Pedaqoq, maarifçi, musiqişünas
Dahi
bəstəkarın həyat yoldaşı Məleykə
xanım Hacıbəyovanın bioqrafiyasından bəzi qeydlər
Milli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyat yoldaşı Məleykə Həsənağa qızı Hacıbəyovanın (Terequlovanın) həyat və fəaliyyəti haqqında insanlar məhdud məlumata malikdirlər. Bunun müəyyən obyektiv səbəbləri də var.
Həmin səbəblərdən biri əvvəlki dövrlərdə bir çox kütləvi nəşrlərdə, o cümlədən ensiklopediyalarda Məleykə xanım Hacıbəyova haqqında hər hansı bir məlumatın dərc edilməməsidir. Halbuki M.Hacıbəyova pedaqoji fəaliyyətlə məşğul olmuş, Bakıda fəaliyyət göstərmiş ayrı-ayrı rus-tatar məktəblərinə müsəlman qız uşaqlarının təhsilə cəlb edilməsi, onlara savad öyrədilməsi işində yaxından iştirak etmişdir.
M.Hacıbəyova 1887-ci il dekabrın 22-də anadan olmuşdur. O, məşhur Terequlovlar nəslindəndir, müsəlmandır. Evdə təhsil alıb, Tiflisdəki Knyaginya Olqa Fyodorovnanın adını daşıyan Birinci Qadın Gimnaziyasının 4 sinfini bitirmişdir. 1908-ci ildə Bakı Şəhər İdarəsinin məktəb komissiyasına ərizə ilə müraciət edərək ona müsəlman qızları üçün açılmış məktəblərin birində müəllimə yerinin verilməsini xahiş etmişdir. Lakin həmin il işlə təmin edilməmişdir. Məleykə xanım 1909-cu il dekabrın
20-də Üzeyir bəy Hacıbəyli nikaha girərək ailə həyatı qurmuş və onun soyadını qəbul etmişdir.
M.Hacıbəyova 1910-cu il sentyabrın 6-da Bakı Şəhər İdarəsi nəzdindəki məktəb komissiyasına yenidən ərizə ilə müraciət etmişdir. Həmin ilin oktyabrında Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının iclasında şəhərin azərbaycanlı məktəblərinə müəllim və müəllimələrin təyin edilməsi məsələsinə baxılmışdır. İclasda, o cümlədən Məleykə xanım Hacıbəyovanın (Terequlovanın) 10-cu rus-tatar məktəbinə Azərbaycan dili müəlliməsi təyin edilməsi haqqında qərar qəbul edilmişdir.
Məktəbin müdiri F.Tambiyev Məleykə xanım Hacıbəyovaya 1209 saylı məktub göndərək bildirirdi ki, o, Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının oktyabrın
8-də keçirilmiş iclasında 10-cu rus-tatar məktəbinə tatar (Azərbaycan) dili müəllimi vəzifəsinə seçilmişdir. Məktubda xahiş edilirdi ki, Məleykə xanım oktyabrın 16-dan etibarən vəzifəsinin icrasına başlasın.
Bakı-Dağıstan xalq məktəbləri direksiyasının rəhbəri A.X.Txorjevskinin Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə 1911-ci il aprelin 21-də ünvanladığı məktubda isə bildirilirdi ki, onun tərəfindən 1911-ci il aprel ayının
1-dən etibarən bir neçə müəllim və müəllimələr, o cümlədən Məleykə xanım Hacıbəyova (Terequlova) Kazan məktəbi ilə qarışıq olan rus-tatar məktəbinə Azərbaycan dili müəlliməsi vəzifəsinə təsdiq edilmişdir. Eyni məzmunlu məktub 1911-ci il aprelin 21-də Bakı-Dağıstan xalq məktəbləri direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qənizadə tərəfindən də Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasının sədrinə göndərilmişdi.
Arxiv sənədlərində olan məlumata əsaslanaraq qeyd edirik ki, həmin dövrdə Məleykə xanım Hacıbəyovanın sağlamlığında müəyyən problemlər yaranmışdır. Onun müalicə aldığı tibb müəssisəsinin 1912-ci ilin yanvarın 19-da təqdim etdiyi arayışda bildirilirdi ki, Məleykə xanım keçirdiyi xəstəlikdən sağalanadək dərslərə gələ bilməyəcəkdir. Bu vəziyyət bir neçə dəfə təkrar olunmuşdur.
1912-ci ilin sentyabrında M.Hacıbəyovanın məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edilirdi ki, artıq bir ildir mən qadın xəstəliyindən əziyyət çəkirəm və həmin müddət ərzində buradakı həkimlərin - şəhər doğum evinin direktoru Şahnazarova və Radionovanın yanında müalicə olunuram: "...Şübhəsiz ki, mənim müalicəm baha başa gəlir və yeni qaçılmaz xərclər tələb edirdi. Maddi vəziyyətim çox ağır olduğuna görə müalicəm üçün şəhər büdcəsindən mənə birdəfəlik yardımın göstərilməsi haqqında məktəb komissiyasına ərizə verməyinizi sizdən xahiş edirəm. Ümid edirəm ki, məktəb komissiyası mənim şəhərə göstərdiyim xidməti və vəziyyətimi nəzərə alaraq yardım göstərilməsinə etiraz etməyəcəkdir”. Beləliklə, 7-ci (əvvəlki 10-cu) rus-tatar məktəbinin müəllimi Məleykə xanım Hacıbəyova 1912-ci il oktyabrın 1-dən etibarən məktəb xidmətini tərk etmişdir.
Məktəb komissiyası Məleykə xanım Hacıbəyovanın həqiqətən də müalicəyə ehtiyacının olduğunu qəbul etmiş və iki illik (16 oktyabr 1910-cu ildən 25 sentyabr 1912-ci ilədək) xidmətini nəzərə alaraq ona iki aylıq məvacib - 150 rubl həcmində vəsaitin ayrılması haqqında qərar qəbul etmişdir.
1914-cü il avqustun 11-də 7-ci rus-tatar məktəbinin keçmiş müəllimi Məleykə xanım Hacıbəyova məktəb komissiyasının sədrinə yenidən ərizə ilə müraciət edərək ona rus-tatar məktəbində müəllim yerinin verilməsini xahiş etmişdi. Müdir F.Tambiyev 1914-cü il sentyabrın 29-da məktəb komissiyasının sədrinə məktub göndərərək bildirirdi ki, hazırda Məleykə xanım xəstə olan Sabirə xanım Əbdurəhmanı müvəqqəti olaraq əvəz edərək 7-ci rus-tatar məktəbində çalışır. 1914-cü ilin noyabrında M.Hacıbəyova 8-ci rus-tatar məktəbinə keçirilir.
1915-ci ildə o, yenidən 7-ci rus-tatar məktəbində müəllim vəzifəsinə təyin edilir.
1915-ci il dekabrın 2-də Bakı Şəhər İdarəsinin məktəb komissiyası sədrinin Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ünvanladığı 1802 saylı məktubda qeyd edilirdi: "Sabunçu məktəbinə keçirilmiş müəllim Məmmədovun yerinə Məleykə xanım Terequlovanın dekabrın 3-dən etibarən 4-cü rus-tatar məktəbində müvəqqəti olaraq dərs deməsinə icazə verməyinizi xahiş edirəm”. Arxiv sənədlərindəki bəzi məlumatlara görə, Məleykə xanım 1920-ci ilin mart ayınadək həmin məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir.
Beləliklə, Məleykə xanım pedaqoji sahədə layiqincə çalışmış və müsəlman qadınlar arasında təhsilin yayılmasında yaxından iştirak edərək əlindən gələn köməyi etmişdir.
1920-ci il mayın 25-də xalq komissarlığı maarif şöbəsinin qərarı ilə Şərqin ilk konservatoriyası yaradıldıqdan sonra o, Üzeyir bəyin məsləhəti ilə konservatoriyaya daxil olaraq musiqi nəzəriyyəsini mənimsəmişdir. Dahi bəstəkarın ölümündən sonra Bakıda "Arşın mal alan” musiqili komediyasının, Moskvada isə "Koroğlu” operasının klavirinin nəşr olunub işıq üzü görməsində M.Hacıbəyovanın böyük xidmətləri olmuşdur. O, 1966-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Rafiq SƏFƏROV,
Azərbaycan
Respublikası Milli Arxiv
İdarəsinin əməkdaşı
Azərbaycan.-2020.- 7 mart.- S.4.