Azərbaycanda əhalinin narahatlığı üçün ciddi əsas yoxdur

 

Ölkəmizdə koronavirusla effektiv mübarizə Ümumdünya Səhiyyə Təşkilatının da diqqətini çəkib

 

 

Dünyanı bürüyən koronavirus (COVID - 19) infeksiyasına qarşı Azərbaycanda ciddi tədbirlər həyata keçirilir. Virusun yayılmasının qarşısının alınması üçün bütün mümkün imkanlardan istifadə edilir.

Nazirlər Kabinetinin sərəncamı ilə 2020-ci ilin 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib.

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları da təşkil olunub. Eyni zamanda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.

 

 

Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür

 

 

Prezident İlham Əliyev də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışındakı çıxışında bir daha xatırlatdı ki, onun göstərişi ilə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb, lazımi tədbirlərin daha sürətlə həyata keçirilməsi üçün əlavə 10 milyon manat vəsait ayrılıb. İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir: "Onların həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın”.

Prezident çıxışında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədəki bütün tədris, təlim-tərbiyə müəssisələrinin müvəqqəti bağlanması məsələsinə də aydınlıq gətirərək qeyd edib ki, bu qərarın məqsədi uşaqları, yeniyetmələri o xəstəlikdən qorumaqdır.

Dövlət başçısı koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlərin görüldüyünü, ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas olmadığını qeyd edib: "Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur. Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların sağlamlığı normal olarsa, lazımi müddətdən sonra evlərinə buraxılacaqlar. Hesab edirəm ki, bu günə qədər bu məlumat kifayətdir. Eyni zamanda göstəriş verilib ki, bu məsələ ilə bilavasitə məşğul olan bütün səhiyyə orqanlarının nümayəndələri - Səhiyyə Nazirliyiİcbari Tibbi Sığorta Agentliyi müntəzəm olaraq vətəndaşları məlumatlandırsınlar”.

 

 

ÜST nümayəndəsi: "Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı”

 

 

Ölkəmizdə koronavirusla mübarizənin yüksək səviyyədə təşkil olunması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələrinin də diqqətindən yayınmayıb.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycanın aidiyyəti orqanları çox ciddi tədbirlər həyata keçirirlər, sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar.

O vurğulayıb ki, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi ÜST-yə müvafiq məlumat verməklə düzgün addım atıb. İlk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirilib, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırılıb, bütün informasiyalar paylaşılıb: "Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı, ÜST-ni, əhalini məlumatlandırdı. Məlumat azlığının əhali arasında təşviş yarada biləcəyi nəzərə alındı”.

İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb. Azərbaycana artıq 1000 ədəd test göndərilib və ikinci partiyada yenə testlər veriləcək.

Xəstəliyin dəqiq aşkar olunması üçün daha keyfiyyətli testlər alınır.

 

Koronavirus təhlükəsi ilə bağlı geniş müşavirə keçirilib

 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib ki, Səhiyyə Nazirliyində koronavirus təhlükəsi ilə bağlı geniş müşavirə keçirilib. Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Səhiyyə Nazirliyininİcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.

Müşavirədə qeyd edilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir. Koronavirusla mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub. Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib. Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.

 

 

Ölkəmizdə koronavirusa yoluxanların vəziyyəti sabitdir

 

İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994-cü il və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Nazirlər Kabineti yanında qərargahın üzvü Yaqut Qarayeva isə bildirib ki, daha əvvəl Azərbaycanda koronavirusa yoluxan 3 şəxsin vəziyyəti tam sabitdir və vəziyyətlərində ağırlaşma yoxdur, amma həkim nəzarətindədirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Vasif Əliyev hazırda karantində 500-dək adam olduğunu deyib. Onların hamısından yaxmalar götürülüb, koronavirus aşkarlanmayıb. Bu virusa yoluxanların 4-5 faizində xəstəlik yüngül formada keçir və onların xəstəxanada müalicə olunmasına belə ehtiyac qalmır.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransında məlumat verib ki, Çində koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla-Çin arasında aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb.

O bildirib ki, Azərbaycanda olan Çin vətəndaşlarının martın 3-nə olan sayı 539 nəfərdir. Onlardan 69-u fevralın 1-dən sonra Azərbaycana gəlib. Həmin şəxslərin ölkədə olma müddəti bitirsə və ölkəni tərk etmələri mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev bildirib ki, regionlarda və Bakıda koronavirusla bağlı ixtisaslaşmış mərkəzlər yaradılacaq. Bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanacaq. Xəstəlik aşkar olunan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə ediləcəklər.

 

 

Artıq 3100 təhsil müəssisəsi dezinfeksiya olunub

 

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Nazirliyin tabeliyində fəaliyyət göstərən əksər məktəbdənkənar təhsil müəssisələrinin idman zalları, inzibati, məşğələ otaqları, sanitar qovşaqlar, yeməkxana və digər köməkçi qurğularında dezinfeksiya işləri artıq yekunlaşdırılıb. Digər müəssisələrdə də tədbirlər davam etdirilir.

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Artıq 3100 təhsil müəssisəsi dezinfeksiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktikdezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində də dezinfeksiya işləri davam etdirilir. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq, onların daimi məlumatlı olunması üçün 406-01-58/59 Çağrı Mərkəzi 24 saat fəaliyyət göstərir. Bundan əlavə, kompleksin bütün işçilərinə təlimat keçilironlar tibbi maska, əlcək və digər lazımi ləvazimatlarla təchiz edilir.

 

 

Koronavirus dünyada

 

 

Çində koronavirus qurbanlarının sayı artaraq 3012 nəfərə çatıb. Bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata əsasən, virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb.

ÜST son gün ərzində Çindən kənarda koronavirusa 2000-dən çox yeni yoluxma hadisəsi qeydə alındığını bildirib.

Təşkilatın rəsmi məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 76 ölkədə 12 668 nəfərə çatıb. Son 24 saat ərzində virusa 2 103 yeni yoluxma halı qeydə alınıb. Ayrı-ayrı ölkələrdə virusdan 214 nəfər ölüb.

Virus daha 4 ölkədə yayılıb. Bunlar Argentina, Çili, Polşa və Ukraynadır.

Xarici KİV məlumatına əsasən, Almaniya, Norveç, Finlandiya, İsveçİslandiyada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilib. Koronavirus daşıyıcılarının sayı Almaniyada 349, Norveçdə 63, Finlandiyada 12, İsveçdə 53, İslandiyada isə 26 nəfərə çatıb.

İranda koronavirusa görə məktəb və universitetlərdə martın 20-nə kimi tətil elan olunub. İranın Səhiyyə naziri Səid Nəməki koronavirusla mübarizə qərargahının verdiyi qərarlar haqqında danışarkən bildirib ki, bundan sonra bütün şəhərlərin giriş-çıxışında koronavirusa yoluxmada şübhəli bilinən şəxslər 14 gün karantinə alınacaq: "Universitetlərə qəbul imtahanları təxirə salınıb. Xəstəliyə yoluxduğunu gizlədən şəxslər cəzalandırılacaq”. Səhiyyə naziri əhalini evlərdən çıxmamağa çağırıb: "Xəstəliyin yayılma sürəti çoxciddidir”.

S.Nəməki vətəndaşları Novruz bayramı tətilində səfərlərdən çəkinməyə çağırıb. Nazir dövlətin özəl sektora yardım edəcəyini vurğulayıb.

Həmçinin bu epidemiyaya görə İranda bütün idman tədbirləri dayandırılıb.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 107 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 591 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 3 513 nəfərə çatıb, 739 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan buraxılıb.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilir ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 4-ə çatıb.

Koronavirusa yoluxan şəxs bazar günü İtaliyadan qayıdan Gürcüstan vətəndaşıdır.

Gürcüstanın Maliyyə naziri İvane Maçavariani bildirib ki, ölkəsi koronavirus səbəbindən İtaliyaya uçuşları dayandırmağı nəzərdən keçirir.

Gürcüstan İran-Azərbaycan sərhədində qalan vətəndaşlarını təxliyə edib. Koronavirus səbəbi ilə Azərbaycanın Gürcüstanla sərhədlərini bağlamasından sonra İran tərəfində qalan Gürcüstan vətəndaşları artıq ölkəyə aparılıb.

Macarıstanda koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Koronavirus İrandan gələn iki tələbədə aşkarlanıb.

BosniyaHerseqovinada da koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Ölkənin səhiyyə naziri Alen Seranik açıqlayıb ki, Serb Respublikasında 2 nəfərdə koronavirus aşkarlanıb.

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In Koreya yarımadasının cənubunda koronavirusun yayılması ilə bağlı Koreya Respublikasının Prezidenti Mun Çje İnə məktub yollayıb. "Yonhapagentliyinin məlumatına əsasən, Kim Çen In məktubunda Cənubi Koreyanın öz ərazisində koronavirusun öhdəsindən gələcəyinə ümid etdiyini vurğulayıb.

Mun Çje İnöz növbəsində Şimali Koreya liderinə cavab məktubu ünvanlayıb.

Xatırladaq ki, Cənubi Koreyada 5766 nəfər koronavirusa yoluxub, 35 nəfər koronavirusdan ölüb.

 

 

 

Koronavirusla mübarizəyə 50 milyard dollar yardım ayrılıb

 

 

 

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgieva fondun koronavirusla mübarizə üçün 50 milyard ABŞ dolları dəyərində yardım paketini ayırdığını elan edib.

BVF-nin rəhbəri bildirib ki, vəsait aşağı gəlirli ölkələr inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulub. Maliyyə yardımının böyük hissəsi faizsiz olacaq. Eyni zamanda ölkələr fondla hər hansı bir ortaq proqramda iştirak edib-etməməyindən asılı olmayaraq yardımı ala biləcəklər.

K. Georgieva əlavə edib ki, BVF sözügedən vəsaitin ilk növbədə səhiyyə sistemlərini dəstəkləmək, daha sonra hədəfli büdcə stimullaşdırılması proqramları və likvidliyi təmin etmək üçün istifadə edilməsini istəyir. Fond eyni zamanda bəzi ölkələrə maskarespirator kimi defisitdə olan tibbi avadanlıqların alınması istiqamətində Dünya Bankı ilə birgə işləyir.

Qeyd edək ki, bu həftənin əvvəlində Dünya Bankı yoxsul ölkələrə epidemiyanın təsirinin öhdəsindən gəlmək üçün 12 milyard dollarlıq maliyyə dəstəyi ayırıb.

 

 

 

Adi qrip koronavirusdan daha təhlükəlidir…

 

 

Azərbaycanın baş infeksionisti Cəlal İsayev söyləyib ki, koronavirus adi respirator virus infeksiyasının növüdür. Güman ki, bu, gələcək illərdə mövsümi xəstəlik kimi gözlədiyimiz xəstəliklərdən biri olacaq: "İndiyə qədər 4 növlə meydana gələn koronavirus insanlar arasında xəstəliklər törədib. Mövsümi respirator virus infeksiyalarının təxminən 9 faizə qədəri koronavirusun 4 növünün payına düşüb. Təbii ki, COVİD-19 da onların sıralarına qoşulacaq”.

C.İsayevin sözlərinə görə, koronavirusla bağlı ölüm halları 3 faizdən yuxarı qalxmır. O, hazırda Çində koronavirusla xəstələnmə hallarının azaldığının, Çindən kənar ölkələrdə isə artdığının müşahidə olunduğunu bildirib. Baş infeksionist vurğulayıb ki, koronavirus infeksiyası elə də təhlükəli deyil: "Bu, hər hansı bir xroniki xəstəlik və ya immun sistemində çatışmazlıq olan insanlar üçün təhlükə yarada bilər. Belə olduğu halda isə təkcə koronavirus deyil, adi qrip də həmin şəxsin sağlamlığı üçün problem yarada bilər. Qeyd edək ki, adi qrip koronavirusdan daha təhlükəlidir. Xatırladaq ki, ABŞ-da ötən il adi qripdən ölənlərin sayı 18 min olub”.

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 6 mart.- S.1;10.