Referendum
Ermənistanda yeni qarşıdurmaya yol aça bilər
Sosial vəziyyətin
getdikcə ağırlaşdığı
işğalçı ölkədə
intihar halları artıb
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin
sədri Hrayr Tovmasyanın açıq
şəkildə keçmiş
hərbi xuntaya bağlı olduğunu vurğulayaraq inqilabdan sonrakı dövrdə onun ədalətli və qanuni qərarlar verməyə qadir olmadığını
bildirmişdi.
Lakin baş nazir Tovmasyanı qanuni yolla vəzifəsindən
uzaqlaşdırmağı qarşısına məqsəd
qoysa da, buna nail
ola bilmədiyindən
aprelin 5-də referendum keçirməklə
istəyini reallaşdırmaq
niyyətindədir.
Maraqlıdır ki, Paşinyanın yaxın tərəfdaşları
baş nazirin bu mübarizədə təkcə qalib deyil, həm də məğlub olmağa da hazırlaşdığını söyləyirlər. Əgər referendumun yekununda
Paşinyan məğlub
duruma düşərsə,
o, ölkədə öz
hakimiyyətini xalq iradəsi qarşısında
itirməkdən qorxmadığını
və bununla da əvvəlki Ermənistan rəhbərlərindən
fərqliliyini sübut
etmiş olacaq.
"Lragir” qəzeti
yazır ki, bu durum Paşinyanın növbəti şoularından
biri kimi qəbul edilməlidir. Yeri gəlmişkən bildirək
ki, referendumun keçirilməsi üçün
3,4 milyard dram (7,1 milyon dollar) vəsait ayrılıb. Yalavac bir ölkə
üçün bu, böyük məbləğdir.
Müqayisə üçün
bildirək ki, Ermənistanda "məxməri”
inqilabdan dərhal sonra, yəni 2018-ci ilin dekabrında keçirilən növbədənkənar
parlament seçkisinə
3 milyard dram (6,3 milyon dollara yaxın) vəsait xərclənmişdi.
Referenduma xərclənəcək vəsait
məsələsi erməni
siyasi ekspertlər tərəfindən birmənalı
qarşılanmır. Məsələn,
"Ayastan” fondunun keçmiş rəhbəri
Ara Vardanyan referenduma ayrılmış
3,4 milyard drama Ermənistanda
24 yeni məktəb binası inşa etməklə yanaşı,
fəlakət bölgəsində
350 ailəni mənzillə
təmin etməyin mümkün olduğunu bildirib. Gümrü bölgəsində yerləşən
internat məktəbi direktorlarından birinin dediklərini nümunə
kimi göstərən
Vardanyan orada 30 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də çoxlu sayda evsizin olduğunu
bildirib: "Bütün
bunlara biganə olan Paşinyan və "Vətəndaş
müqaviləsi” partiyası
referendum üçün pultoplama
kampaniyasında 205 milyon
560 min dram yığıb”.
Xatırladaq ki, ötən ilin oktyabrında Ermənistan parlamenti "Mənim addımım” iqtidar fraksiyasının təşəbbüsü ilə
sədrin səlahiyyətlərinin
dayandırılması məsələsi
ilə bağlı Konstitusiya Məhkəməsinə
müraciət etmişdi. Amma Konstitusiya Məhkəməsi
parlamentin müraciətinə
baxmaqdan imtina etmiş və bunu "müəyyən
edilmiş reqlamentə”
əməl olunmaması
ilə əsaslandırmışdı.
Bundan sonra iqtidar partiyası
Konstitusiya Məhkəməsinin
üzvləri üçün
"vaxtından əvvəl
pensiya sistemi haqda” qanun hazırlayıb.
Bu qanuna əsasən,
Konstitusiya Məhkəməsinin
sədri və üzvlərinə istefaya
getmələri üçün
2020-ci il dekabrın 31-nə qədər
müddət verilir, əvəzində onlara aldıqları əməkhaqqı
həcmində (2 min ABŞ dollarından çox) ömürlük pensiya təklif olunur. Parlament müxalifəti isə bu qanunu "qanuni rüşvət” adlandırıb və əleyhinə səs verib. İqtidarda olan çoxluq
qanunu qəbul etsə də, hakimlərdən heç biri pensiyaya çıxmayıb.
Ermənistanda mövcud sosial-iqtisadi durum bu ölkədə əhalinin yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir. "Qolos Armeniya” saytı yazır ki, istənilən ölkədə sənayenin bərpası, ilk olaraq, ölkəyə qoyulan investisiya və ayrılan kreditlər hesabına təşəkkül tapır: "İndi isə gəlin baxaq - inqilabdan sonra Ermənistana investisiya qoyan hər hansı bir investorla rastlaşan olubmu? Əksinə, inqilaba qədər ölkədə mövcud olan azsaylı investorlar da yeni erməni hakimiyyətinə olan inamsızlıq üzündən Ermənistanı tərk ediblər. Deməli, Ermənistanın "yüksəlişdə” olan sənaye istehsalı investorlar tərəfindən aşağı səviyyədə qiymətləndirilib”.
Qeyd olunur ki, bu halda ümid ancaq bank kreditlərinə qalır ki, burada da bank rəhbərləri inamsızlıq ucbatından "Ermənistan iqtisadiyyatı”nın real sektoruna daxil olmaqdan çəkinirlər. Təsadüfi deyil ki, Ermənistanda baş verən "məxməri inqilab”dan sonra ölkə sənayesinə kredit qoyuluşları 33 milyon dollar azalıb.
Sosial vəziyyətin getdikcə ağırlaşdığı Ermənistanda intihar halları da artıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Ermənistanda intihar və intihara cəhd hadisələri 562, 2018-ci ildə 606, 2019-cu ildə isə 613 təşkil edib. İntihar edənlər arasında işsizlər böyük əksəriyyət təşkil edirlər. Mütəxəssislərin sözlərinə görə, insanlar pis sosial şəraitlər, qorxular, dini ideologiya səbəbindən həyatlarına son verirlər.
Ermənistanda intiharlar cəzaçəkmə müəssisələri və silahlı qüvvələrdə də qeydə alınır. Təkcə Ermənistan Silahlı Qüvvələrində cari il ərzində 13 ölüm hadisəsi qeydə alınıb ki, bunlardan da 4-ü intihar olub. Bütün bunlar bir daha Ermənistanda gərgin vəziyyətin davam edəcəyini aydın şəkildə göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 4 mart.- S.10.