Azərbaycan idmanı yeni zirvələr fəth edir
5 mart Bədən tərbiyəsi və idman
günüdür
Sağlamlığın qorunması və möhkəmlənməsində, gənclərin fiziki inkişafında, ölkənin idman şərəfinin beynəlxalq aləmdə uca tutulmasında bədən tərbiyəsi və idmanın müstəsna əhəmiyyətini nəzərə alan Azərbaycan Prezidentinin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. "Bədən tərbiyəsi və idman haqqında” qanun bu sahədə fəaliyyətin təşkilati-hüquqi, sosial-iqtisadi əsaslarını və dövlət siyasətinin prinsiplərini müəyyən edir, vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olmasına imkan yaradır.
Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr idmanda ölkəmizə böyük imic qazandırıb. Bu bayram günündə idmanımızın ötən bir ildə keçdiyi yola nəzər salınsa, böyük nailiyyətlərlə əlamətdar olduğunu görmək mümkündür.
Atletlərimiz ötən il müxtəlif turnirlərdə olimpiya və qeyri-olimpiya idman növləri üzrə ölkəmizi şərəflə təmsil ediblər. İdmançılarımız 775 medal qazanıblar ki, bunların 271-i qızıl, 238-i gümüş, 266-sı bürüncdür. Milli komandalarımız 243 beynəlxalq yarışa qatılıb.
Ölkəmizdə 62 beynəlxalq idman tədbiri keçirilib. Onların arasında "Formula-1” Azərbaycan Qran-prisini, UEFA Avropa Liqasının finalını, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalını, gimnastika üzrə dünya kubokları uğrunda turniri və digərlərini göstərmək olar.
Paytaxtımızda dördüncü dəfə keçirilən planetin bir nömrəli avtomobil yarışı - "Formula-1” Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı.
500 milyondan artıq tamaşaçı auditoriyasına malik yarışı 67 ölkədən çoxlu azarkeş Bakıda tribunalardan izlədi.
2019-cu ilin iyul ayında Bakıda təşkil olunmuş XV Avropa Gənclər Yay Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı oldu. 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və başqalarını qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur. Medallardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürünc idi.
Güləşçilərimiz yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar. Cüdoçularımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. Gimnastika yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.
Keçən il mayın 29-da Azərbaycan daha bir əlamətdar idman hadisəsinin şahidi oldu. Bakı UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Matçda İngiltərənin iki komandası - "Çelsi” və "Arsenal” üz-üzə gəldi. Paytaxtımızda əsl futbol bayramı yaşandı. Avropadan Bakıya gələn media təmsilçiləri, hər iki klubun azarkeşləri finalın təşkilini yüksək qiymətləndirdilər. 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.
Azərbaycan idmançıları beynəlxalq turnirlərdə etimadı layiqincə doğrultdular. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 82 atletlə təmsil olunan Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer aldı. Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla əl-Məşayxi gümüş medala sahib oldular. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında Ruhidil Qurbanlı-Abdulla əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb. Ruhidil Qurbanlı-Abdulla əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq Oyunların gümüş medalına sahib oldular.
Cüdoçularımız II Avropa Oyunlarını bir gümüş və dörd bürünc medalla başa vurdular. "Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska bürünc medallara layiq görüldülər. Güləşçilərimiz "Minsk-2019”u 10 medalla başa vurdular. Mahir Əmiraslanov, Hacı Əliyev və Mariya Stadnik qızıl, Nurməhəmməd Hacıyev, İslam Abbasov və Elmira Qəmbərova gümüş, Hacımurad Hacıyev, Camaləddin Məhəmmədov, Sabah Şəriəti və Alyona Kolesnik bürünc medal qazandılar.
Karateçilərimiz "Minsk-2019”da 5 medala sahib çıxdılar. Ölkəmizin hesabına qızıl medalı kumite yarışında Asiman Qurbanlı, gümüş medalları Rafael Ağayev, Firdovsi Fərzəliyev və İrina Zaretska, bürünc medalı isə Roman Heydərov yazdırdılar. Boks yarışlarında idmançılarımız 2 medal (1 qızıl və 1 bürünc) əldə etdilər. Alfonso Dominges II Avropa Oyunlarını qızıl, Lorentso Sotomayor isə bürünc medalla başa vurdular. Sambo yarışlarında ölkəmizə Ağasif Səmədov gümüş, Mehman Xəlilov və Emil Həsənov isə bürünc medallar qazandırdılar.
2019-cu ildə şahmatçılarımız həm ölkənin, həm də qitənin şahmat tarixinə yeni qələbələr yazdırdılar. Beynəlxalq qrossmeyster Teymur Rəcəbov dünya kubokuna sahib olan ilk azərbaycanlı kimi tarixə düşdü.
Bu il isə ölkəmiz növbəti mötəbər yarışlara evsahibliyi edəcək. Avropa futbol çempionatının final mərhələsinin dörd matçı, "Formula-1” Azərbaycan Qran-prisi Bakıda təşkil olunacaq. Azərbaycan yüz milyonlarla insanı özünə ecazkar surətdə bağlayan futbol kimi kütləvi oyunların təşkilində çoxdan liderlərlə eyni cərgədə addımlaya bildiyini və bir çox hallarda onları geridə qoymağı bacardığını növbəti dəfə təsdiq edəcək.
Göründüyü kimi, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq turnirlərdə yüzlərlə medal qazanılır. Bədən tərbiyəsi və idmanın inkişafı naminə yürüdülən dövlət siyasəti düşünülmüş, məqsədyönlü olduğundan gözlənilən nəticələr əldə edilir.
Elçin CƏFƏROV
Azərbaycan.-2020.- 5 mart.- S.1;5.