Bakı - “Məhəbbət və əfsanələr şəhəri”

 

İndoneziyanın "The Jakarta Post” qəzeti Azərbaycanda səfərdə olmuş müxbiri Viramala Ancayanın Bakıdan bəhs edən məqaləsini yayıb.

"Gözəl Bakı - məhəbbət və əfsanələr şəhəri” adlı məqalədə müəllif indoneziyalı oxuculardan Avropa və Asiyanı birlikdə görmək, müxtəlif iqlim qurşaqlarında olmaq və özünəməxsus gözəlliklərə malik bir ölkəyə səfər etmək istəyirsinizmi - deyə soruşur. Özü də cavabında bildirir ki, əgər bunu istəyirsinizsə, mütləq Azərbaycana səfər edin.

İndoneziyalı jurnalist Bakının hazırda dünyanın populyar turizm istiqamətlərindən birinə çevrildiyini vurğulayır. O, məhəbbət dastanları və əfsanələrlə zəngin Bakının həm qədim, həm də müasir tikililəri ilə göz oxşadığına diqqət çəkir, burada UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı kimi tarixi abidələrin yerləşdiyini bildirir. Maraqlı möcüzələri ilə diqqəti cəlb edən bu diyarda Yanardağ kimi təbiət möcüzəsinin turistlər tərəfindən böyük maraqla qarşılandığı da məqalədə qeyd edilir.

Azərbaycan paytaxtının mühüm beynəlxalq tədbirlərin, idmanmusiqi yarışlarının keçirildiyi dünya miqyaslı mərkəzlərdən birinə çevrildiyi oxuculara təqdim edilir. O da vurğulanır ki, bu il Bakıda futbol üzrə "Avro-2020”-nin bir sıra oyunları da keçiriləcək.

 

Azərbaycan.-2020.- 7 mart.- S.4.