Ən kiçik sakini ilə tanınan ev
Muzeylərimiz
Xızıda bir ev
var. Xızılı Qafar
kişinin bu halal ocağı
1956-cı ildə ev-muzeyinə
çevrilib. Çünki 1899-cu ilin 20 martında, təbiətin xoş çağlarında, Novruz
bayramında burada bir dahi dünyaya
gəlib. Körpə varlığıyla
valideynlərinə böyük
sevinc bəxş edib.
Ancaq onsuz da yoxsulluq içində
yaşayan ata-anasını
həm də qayğılandırıb. Onların Cəfər
adını verdikləri
bu uşaqdan başqa üç oğulları da vardı. Qafar kişi odun
qırıb, kömür
hazırlayıb satmaqla
ailəsini dolandırırdı.
Qazancı çox olmasa
da, həyatından gileyli deyildi. Bir gün odun qırarkən
görmə qabiliyyətini
itirir. Qafar kişi bundan
sonra çox yaşamır. Onun vəfatından sonra
ailəsinin vəziyyəti
daha da ağırlaşır.
1903-cü ildə kasıbçılıq
onları Xızıdan
Bakıya gətirib. Sakinlərinin köçüb getməsi
ilə ata evi kimsəsizləşib.
Ailənin günü-rüzigarı Bakıda da xoş keçməyib.
Övladlarını çətinliklər içərisində böyüdən
Şahbikə ana onlardan heç olmasa kiçiyinin, Cəfərin təhsil almasını arzulayıb.
Əziyyət çəkərək onu oxudub.
Hələ məktəb illərində
Cəfər Cabbarlının
istedadı günəş
kimi parlayıb. Onun qabiliyyəti,
yaradıcılığa marağı
bir sahə ilə məhdudlaşmayıb.
Dramaturq,
şair, nasir, teatrşünas, kinoşünas,
tərcüməçi, kinossenarist,
jurnalist, rejissor, Əməkdar incəsənət
xadimi, Azərbaycan xalqının qürur duyduğu, fəxr etdiyi şəxsiyyətlərdən
biri kimi tanınıb.
Onun adı hər zaman böyük ehtiramla çəkilir, xatirəsi
əbədiləşdirilir. Cəmi
üç il
yaşadığı Xızıdakı
ata ocağı da həyat yoldaşı
Sona xanım Cabbarlının təşəbbüsü
ilə 1956-cı ildən
muzey kimi fəaliyyətə başlayıb.
On üç ildən sonra isə rəsmi muzey statusu alıb.
Cəfər Cabbarlının
qısa - cəmi otuz beş
il sürən ömür yolu Bakıdan 110 kilometr uzaqlıqda yerləşən
bu evdən başlayıb. Kömürçü Qafar kişinin
oğlu kasıb komanı tarixə çevirib.
Muzeyin ümumi
sahəsi 30 kvadratmetrdir. Şüşəbəndlə
mühafizə edilən
birmərtəbəli ev iki otaqdan
və bir dəhlizdən ibarətdir.
Sovet dövründə
Azərbaycanın bir çox görkəmli, millətsevər şəxsiyyətləri
kimi Cəfər Cabbarlıya da münasibət ziddiyyətli
olub. Onun istedadını, Azərbaycan ədəbiyyatı,
teatrı və kinosunun inkişafında xidmətlərini danmaq mümkünsüzdü. Sovet hakimiyyəti
illərində böyük
Cəfər Cabbarlının
Azərbaycanın azadlığı
və müstəqilliyi
yolunda əməlləri
unudulmasa da, istedadı və gördüyü işlər
etiraf olundu. Onu sovet dramaturgiyasının
banisi kimi təqdim etdilər. Xızıdakı ev-muzeyi də
SSRİ dövründə diqqətdən
kənarda qalmadı.
Ancaq illər də öz təsirini göstərdi. Zaman keçdikcə
görkəmli dramaturqun
ev-muzeyi sökülüb-tökülməyə
başladı.
1999-cu ildə böyük dramaturq, şair, yazıçı, milli mübariz Cəfər Cabbarlının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar ev-muzeyində yenidənqurma işləri həyata keçirildi, ətrafına qoruyucu şüşəbənd çəkildi. Həmin il Xızı şəhərinin mərkəzində Cəfər Cabbarlının möhtəşəm heykəli ucaldıldı.
Qeyd edək ki, Cəfər Cabbarlının Xızıdakı ev-muzeyində 520 eksponat saxlanılır. Həmin eksponatların əsasını Cabbarlının ailəsinin məişətdə işlətdiyi əşyalar, yazıçının kitabları, səhnəyə qoyulan əsərlərindən fotoşəkillər, arxiv sənədləri və müxtəlif mətbuat orqanlarında çap edilən məqalələri təşkil edir. Bu eksponatların hər birinin dəyərini nəzərə alsaq, qorunmasının vacibliyi daha da aydın olar. Ancaq uzun illər idi ki, bu mədəniyyət ocağı qəzalı vəziyyətdə idi. Evin damı yağışlı, qarlı günlərdə damırdı. Halbuki Azərbaycanın füsunkar təbiətli, bənzərsiz Xızısında, görkəmli şəxsiyyətin dünyaya gəldiyi ev yalnız azərbaycanlılar üçün yox, həm də ölkəmizə gələn xarici turistlər, ədəbiyyatsevərlər üçün də cəlbedicidir.
Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin əsaslı təmir-bərpa olunmasına zəruri ehtiyac yarandığı nəzərə alınıb. Ötən ilin sentyabr ayının əvvəlindən təmir-bərpa işlərinə başlanılıb. Tikinti işləri zamanı zərər görməməsi üçün qoruyucu şüşəbəndin içərisində yerləşən evin üzəri örtüklə bağlanıb. Həyata keçirilən işlər zamanı görkəmli dramaturqun yaşadığı evin özündə dəyişiklik edilməyib. Hazırlanmış layihə çərçivəsində qoruyucu şüşəbənd daha müasir formada tikilib, muzeyin həyətində yeni inzibati otaqlar inşa olunub, istilik, işıqlandırma və təhlükəsizlik sistemi qurulub.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-2020.- 7 mart.- S.4.