sayılırdı. Bu münasibətlər bütün zamanlarda aktual olsa da, günümüzdə həmin problem bir qədər arxa plana keçib. Çünki indi qayınanalar müasir düşüncəli, əksər hallarda təhsilli, ziyalı xanımlardır. Bu, təbii ki, onları "gəlin mənim süpürgəmdir” iddiasından uzaqlaşdırır. Bir də axı indi cavan ailələr imkan daxilində qayınana-qayınata ilə bir mənzildə yaşamırlar.

Ayrıca mənzilləri olmadıqda isə gənc ər və xanım bunu özünə dərd etməməlidir. Düşünmək gərəkdir ki, yaşlı valideynlərlə birgə yaşamaq variantının özünün də üstünlükləri var. Onlar gənclərin ən yaxın köməkçisidirlər - bazarlıq etməkdə, yemək hazırlamaqda, ən çox da körpə uşaqlara qayğı göstərməkdə, onların tərbiyəsində... Belə ailələrdə cavanların təhsillərini davam etdirməyə, işdə peşəkarlıqlarını artırmağa daha çox imkanları olur.

Atalar deyib ki, böyüksüz yerdə oturma. Bir çox hallarda valideynlər gənc cütlükləri səhv addımlardan qoruyur, onlara ağıllı məsləhətlər verməklə, düzgün yol göstərməklə yeni yaranan ailənin möhkəmlənməsinə çalışırlar.

Vay o gündən ki, bunun əksinə ola... Gizlətməyin yeri deyil ki, belə üzdəniraq hallar da var. Bir sıra yaşlı ata-analar gənc ailənin həyatına yerli-yersiz müdaxilələr edir. Bu da həm cavanlar, həm də onların hər ikisinin valideynləri arasında münaqişələrə səbəb olur. Vəziyyət o dərəcədə gərginləşir ki, boşanma zərurətə çevrilir.

Valideynlərlə cavanların bir damın altında yaşadığı halda adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə uyğun olaraq böyük-kiçik yeri bilinməlidir. Səmimiyyət, qarşılıqlı hörmət, bir-birinə qayğı olmalıdır.

Burada təkcə cavanların deyil, həyatın bərkindən-boşundan çıxmış ata-ananın üzərinə də böyük məsuliyyət düşür. Axı min arzu-kamla oğul, yaxud qız böyüdüb onun toyunu görmək istəyəndə, qucağına nəvə götürməyi arzulayanda heç kəs balasının quracağı "yuva”nın uçmasını ağlına belə gətirməz! Cavan ailənin dağılması isə bütün bu arzuları puç edir. Üstəlik, övlad öz uğursuz həyatı ilə artıq yaşa dolmuş ata-ananın göz dağına çevrilir. Çox vaxt nənə-baba qarşı tərəfdə (ana, yaxud ata yanında) olan nəvəsini heç də həmişə görə bilmir, ondan ötrü burnunun ucu göynəyir.

Məhz bütün bunlara görə böyük həyat təcrübəsinə malik valideynlər ayıq-sayıq olmalı, gənclərə hərtərəfli kömək etməli, övladlarının ailələrinin dağılması qarşısında hər vəchlə bir sipərə çevrilməlidirlər.

 

 

Qeyrət, ləyaqət və halal çörək

 

 

Boşanan (əslində, boşanmağa məcbur olan) qadınların çoxu ərinin ailəyə baxmadığını, tənbəllik edib işləmədiyini, nəticədə evin maddi ehtiyaclarını qarşılamadığını söyləyirlər. Pis vərdişlərə qurşanan, sərxoşluq edən və bundan da betər bəlaya düçar olan kişilər də var. Bir sıra ailələrdə qadının kişi tərəfindən mənəvi və fiziki zorakılığa məruz qalması halları da mövcuddur və bu, boşanmaların sayını artıran səbəblərdən biridir.

Bu, Azərbaycan kişisinə heç yaraşmaz! Çünki o, həmişə qurduğu ailə üçün məsuliyyət hiss edib. Ailənin qeyrətini çəkməyin, dolanışığını təmin etməyin onun üzərinə düşdüyünü yaxşı bilib, çörəyini daşdan çıxarıb.

Azərbaycanlı ailə başçısı istər alim olsun, istər sənətkar, istərsə də fəhlə evinin dolanışığını həmişə özü təmin edib. Odur ki, bugünkü gənclər ailə başçısı olmağa əvvəlcədən hazırlaşmalıdırlar. Peşəyə yiyələnməli, sənət qazanmalı, iş yeri tapmalıdırlar. Ailəsini necə saxlayacağını, necə dolandıracağını götür-qoy etməlidirlər. "İş tapmıram, iş yoxdur” deyən heç bir cavan oğlana bəraət qazandırmaq olmaz. İşləyənə həmişə iş, qurub-yaradana hər zaman meydan var! Sadəcə, istək və əzm gərəkdir!

Vəkil Z.Abasov deyir ki, bir sıra hallarda ər onun ailəsinin maddi ehtiyaclarının xanımının valideynləri tərəfindən ödənilməsini tələb edir və belə cütlüklərin nikahı çox uzun sürmür.

Pis vərdişlərə qurşanmağın isə pis nəticə verəcəyi aydın həqiqətdir. Düzgün həyat tərzi keçirməyən kişilərin evindən narazılıq, söz-söhbət, dava-dalaş əskik olmur. Bu da boşanma ilə yekunlaşır ki, heç olmasa uşaqların əsəbləri və tərbiyəsi pozulmasın.

60 ildir həyat yoldaşı Səyyarə xanımla birgə xoşbəxt ömür sürən qocaman yazıçı Əfqan ailə "kodeksi”ni belə izah edir: "Mən kişini və qadını evin divarının çöl və iç tərəflərinə bənzədirəm. Divar hər tərəfdən möhkəm olmalıdır. Kişi evi çölün-bayırın sərt təsirlərindən qorumalı, evin içərisindən muğayat olmalıdır. Qadın isə evin daxili ab-havasının keşiyində dayanmalı, evi uşaqlar üçün isti qucağa çevirməlidir. Evin içindən çölünə, çölündən isə daxilinə zərbə dəyməməlidir”.

Bir sözlə, kişi ailəsinin sahibi olmalıdır. Qadın və uşaqlar ona dağ kimi arxalanmalıdır.

 

 

Gender bərabərliyini düzgünmü başa düşürük?

 

Əgər ailə qadının günahı ucbatından dağılırsa, ər və onun valideynləri adətən gəlinin imicindən şikayətçi olurlar. İmic deyəndə qadının geyim-kecimində, danışığında, oturuşunda-duruşunda sərbəst olması nəzərdə tutulur.

Ata evində ərköyün olan bəzi qızlar sonra ailə qanunlarına tabe olmurlar. Bir ana, ev sahibəsi kimi öz üzərlərinə düşən vəzifəni yerinə yetirə bilmirlər, yaxud sadəcə bunu etmək istəmirlər. Xörək bişirməyə, evin səliqə-sahmanı ilə məşğul olmağa tənbəllik edirlər. Evdarlıqda bilmədiklərini öyrənməyə çalışmırlar. Ekranlardakı seriallardan ayrıla bilmir, saatlarla "WhatsApp” və "Facebook”da "onlayn” olurlar.

Bu zaman beşikdə uşaq ağlayır, ocaqda yağ daşır, işdən yorğun gələn ər çay gözləyir...

Tam məsuliyyətlə deyə bilərik ki, bu, bir sıra evlərdəki real mənzərədir.

Hüquqşünas Z.Abasov başqa bir məsələyə toxunur: "Nikahların pozulmasına kütləvi informasiya vasitələrində gedən bir çox veriliş və yazılar da öz mənfi təsirini göstərir. Məsələn, maddi cəhətdən çox imkanlı olmayan ailələrin yeni nikaha daxil olmuş övladları, xüsusilə xanımlar əziyyət çəkmədən, özlərinə karyera qurmadan tez bir zamanda maddi cəhətdən təmin olunmaq, digər imkanlı qadınların həyat tərzini sürmək istəyirlər. Belə bir təminat olmadıqda KİV-də boşanmış, özlərini maddi cəhətdən təmin etmiş, müstəqil karyera qurmuş xanımlara rast gəldikdə boşanmağı qərara alırlar”.

Bəzi qadınlar öz hüquq və vəzifələrini yaxşı bilmədikləri üçün xoşbəxt də ola bilmirlər, ailələrini dağıdırlar. Onlar ailəni öz hökmləri ilə idarə etmək, iddialarını "yeritmək”, lazımlı-lazımsız bütün istəklərini gerçəkləşdirmək istəyirlər.

Budurmu gender bərabərliyi? Əsla yox! Qısası, ailədə kişinin və qadının hərəsinin öz yeri var. Xatırladaq ki, söhbət Azərbaycan ailəsindən gedir!

Müasirləşmək heç də mentaliteti, əsrlərlə bərqərar olmuş ailə ənənələrini, mənəvi dəyərləri unutmaq demək deyil. Və bu dəyərlər möhtərəm Prezidentimiz İlham Əliyevin sözlərində öz əksini necə də aydın və gözəl tapıb! Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında dövlət başçısı belə deyib: "Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Biz bunu qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlar və kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə etməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik. Yaşlılara hörmət olunmalıdır. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən "ağsaqqal”, "ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz hara inteqrasiya etməliyik, böhrana?.. Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

 

 

Çanaq körpə başında çatlayır

 

 

Dünən bir-birini sevən, biri ağsaqqalları qız qapısına elçi göndərən, digəri isə gələnlərə "hə” deyilməsini səbirsizliklə gözləyən iki nəfərin - kişi və qadının bu gün düşmənə çevrilməsi, həyatlarının "zəhərlənməsi” bir yana qalsın, ortadakı uşaq zərbə alır. Bu zərbənin ağrısı, ağırlığı onun həyatında və qəlbində ömürlük qalır. Həm də dağılan ailələrdə bəzən bir yox, iki, hətta daha çox uşaq olur.

O uşaqların günahı nədir ki, yarımçıq ailələrdə böyüsünlər, valideynlərinin birindən (əksər halda atadan) ayrı düşsün, onun qayğı və nəvazişindən məhrum olsunlar?! Axı belə uşaqların qəlbində nisgil yuva salır, onlar xoşbəxt ailələrdə böyüyən yaşıdlarına həsəd aparır, bəzən hətta əsəbi olurlar. Təbii ki, ailələrin uğursuzluğu övladların bir şəxsiyyət və vətəndaş kimi formalaşmasına da öz mənfi təsirini göstərir.

Niyə uşaq hər gün ata hədiyyəsi deyil, onun ayda bir dəfə göndərdiyi alimenti gözləməlidir? Əlbəttə, göndərsə. Çünki indi bunu da etməyən, yalnız müvafiq orqanların xəbərdarlıqlarından sonra aliment ödəyən, uşağa pul göndərməmək üçün hətta gizlənən "ata”lar kifayət qədərdir.

Uşaq tam ailədə, ata-ana dövrəsində böyüməlidir. Bunun üçün hamı çalışmalıdır. Cavan cütlüklərin dünyagörmüş valideynləri, qohumlar, dostlar, qonşular, bütün cəmiyyət. Ən başlıcası isə bunu o uşağı dünyaya bəxş edən valideynlər istəməlidir. Onlar bir-birinə güzəştə, kompromisə getməli, qarşılıqlı anlaşmaya can atmalı, həyatda rast gəlinən çətinlikləri dəf etmək üçün böyük səbir və möhkəm iradə sahibi olmalıdırlar.

Təbii ki, gənc ailənin hərtərəfli çətinlikləri çox olur. Xarakterlərinin toqquşması, bir sıra hallarda maddiyyatın məhdudluğu, evin darısqallığı, yaxud heç olmaması və s. Bu problemlər zaman-zaman həll olunur. Bir şərtlə ki, kişi və qadın irəliyə bir istiqamətdə baxsınlar, birgə düşünsün, birgə çalışsınlar.

Heç bir körpə dünyaya gəldiyi üçün günahkar deyil! Onu bədbəxt etmək isə Allah və insanlıq qarşısında böyük günahdır!

Bir-birindən ayrılmağı qət edən ata-analar, belə ağır günaha batmayın! Qoy bu məsum, zərif məxluqlar aranızda ən möhkəm körpüyə çevrilsin! Xalqımızın inancına görə, evə xeyir-bərəkət, ruzi də uşaqların ayağına gəlir. Onların sevinci, gülüşü, hər xoş sözü, hər məzəli hərəkəti başdan-başa sevgidir. Bu müqəddəs sevgini, bu böyük səadəti əldən verməyin!

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 4 mart.- S.10.