Bölgələrin su təchizatı yaxşılaşır

 

Prezident İlham ƏLİYEV: "Su həyatdır, təmizlikdir, sağlamlıqdır, inkişafdır”

 

 

Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsi davamlı xarakter daşıyır. Bunların sırasında əhalinin və kənd təsərrüfatının su ilə təmin olunmasına xidmət edən layihələr də xüsusi önəm daşıyır. "Su həyatdır, təmizlikdir, sağlamlıqdır, inkişafdır”, - deyən Prezident İlham Əliyev iki ildən sonra ölkədə içməli təmiz su ilə təmin olunmayan bir şəhərin də qalmayacağını bəyan edib.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına başlandığı vaxtdan indiyədək kəndlərdə 1500-dən çox artezian quyusu qazılıb. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Suvarma üçün bu il 400-dən çox subartezian quyusunun qazılması nəzərdə tutulur.

Ölkənin cəmi bir neçə şəhərində içməli sukanalizasiya layihələrinə başlanmayıb. Yəni digər şəhərlərin hamısında bu işlər tamamlanıb, yaxud davam etməkdədir. Yaxın gələcəkdə elə bir şəhərimiz olmayacaq ki, gecə-gündüz Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilməsin.

Prezident İlham Əliyevin "Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində iştirak etməsi və buradakı çıxışı əhalinin içməli su ilə, kənd təsərrüfatının isə meliorasiya suyu ilə təmin olunmasına göstərilən diqqətin daha bir aydın təzahürüdür.

Xatırladaq ki, Şəmkirçay su anbarı 2014-cü ildə istismara verilib. Ümumi tutumu 164 milyon kubmetr olan anbar əkin sahələrinin suvarılması ilə yanaşı, Azərbaycanın qərb bölgəsi əhalisinin içməli su ilə təminatında əhəmiyyətli rol oynayır. Burada toplanan suyun içməli su standartlarına uyğun olması, həmçinin təbii durulmadan keçməsi anbardan içməli su mənbəyi kimi istifadə etməyə də imkan verir. Anbar relyef baxımından Gəncə, Samux və Şəmkir şəhərlərindən yüksəkdə yerləşir. Bununla da həmin yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təminatı mümkün olur. Bunlar nəzərə alınaraq su anbarının yaxınlığında sutəmizləyici qurğular kompleksi inşa edilib.

Sutka ərzində qurğuda emal olunacaq 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinə, qalanı isə magistral kəmərlər boyu yerləşən kəndlərə yönəldiləcək.

Şəmkirdə su layihələri tam başa çatıb. Cari ilin sonunadək kanalizasiya xətlərinin inşası da yekunlaşacaq. Bu il Samux şəhərinin su problemi də həll olunacaq.

Hazırda Gəncə şəhərinin su təminatı əsasən Göy göldən təmin edilir. 2022-ci ildə Gəncənin böyük su təchizatı layihəsi başa çatacaq. Bundan sonra şəhər 24 saat Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun fasiləsiz təmiz su ilə təmin ediləcək. Bu su Şəmkirçay su anbarından götürüləcək.

"Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin ərsəyə gəlməsində Şəmkirçay su anbarının müstəsna əhəmiyyəti var. Bu layihə böyük vəsait hesabına başa gəlsə də, indi insanların içməli su ilə təchizatına və təsərrüfatların suvarma problemlərinin həllinə sanballı töhfə verir. Xüsusilə quraqlıq olan zaman bu layihələrin dəyəri daha çox bilinir.

Prezident İlham Əliyev Şəmkirdəki çıxışında digər su infrastrukturu layihələrinin də önəm daşıdığını vurğulayıb: "Şəmkirçay su anbarı ilə bərabər, Taxtakörpü su anbarı da tikilib. Əgər Taxtakörpü su anbarı bir neçə il bundan əvvəl tikilməsəydi, keçən ilin yay aylarında Bakı şəhərində su qıtlığı yaranacaqdı. Çünki bizim əsas içməli mənbəyimiz olan Ceyranbatan su anbarını qidalandıran Taxtakörpü su anbarıdır. Orada sular yığılır və eyni zamanda təbii yollarla təmizlənir, sonra Ceyranbatana axıdılır. Ona görə bu böyük infrastruktur layihələrinin çox böyük əhəmiyyəti, faydası var. Bu gün biz əkin sahələrimizi genişləndiririk, insanları içməli su ilə təmin edirik”.

Yeri gəlmişkən, Bakı şəhərinin su problemiöz həllini tapır. Paytaxt əhalisinin 80 faizi bu gün davamlı şəkildə içməli su ilə təmin edilir. Bu istiqamətdə işlər davamlı xarakter daşıyır.

Şəmkirçay və Taxtakörpü su anbarları layihələrinin hər biri əmək və maliyyə tutumlu layihələrdir. Onlar eyni zamanda texniki cəhətdən də mürəkkəbdir. Lakin vaxtında həyata keçirilmiş layihələrdir və getdikcə öz müsbət nəticələrini daha çox göstərir.

Qeyd edək ki, bu layihələrin təşəbbüskarı Prezident İlham Əliyevdir. Onların həyata keçirilməsi prosesində dövlət başçısı dəfələrlə işlərin gedişi ilə maraqlanmış, müvafiq göstərişlər vermiş, açılışında iştirak etmişdir.

Su təchizatının daha da yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə olunur. İstər "Azərsu”, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə kəndlərin su təminatını təşkil etmək üçün təmizləyici qurğular işə salınır.

Şəmkir maşın su kanalının ikinci növbəsi tamamlanır və bundan sonra təkcə Goranboy rayonunda bu günə qədər suvarılmayan 40 min hektar torpağa su veriləcək. Bütün bunlar yeni yerlərinin yaradılması, insanların daha yaxşı yaşaması, kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artması, ixrac potensialının genişlənməsi deməkdir.

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 6 mart.- S.9.