5 rayona səfər,
17 yeni müəssisənin
açılışı
Prezident İlham Əliyevin respublikanın qərb bölgəsinə səfəri, açdığı yeni müəssisələr, keçirdiyi görüşlər, verdiyi tapşırıqlar regionun sosial-iqtisadi inkişafına böyük töhfə verəcək
Regionların
yüksəlişi ölkədə həyata keçirilən
davamlı sosial-iqtisadi inkişaf strategiyasının
mühüm tərkib hissəsidir. Son 16 ildə bu istiqamətdə
kompleks tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev regionların inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş infrastruktur layihələrinin necə həyata keçirildiyini mütəmadi olaraq nəzarətdə saxlayır və ilin sonunda icra vəziyyəti ilə bağlı xüsusi müşavirələr keçirir. Bütün bunlar bir daha təsdiqləyir ki, regionların inkişafı hər zaman dövlət başçısının fəaliyyətinin prioritetini təşkil edir.
Koronavirus təhlükəsinə baxmayaraq, Prezident bölgəyə
səfərlərini təxirə salmadı
Hazırda regionların sosial-iqtisadi inkişafı ilə bağlı IV Dövlət Proqramı icra olunmaqdadır. Martın 3-ü və 4-də respublikanın qərb bölgəsinə - Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarına səfər edən dövlət Prezident dövlət proqramı çərçivəsində həyata keçirilən layihələrin icrası ilə tanış oldu, yeni sosial obyektlərin, müasir avtomobil yollarının, mədəniyyət ocaqlarının açılışlarını etdi.
Öncə onu vurğulayaq ki, bu səfər son günlərdə dünyanı cənginə almış koronavirus epidemiyasının ölkəmizdə də yayılma təhlükəsinin yaşandığı bir zamana təsadüf etdi. Belə təhlükənin olmasına baxmayaraq, Prezident bölgəyə səfərlərini təxirə salmadı, 5 rayonda müxtəlif obyektlərin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri, Tovuz "ASAN xidmət”in könüllüləri və əməkdaşları ilə görüşlər keçirdi.
Ən çətin, təhlükəli anlarda belə daim xalqın yanında, insanların arasında olan ölkə Prezidenti bu təhlükədən də çəkinmədi. Bu, xalqın öz liderinə olan inamını, etimadını daha da artırmış oldu. Çünki koronavirus təhlükəsinin davam etdiyi zamanda əksər dövlət başçıları həm daxili və xarici səfərlərini, həm də görüşlərini təxirə salıblar. Koronavirusun yayıldığı ölkələrin heç birində dövlət başçısı kütləvi yerlərdə olmur, insanlarla görüşmür.
Amma xalq şahiddir ki, Azərbaycan Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman cəsarətli addımları ilə nümunə olublar. İstər zəlzələ-daşqın, istərsə də cəbhə bölgəsində hərbi əməliyyatlar gedən zaman hər hansı təhlükədən çəkinməyərək bilavasitə yerlərə səfər edib, vəziyyətlə şəxsən tanış olublar, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş və tövsiyələrini veriblər.
Bu,
ölkə rəhbərinin daim vətəndaşın
yanında olması, xalqla Prezident birliyinin nümayişidir.
İndiyədək
bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib
Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında Prezidentin etdiyi çıxışdan bir daha hər kəsə bəlli oldu ki, hazırda Azərbaycan müasir səhiyyə infrastrukturuna malikdir. Ölkədə səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədədir. Paytaxt Bakıda və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, onlardakı tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Bölgələrdə bu sahədə vəziyyət necədir? Faktlara diqqət yetirək:
- 16 ildə regionlarda 22 yeni xəstəxana açılıb;
- 5 diaqnostika müalicə mərkəzi inşa edilib;
- 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub;
- 5 xəstəxananın tikintisi davam edir;
- 70 müasir tibb ocağı istifadəyə verilib.
Bütün bunlar bir daha təsdiq edir ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Prezidentin açılışını etdiyi Goranboy və Qazax Rayon Mərkəzi xəstəxanaları da dövlət investisiya proqramı çərçivəsində, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əsasında inşa edilib. Bunun əsas məqsədi vətəndaşlara keyfiyyətli tibbi xidmətin göstərilməsidir.
16 ildə 17 min kilometr yol çəkilib
Regionların inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun sosial-iqtisadi inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə uyğun olaraq indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir.
Belə layihələrdən bir neçəsi də qərb bölgəsində reallaşıb. Dövlət başçısının Goranboyda açılışını etdiyi Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolu, Şəmkir-Abbaslı-Nərimanlı yolu, Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolu, Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Tovuzda isə Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq - Sarıtala avtomobil yolları həm əhalinin rahat hərəkətində, həm də rayon, şəhər mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Ümumiyyətlə, son 16 ildə ölkədə 17 min kilometr yol çəkilib. Təkcə 2019-cu ildə ölkə üzrə 1300 kilometr yol salınıb.
Son illərdə ölkəmizdə diqqət göstərilən sahələrdən biri də xalçaçılığın inkişafıdır. Prezidentin göstərişi ilə Azərbaycanın əksər şəhər və rayonlarında "Azərxalça”nın filialları yaradılır. Səfər çərçivəsində dövlət başçısının tanış olduğu "Azərxalça”nın Goranboy, Ağstafa, Tovuz və Qazax filialları da xalçaçılığın bu regionda inkişafına ciddi töhfə verəcək.
18-ci "ASAN xidmət”
mərkəzi
Dövlət başçısı 2 gün müddətində 5 rayonda səfərdə oldu və mühüm obyektlərin - 5 yol infrastrukturunun, 5 ("Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi, 110/35/10 kilovoltluq "Ağstafa” elektrik yarımstansiyası, Ağstafa Aqrar Sənaye Kompleksi, Qazaxda yeni əhəng zavodu, Tovuzda "ASAN həyat” Kompleksi) yeni müəssisənin, 3 (Tovuzda Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəmzləri Muzeyi) mədəniyyət ocağının, 2 hərbi hissənin və 2 (Goranboy, Qazax) xəstəxananın açılışını etdi. 4 rayonda "Azərxalça”ın filialında oldu, görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi. Tovuzda açılan "ASAN xidmət”lə ölkəmizdə bu mərkəzlərin sayı 18-ə yüksəldi.
Prezidentin respublikanın qərb bölgəsində açılışını etdiyi 17 yeni müəssisə məşğulluğun artmasına, əhalinin sosial-rifahının yüksəlməsinə, regionun ümumi inkişafına böyük töhfə verəcək.
Beləliklə, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarının, verilən qərarların, imzalanan sərəncamların uğurla icrası onu deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də Azərbaycanın hər bir şəhərində, rayonunda, qəsəbə və kəndində abadlıq-quruculuq işləri davam edəcək. Yeni qəbul olunan dövlət proqramına uyğun olaraq regionların inkişafı istiqamətində mühüm işlər görüləcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2020.- 7 mart.- S.1-2.