Ölkədə təmirsiz yol qalmamalıdır

 

Prezidentin qarşıya qoyduğu bu vəzifə 4-cü regional inkişaf proqramının hədəflərindən biridir

 

Azərbaycan bu gün dünyada nəqliyyat infrastrukturunun mükəmməlliyinə görə öndə gedən ölkələrdəndir. Bu sahədə ölkəmiz hətta bir sıra inkişaf etmiş Avropa dövlətlərini də geridə qoyub. Amma biz bununla kifayətlənmirik. Prezident İlham Əliyev regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda demişdir: "Baxmayaraq ki, ölkəmizdə bu sahədə böyük layihələr icra edilib, ancaq infrastruktur layihələrin icrası bundan sonra da davam edəcək”.

Dövlət başçısının Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı imzaladığı növbəti sərəncam bu sahədə görülən işlərin davam etdirilməsinin sübutudur. Həmin sənədə əsasən, 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Muğan avtomobil yolunun tikintisi üçün 2020-ci il dövlət büdcəsindən 4,9 milyon manat vəsait ayrılıb.

Prezident İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidən qurulmasından sonrakı açılış mərasimində nəqliyyat infrastrukturu sahəsində görülən işlərin ölkə üçün xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: "Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır”.

Ötən il ölkə üzrə 1000 kilometr avtomobil yolunun çəkilməsi və yenidən qurulması nəzərdə tutulmuşdu. Lakin görülən operativ işlər sayəsində il ərzində 1300 kilometr avtomobil yolu salındı və yenidən quruldu. Özü də yüksək keyfiyyətlə. Yeri gəlmişkən qeyd edək ki, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdə qərarlaşıb.

Ölkəmizdə təkcə avtomobil yollarına diqqət yetirilmir. Eləcə də dəmir yolunun inkişafı üçün lazım olan tədbirlər görülür. Bununla bağlı keçən il Bakıətrafı dəmir yolu xəttinin çəkilişi xüsusi qeyd edilməlidir. Həmin yol üçün dünyanın aparıcı şirkətlərinin istehsal etdiyi müasir qatarlar gətirilib. Qəsəbələrdə isə yeni dəmir yolu stansiyaları tikilir. Cari ildə Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaqbununla da dairə birləşəcək. Sonra isə dəmir yolu olmayan qəsəbələrə yeni dəmir yolu xətləri çəkiləcək.

Qeyd edək ki, sözügedən infrastruktur layihələri dövlət investisiya proqramları çərçivəsində icra edilir. Bu hesaba indi Azərbaycan təkcə regionda ölkədaxili mükəmməl infrastrukturu olan ölkə kimi tanınmır, eyni zamanda Asiya ilə Avropanı, Şimalla Cənubu birləşdirən beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağı kimi qiymətləndirilir.

Bu yerdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bir daha xatırlanmalıdır. Hazırda bu yol Çindən Avropaya, Avropadan Asiyaya, həmçinin Şimaldan Cənuba və əks istiqamətə yüklərin daşınmasında ən optimal marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolu ilə Asiya ilə Avropanı birləşdirdiyimiz kimi, "Şimal-Cənub nəqliyyat dəhlizi” vasitəsilə də RusiyaŞimali Avropa ölkələrindən tutmuş İran, Hindistan və ərəb dövlətlərinə qədər nəhəng bir coğrafiyanı birləşdiririk.

Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdə gördüyü işlərin böyük əhəmiyyətini vurğulayaraq demişdir: "Bakı-Tbilisi-Qars dəmir yolu bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu dəmir yolu böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. Yəni bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik”.

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 7 mart.- S.1;7.