Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Ağstafa
filialının fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 1200 kvadratmetrdən çox olan filial binasında 150 toxucunun çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağstafa, Qazax və Tovuz rayonlarının yaşayış məntəqələrindəki orijinal xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular Ağstafa şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları "Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda "Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Qeyd
edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə
dünyanı heyran qoyub, milli naxışlarımızın
şöhrəti dünyanı heyran qoyub. Milli xalçalarımızın ta qədimlərdən başlayan
şöhrəti bu gün
yeni layihələrlə zənginləşir.
Prezident İlham Əliyevin Sərəncamı ilə
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması da məhz bu amildən qaynaqlanırdı. Cəmiyyətin
əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı,
ixracı, onların ölkə daxilində və xaricdə
satışının təşkili, xalça
istehsalında yeni texnologiyaların tətbiqi,
maddi-texniki bazanın müasirləşdirilməsi
və ondan səmərəli istifadədir.
Amma bu layihənin
icrasında əsas məqsədlərdən biri
də yeni iş yerlərinin
yaradılması, ən çox da qadınların işlə təmin
olunması idi və artıq bu məqsədə nail olunub. "Azərxalça” Açıq Səhmdar
Cəmiyyəti fəaliyyətə başlayandan
sonra artıq onun bir çox regionlarda filialları yaradılıb. Ağstafa filialı da bu regionda
xalçaçılığın inkişafına böyük töhfə verəcək.
Azərbaycan.-2020.-
5 mart.- S.2.