4381 tankerqara qızıl”

 

BTC-nin indiyədək daşıdığı 447 milyon tondan çox neft dünya bazarlarına bu tankerlərlə çatdırılıb

 

Hazırda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 1768 kilometrlik məsafə boyu keçdiyi ərazilərin əksəriyyəti qarbuzla örtülüb. Bununla belə, kəmər ahəngdar və təhlükəsiz şəkildə fəaliyyətini davam etdirir. Başqa cür ola da bilməz. Cünki BTC regionun başlıca neft ixracı arteriyasıdır.

BTC-nin təhlükəsizliyi ilk növbədə nefti daşıyan boruların vaxtilə - tikinti zamanı etibarlı şəkildə örtüklənməsindən və onların torpağın altında basdırılmasından irəli gəlir. Kəmərin 8 nasos stansiyasının (bunların 2-si Azərbaycanda, 2-si Gürcüstanda və 4-ü Türkiyədədir), digər çoxsaylı yerüstü qurğularının fəaliyyəti isə dəqiq və böyük səriştə ilə idarə olunur. Layihənin əməliyyatçısı olan BP şirkətindən aldığımız məlumata görə, 2019-cu il ərzində BTC üzrə əməliyyatlara təqribən 138 milyon dollar, əsaslı xərclərə isə 44 milyon dollara yaxın vəsait xərclənib.

BTC Ko.-nun səhmdarları: BP (30,1 faiz) AzBTC (25 faiz), "Şevron” (8,9 faiz), "Ekvinor” (8,71 faiz), TPAO (6,53 faiz), "Eni” (5 faiz), "Total” (5 faiz), İTOÇU (3,4 faiz), İNPEKS (2,5 faiz), "EksonMobil” (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

BTC-nin daşıdığı neftlə yüklənən ilk tanker dünya bazarlarına 2006-cı ilin iyun ayında yola salınıb. Həmin vaxtdan 2019-cu ilin sonunadək bu boru kəməri ilə ümumilikdə 447 milyon tondan artıq (3,35 milyard barel) xam neft nəql edilib. Neftin Ceyhanda yükləndiyi tankerlərin sayı isə 4381-i ötüb.

İl ərzində isə BTC vasitəsilə təqribən 31 milyon ton (233 milyon bareldən çox) xam neft ixrac olunub. Ceyhandan dünya bazarlarına 296 tanker yola salınıb.

Hazırda BTC əsasən Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti və "Şahdəniz”dən hasil edilən kondensatı daşıyır. Bundan əlavə, kəmərlə digər xam neftkondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.

2018-ci il mayın 29-da Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimindəki nitqində Prezident İlham Əliyev BTC-ni bir daha yüksək dəyərləndirərək demişdir: "2002-ci ildə biz artıq "Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada - Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. Bu kəmər 2006-cı ildə istifadəyə verildibu gün Azərbaycan xalqına, bütün dost ölkələrə xidmət edir. Bu gün Bakı-Tbilisi-Ceyhan nerft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir”.

Xatırladaq ki, BTC-nin gündəlik ötürücülük gücü istifadəyə veriləndən 2009-cu ilin mart ayınadək bir milyon barel olub. Həmin vaxtdan bəri isə 1,2 milyon bareldir. Kəmər Azərbaycanın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, TovuzAğstafadan keçir. Gürcüstandakı marşrutunda 7 rayonu, Türkiyədə 9 bölgəni arxada qoyur.

BTC uzun yolu boyu 1500-dən çox çayla kəsişir. Kəmər dağlarda özünün ən yüksək nöqtəsinə - 2800 metr zirvəyə qalxır. Bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.

Xəttin borularının diametri Azərbaycanın və Gürcüstanın əksər yerlərində 42 düym, Gürcüstanda 46 düymdür. Türkiyədə kəməri Ceyhan dəniz terminalına çatdıran sonuncu enişdə isə 34 düymlük borulardan istifadə olunub.

BTC bütün regiona həm bilavasitə, həm də dolayısı ilə xeyir-bərəkət gətirən bir kəmərdir. Belə ki, ilk gündən ərazisindən keçdiyi Azərbaycan, Gürcüstan və Türkiyədə, həmçinin sosial layihələri ilə iqtisadi inkişafa dəstək verir. Bu layihələr çərçivəsində irimiqyaslı icma inkişafı təşəbbüsləri həyata keçirilib. Nəticədə sahibkarlığın genişləndirilməsinə, infrastruktur yaradılmasına, gənclərin təhsilinə və peşəyönümünə yönəldilən sosial layihələr gerçəkləşdirilib.

 

 

Flora SADIQLI

Azərbaycan.-2020.- 7 mart.- S.1;7.