Şərqdə ilk dövlət nəşriyyatı

 

"Azərnəşr” – 100

 

 

1920-ci ilə qədər Azərbaycanda özəl, habelə müxtəlif şirkətlərə məxsus nəşriyyat və mətbəələr fəaliyyət göstərirdi. Onların hər birinin Azərbaycanda kitab nəşrinin inkişafında və kitab mədəniyyətinin zənginləşməsində böyük xidmətləri olmuşdur. O zaman ilk dərsliklərin və kitabların çoxu məşhur Orucov qardaşlarının mətbəəsində işıq üzü görmüşdür.

1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulduqdan sonra həyatın digər sahələrində olduğu kimi, kitab nəşrində də böyük dönüş yarandı. Mövcud nəşriyyat və mətbəələr milliləşdirildi. Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən 1920-ci il mayın 8-də "bütün mətbəələrin, kağız ehtiyatlarının və mətbuat vasitələrinin milliləşdirilməsi haqqında” dekret qəbul edildi. Bu dekretlə Azərbaycandakı mətbəə və nəşriyyatlar kağız ehtiyatları və avadanlıqları ilə birlikdə dövlətin tabeliyinə keçirildi.

1920-ci il aprel çevrilişindən sonra həyatın sürətlə dəyişməsi Azərbaycanda kitaba və mətbuata tələbatı artırmışdı, insanların oxumağa marağı güclənmişdi. Amma nəşriyyat və mətbəələr bu tələbatı ödəmək iqtidarında deyildi. Ona görə də güclü maddi-texniki bazası və peşəkar kadr potensialı olan dövlət nəşriyyatının yaranması zərurəti qarşıya çıxmışdı. Bu, həm də N.Nərimanovun kitaba və nəşriyyata münasibətinin təcəssümü idi.

1920-ci il aprelin 28-də cəmi iyirmi üç ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti XI Ordu tərəfindən süquta uğradıldı, yerində Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. Bu zaman dövlət nəşriyyatının yaranması da N.Nərimanovun nəzərində digər qurumlar qədər vacib iş hesab olunurdu. Bunu nəzərə alaraq N.Nərimanov 1920-ci il iyun ayının 9-da 40 saylı dekret imzaladı və Azərbaycan Dövlət Nəşriyyatı - "Azərnəşr” fəaliyyətə başladı. Bu nəşriyyat təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dövlət nəşriyyatı idi. Bu nəşriyyata geniş səlahiyyətlər verilmişdi. Respublikadakı bütün idarə və təşkilatlara ayrılmış kağız ehtiyatları və pul vəsaitləri "Azərnəşr”ə qaytarılmışdı. Dekretin beşinci bəndinə əsasən, "Azərnəşr”in nəşr etdiyi kitablar xalqa pulsuz paylanırdı. Bunun həmin dövrdə çox böyük önəmi var idi. Çünki elmsiz inkişaf mümkün deyildi. İlk növbədə bütün sahələr üzrə kadr potensialı yetişdirmək lazım idi. Kadr hazırlığının da yeganə yolu təhsildən keçirdi. Odur ki, kitabların xalqa pulsuz çatdırılması təhsilin genişləndirilməsinə və xalqın savadlanmasına xidmət edirdi. "Azərnəşr”in yarandığı ilk illərdə daha çox dərslik nəşr etməsi bu ehtiyacların yetərincə ödənilməsi ilə bağlı idi.

"Azərnəşr” dekretin altıncı bəndinə əsasən kollegial idarə edilirdi. Bu idarəetmə eyni vaxtda üç nəfərə tapşırılmışdı. Nəşriyyatın ilk direktorlarından biri yazıçı Məmməd Səid Ordubadi olmuşdur.

Dekretin və qərarın həm adında, həm də mətnində bir neçə dəfə "Dövlət nəşriyyatı” ifadəsinin işlənməsi "Azərmərkəzimətbuat”ın bugünkü "Azərnəşr” olduğunu təsdiqləyir. Bundan başqa, 1920-ci ildə həmin nəşriyyatın buraxdığı kitabların titul səhifələrində "Azərbaycan Şura Dövlət Nəşriyyatı” sözləri yazılmışdır. Onlara nümunə olaraq tanınmış Azərbaycan yazıçısı Abdulla Şaiqin "Ədəbiyyat dərsliyi” və L.N.Tolstoyun "Hekayələr” kitablarını göstərmək olar.

Sonrakı dövrlərdə "Azərnəşr” haqqında bir neçə dekret, qərar, sərəncam və s. qəbul edilmişdir. Həmin sənədlərin mətni ilə tanışlıqdan aydın görünür ki, dövlət rəhbərləri "Azərnəşr”in fəaliyyətini həmişə diqqət mərkəzində saxlamışlar. Onun yenidən təşkili, maddi-texniki bazasının gücləndirilməsi, digər nəşriyyatların ona birləşdirilməsi, kadr hazırlığı, onların işlə təmin edilməsi və s. məsələlərlə bağlı bir-birinin ardınca çoxsaylı dekret, qərar və sərəncamların verilməsi məhz bu qayğı və diqqətdən irəli gəlmişdir.

1922-ci il aprelin 28-də Azərbaycanda sovet hökumətinin qurulmasının 2-ci ildönümü günündə çağırılmış qurultayda təkcə Dövlət Nəşriyyatının fəaliyyətinin gücləndirilməsi deyil, hətta türk dilində kitabların, həmçinin dərslik və dərs vəsaitlərinin nəşri geniş müzakirə edilmiş, bu məsələlər qurultayın qərarlarında da öz əksini tapmışdır. Qurultayın qərarında deyilirdi: "Nəşriyyat işinə xüsusi fikir vermək lazımdır. Türk dilində kitab, kitabça və dərsliklərin nəşri ön plana çəkilməlidir”. Bunlar aydın göstərir ki, N.Nərimanovun rəhbərliyi dövründə Azərbaycan xalqının savadlanması, elmin və təhsilin inkişafı həmişə ön planda olmuşdur. Türk dilində kitab nəşrinin genişləndirilməsi isə kitab yazan milli kadrların yetişdirilməsini tələb edirdi. Bizim milli dərsliklərimizi ancaq milli müəlliflər yaza bilərdi. Ona görə N.Nərimanov bu işə xüsusi önəm vermişdi. Onun hələ 1899-cu ildə "Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça”sı nəşr olunmuşdu. O, öz millətinin savadlanmağı ilə yanaşı, istəyirdi ki, Azərbaycanda yaşayan ruslar da türk dilini yaxşı öyrənsinlər.

"Azərnəşr”in maddi-texniki bazasının gücləndirilməsi, həmçinin poliqrafiya maşın və avadanlıqları ilə təchizatının yaxşılaşdırılması məqsədilə Ruhulla Axundov 1925-ci ildə Azərbaycan hökuməti tərəfindən Nyu York, Paris, BerlinDrezden şəhərlərinə ezam edilmişdi. "Azərnəşr”in poliqrafiya bazasının yaxşılaşdırılması nəşriyyatın yaradıldığı ilk günlərdən dövlətin və hökumətin diqqət mərkəzində olmuşdu. "Azərnəşr”in yaranması haqqında verilmiş 9 iyun 1920-ci il tarixli dekretdən cəmi 20 gün sonra N.Nərimanov "Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının yaradılması və şuranın yanında poliqrafiya bazasının təşkil edilməsi” haqqında Azərbaycan İnqilab Komitəsinin 29 iyun 1920-ci il tarixli dekretini imzalamışdır. Bu dekret "Azərnəşr”in poliqrafiya bazasının möhkəmləndirilməsində böyük rol oynamışdır.

Digər sahələrdə olduğu kimi, nəşriyyat və poliqrafiya işində də mütəxəssis olmadan irəliləyiş mümkün deyildi. Odur ki, "Azərnəşr” yarandığı gündən onun kadrlarla təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan İnqilab Komitəsinin Nəşriyyat şöbəsinin və Dövlət Nəşriyyatı "Azərmərkəzimətbuat”ın yaranması haqqında” dekretinin N.Nərimanov tərəfindən imzalandığı günün səhərisi - 10 iyun 1920-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı respublikada yaşayanbaşqa işlərdə çalışan bütün milli poliqrafiya mütəxəssislərinin siyahiya alınmasına dair əmr verdi. Onlar poliqrafiya sahəsində işə cəlb edildilər. Eyni zamanda gənc poliqrafiya kadrlarının hazırlığına başlanıldı. Hətta qısa vaxtda Azərbaycanda Poliqrafiya İşçiləri İttifaqı yaradıldı, 1921-ci il mart ayının 15-də həmin ittifaqın qurultayı çağırıldı. Qurultayda mövcud mətbəələrin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə poliqrafçı kadrlarının hazırlanması birinci dərəcəli məsələ kimi qarşıya qoyulmuşdu. Qurultayda artıq Bakıda poliqrafiya kursunun açıldığı və burada 49 nəfər azərbaycanlı mürəttibin hazırlandığı barədə məlumat verilmişdi.

Azərbaycan hökumətinin 9 sentyabr 1923-cü il tarixli qərarı ilə Azərbaycan Dövlət Nəşriyyatı yenidən təşkil edilmişdir. 14 sentyabr 1924-cü ildə Azərbaycan Respublikasının Ali İqtisadi Şurası Azərbaycan Dövlət Nəşriyyatının Nizamnaməsini təsdiq etmişdir. Həmin Nizamnaməyə əsasən, mətbəə, cildxana, mərkəzi kitab anbarı, mərkəzi kitab mağazası, musiqi not mağazası, hətta musiqi alətləri emalatxanası da Azərbaycan Dövlət Nəşriyyatının tabeliyinə daxil edilmişdir. Bütün dekret, sərəncam, qərar və əmrlərin təhlili, habelə mətnlərinin müqayisəsi göstərir ki, Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr” Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli dekreti ilə yaradılmışdır. Bu tarix "Azərnəşr”in doğum günüdür.

 

İslam SADIQ,

"Azərnəşr”in böyük redaktoru, filologiya elmləri doktoru

Azərbaycan.-2020.- 7 mart.- S.4.