Xoşbəxt azərbaycanlı
...Sazağın iliyə işlədiyi qış günündə kənddəki evlərin birindən ucalan musiqi sədaları Pirşağı əhlinin ürəyini isidir, canını qızdırırdı...
Kəndin hörmətli, sayılıb-seçilən şəxslərindən olan Bağı kişi həyat yoldaşının doğum günü şərəfinə məclis qurmuş, evinə xeyli qonaq, xanəndə və musiqiçilər dəvət etmişdi. Qadınlar bir otaqda, kişilər isə başqa otaqda şənlənirdilər...
Dünyaya gəlişini qeyd edən Zinyət xanıma ən böyük və dəyərli hədiyyəni isə elə həmin gün Tanrı özü bəxş edir. Ailənin bu xoş günündə evin ilk övlad payı xoş qədəmlərilə doğulur.
Gözünü dünyaya toy-bayram içində, çal-çağırla açan oğluna atası Xoşbəxt adını qoyur...
Xoşbəxt gündə doğulan bu uşağın bütün həyatı boyu xoşbəxt olması diləyi ilə... Amma bəlkə heç təsəvvürünə də gətirmirdi ki, xoş bəxt arzuladığı ilki gələcəkdə neft sahəsində öz xalqının xoşbəxtliyinə, firavanlığına, inkişafına səbəb olacaq böyük işlərə imza atacaq, yeni yataqlar kəşf edəcək... Çalışdığı sahəyə verdiyi töhfələr, qazandığı nailiyyətlər, layiq görüldüyü ən ali mükafatlarla xoşbəxt neftçiyə çevriləcək...
Və bütün dünyada Azərbaycan neftçilərinin Xoşbəxti kimi tanınacaq...
Dünya şöhrətli neftçi-alim, geoloq, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, "İstiqlal”, "Şöhrət”, "Şərəf”, 1-ci dərəcəli "Əmək” ordenləri, Heydər Əliyev mükafatı, bu günlərdə isə 90 illik yubileyi münasibətilə Azərbaycanın ən ali mükafatı - "Heydər Əliyev” ordeni ilə təltif olunmuş Xoşbəxt Yusifzadənin "Ömür səhifələri”ni onunla birlikdə vərəqləyirik. 90 illik ömrünün dolaylarına boylanır, keçdiyi zəngin həyat yolunu təsadüf və qəribəlikləri, sevinc və ağrı-acıları, xoşbəxt və kədərli günləri ilə birlikdə xatırlayırıq...
Sən, ey
uşaqlıq...
1930-cu il yanvarın 14-də Xəzərin sahilində yerləşən, çimərliyi, bağları və şimal küləyi ilə məşhur olan füsunkar Pirşağıda dünyaya gəlib Xoşbəxt Yusifzadə. Atası Bağı Habulla oğlu Pirşağı kəndində kolbasa zavodunun direktoru, kəndli komitəsinin sədri idi. Mülayim, gülərüz və xeyirxah olduğu üçün kənddə onun xətrini çox istəyirdilər. 1935-ci ildə SSRİ-nin repressiya maşını işə düşməyə başlayanda direktoru sexlərin birində baş vermiş neqativ hadisələrlə bağlı həbs edirlər. Elə bununla da ailənin xoşbəxt, qayğısız, atalı günləri başa çatır. Məhkəmədə günahı sübuta yetirilməsə də, 8 il həbs cəzası kəsib, Orta Asiyaya göndərirlər. Daşkənddə cəza çəkən Bağı kişi azadlığa vaxtından tez çıxmaq niyyəti ilə ərizə yazıb, cəzaçəkmə yerinin Sibirlə əvəzlənməsini xahiş edir. Eşitdiyinə görə, Sibirdəki həbs düşərgələrində dustaqların bir günü üç gün kimi hesablanırdı.
Çox keçmir, xahişi yerinə yetirilir və o, Sibirə göndərilir. Amma nə biləydi ki, ailəsinə daha tez qovuşmaq üçün yazdığı ərizə onu ölümə aparırmış. Qismətdən qaçmaq olmaz, deyirlər. 1939-cu ildə cəza müddətinin bitməsinə az qalmış işlədiyi tikintidə baş verən bədbəxt hadisə nəticəsində Bağı kişi dünyasını dəyişir. Zinyət xanım 3 uşaqla qalır başsız...
Əri həbs olunandan sonra balalarını bir qarın çörəyə möhtac qoymamaq üçün Zinyət xanım kənddə bağça müdirəsi işləyir. Lakin 1937-ci ildə ölkədə repressiyanın tüğyan etdiyi vaxtda ona bu vəzifədə qala bilməyəcəyini, yalnız süpürgəçi işləyə biləcəyini deyirlər. Çarəsiz qadın işdən çıxıb, üç uşaqla ac-susuz evdə oturmalı olur. Həmin il Xoşbəxt də birinci sinfə gedirdi. Heç kimin üzü gülmür, qorxu-hürkü içində yaşayırdılar. Belə ağır günlərin birində Moskvadan Bakıya səlahiyyətli bir şəxsin gəldiyini, şikayətçilərlə görüşüb, onların problemlərini yerindəcə həll etdiyini eşidirlər. Zinyət xanım həmin şəxsin qəbuluna düşməkdən ötrü üç gün gecə-gündüz onun qapısı ağzında növbə çəkir, sonda istəyinə çatır. Moskvalı məmur qadının şikayətini dinlədikdən sonra ərizəsinin üzərinə "Bərpa edilsin” yazır. Beləliklə, o, əvvəlki işinə qayıdıb balalarını böyütməyə başlayır.
Xoşbəxtin uşaqlığı repressiya küləklərinin əsdiyi dövrə, barıt qoxulu müharibə illərinə təsadüf edir. 1941-ci ildə o, beşinci sinfə keçəndə Böyük Vətən müharibəsi başlanır. Vəziyyət daha da ağırlaşır. Müharibə, aclıq, fəlakət, "qara kağızlar”, yetimlik... Xoşbəxt Yusifzadənin uşaqlıq illərində açılan sağalmaz yaralarıdır. Amma heç bir yara, çətinlik, əziyyət onun dərslərə, mütaliəyə olan marağını, həvəsini azaltmır. Hətta dördüncü sinifdən başlayaraq zəif oxuyan şagirdləri hər gün eyvanlarına yığıb dərs keçir, ev tapşırıqlarına kömək edirdi. Boş vaxtlarında gündüzlər cürbəcür oyunlar oynayırdı. Hər mövsümün də öz oyunları vardı. Gecələr isə kitab oxuyurdu. "Kitab oxumağı çox sevirdim. Məktəbin kitabxanaçısı hər dəfə məni görəndə özünü itirib deyirdi, axı sənin üçün hardan təzə kitab tapım?!”, - indi gülərək o günləri xoş xatirə kimi yada salır Xoşbəxt müəllim.
- 30-cu illərin sonlarında, 40-cı illərin əvvəllərində qış aylarında kənddə həftədə bir dəfə kino göstərirdilər. Həmin günlər uşaqlar üçün əsl bayrama çevrilirdi. O vaxtlar hələ kəndə elektrik enerjisi gəlib çıxmamışdı, camaat neft lampasından istifadə edirdi. Elə ev tapşırıqlarını da axşamlar lampa işığında həll edirdik. Amma yayda kinoya baxmaq imkanımız qat-qat artırdı. Kəndin ətrafındakı bağlarda açılan pioner düşərgələrində hər axşam kino göstərirdilər. Biz də şəhərdən gəlmiş uşaqlara qoşulub filmlərə baxırdıq. Orda çalışan müəllimlər, pioner dəstə rəhbərləri heç vaxt qapıları üzümüzə bağlamır, bizi oradakı uşaqlardan ayırmırdılar. Özü də daha çox "davalı” filmlər göstərirdilər. Müharibə gedirdi axı. Görünür bu kinolarla uşaqlara vətənpərvərlik ruhu aşılamaq istəyirdilər.
1943-cü ildə Xoşbəxti məktəb komsomol komitəsinin katibi seçirlər. Beləliklə də, 13 yaşında ictimai işlərə qoşulur. Komsomol katibi seçilən kimi yazıçı Arkadi Qaydarın "Timur və onun komandası” əsərinin təsiri altında gənc timurçular dəstəsi yaradır. Kənddə bu dəstəyə "Xoşbəxt və onun komandası” deyirdilər.
- Dəstəmiz məktəbdə, kənd içində şuluq salan, dərslərdən yayınıb avaralıq edən uşaqlarla ciddi danışır, onları ictimai işlərə cəlb edir, komsomol tapşırıqları verirdi. Bunun sayəsində neçə uşaq zərərli vərdişləri, papiros çəkməyi tərgitdi, komsomol sıralarına qəbul edilib, dram dərnəyinə cəlb olundu. Dram dərnəyini özüm qurmuşdum. Orda həm rəhbər, həm rejissor, həm də baş rollardan birinin ifaçısı idim. Həvəskar aktyor kimi ən böyük nailiyyətim Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan” əsərinin tamaşasında Fərhad rolu olmuşdu. Bu tamaşa göstəriləndə demək olar ki, bütün zal ağlayırdı.
Bəlkə
də o vaxt kənd camaatı pyes qəhrəmanının
faciəsinə yox, Xoşbəxtin, o qorxulu, qanlı-qadalı
illərdə atasız qalmış bəxtsiz uşaqların
halına acıyıb ağlayırdı...
Tarixçi,
riyaziyyatçı, həkim, geoloq...
Səkkizinci sinifdə oxuyanda Xoşbəxt hiss edir ki, müharibə məktəbdə tədrisin səviyyəsinə də mənfi təsir göstərib, müəllimlərin dərs demək, şagirdlərə bilik vermək həvəsi tükənib. Qonşu kənddə - Kürdəxanıda güclü müəllimlərin olduğunu eşidib, təhsilini orda davam etdirmək qərarına gəlir. Dostu Böyükağa da ona qoşulur. Kürdəxanı ilə Pirşağının arasındakı 4 kilometr yolu hər gün piyada gedib-gəlirlər. Lakin bir aydan sonra dostu Kürdəxanıya getməkdən imtina edir. Xoşbəxt tək qalsa da, yolundan dönmür və səkkizinci sinfi müvəffəqiyyətlə bitirir...
- 1945-ci il mayın 9-da qələbə xəbəri bizim kəndə də gəlib çatdı. Hamı sevinirdi. Sentyabrda doqquzuncu sinfi yenə öz kəndimizdə oxumaq qərarı aldım. Lakin bir ay keçəndən sonra səhv etdiyimi başa düşdüm. Çünki bəzi müəllimlərin dəyişilməsinə baxmayaraq, tədrisin keyfiyyətində heç bir yenilik olmamışdı. Doqquzuncu sinfi birtəhər bitirdim. Bir gün yoldaşlarımın dördünü bir yerə toplayıb soruşdum ki, instituta daxil olmaq istəyirsiniz, ya yox? Hamısı dedi istəyirik. Xülasə, onları yola gətirdim, beşimiz də sentyabrın 1-dən Kürdəxanıdakı 113 nömrəli məktəbdə oxumağa başladıq.
İndi qalırdı gələcək ixtisasını seçmək. Bu barədə xeyli fikirləşməli olur. Əvvəl tarixçi olmaq istəyir, sonra sənədlərini riyaziyyat fakültəsinə vermək qərarı alır. Amma bu fikrindən də daşınır. Kəndin aptek müdiri Məmmədismayıl kişinin "səndən yaxşı həkim olar, hökmən Tibb İnstitutuna daxil olmalısan” israrlarından sonra sənədlərini həmin instituta verməyə hazırlaşır. Lakin bir təsadüf onun həyatının bütün axarını, gələcəyini dəyişir.
- Orta məktəbi bizimlə birlikdə bitirmiş Əkbərin qardaşı Mahmud Azərbaycan Sənaye İnstitutunda oxuyurdu. Əkbər də sənədlərini artıq həmin instituta vermişdi. İyul ayının ikinci yarısı idi. Mahmud yoldaşları ilə Pirşağıya gələndə mən də onlara qoşulub dənizə çimməyə getdik. Yolda söhbət əsnasında yoldaşlardan biri məndən hansı institutda oxumaq istədiyimi soruşdu. Dedim, sənədlərimi Tibb İnstitutuna verəcəm. Təəccübləndilər. Dedilər, sən hər tərəfində neft buruqları ucalan bir şəhərdə anadan olub, boya-başa çatmısan. Heç sənə yaraşarmı neftçi yox, həkim olasan?! Neftçi hörmətli və şərəfli peşədir, əsl kişi işidir... Bu sözlərin nəticəsi o oldu ki, iyulun 26-da sənədlərimi aparıb Azərbaycan Sənaye İnstitutuna verdim. Fakültəni də onların məsləhəti ilə seçdim. Özləri neft-mədən fakültəsində oxusalar da, mənə başa saldılar ki, neftçi-geoloq bütün peşələrin şahıdır. Vaxt gəlib çatdı. Qəbul imtahanlarını müvəffəqiyyətlə verərək, geoloji-kəşfiyyat fakültəsinin neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı bölməsinə daxil oldum. Beləliklə də, 1947-ci ilin sentyabrından tələbəlik illərim başlandı.
Birinci
kursda dərslərində bir az çətinlik
olur. Əl qabiliyyəti yaxşı
olmadığından çertyoj-qrafika işlərinə
baxanda müəllim narazılığını gizlətmirdi.
Bu da onu yaman sıxırdı, hətta iş o yerə
çatmışdı ki, institutu atıb getmək istəyirdi.
Amma...
- Bir
gün anama şikayətləndim. Dedim, mən daha orada
oxumayacam, gələn il universitetin
riyaziyyat fakültəsinə daxil olacam. O qədər
şikayətləndim ki, axırda anam hirsləndi:
"Pirşağıda, Kürdəxanıda səsin aləmi
bürümüşdü, gur-gur guruldayırdın, indi nə
oldu? Meydandan nə tez çıxırsan?
Kişisən, instituta daxil olmusan, zəhmət
çək, oxu”. Anamın bu sözləri
elə bil məni yuxudan ayıltdı. Tədricən
qiymətlərim düzəldi.
Üçüncü kursu bitirdikdən sonra Xoşbəxt
Yusifzadəni istehsalat təcrübəsi üçün
Qobustan rayonunun Çeyildağ sahəsindəki dayaz qazma
kontoruna göndərirlər. Kontorda ona iş də verirlər
- dörd ay kollektor vəzifəsində işləyir. Dörd ayın maaşı ilə həm ailəsinə
əl tutur, həm də özünə təzə pal-paltar
alır. İşin bir xeyri də olur ki, həyatında ilk dəfə
fəhlə kollektivinin və fəhlələrlə işin
nə demək olduğunu başa düşür. Bu təcrübə
sonralar rəhbər vəzifələrdə
çalışarkən ona çox kömək edir.
"Heç vaxt
seçimimdən peşman olmadım”
1952-ci ildə institutu bitirib neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə dağ mühəndisi adını alır. Onu geoloji-kəşfiyyat kafedrasında aspirant saxlamağı qərara alırlar. Lakin fələyin oyunu başqa imiş...
- Dörd ay davam edən diplom praktikasında
"Ayrantökən” məntəqəsində oldum. Burada
Ələt qırışığının perspektivliyinə
dair çox geniş bir diplom layihəsi hazırladım.
Diplom rəhbərim kafedranın dosenti Baxış Sultanov təqdim
etdiyim işlə tanış olduqdan sonra "Sənin diplom
layihən təxminən namizədlik dissertasiyasına bərabərdir.
Aspiranturaya daxil olsan, elə
bir ilin içindəcə müdafiə edərsən”, -
dedi. O vaxt aspirantura üçün nəzərdə tutulan məzunları
təyinatdan kənarda saxlayır və işləmək
üçün ayrı-ayrı bölgələrə
göndərmirdilər. Mən də bu səbəbdən
təyinat bölgüsündə iştirak etməmişdim.
Arxayın idim ki, aspiranturada qalacam. Lakin
diplom işini müdafiə etdikdən sonra fakültənin
dekanı məni və tələbə yoldaşım Arif
Şıxlinskini çağırıb bəd xəbər verdi: "Moskva sizin aspiranturada
saxlanılmağınıza icazə vermir”. Guya
bu, atalarımızın həbsi ilə bağlıdır.
Stalin-Bağırov dövrü olduğundan
heç səsimizi də çıxartmadıq, dinməzcə
çıxıb getdik. Sonralar məlum
oldu ki, hamısı yalan imiş. Moskvaya
heç bir sənəd getməmişdi. Sadəcə
bizim yerimizə o vaxt böyük vəzifələrdə
işləyən şəxslərin qohumlarını
salmışdılar. İşi belə görən
diplom rəhbərim dedi: "Daha gözləməyə dəyməz,
get istehsalata, özünə iş tap”. Məsləhətini
də bir atalar sözü ilə əsaslandırdı. "Fərasətli toyuq zibillikdə də dən
tapar”. Düzdür, bu haqsızlıq məni
incitdi. Amma nə onda, nə də başqa
bir vaxt seçimimdən peşman olmadım. Qismət belə imiş. Həyatda
nə olursa, yaxşılığa doğru olur. Elə olmasaydı, istehsalata getməyəcəkdim bəlkə
də.
Xoşbəxt Yusifzadə 1952-ci ilin dekabrından
1954-cü ilin martınadək "Dənizneft” İstehsalat
Birliyində əvvəlcə böyük mühəndis,
sonra bölmə rəisi işləyir. Deyir,
maaşı yüksək olduğundan ailəsinin maddi vəziyyəti
xeyli yaxşılaşmışdı. İnstitutda
oxuyan bacılarına kömək edırdi. Anasını da işdən
çıxartdırmışdı. Bir
sözlə, dolanışıq da, işlər də
yaxşı idi. Amma bununla belə özünü narahat
hiss edirdi. Fikirləşirdi ki, bilavasitə istehsalatda
çalışmasa, yaxşı geoloq ola
bilməyəcək. Odur ki, "Gürganneft”
trestinin baş geoloqu Fuad Səmədovun təklifi və
öz xahişi ilə Neft Daşlarının birinci mədəninin
böyük geoloqu vəzifəsində işə
başlayır. Neft Daşlarına getdiyi ilk günü
isə dünən olmuş kimi xatırlayır Xoşbəxt
müəllim:
-
Heç unutmaram həmin günü... O vaxt çox arıq,
çəlimsiz, fiziki cəhətdən zəif bir
oğlandım. Boyum yaxşı idi - 174
santimetr. Amma çəkim cəmi 54 kilo gəlirdi.
Buna görə də evdə məni Neft
Daşlarına getmək fikrindən daşındırmağa
çalışırdılar. Deyirdilər,
ağlını başına yığ, əcəl səni
girləməsin, ora getsən, birtəhər olacaqsan, öləcəksən.
Bir böyük çamadanım vardı.
1954-cü il martın 24-də onu da
götürüb mindim avtobusa. Getdim Pirallahıya. Neft Daşları Pirallahı adasından 40 km uzaqda
yerləşir. Hansı tərəfdə
avtobusdan düşəcəyimi bilmədiyim üçün
səhv yerdə düşdüm. Ona
görə də gəmiyə minmək üçün
estakadanın üstündə çemodınımı
sürüyə-sürüyə xeyli getdim. Gəmiyə minib, 3 saat sonra Neft Daşlarına
çatdım. Mənə gəminin
üstündə balaca bir otaq verdilər. Batırılmış
gəminin kayutalarının birində qalırdım. Bir hadisə hələ də yadımdadır.
Təzə işlədiyim vaxtlardı. Deməli, quyu qazmadan qurtarandan sonra gərək
böyük təzyiq altında onun kipliyini yoxlayasan. Geoloqun vəzifəsi dayanıb bu prosesi nəzarətdə
saxlamaqdı. Gərək yarım saat ərzində
manometrdəki təzyiq düşməsin. Qar yağır. Qalmışam
quyunun üstündə əsə-əsə, manometri izləyirəm.
Ustalardan biri dedi çıx get, təzyiq düşməyəcək
aşağı. Yazığı gəldi mənə.
Dedim, yox ey, gərək yarım saat dayanım. Axırda dedi,
"əşşi, elə bir manometr qoymuşam ki, qualdayla da
vursan, əqrəbi aşağı sala bilməzsən.
Çıx get burdan. Hər şey qaydasındadı”
(gülür)...
Çox həvəslə işləyirdim. Təzə gedəndə
gördüm axşamlar iş olmur deyə cavanlar bir yerə
yığılıb vaxtlarını mənasız işlərə
sərf edirlər. Trestin hər iki mədəninin
gənc mühəndislərini toplayıb, elmi dərnək
yaratdım. Həmin mühəndislər hər ay burada
elmi məruzələrlə çıxış edir və həmkarlarını
əldə etdikləri elmi nəticələrlə tanış edirdilər. Sonralar
bu elmi dərnək elmi cəmiyyətə çevrildi. Geoloji şöbəm artıq əsl elmi mərkəz
olmuşdu. Trestin baş geoloqu Fuad Səmədov
bütün tədqiqat işlərinin mənim şöbəmdə
cəmləndirilməsini tapşırmışdı. Həmin
il Neft Daşlarında laylara su vurulması
prosesi başlandı. Bu proses tədqiqat işlərinin daha da
genişləndirilməsini tələb edirdi. Az
sonra bu işlərin sorağı Azərbaycanın
bütün neft sənayesinə yayıldı...
Heydər Əliyevlə
tanışlıq
1958-ci ildə Xoşbəxt Yusifzadəni Neft
Daşlarında yeni yaradılmış elmi-tədqiqat və
istehsalat işləri sexinə əvvəlcə baş geoloq,
sonra rəis təyin etdilər. 1960-cı ildən partiyanın XXII
qurultayı adına Neft və
Qazçıxarma İdarəsi rəisinin müavini - baş
geoloq kimi çalışır. 1963-cü ilin
avqustunda Xəzərdə neft axtarışı və
hasilatı işlərini sürətləndirmək məqsədilə
dənizi qurudan ayırırlar və dəniz üzrə
baş idarə yaradılır. Xoşbəxt
Yusifzadəyə isə baş geoloqun müavini - şöbə
rəisi vəzifəsində işləmək təklif edilir.
"O vaxt tez-tez xəstələnirdim. Həkimlər
mənə imkan düşən kimi dənizdən quruya
"köçməyi” məsləhət
görmüşdülər. Odur ki, təklifi qəbul
etdim”, - deyir Xoşbəxt müəllim. Beləliklə,
həmin ilin oktyabrından "Azneft”in binasında işləməyə
başlayır. 1970-ci ilin martında isə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyevin göstərişi ilə
"Xəzərdənizneft” İstehsalat Birliyi rəisinin
müavini - baş geoloq vəzifəsinə təyin olunur.
Amma Xoşbəxt Yusifzadənin Ümummilli Liderlə ilk
tanışlığı bundan üç il
əvvəl olmuşdu:
- 1967-ci
ildə Türkiyənin ozamankı baş naziri Süleyman Dəmirəl
Sovet İttifaqında səfərdə idi. Moskvada
rəsmi görüş və danışıqlardan sonra Azərbaycana
gəlmişdi. Hörmətli
qonağı Qum adasına müşayiət edən rəsmi
şəxslərdən biri də DTK-nın sədri general
Heydər Əliyev idi. Bizim ilk
tanışlığımız o vaxt oldu. Heydər Əliyev Mərkəzi Komitənin birinci
katibi seçiləndən sonra 1970-ci ilin dekabrında
keçirilən plenum da yaxşı yadımdadır. O,
plenumdakı məruzəsində respublikanın neft sənayesinin
işini dərindən təhlil edərək yaranmış gərgin
vəziyyətin əsl səbəblərini göstərdi, gələcəkdə
görüləcək işlərin proqramını verdi. Heydər Əliyev Azərbaycana
rəhbərlik etməyə başlayanda neft və qaz sənayesində
böyük tənəzzül hökm sürürdü.
Lakin onun bilavasitə rəhbərliyi və nəzarəti
altında Azərbaycanın neft sənayesinin inkişafında
yeni mühüm mərhələ başlandı. Ötən əsrin 70-ci illərinədək Xəzər
neftçilərinin sərəncamındakı texniki vasitələr
bizə dənizin dərinliyi yalnız 40 metrə qədər
olan sahələrində işləməyə imkan verirdi.
Həmin sahələrdə əksər neft-qaz
yataqları aşkar olunmuş, dənizdə neft və qaz
çıxarılması imkanları xeyli
azalmışdı. Heydər Əliyevin təşəbbüskarlığı
və iradəsi, SSRİ rəhbərləri ilə
görüşləri ona gətirib çıxartdı ki,
SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin böyük dərinliklərində
görüləcək işlər üçün vəsait
və texnika ayırdı. Nəticədə
ötən əsrin 70-ci-80-ci illərində Azərbaycanda
müxtəlif təyinatlı gəmilərin sayı 450-ni
keçdi. Xəzər dənizində 2500
ton gücündə "Azərbaycan” kran gəmisi işə
başladı. İlk vaxtlarda dərinliyi 70 metr olan sahələrdə
geoloji-kəşfiyyat işlərinin aparılması
üçün "Xəzər” tipli üzən qazma
qurğuları, sonralar isə dənizin dərinliyi 200 metrə
qədər olan yerlərində işləmək
üçün "Şelf” tipli yarımdalma üzən
qazma qurğuları, eləcə də "Süleyman Vəzirov”
borudüzən gəmisi alındı. Bununla Xəzərin
daha böyük dərinliklərində zəngin neft və
qaz ehtiyatlarına malik yataqların kəşf edilməsinə
imkan yarandı. Nəticədə dənizin
daha dərinliyində yerləşən "Günəşli”
yatağı kəşf edildi. İndi adları
bütün dünyada məşhur olan "Azəri”,
"Çıraq” və "Kəpəz” yataqlarının
kəşfi də həmin qazma qurğularından istifadə
edilməsi ilə bağlıdır.
Dünyada tayı-bərabəri olmayan dərin dəniz
özülləri zavodunun məhz Azərbaycanda tikilməsi də
Heydər Əliyev əməyinin, iradəsinin nəticəsidir. Zavodun inşa edilməsi
üçün sovet hökumətinin 450 milyon dollar vəsait
ayırmasına nail olmaq heç bilirsiniz nə deməkdir? Bu, həqiqətən də əsl qəhrəmanlıq
idi.
Azərbaycanın neft sənayesinin ən
parlaq səhifəsi - "Əsrin müqaviləsi”
X.Yusifzadə deyir ki, 1991-ci ildə Azərbaycan müstəqillik
qazanandan sonra bir tərəfdən iqtisadi əlaqələrin
pozulması, təchizatla bağlı problemlərin kəskinləşməsi
və maliyyə çatışmazlığı, digər tərəfdən
də siyasi həyatın sabitlikdən uzaq olması nəticəsində
neft sənayesi sözün əsl mənasında iflic olur. Neft və qaz
hasilatının səviyyəsi getdikcə aşağı
düşür. "Azəri”,
"Çıraq” və "Günəşli”
yataqlarının dənizin dərin hissəsindəki sahələrinin
mənimsənilməsi üçünsə respublikanın vəsaiti
və müasir texnikası olmur. Problemin həllinin
yalnız bir yolu qalır: dünyanın nəhəng şirkətlərini,
onların maddi və texniki potensialını Azərbaycana cəlb
etmək...
- Əlbəttə, bu fikrə respublika daxilində etiraz
edənlər çox oldu. Deyirdilər, bizim
yaxşı təcrübəmiz var, 170 ildir neft
çıxarırıq, özümüz hər şeyi edə
bilərik. Amma o adamların çoxu neft sənayesini
dərindən bilmirdi. Bəli, bizim
ağlımız, bacarığımız var, o yataqları
açmışıq, amma cibimiz boş idi. Vəziyyət ağır, texnika yox - bu durumda
yataqların istismarı məsələsinin öhdəsindən
gələ bilməzdik. Özümüzə
qalsaydı, gərək 30-40 il gözləyəydik
ki, texnikamız və maliyyəmiz olsun, işləyək. Tez bir zamanda məsələni həll etmək
üçün də bir çıxış yolu vardı -
neft-qaz sənayesinin inkişafı. Mən də illərdir
bu işin içində olan adam kimi
inanırdım ki, məhz bu yol bizə yaxşı nəticə
qazandıracaq. Həm də Xəzərdə xarici şirkətlərlə
birlikdə iş görmək ideyası bizdə hələ
80-ci illərin sonlarından vardı. Lakin bu sahədə
danışıqlar qurtarmamışdı.
Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə
yenidən respublikanın sükanı arxasında
dayandıqdan sonra bu işi inamla sürətləndirdi. Bakıda
başlanan danışıqlar İstanbulda və
ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Onda İlham Əliyev Dövlət Neft Şirkətində
beynəlxalq əlaqələr üzrə vitse-prezident işləyirdi.
1994-cü ilin iyulunda İlham Əliyev, Valeh
Ələsgərov, Natiq Əliyev və mən də daxil
olmaqla nümayəndə heyətimiz Birləşmiş
Ştatlara getdi. Orada 45 gün davam edən
danışıqlar prosesi çox gərgin keçirdi.
Tərəflərin hər biri öz
mövqeyini, mənafeyini qoruyurdu. Bəzən iş o yerə
çatırdı ki, ya qarşı tərəf, ya da biz
danışıqları tamamilə dayandırmaq istəyirdik,
acıq edib gedirdik. Bir dəfə qarşı tərəf
şərt qoydu: Azərbaycan Rusiya ilə danışıb, Xəzər
dənizinin hüquqi statusunu həll etməsə,
danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsiniz bu nə deməkdir? Halbuki Rusiya ilə bu məsələ Prezident Heydər
Əliyevin səyi və zəhməti nəticəsində
yalnız 2002-ci ildə həll edildi. Deməli,
1994-cü ildə Hyustonda danışıqlar
dayandırılsaydı, 7-8 il gözləməli
olacaqdıq.
Biz qarşımıza qoyulan şərt barədə Ulu
Öndərə məlumat verdik. Onun göstərişi
ilə İlham Əliyev Vaşinqtona uçdu, orada faydalı
görüşlər keçirib, məsələni yoluna
qoydu. Nəhayət, 1994-cü il sentyabrın 20-də
Prezident Heydər Əliyevin rəhbərliyi ilə Bakıda təntənəli
şəraitdə Dövlət Neft Şirkəti ilə
dünyanın 7 ölkəsindən 11 iri neft şirkəti
arasında sonralar "Əsrin müqaviləsi” adını
almış "Xəzər dənizinin Azərbaycan sektorunda
"Azəri”, "Çıraq” yataqlarının və
"Günəşli” yatağının dərinlikdə
yerləşən hissəsinin birgə işlənməsi və
hasilatın pay bölgüsü haqqında” saziş
imzalandı. Həmin gün tarixə müstəqil
Azərbaycanın neft sənayesinin ən parlaq səhifəsi
kimi yazıldı. Sonralar Prezident Heydər Əliyev o
günü öz fərmanı ilə "Neftçilər
günü” kimi əbədiləşdirdi.
X.Yusifzadənin
sözlərinə görə, bu sazişin böyük
iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti
var idi: saziş dünyanın aparıcı dövlət və
şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan
müstəqil dövlət və etibarlı tərəfdaşdır.
Bu ölkədə işləmək və bu
ölkəyə sərmayə qoymaq olar. "Əsrin
müqaviləsi” bütün dünya dövlətlərinin
Azərbaycana inamını artırdı və bir qədər
sonra dünyanın ən böyük və
tanınmış neft şirkətlərinin ölkəmizə
axınına şərait yaratdı. Bununla
da Azərbaycan öz qapılarını xarici sərmayələr
üçün taybatay açdı. Və
heç təsadüfi deyil ki, bu müqavilədən sonra
daha 34 müqaviləyə imza atıldı. Beləliklə də, Azərbaycanda neft hasilatı
sahəsində vəziyyət kökündən dəyişməyə
başladı. Əgər 1997-ci ildə
respublikada cəmi 9 milyon ton neft hasil edilmişdisə, 2011-ci
ildə bu rəqəm 51 milyon tona yüksəldi.
-
Artıq 20-ci ildir ki, "Azəri-Çıraq-Günəşli”
yataqları layihəsinin iştirakçıları "mənfəət
nefti”ndən gəlir əldə edirlər. 1999-cu
ilədək neftin satışından əldə edilən gəlir
sərmayə qoyuluşunun ödənilməsinə sərf
olunurdusa, həmin ilin dekabrından Azərbaycanın "mənfəət
nefti” xarici bazarlara çıxarılır. 2020-ci il
yanvarın 1-dək dünya bazarlarında Azərbaycanın
payına düşən 292,8 milyon tona qədər
"mənfəət nefti” satılıb ki, bu da bütün
hasil edilən neftin 58,6 faizi qədərdir. Mənfəət
neftinin həcmi ilbəil artır. Keçən il ərzində
"Azəri-Çıraq-Günəşli” yatağından
hasil edilmiş 26 milyon 200 min ton neftin 18 milyon 100 min tonu, yəni
69 faizi Azərbaycanın payına düşən mənfəət
neftidir.
İmzalanmasının 25 illiyini qeyd etdiyimiz
"Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən
biri də odur ki, layihənin törəmələri meydana gəldi. Onların da
birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir.
"Əsrin müqaviləsi” Heydər
Əliyevin birinci şah əsəri idisə,
Bakı-Tbilisi-Ceyhan ikinci şah əsəri oldu. Onda da ağız büzənlər oldu. Dedilər neynirik onu, Bakı-Supsa, Bakı-Novorossiysk
boru kəmərləri var. Amma Heydər Əliyev müdrikliyi
sayəsində bilirdi ki, hasil etdiyimiz nefti bu iki xətlə
xaricə çıxara bilməyəcəyik, bizə
üçüncü xətt mütləq lazımdır.
Bu əsas ixrac boru kəməri ilbəil artan Azərbaycan
neftinin Avropa və dünya bazarlarına daha böyük həcmdə
nəql edilməsinə imkan verdi. Əgər bu günə qədər xarici bazarlara
555 milyon ton neft çıxarılıbsa, bunun təxminən
400 milyon tonu Bakı-Tbilisi-Ceyhan vasitəsilə olub.
Təbii ki, "Əsrin müqaviləsi” olmasaydı,
"Şahdəniz” yatağı da olmayacaqdı. "Şahdəniz”
yatağı Ümummili Liderimizin üçüncü
şah əsəri oldu. Ehtiyatları 1
trilyon 200 milyard kubmetrdən artıq qaz, 240 milyon ton kondensat
olan bu yataq dünyanın ən böyük yataqlarından
biridir. "Azəri-Çıraq-Günəşli”
yataqları Azərbaycanı dünyada neft ölkəsi kimi
tanıtdırandan, "Şahdəniz” yatağının
işlənməyə başlanmasından və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə
salınmasından sonra Azərbaycan dünya bazarına qaz
ixracatçısı kimi qədəm qoydu.
Azərbaycan və onun neft-qaz sənayesi "Əsrin
müqaviləsi”nin imzalanmasından keçən 25 ildə əsrə
bərabər bir inkişaf yolu keçib. Heydər
Əliyevin başlatdığı neft strategiyasını cənab
İlham Əliyev layiqincə davam etdirir. Əminəm
ki, bu böyük tərəqqi yolunda biz hələ çox
qələbənin, yeni parlaq nailiyyətlərin şahidi
olacağıq.
"Yaxşı ki, bu
"Pobeda”nı da əlindən almayıblar”
"Xoşbəxt Yusifzadə xəritədə əlini
hara qoysa, ordan neft çıxar”. Bu fikrin hardan
qaynaqlandığını soruşuram qocaman neftçidən.
Deyir, 68 ildir neft sənayesində
çalışır. 22 yaşından bəri
ayağını bu sahədən kənara qoymayıb.
10 il Neft Daşlarında işləyib. 33 yaşından bütün Xəzər dənizində
aşağıdan yuxarı işləyib, neft
yataqlarının işlənməsində iştirak edib,
çoxsaylı işlərə rəhbərlik edib. "Bütün yataqları ovcumun içi kimi bilirəm.
Deyirlər, 20 yataq açmışam. Bir adam təkbaşına yataq aça bilməz. Sadəcə elə vəzifədə işləmişəm
ki, axırıncı söz məndə olub. Son nöqtəni mən qoymalı olmuşam. Ona görə istər-istəməz rəhbərliyim,
tapşırığım altında kəşf olunub.
O yataqları bilməyim imkan verirdi nəticəni əvvəldən
təxmin edim. Ötən ay yubileyim münasibətilə
keçirilən mərasimdə ölkə
başçısı İlham Əliyev belə bir cümlə
dedi: "Xoşbəxt Yusifzadə Xəzər dənizinin
cikini də bilir, bikini də”. Səbəb budur.
O vaxt xaricilər demişdi "Şahdəniz”də 400 milyard
ehtiyat var. Mən demişdim 1 trilyondan çox olacaq. Heydər
Əliyev də qayıtdı ki, "Azərbaycanda Xəzəri
Xoşbəxt kimi bilən ikinci adam yoxdur.
O nə desə inanıram”, - söyləyərək
gülür qocaman neftçi. Sonra fikrə
dalır. Deyir, "bilmirəm həkim
olsaydım, tibb sahəsini də bu qədər dərindən
bilərdimmi, bu qədər məşhur olardımmı?!
Yəqin orda da bacarığım üzə
çıxardı. Görünür, həqiqətən
də, bu həyatda təsadüf yoxdur. Bütün
təsadüflər elə zərurətlərdən
doğur. Mənim bu neft sahəsinə gəlməyim
kimi...”
- Bircə
onu bilirəm ki, hansı sahədə olur-olsun insan
çalışmalı, zəhmət çəkməli, məsuliyyətli,
özünə qarşı tələbkar olmalıdır. Məhz bu xüsusiyyətlər sayəsində
qazanmışam bütün nailiyyətləri. Mən müdirlər üçün o qədər
də asan işçi olmamışam. Bu
vaxta qədər 20 müdirim olub. İş
üstündə çoxlu mübahisələr etmişəm.
Demək olmaz hər sözüm düzdür,
amma öz fikrim olub həmişə. Hamı
da məni çox istəyib. Bu hadisəni
işçilərimə də danışıram. Bir dəfə Moskvadan idarə rəisi gəlmişdi.
Maşında mənimlə gəzirdi. Mənim də o vaxt sınıq-salxaq bir "Pobeda”m
vardı. Elə hey soruşurdu niyə dəyişmirsən
bu maşını. Birlikdə girdik rəisin
yanına. Bir az mübahisə elədim.
Otaqdan çıxanda dedi, yaxşı ki, bu "Pobeda”nı
da əlindən almayıblar...
Bəs görəsən işçilər
üçün necə müdirdir Xoşbəxt Yusifzadə? Üzündən
daim əskik olmayan təbəssümünə,
işıqlı simasına baxanda adama elə gəlir ki,
heç hirslənmir. Amma sən demə,
müdir kimi də o qədər "asan” biri deyil.
- Tələbkaram.
Üzüm dönəndə Allah göstərməsin.
Bütün Neft Şirkətində "Xoşbəxt müəllimin
tarappası” anlayışı var. Hərdən "tarappa”
olmasa düzəlmir. Məktəbdə komsomol
katibi seçiləndə birinci gün iclasda əlimi
direktorun stoluna necə çırpdımsa, üstündəki
şüşə sındı. Hacıbaba müəllim
dedi, yaxşı ki, səni direktor eləməyiblər, yoxsa
məktəbdə bir salamat şüşə qalmazdı... Məncə, tələbkarlıq olmalıdı.
Çünki bütün insanlar eyni cür
deyil. Hərənin bir xasiyyəti var.
Müdirlik özü də asan deyil. Amma indiyə qədər
bir işçini belə işdən
çıxartmamışam... Bir tələbə
yoldaşım vardı. Deyirdi, "arzum
müdir olmaqdı. Tabeçiliyimdə cəmi
3 nəfər işləsin, amma adım müdir olsun”. Mənim elə arzularım olmayıb. Elmlə məşğul olmaq istəmişəm.
Məktəbi bitirib instituta qəbul
olunmağı arzulamışam. İnstitutu
bitirib yaxşı yerdə işləməyi diləmişəm.
Anam bizi o qədər əziyyətlə
dolandırırdı ki, istəyirdim evə kömək edim,
onun yükünü azaldım. Beləcə, bir arzudan
başqa arzu doğurdu...
Evdə də yeri gələndə tələbkar oluram. Bilirsiz, indiki
cavanlarla çox çətindir. Hərənin
öz fikri var. İşlərinə çox qarışmaq
olmur. Hamısı hesab edir ki,
böyükdür, özləri hər şeyi bilir. Amma onlardan tələb edə bilmərəm mənim
kimi kitab oxusunlar. Axı mənim
vaxtımda televizor yox idi. Kitabxanada
oxunmamış kitab qoymurdum. İndi isə
televizor, internet, kompüter var. Ancaq yenə də kitab oxumaq
lazımdı. Onun ləzzəti bir
ayrıdır. Bəzən soruşurlar istəyirsən
cavanlar sənə oxşasın? Deyirəm
yox, istəmirəm. Çünki mənə
oxşasalar geriləmə olar. Cavanlar gərək
bizdən də üstün, bacarıqlı olsun.
"Dünyanın xoşbəxti mənəm
dünyada”
Çox ölkələrə səfər edib Xoşbəxt
Yusifzadə. Dünyanın hansı ölkəsində olmayıb
ki?! Gözəlliyinə heyran
qaldığı, təmiz havasını ciyərlərinə
çəkdiyi şəhərlərdə gəzib. Amma
Azərbaycan, Bakı kimi doğma olmayıb onların heç
biri. İçindəki vətən sevgisi, azərbaycançılıq
imkan verməyib başqa ölkədə yaşasın,
işləsin.
-
Çox təkliflər gəlib... Amma heç
vaxt başqa ölkədə nə işləmək, nə
yaşamaq fikrində olmuşam. Mən o
balaca kəndimi dünyanın ən gözəl ölkəsinə
də dəyişmərəm.
Deyirlər, doğulanda uşağa qoyulan ad onun gələcək
taleyini müəyyənləşdirir. Xoş bir
gündə dünyaya göz açan Xoşbəxt Yusifzadənin
də taleyinə adının təsiri olub hardasa. Keşməkeşlərinə, əziyyətlərinə,
çətinliklərinə, kədərlərinə rəğmən
bəxti xoş insan demək olar ona.
- Adımın mənə ziyanı olmayıb, xeyrindən başqa. Hər halda bu addan ötrü əziyyət çəkməmişəm. Övladına xoş bəxt arzulayan atam özü bədbəxt olsa da, qoyduğu ad mənə düşüb. Amma atamın adını oğluma verdim, o, tez köçdü dünyadan... Həyat çox mürəkkəbdir... Nəyin necə olacağını bilə bilmərik. Bu 90 ildə hər şey görmüşəm. Həyatım heç də asan keçməyib. Çətinliklərim də olub, ağır günlərim də. İki oğlumu itirmişəm... Ümumiyyətlə, xoşbəxtlik tam olmur, müəyyən anlarla yaşanır. Amma cəmləşdirəndə həyatımdan razıyam. 90 illik ömrümdə xoş günlərim çox olub. O günlərdən biri də yubileyim münasibətilə dövlət səviyyəsində keçirilən mərasim idi. Ona görə də mahnıdakı kimi, "dünyanın xoşbəxti mənəm dünyada” deyə bilərəm. Elə bu yaşa qədər yaşamaq, işləmək özü də böyük bir xoşbəxtlikdir. Son nöqtəni qoymaq səlahiyyəti isə İlahinin əlindədir. Bu nöqtəni o, nə vaxt qoyacaq bilmirəm. Hələ ki, yaşayır, çalışır, düşünür, sözümü deyirəm. Hərdən bu barədə fikirləşəndə də yadıma dünyagörmüş kişilərin sözü düşür: "Biz əlimizdən gələni, bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər onlara etibar edilən işləri bizdən də yaxşı görsünlər!”
Xəyalə
MURADLI
Azərbaycan.-2020.- 6 mart.- S.1;6.