Ağstafa Aqrar Sənaye Kompleksinin
açılışı olub
Prezident
İlham Əliyev açılışda iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 4-də
Ağstafa Aqrar Sənaye Kompleksinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, "Ağstafa Aqrar Sənaye Kompleksi” Məhdud
Məsuliyyətli Cəmiyyətinin Müşahidə
Şurasının sədri Rəsul Orucov dövlətimizin
başçısına burada həyata keçirilən
işlər və yaradılan şərait barədə məlumat
verdi.
Bildirildi
ki, layihənin ikinci mərhələsində kompleksdə saatda
5 ton emal gücü olan paxlalı bitkilərin toxumu
istehsalı zavodu, saatda 25 ton emal gücü olan dənli bitkilərin
toxumu istehsalı zavodu, saatda 200 ton təmizləmə və
50 ton qurutma avadanlığı ilə təchiz olunmuş,
ümumi həcmi 36 min ton saxlama gücü olan rezervuarlar
quraşdırılıb. Bundan başqa, kompleksdə sutkada
120 ton emal gücü olan dəyirman, çörək və
yarımfabrikatlar istehsalı zavodu, müasir avadanlıqlarla təchiz
edilmiş fast-food iaşə xidmətləri obyekti, aqromarket,
yeraltı avtomobil dayanacağı inşa edilərək
istifadəyə verilib.
Dövlətimizin
başçısı müəssisəni işə
saldı.
Məlumat
verildi ki, müəssisə toxum istehsalından başlayaraq
taxılın becərilməsini, emalını son istehlak məhsuluna
gətirərək əhaliyə təqdim edir. Məhsullar həm
keyfiyyət göstəricilərinə, həm də beynəlxalq
bio standartlarına tam cavab verir. İstehsal sahələrində
istifadə olunan bütün texnoloji xətlər Almaniya və
İsveçrə avadanlıqlarıdır. Müəssisə
beynəlxalq bio sertifikat alınması məqsədilə
müvafiq sertifikatlaşma proseslərini həyata keçirərək,
istehsal edəcəyi toxum və digər yarımfabrikat məhsulları
ixrac etmək istiqamətində müvafiq iş aparır.
Kompleksdə,
eyni zamanda, 300 yerlik multifunksional mədəniyyət mərkəzi
də yaradılıb. Burada müxtəlif səpkili tədbirləri
yüksək səviyyədə keçirmək mümkündür.
Prezident
İlham Əliyev müəssisədə istehsal olunan məhsullara
baxdı.
Qeyd edək ki, layihənin 3-cü mərhələsi çərçivəsində Qazax rayonunda logistika-nəqliyyat mərkəzinin tikintisi və Ağstafa Aqroparkının nəzdində 25 min kubmetrlik meyvə-tərəvəz saxlanması üçün soyuducu anbarın inşası, həmçinin regionda aqrar turizm sahəsinin inkişafı məqsədilə otel kompleksinin inşasına start verilib.
Ağstafa Aqroparkın ümumi ərazisi 20 hektar təşkil edir ki, onun da 10 hektarında artıq inşaat işləri başa çatdırılıb, növbəti 6 hektarda isə tikintiyə başlanıb. Ağstafa Aqroparkının Qazax rayonunun Çaylı kəndində inşa etdiyi nəqliyyat-logistika mərkəzi 4,2 hektar ərazini əhatə edir. Bu cür layihələrin inşası ölkədə iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə də böyük töhfə verir. Ümumilikdə, Ağstafa Aqroparkında və onun törəmə müəssisələrində çalışanların ümumi sayı 360 nəfər təşkil edir ki, bu da regionda məşğulluğun təmin olunması sahəsində önəmli yer tutur. Layihənin əsas konsepsiyalarından biri də "Tarladan süfrəyə” prinsipinin həyata keçirilməsidir.
Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Sizi salamlayıram, mən artıq üçüncü dəfədir ki, Ağstafa aqrar parkının işi ilə tanış oluram. Hər dəfə burada olanda yeniliklər görürəm, inkişaf görürəm. Şadam ki, aqroparkın bu illər ərzində inkişafı çox sürətlidir və o cümlədən mənim də tövsiyələrim nəzərə alınıbdır. Beləliklə, Ağstafa rayonunda çox müasir istehsal, kommersiya, ticarət kompleksi yaradılıb.
Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın
yaradılmasının birinci mərhələsini qeyd edirdik.
Ondan sonra 2016-cı ildə bu gün burada tanış
olduğum müəssisənin təməl daşı
qoyulmuşdur və bu gün - 2020-ci ildə yenə də
buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın
kənd təsərrüfatı və emal sahəsində
çox önəmli rol oynayan böyük bir müəssisədir.
Bu da təbiidir. Çünki Azərbaycanda
sahibkarlar, investorlar üçün çox gözəl
şərait yaradılıb. Onlar bilirlər ki, dövlət
onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan
sonra da sabitlik yolu ilə gedəcək və investorlar
üçün əsas məsələlər bunlardır. Hər
bir investor - istər xarici olsun, istər daxili olsun, öz
investisiyalarını planlaşdıranda mütləq bu amilləri
nəzərə alır. Bir çox xarici investorlarla
görüşlər əsnasında onların mənə
bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu
sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin
uğurlu inkişafı heç kimdə şübhə
doğurmur.
Bundan əlavə,
mövcud olan infrastruktur. Əgər indiyədək dövlət
tərəfindən bölgələrdə infrastruktur layihələri
icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları
üçün başqa yerlər axtaracaqdılar. Ağstafa
rayonunda bu sahədə çox böyük işlər
görülüb. Bu gün yeni yarımstansiyanın
açılışında mənə məlumat verildi ki,
indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır,
ancaq potensial iki dəfə bundan böyükdür. Yəni,
iki dəfə bundan artıq sənaye müəssisələrinin,
digər obyektlərin yaradılması artıq mövcud enerji
gücləri ilə təmin ediləcək. Əlbəttə
ki, enerji təminatının yaxşı səviyyədə
olması biznes üçün vacib şərtlərdən
biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi
Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına
görə Azərbaycan dünyada ikinci yerdədir.
Qazlaşdırma səviyyəsi Ağstafa rayonunda 90 faizdir. Təmirli
yolların səviyyəsi 90 faizə yaxındır.
İçməli su layihəsi 2013-cü ildə başa
çatmışdır, istismara verilmişdir. Yəni,
investorlar üçün bütün şərait
yaradılıb. Şadam ki, Ağstafa Aqroparkının
investorları bütün bu imkanlardan istifadə edib,
böyük vəsait qoyublar. Mənə verilən məlumata
görə 80 milyon manat ətrafında vəsait qoyulub və
qoyulan vəsait göz qabağındadır. Çünki bir
daha demək istəyirəm, üçüncü dəfədir
ki, buradayam və bu aqroparkın inkişafının
tarixçəsi də mənim gözümün önündə
olub.
Bu
aqroparkın kənd təsərrüfatının
inkişafına da çox böyük dəstəyi olacaq. Mən
maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan
çoxdur. Ölkə üzrə taxılçılıqda
orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul
əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin
sahələrimiz bir qədər məhdud olduğu
üçün məhsuldarlığın
artırılmasına xüsusi diqqət göstərilməlidir.
Sahibkarlar
dövlət tərəfindən qayğı ilə əhatə
olunub, dövlət öz dəstəyini göstərir. Bu
aqroparkın yaradılmasına da dövlət öz maliyyə
dəstəyini göstəribdir, ancaq investorların
qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət
öz dəstəyini göstərməklə, eyni zamanda,
öz siyasi dəstəyini də göstərir.
Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin
inkişafının əsas şərti olacaq. Çünki
dövlət xətti ilə icra edilən əsas infrastruktur
layihələri başa çatmaq üzrədir. Ona görə
biznes mühitinin yaxşılaşdırılması,
sahibkarlığın inkişafı, yeni iş yerlərinin
yaradılması - bütün bunlar dövlət siyasətimizin
tərkib hissəsidir. İnvestorlar da belə gözəl
müəssisələrin yaradılması ilə digər
sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait
qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana
vəsait qoymalıdırlar ki, bizdə işlər daha
yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər
il 100 min artan əhalini gələcəkdə iş yerləri
ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə
qoyuluşu demoqrafik inkişafı üstələməlidir.
Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin
edilən vətəndaşlar yaxşı maaşla təmin
olunmalıdırlar, onların iş şəraiti
yaxşı olmalıdır. Mən demişəm ki, 8
saatlıq iş günü vardır və heç bir
işçini ondan artıq işlətmək olmaz. Eyni
zamanda, bütün işçilər gərək rəsmi
qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək
olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz.
Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və
ümumiyyətlə ola da bilməz. Çünki sizin
yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm
ki, bütün Azərbaycan müəssisələri bu
prinsiplər əsasında işləsinlər.
Mən
bunu artıq bir neçə dəfə demişəm, bir daha
işçilərə demək istəyirəm. Xüsusilə
nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən
səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə
keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar
gərək mütləq rəsmi qaydada işləsinlər.
Ona görə qeyri-rəsmi məşğulluğa
qarşı mübarizə üsullarından biri də icbari
tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə
qeyri-rəsmi işləyirsə, gələcəkdə
pensiyadan da məhrum olacaq.
Bir
sözlə, belə gözəl müəssisələrin
yaradılması və inkişafı məni çox sevindirir.
Xüsusilə mən bu aqroparkın timsalında
ardıcıl siyasəti görürəm. Çünki bəzi
hallarda müəssisə yaradılır, hətta elə
hallar olub ki, mən o müəssisələrin
açılışında iştirak etmişəm, ondan bir
müddət sonra o bağlanır. Deməli, iş prosesi
düzgün qurulmayıb. Amma sizdə nəinki
bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində
hər dəfə inkişaf, yenilik görürəm.
Görürəm ki, burada insanlara yüksək qayğı
göstərilir. Bu şərait böyük zövqlə
yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar
üçündür ki, Azərbaycan vətəndaşları
daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək
üçün Azərbaycan dövlətinin kifayət qədər
iradəsi, imkanları var və Ağstafa rayonunda görülən
işlər buna əyani sübutdur.
Sizi bir
daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Mən
maraqlandım və məlumat verildi ki, bu
üçüncü mərhələ sonuncu mərhələdir.
Amma sizin başqa planlarınız da var və ümid edirəm
ki, növbəti dəfə sizinlə burada görüşəndə
yeni layihələr haqqında mənə məruzə edəcəksiniz.
Sağ olun.
X X X
Kompleksin əməkdaşı
Şahlar Məhərrəmov onların fəaliyyətinə
verdiyi dəstəyə görə dövlətimizin
başçısına təşəkkür edərək
dedi:
-Cənab
Prezident, Ağstafaya gəlməyiniz münasibətilə Sizə
"Çox sağ olun!” deyirəm.
Cənab
Prezident, inanın səmimiyyətimizə, biz
ağstafalılar əvvəllər Bakı şəhərinə
gedəndə paytaxtda o cür gözəl şəraitin
yaradıldığını görəndə bizə yuxu
kimi gəlirdi ki, görəsən, bizim Ağstafamızda da
bu cür şərait qurula bilərmi, bu cür şərait
ola bilərmi. Çox şükür bugünkü günə.
Bu gün açılışında iştirak etdiyimiz bu
gözəl şəraiti bizə bəxş etdiyinizə
görə cənab Prezident, Sizə bütün
ağstafalılar adından "Çox sağ olun!” deyirəm.
Allah Sizi var eləsin, Allah Sizi qorusun cənab Prezident.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Sonra xatirə
şəkli çəkdirildi.
Dövlətimizin
başçısına minnətdarlığını bildirən
kompleksin Müşahidə Şurasının sədri Rəsul
Orucov dedi:
-Cənab
Prezident, bizim mədəniyyət mərkəzinin
özünün musiqi kollektivi də var. Bizim Sahil adlı bir
işçimiz var, əlildir, bütövlükdə
gözü görmür. Onun üçün xüsusi olaraq
Almaniyadan İtaliya istehsallı zərb aləti gətirmişəm.
Zərb alətində çox gözəl ifa edir. Biz bayram tədbirlərinə
hazırlaşırıq.
- Skripka
ifaçısı Ceyhun: Cənab Prezident, bölgələrdə
o qədər gözəl şərait yaratmısınız
ki, böyük məmnuniyyətlə gəlirəm, burada bu
cavan uşaqlarla kollektiv düzəltmişik, silsilə tədbirlər
keçiririk.
Prezident
İlham Əliyev: Keçirin, vətəndaşlar da, sənət
adamları da razı olsunlar. Belə çox müasir, gözəl
konsert zalı harada var? Belə də davam edin. Sağ olun.
Qeyd edək
ki, dövlətimizin başçısının rəhbərliyi
ilə ölkədə qeyri-neft sektorunun inkişafı,
ixracyönümlü məhsullar istehsal edən müəssisələrin
yaradılması və ümumilikdə, iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində çox
mühüm layihələr icra olunub. Bu baxımdan həyata
keçirilən işlər arasında aqrar sənaye komplekslərinin
yaradılması müstəsna əhəmiyyət kəsb
edir. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi
potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin
təmin olunmasında yeni metod və
üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan
aqroparkların və iri fermer təsərrüfatlarının
yaradılması bir neçə mühüm amili
özündə birləşdirir. Ağstafa Aqrar Sənaye
Kompleksi ölkədə bu cür layihələrin icrası
ilə bağlı görülən işlərin
ardıcıl xarakter aldığını göstərir. Bu
kompleks 2010-cu ildə dövlət qeydiyyatından keçərək
2010-2012-ci illər ərzində bitkiçilik bölməsinin
yaradılması məqsədilə qurulub. O zaman bu aqroservis
15 min hektar sahədə xidmət göstərmək
üçün lazım olan bütün texnika və
avadanlıqlarla təchiz edilib. 2012-ci ildə Prezident İlham Əliyevin
iştirakı ilə layihənin birinci mərhələsinin
açılışı olub. 2016-cı ildə isə
müəssisə öz inkişaf planına uyğun olaraq
bitkiçilik bölməsini, anbar sahələrini inşa edərək
layihənin ikinci mərhələsində nəzərdə
tutulmuş işlərə start verib. Belə komplekslər
aqrar sahədə sahibkarlığın inkişafını
daha geniş şəkildə təşviq edərək,
sosial-iqtisadi inkişafın sürətləndirilməsində,
rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının
istehsalında, ixrac potensialının və məşğulluğun
artırılmasında böyük əhəmiyyətə
malikdir. Aqroparkların, bu cür komplekslərin
yaradılması ölkənin ixrac coğrafiyasının
genişləndirilməsində, milli brendlərin
yaradılmasında, kənd təsərrüfatı sahəsində
əlaqələndirilmiş vahid sistemin, eləcə də
istehsalçı-emalçı-istehlakçı münasibətlərinin
formalaşmasında, aqrar sahədə ixtisaslı kadrların
hazırlanmasında və yeni iş yerlərinin
açılmasında mühüm rol oynayacaq.
Azərbaycan.-2020.- 5 mart.- S.3-4.