Tural
GƏNCƏLİYEV: “Türkiyə XİN rəhbərinin
ATƏT-in Minsk qrupunun
həmsədrləri ilə görüşündə təəccüblü
bir şey yoxdur”
Məlum olduğu kimi, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu "bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri bir sıra anlaşılmaz bəyanatlar səsləndirərək Türkiyə XİN rəhbərinin həmsədrlərlə görüşünə neqativ münasibət sərgiləyiblər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev məsələni şərh edərkən bildirib.
O deyib: "Mən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bəyan edirəm ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və həmsədrlərlə bu ölkənin Xarici İşlər nazirinin görüş keçirməsində təəccüblü bir şey yoxdur. Digər tərəfdən, Türkiyə istər beynəlxalq səviyyədə, istərsə regionumuzda təhlükəsizliyə və tərəqqiyə töhfə verən bir ölkə kimi mövcud olan münaqişələrin həllində maraqlıdır.
Ermənistan siyasi dairələrində sözügedən görüşdən sonra yaranmış təşviş əslində onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və işğalçı siyasətinin davam etdirilməsinə çalışmalarını göstərir.
Təcavüzkar
Ermənistanın siyasi dairələrinin qeyri-konstruktiv
mövqeyi münaqişənin tənzimlənməsi, Ermənistanın
işğalına son qoyulması və regionda sülhə
nail olunmasına qarşı yönəlib. Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinin seçilmiş nümayəndəsi
olaraq bir daha bəyan edirəm ki, iki icmanın sülh şəraitində
birgə yaşayışına yeganə maneə Ermənistan
qoşunlarının bizim ərazilərimizdə
mövcudluğudur.
İşğalçı qoşunlar oradan çıxarıldıqdan və azərbaycanlı
əhali öz torpaqlarına
qayıtdıqdan sonra Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin
erməni icması ilə Azərbaycanın beynəlxalq
tanınmış sərhədləri çərçivəsində
birgə mövcudluğumuz üçün heç bir problem qalmayacaq.
Azərbaycan.-2020.- 6 mart.- S.8.