Azərbaycanda koronavirusla bağlı vəziyyət ciddi nəzarət altındadır

 

Prezident İlham Əliyev: "Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür”

 

Son vaxtlar dünyanın əsas müzakirə mövzusuna çevrilən və müxtəlif ölkələrə sürətlə yayılan koronavirus infeksiyası ilə bağlı vəziyyət Azərbaycanda ciddi nəzarət altındadır. Hökumət bu virusun yayılmasının qarşısının alınması və profilaktikası ilə bağlı bütün lazımi tədbirləri görür.

Ölkədə hər kəsin narahatlığına səbəb olan bu virus təhlükəsi ilə bağlı problemə Prezident İlham Əliyev də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışındakı çıxışı zamanı toxunub. Dövlət başçısı xatırladıb ki, onun göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb, lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir: "Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.

 

 

Kifayət qədər maska ehtiyatlarımız var

 

 

Prezident çıxışında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədəki bütün tədris, təlim-tərbiyə müəssisələrinin müvəqqəti bağlanması məsələsinə də aydınlıq gətirərək qeyd edib ki, bu qərarın məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır: "Yəni bütün lazımi tədbirlər görülür. Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil.

Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır”.

Cənubi Qafqazın nəqliyyat-tranzit qovşağı olan Azərbaycandan həm də beynəlxalq yükdaşımalar həyata keçirilir. Çindən Avropaya ən qısa yol Azərbaycandan keçir. Dövlət başçısı bu məsələyə də diqqət çəkib. Heç bir ölkənin yükdaşımaların həyata keçirilməsinə məhdudiyyət qoymadığını xatırladan Prezident bildirib ki, tranzit potensialının gücləndirilməsini qarşısına məqsəd qoymuş Azərbaycan da analoji mövqe nümayiş etdirir. Bununla yanaşı, xəstəliyin yayılmaması üçün bütün məsələlər hər bir xırdalığa qədər düşünülür və müvafiq addımlar atılır: "Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur. Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib. Eyni zamanda göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır”.

Prezident İlham Əliyev son günlər ölkədə yaranan maska qıtlığı ilə bağlı məsələyə də toxunaraq Azərbaycanda kifayət qədər maska olduğunu vurğulayıb. Bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyənlərə qarşı ciddi cəza tədbirləri tətbiq ediləcəyini bəyan edib: "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

Dövlət başçısı koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü, ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas olmadığını qeyd edib: "Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.

 

 

Bütün növ nəqliyyat sistemi dezinfeksiya edilir

 

 

Koronavirus (COVID - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması üçün dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilir.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində koronavirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər görülür. Belə ki, dezinfeksiya işləri fevralın 21-dən etibarən bütün metropoliten obyektlərində və qatarlarda aparılmaqdadır. Bu tədbirlər fevralın 26-dan başlayaraq, gündəlik olmaqla, stansiyalarda da həyata keçirilir. Gündəlik iş şəraiti rejimində əllə təmas olunan səthlər, qapılar, şüşələr, pilləkən, keçid, vestibül, platfomalar və s. yerlərdə tutacaqlar, eskalatorların sürahiləri xüsusi dezinfektantlarla silinərək təmizlənir. Bu işlər gün ərzində bir neçə dəfə təkrarlanmaqla yerinə yetirilir və daimi olaraq nəzarətdə saxlanılır.

Tədbirlər Planına uyğun olaraq, "Bakı Metropoliteni” QSC-nin bütün inzibati binaları və yeməkxanalarında, o cümlədən, xidməti və işçi otaqlarda, sanitariya qovşaqlarında, vestibül, dəhlizlər və s. yerlərdə dezinfeksiya işləri mərhələli qaydada aparılır.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidməti koronavirusun regionda yayılmaq təhlükəsini nəzərə alaraq xüsusi Tədbirlər Planı reallaşdırır. Plana əsasən, sərnişin qatarlarında, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena normalarına və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır. Dezinfeksiya həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, eləcə də dəmir yol stansiyalarında gündəlik həyata keçirilir. Profilaktik dezinfeksiya işləri Bakı, Gəncə vağzalında, sərnişinlərin olduğu perronlarda aparılır. Briqadalara hərəkətboyu xəstəlik aşkarlanarsa, xəstələri izolyasiya etmələri, onlarla kontaktda olan sərnişinləri siyahıya almaları tapşırılıb, eləcə də xəstələrin hospitalizasiyası barədə mühazirələr keçirilib. Bundan başqa, dəmir yolu ərazisində olan müalicə müəssisələrində qoruyucu tədbirlər görülüb və dezinfeksiyaedici vasitələr paylanılıb.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları” QSC-də koronavirusla əlaqədar qərargah yaradılıb. Məqsəd xəstəliyin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etməkdir. Eyni zamanda, Bakı Dəmiryol Vağzalında (012) 499 61 11 nömrəli "Qaynar xətt” fəaliyyət göstərir.

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. AZAL və "Buta Airways” aviaşirkətləri tərəfindən aşağıdakı tədbirlər görülür:

- uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir;

- hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir;

- AZAL və "Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib;

- hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.

Azərbaycanın beynəlxalq hava limanlarında aşağıdakı tədbirlər görülür:

- sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir;

- gələn bütün sərnişinlər bədən hərarətini ölçən xüsusi cihaz vasitəsilə 3 səviyyəli yoxlamadan keçirilir;

- koronavirus infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin olduğu hava gəmisi üçün karantin meydançası ayrılmışdır. Belə hava gəmisinə xidmət göstərmək üçün istifadə olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emaletmə prosedurundan keçir;

- yüksək bədən hərarəti aşkar edilən şəxslərin dərhal təcrid edilməsi üçün aeroportda xüsusi otaq ayrılmışdır;

- koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılması üçün hava limanı ərazisində təcili tibbi yardım maşınları daim növbətçilik edir.

Koronavirus xəstəliyi ilə bağlı ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılması zərurəti yaranıb. Bu məqsədlə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilib. İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə marşrut xətləri üzrə avtobuslar dezinfeksiya edilir.

Gecə saatlarında "General Auto Company” şirkətinin istehsalat bazasında 11, 38, 64, 15, 131 xətt marşrutları üzrə hərəkət edən avtobuslarda dezinfeksiya işləri həyata keçirilir. Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, artıq gündəlik olaraq xəttə çıxan 2100 avtobusda dezinfeksiya işləri tamamilə yekunlaşdırılıb. İndi təkrar dezinfeksiya işləri görülür. İstehsalat bazasında dezinfeksiya işləri ilə yanaşı, gündəlik olaraq bu xətlər üzrə son dayanacaqda da avtobuslarda təmizlik işləri aparılır.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ümumtəhsil müəssisələrinin təxminən 50 faizə qədəri dezinfeksiya olunub. İndiyədək Azərbaycanın bütün coğrafiyası boyu 2400-dək ümumtəhsil məktəbində dezinfeksiya işləri aparılıb. Bu proses növbəti günlər ərzində bağçalardan tutmuş universitetlərədək bütün təhsil müəssisələrini əhatə edəcək.

 

 

Dünyanın koronavirus mənzərəsi

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 3-nə olan məlumatına əsasən, son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistanı, Seneqal və Tunisdə koronavirus xəstəliyinə ilk yoluxma halları qeydə alınıb. Ümumilikdə 3112 nəfər bu xəstəlikdən ölüb.

 

Təsdiqlənmiş yoluxma hallarının sayı:

 

Dünyada: 90870 (1922 yeni)

 

Çində: 80304 (130 yeni)

 

2946 ölüm halı (31 yeni)

 

Çinin xaricində:

 

10566 yoluxma halı (1792 yeni)

 

72 ölkə (8 yeni)

 

166 ölüm halı (38 yeni)

 

Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı son statistikalara nəzər yetirək.

 

Çində ötən sutka ərzində 130 yoluxma, 31 ölüm faktı qeydə alınıb. İndiyədək 49914 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 6416 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 36432 nəfər tibbi nəzarət altındadır.

İtaliyada yeni növ koronavirus pnevmoniyasına yoluxanların sayı 2263 nəfərə yüksəlib, 79 nəfər isə infeksiyanın qurbanına çevrilib. Eləcə də bu virusdan xilas olanların sayı 11 nəfər artaraq 160 nəfər olub.

İranda indiyədək 31 vilayətdən 28-də yeni koronavirusa yoluxma halı təsdiqlənib. Xəstəliyə yoluxanların sayı 2336 nəfərdir. Bunların arasında 23 nəfər deputat var. Ötən gün İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani yeni koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib. İranın Təcili Tibbi Yardım Mərkəzinin rəisi Pirhüseyn Kulivənd də koronavirusa yoluxub. Virusdan həyatını itirənlərin sayı 77, sağalanların sayı isə 436 nəfər təşkil edir. Həmçinin ötən gün Ali Məhkəmənin sədrinin müşaviri koronavirusdan dünyasını dəyişib. Epidemiyanın qarşısını almaq üçün 54 min məhbus evə buraxılıb.

İranın Ərzaq və Dərman Məhsulları Təşkilatı ölkədə koronavirusa görə maska çatışmazlığının yarandığını bildirib. "Tibb müəssisələrində və xəstəxanalarda istifadə üçün həftə ərzində 40 milyon ədəd maskaya ehtiyac var. Təəssüflər olsun ki, ötən bir neçə gün ərzində ehtiyacı təmin etmək üçün Səhiyyə Nazirliyi qara bazardan maska alıb. Hazırda "N95” maskalarının ölkəyə idxalı ilə bağlı səylər göstərilir”, - deyə məlumatda qeyd olunub.

Almaniyada yeni növ koronavirusa yoluxanların təsdiqlənmiş sayı 196 nəfərə çatıb. Ölkədə virusa yoluxanların ən çox olduğu bölgə əvvəlki kimi Şimali Reyn - Vestfaliyadır (103), ondan sonra Bavariya (37), Baden-Vürtemberq (28) və Qessen (12) gəlir. Paytaxt Berlində isə 3 yoluxma halına rast gəlinib.

ABŞ-ın Kaliforniya ştatında daha 2 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Hər iki hal Kaliforniyanın Los-Anceles şəhərində qeydə alınıb. Yoluxan şəxslər 60 yaşlı kişi və 30 yaşlı qadındır. Onlar koronavirusun geniş yayıldığı yerlərə səyahət ediblər.

Yunanıstan Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxma ilə bağlı 8-ci halı təsdiqləyib. Nazirlik son yoluxan qadının daha əvvəl koronavirus aşkarlanmış xəstə ilə yaxın təmasda olduğunu yazıb. Hazırda o, Salonikidəki xəstəxanada karantindədir. Yunanıstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da Salonikidə İtaliyadan gələn 38 yaşlı qadında təsbit edilib.

Gürcüstanda artıq üç koronavirus infeksiyası aşkarlanıb, yoluxmuş hər üç şəxs ölkə vətəndaşlarıdır. 137 nəfər isə karantində saxlanılır.

Gürcüstan Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin direktoru Amiran Qamkrelidze yeni növ koronavirusun yayılması ilə mübarizə üçün sakinlərə mal və xidmətlərə görə nağdsız ödənişlərə keçməyi təklif edib.

Polşada koronavirusa yoluxma ilə bağlı ilk hadisə qeydə alınıb. Yoluxmuş şəxs Almaniyadan gələn xəstədir.

Ötən gün Ukraynada da ilk yoluxma faktı aşkarlanıb. Yoluxmuş şəxs İtaliyadan gəlib.

 

 

Koronavirusla mübarizəyə maliyyə yardımları ayrılır

 

Dünən Dünya Bankı yoxsul ölkələrə koronavirusun yayılmasının vətəndaşların sağlamlığına və iqtisadiyyatına təsirlərinin aradan qaldırılması üçün 12 milyard ABŞ dolları məbləğində təcili dəstək paketinin ayrılmasını elan edib. Maliyyələşdirmə inkişafda olan ölkələrə sağlamlıq sistemlərini gücləndirməyə və epidemiyanın iqtisadi təsirini azaltmaq üçün özəl sektorla əməkdaşlığı artırmağa kömək etmək məqsədini daşıyır.

Dünya Bankının prezidenti Devid Malpass jurnalistlərə açıqlamasında vəsaitlərin sorğuların təhlili əsasında paylanacağını bildirib. Dəstək 8 milyard dollarlıq yeni vəsait və 4 milyard dollarlıq yenidən yönəldilmiş mənbələrdən ibarət olacaq.

Martın 3-də isə BMT koronavirusun yayılmasına qarşı mübarizəyə fövqəladə yardım fondundan 15 milyon dollar ayırıb. Bildirilib ki, bu vəsait Dünya Səhiyyə Təşkilatına və UNICEF-ə virusun yayılmasına nəzarət tədbirləri, yoluxma hallarının araşdırılması və milli laboratoriyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün verilir.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 5 mart.- S.1;6.