“Dam boyuca toyu” olsa
da
...koronavirus
bizə toy tutası gücdə deyil
İmkan vermirlər ki, dünya "Allah, sənə şükür” deyib heç olmazsa bir müddət rahat nəfəs alsın. İqtisadi böhran qurtarır, regional münaqişələr başlayır, bu qan-qada bitir, təbii fəlakətlər tüğyan edir, sel, yağış, zəlzələ ara verir, "rəngli” inqilablar baş qaldırır, onlar öz işini görüb sakitləşir, az qala zoologiya elminə məlum olan bütün heyvanların "şərəf”inə adlanan qriplər günümüzü qara edir. Hansını deyəsən, hansını yazasan? Birdirmi, beşdirmi, yaxud sonuncudurmu?
İnanmaq olmur ki, ilin-günün bu vaxtında, XXI əsrdə, göyün yeddi qatı ilə əlləşdiyimiz bir zamanda insanlar, ölkələr öz əlləri ilə özlərinə qəbir qazsınlar, özü də bilmədən, anlamadan, əvvəlki böhranlardan, fəlakətlərdən, qan-qadalardan, lap elə heyvan mənşəli qriplərdən dərs götürmədən.
İndi budur, bu böyüklükdə dünya qalıb mikroskopla belə görünməyən kiçikdən kiçik bir virusun əlində. Koronavirusu deyirik. O koronavirusu ki, artıq iki aydan çoxdur 8 milyardlıq əhalinin gününü qara edib, yeyib-içdiyini zəhərə döndərib. Hara gedirsən, hansı telekanalı, saytı açırsan, qəzeti vərəqləyirsən əsas mövzu koronavirusdur. Sosial şəbəkələr də ki, ənənəsindən qalmır - "xalq” yaradıcılığının bütün "janr”larından istifadə edib yalan və şayiə ilə aranı daha da qızışdırırlar. Beşi inanmayanda biri inanır və heç kəs də fərqinə varmır ki, o inananların arasında iradəsi zəif, psixologiyası anormal olanlar ola bilər. Əks halda şayiəni həqiqət kimi qəbul edib ürəklərinə salmazdılar ki...
Belə bir deyim var: "Xoruz (onun qripə, yaxud virusa heç bir dəxli yoxdur - R.M.) yox idi, səhər açılmırdı?!” İndi korona yox idi, bu virusun yayıldığı 70-dən çox ölkədə adi soyuqdəymədən, ciddi sətəlcəmdən, sosial xəstəlik sayılan vərəmdən həyatını itirənlər olmurdu? Təbii ki, olurdu və özü də koronanın aldığı canlardan qat-qat çox. Üstəlik, koronaya yoluxub sağalanların sayı da bu virusdan ölənlərdən on dəfələrlə artıqdır. Yaxşı, belədirsə, onda aləmin bu bir-birinə dəyməsi nədir - bəzilərinin ehtimal etdiyi kimi, super ölkələr arasında gedən iqtisadi-ticari mübarizənin bioloji müstəviyə keçirilməsi, yoxsa Tanrı tərəfindən insanların növbəti dəfə sınağa çəkilməsi? Deyə bilmərik. Amma əvəzində onu deyə bilərik ki, hər nədirsə, dünyanın təkcə canına vəlvələ salmayıb, həm də malına qənim kəsilib.
Təsəvvür edin: təxminən bir müddət əvvəl qiyməti 70 dolların üstündə olan brend markalı neft indi birjalarda təxminən 50 dollara satılır. Bizcə, iqtisadiyyatı tamamilə, yaxud əsasən xam neft istehsalından asılı ölkələr üçün bunun nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Amma koronavirusun dünya iqtisadiyyatına vurduğu qlobal ziyan bu deyil. Elmi adı COVİD-19 epidemiyası olan koronavirus Çin və Avropa İttifaqı arasındakı ticarət və istehsal münasibətlərini pozub və yeri gəlmişkən, neftin ucuzlaşmasının əsas səbəbi də elə budur.
Başqa fakt: epidemiyanın üzə çıxdığı ilk günlər beynəlxalq ekspertlər dünya iqtisadiyyatının 2008-ci il böhranında yaşanan böyük resessiyanın (iqtisadi tənəzzülün) təkrarlanacağı ehtimalından danışmağa risk etmirdilər. İndi isə "resessiya” sözü tez-tez eşidilməyə başlanıb. Almaniya kimi iqtisadiyyatı güclü olan ölkənin də hadisələri səbirlə izləməkdən savayı əlacı qalmayıb. Başqa nə edə bilər? Axı, koronavirusun "vətən”i sayılan Çinlə Avropada ən çox ticarət əlaqəsi olan ölkə məhz Almaniyadır. Yəqin elə bu səbəbdən Deutsche Bankın baş iqtisadçısı David Folkerts-Landau fevralın sonlarında jurnalistlərlə keçirdiyi videokonfransda Avropa İttifaqının, o cümlədən Almaniyanın tənəzzüldən qaça bilməyəcəyini demişdir.
Koronavirusun daha çox ziyan vurduğu sahələrdən biri də turizm və ona bağlı beynəlxalq aviadaşımalarıdır. Çin, Cənubi Koreya, İtaliya, Fransa kimi turizm sənayesi inkişaf etmiş ölkələrdə koronanın "at oynatması” və bu üzdən həmin ölkələrdə ciddi karantin tədbirlərinin görülməsi sıradan məsələ deyil. Parisdə Luvr muzeyinin ziyarətçilər üçün bağlanması, dünyanın nəhəng aviaşirkətlərinin adlarını çəkdiyimiz ölkələrə uçuşlarını minimuma endirmələri (məsələn, Belçikanın Brussels Airlines şirkəti İtaliyaya reyslərinin sayını 30 faiz azaltmışdır) və s. yaxın aylarda başlayacaq turizm mövsümünü hansı problemlərin gözlədiyindən xəbər verir.
Real sektorun da turizmdən az ziyan çəkməyəcəyini (daha doğrusu, artıq çəkdiyini) söyləyən ekspertlər az deyil. Unutmayaq ki, koronavirusun ocağı Çin Xalq Respublikası dünyanın ikinci iqtisadi güc mərkəzindən savayı, həm də birinci istehlakçı ölkəsidir. Mütəxəssislər deyirlər ki, qlobal iqtisadiyyat avtomobilə bənzədilsə, ABŞ onun mühərriki, ÇXR isə sürətlər qutusudur. Təsəvvür edin ki, indi sürətlər qutusunda problem yaranıb və deməli, avtomobilin idarə olunması, yəni hərəkəti mümkünsüzdür, hətta mühərrik saz olsa belə...
Belə vəziyyətdə dünyanın səhm və valyuta birjaları silkələnməsin neyləsin?! Çünki qloballaşma adlanan siyasət ölkələri bütün sahələrdə, xüsusən də iqtisadiyyatda bir-birinə elə bağlanıb, bir-birindən elə asılı vəziyyətə salıb ki, obrazlı desək, hansınasa "soyuq dəyəndə” digərləri ən azından asqırmağa başlayır. Günümüzə aid adi bir misal: koronavirusla bağlı Çində yaranmış vəziyyət Avropanın hətta farmaseptiv sənayesini risk altında qoyub. Avropanın bir çox ölkələrində isə sözügedən sənaye sahəsinin ÜDM-də payı kifayət qədər yüksəkdir. Amma bu, necə deyərlər, yıxılan (və ya yıxılacaq) tək domino daşı deyil. Avropa iqtisadiyyatının tənəzzülü Rusiyadan idxal olunan enerji daşıyıcılarına tələbatı azaltdığından, yaxud azaldacağından şimal qonşumuzun neft-qaz sənayesi qlobal iqtisadiyyatın növbəti ziyançəkəni ola bilər.
Yeri gəlmişkən, qeyd edək ki, digər iqtisadi region və sahələrdə də baş verən və gözlənilən vəziyyətlər təxminən eynidir. O üzdən dünyanın əksər ölkələrinin hökumətləri yaranmış vəziyyətdən minimum ziyanla çıxmaq üçün operativ tədbirlər görürlər. Və çox yaxşı haldır ki, bu sırada Azərbaycan da var. Əvvəlcədən həyata keçirilmiş tədbirlər sayəsində koronavirusun ölkəmizə ayaq aça bilməməsi, yalnız qonşu İranda yayıldıqdan sonra bir neçə vətəndaşımızda xəstəliyin tapılması və onların da dərhal karantinə götürülməsi, eləcə də atılan digər addımlar (Nazirlər Kabinetinin yanında qərargahın yaradılması, qonşu ölkələrlə, xüsusən İranla sərhədlərin mütəxəssislər tərəfindən nəzarətə götürülməsi və gediş-gəlişin məhdudlaşdırılması, sahə hospitallarının yaradılması, hər ehtimala qarşı tədris müəssisələrinin bir həftəlik bağlanması və s.) bizim bu bəladan maksimum sığortalanmağımızı təmin etmişdir. İqtisadi sektora gəldikdə, bu sahədə də Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər həyata keçirir.
Bununla belə, koronavirusun ölkəmizə, onun iqtisadiyyatına heç bir təsiri olmayacağı iddiasından da uzağıq. Götürək, bu təsirin ən çox gözlənildiyi Çinlə qarşılıqlı iqtisadi əlaqələri. Bu günəcən 125-dən çox ÇXR şirkəti Azərbaycanda müxtəlif sahələrə 1 milyard dollara yaxın investisiya yatırmışdır. Bizim şirkətlərinsə Çinə qoyduğu sərmayənin həcmi 1,7 milyard dollardır. Bunlardan əlavə, ötən il ÇXR-dən Azərbaycana 1,4 milyard, ölkəmizdən Çinə isə 750 milyon dollarlıq mal və məhsul göndərilmişdir. Üstəlik, turizm sahəsində ciddi əlaqələrimiz, o cümlədən ÇXR-dən ölkəmizə gələn turistlərin sayında yüksək artım var. Məsələn, əgər 2018-ci ildə ÇXR-dən Azərbaycana 10 min turist gəlmişsə, ötən il istirahət və gəzmək üçün ölkəmizi seçən çinli qonaqların sayı 25 min olmuşdur.
Göründüyü kimi, təqdim etdiyimiz göstəricilər Çin üçün olmasa da, Azərbaycan üçün o qədər də kiçik rəqəmlər deyil. Bu səbəbdən yaranmış vəziyyətin ölkəmizə tam təsirsiz ötüşəcəyini güman etmək sadəlövhlük təsiri bağışlayardı. Sadəlövhlük həm də belə vəziyyətin uzun zaman davam edəcəyinə inanmaq olardı. Çünki artıq Çinin özündən virusun yayılmasının lokallaşdırılması, ona yoluxanların sayının azalması, yoluxanlarınsa əksəriyyətinin müalicə alıb sağalması barədə xəbərlər daxil olur. Deməli, ehtiyatı əldən verməmək şərtilə aşırı ajiotaja, yersiz həyacana, lazımsız qorxuya ehtiyac yoxdur. Necə deyərlər, koronavirusun "dam boyuca toyu” olsa da, özündən əvvəlki "sələf”ləri kimi, bizə toy tutası gücü yoxdur.
Raqif MƏMMƏDLİ
Azərbaycan.-2020.- 6 mart.- S.10.